Dövlət İdarəçilik Akademiyasında “Prezident İlham Əliyev
və Azərbaycan tarix elmi”
mövzusunda elmi konfrans keçirilib
Dekabrın 21-də Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov
adına Tarix İnstitutunun və Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının (DİA) birgə təşkilatçılığı
ilə “Prezident İlham Əliyev və Azərbaycan tarix elmi” mövzusunda
elmi konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, DİA-nın nəzdində fəaliyyət göstərən
“Heydər Əliyev Dövlət İdarəçiliyi
Məktəbi”ndə təşkil
olunan konfransda bu ali təhsil
ocağının rektoru,
akademik Urxan Ələkbərov ümummilli
lider Heydər Əliyevin tarix elmi qarşısında mühüm xidmətlərindən
söz açıb, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən
əzmlə davam etdirildiyini diqqətə çatdırıb.
Rektor bu gün əldə
edilən nailiyyətlərin
əsasında Prezident
İlham Əliyevin həyata keçirdiyi innovativ inkişaf strategiyasının dayandığını
bildirib, bu strategiyanın reallaşdırılmasında
ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi rolunu vurğulayıb. Urxan Ələkbərov
müvafiq sahədə
dövlət qurumları
ilə yanaşı, vətəndaş cəmiyyətinin,
xüsusən də Heydər Əliyev Fondunun önəmli fəaliyyətindən də
bəhs edib.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib ki, rəhbərlik
etdiyi elm müəssisəsinin
elmi-tədqiqat fəaliyyəti
ölkə rəhbərliyinin
daim diqqət mərkəzindədir. O deyib:
“Tarix İnstitutunda aparılan tədqiqatlar Prezident İlham Əliyevin təşəbbüsü,
çağırışları və tapşırıqları
əsasında həyata
keçirilir. Dövlətimizin başçısının institutu
ölkəmizdə tarix
üzrə araşdırmaların
mərkəzi kimi dəyərləndirməsinin bütün
məsuliyyətini dərindən
dərk edirik. Biz tarixçi-alimlər ölkə rəhbərinin
tapşırıqlarını yüksək səviyyədə
yerinə yetirmək üçün bütün
qüvvələrimizi səfərbər
edəcəyik”.
Diqqətə çatdırılıb
ki, 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
Qarabağın, Naxçıvanın
və İrəvan xanlığının tarixinə
dair silsilə əsərlərə görə
Tarix İnstitutunun 13 əməkdaşına “Azərbaycan
Respublikasının Dövlət
Mükafatı laureatı”
fəxri adı verilib.
“Məhz
dövlətimizin başçısının
qayğısı sayəsində
son illərdə Tarix
İnstitutunda 400-dək tədqiqat
əsəri işıq
üzü görüb. Xalqımıza “26 Bakı komissarı” adı ilə təqdim olunan, Azərbaycan xalqına qarşı soyqırımı
cinayəti törətmiş
Stepan Şaumyanın və digər cəlladların cəsədlərinin
qalıqlarının Bakının
mərkəzindən şəhər
qəbiristanlığına köçürülməsi qərarı
ilə dövlətimizin
başçısı şüurlarda
inqilab etdi. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun
olaraq İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Bu ensiklopediya
Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini
əhatə edən
ilk fundamental elmi soraq əsəridir”, - deyə Yaqub Mahmudov vurğulayıb. Bildirilib ki,
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyev kimi tariximizə sahib çıxan,
onu dirçəldən,
qoruyan, inkişaf etdirən dövlət başçısıdır, tarix
yaradan tarixi şəxsiyyətdir.
Konfrans çərçivəsində ölkə başçısının
təşəbbüsü ilə Tarix İnstitutunda çap olunan elmi əsərlərin
təqdimatı və
1000-dək kitabın sərgisi
olub. Yaqub Mahmudov institutun
nəşrlərini Qarabağ
Araşdırmalar Mərkəzinə
və DİA-nın elmi kitabxanasına hədiyyə edib.
Dövlət İdarəçilik
Akademiyasının professoru,
siyasi elmlər doktoru, Qarabağ Araşdırmalar Mərkəzinin
rəhbəri Elçin
Əhmədov diqqətə
çatdırıb ki,
ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu
siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ləyaqətlə,
müasir dövrün
tələblərinə uyğun,
novatorcasına davam etdirilir. Bütün sahələrdə böyük uğurlara imza atan Azərbaycanın
beynəlxalq mövqeyi
gündən-günə möhkəmlənir.
Cənubi Qafqazda lider
dövlətə çevrilən
Azərbaycanda təşkil
olunan mötəbər
beynəlxalq tədbirlər,
ölkəmizin dünyaya
inteqrasiyası istiqamətində
atılan addımlar və əldə olunan nailiyyətlər respublikamızın, əsl
mənada, inkişaf dövrü yaşamasının
bariz göstəricisidir.
Bu, bütün sahələrdə olduğu
kimi, Azərbaycanın
tarix elminin inkişaf etdirilməsi baxımından da dəyərlidir.
Elçin Əhmədov AMEA-nın
70 illik yubileyində Prezident İlham Əliyevin çıxışını
xatırladaraq dövlətimizin
başçısının Azərbaycan tarixinin yenidən yazılması ilə bağlı ortaya qoyduğu siyasi iradənin təqdirəlayiq olduğunu
vurğulayıb. O, Prezident İlham Əliyevin Tarix İnstitutunun İrəvan tarixi ilə bağlı obyektiv araşdırmalarını
və bu araşdırmaların xarici
dillərə tərcümə
olunmasını alqışladığını
diqqətə çatdırıb.
“Dövlətimizin başçısı yubiley
tədbirində vurğuladı
ki, çar Rusiyası dövründə
nəşr olunmuş
xəritələr indiki
Ermənistan ərazisində
erməni mənşəli
toponimlərin olmadığını
sübut edir. Bu fakt onu göstərir ki, həqiqətən də Azərbaycan tarix elmi Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifədən irəli
gələrək yenidən
yazılmalıdır. Bu istiqamətdə ən aparıcı rolu oynayan Tarix
İnstitutudur”, - deyə
Elçin Əhmədov
bildirib.
Ermənilərin əsassız ərazi iddialarını ifşa etmək üçün Tarix İnstitutunun hazırladığı fundamental əsərləri təqdirəlayiq
sayan Elçin Əhmədov Yaqub Mahmudov başda olmaqla AMEA-nın Tarix İnstitutunun gördüyü işlərin
yüksək qiymətə
layiq olduğunu vurğulayıb və dəyərli hədiyyəyə
görə minnətdarlığını
bildirib.
Azərbaycan.- 2017.-22 dekabr.- S.9.