Ustad redaktor

 

Ötən əsrin 70-ci illərinin söhbətidir. Jurnalistika fakültəsinin tələbəsi kimi “Bakı” axşam qəzetində istehsalat təcrübəsi keçirdik... Tələbə yoldaşlarımdan biri qabaqcıl peşə sahibi haqqında ürəklə, həvəslə yazdığı oçerki redaksiyaya təqdim etmişdi. Bir gün qəzetin redaktoru Nəsir İmanquliyev onu otağına dəvət etmişbirbaşa mətləbə keçmişdi:

- Oçerki yaxşı yazmısan. Qələmin pis deyil. Amma oçerkdən daha çox yaxşı sözlər lüğətinə oxşayır. Dilimizin fondunda nə qədər dürlü, nə qədər gözəl sözlər var, hamısı ilə qəhrəmanı bəzəmisən. Özüo adam istehsalat göstəricilərinə görə digərlərindən elə də fərqlənmir. Ordeni yox, medalı yox. Tutaq ki, bir müddət sonra sənin qəhrəmanına fəxri ad verdilər. Bəs o vaxt sən ondan nə və necə yazacaqsan? Axı bütün yaxşı sözləri işlətmisən. Sözə hörmətlə yanaşmaq, onun qədrini bilmək lazımdır, - demişoçerki qaytarıb əlavə etmişdi: - Dediklərimi nəzərə al, yenidən işlə, şənbə nömrəsinə çatdır.

Tələbə yoldaşım elə də etmişdi. O, “od-alov püskürən” oçerki bir qədər “soyuyaraq” yenidən oxumuşredaktorun nə qədər haqlı olduğunu hiss etmişdi.

Bu hadisəni təsadüfən xatırlamadım. Tələbə ikən sıx əməkdaşlıq etdiyimiz mətbu orqanlardan biri, yəqin ki, elə birincisi “Bakı” axşam qəzeti idi. Qəzetin yaradıcısı və redaktoru Nəsir (Nəsrulla) İmanquliyev (1911-1998) eyni zamanda təhsil aldığımız Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində dərs deyir və hər dərsdə bizə mətbu orqanlarla, o cümlədən özünün rəhbərlik etdiyi qəzet ilə əməkdaşlığa dəvət edirdi. O deyirdi: “Siz tələbəlik illərində imzanızı tanıtmalı, təsdiq etməlisiniz. Çalışıb ona nail olmalısız ki, artıq sonuncu kursda oxuyanda redaktorların diqqətini cəlb edəsiniz, onlar sizə təklif etsinlər”. Daha sonra Nəsir müəllim öz təcrübəsindən çıxış edərək bizdən əvvəl fakültəni bitirmiş və hazırda onunla çiyin-çiyinə çalışan həmkarlarımızın adını çəkirdi. Yeri gəlmişkən, istedadlı qələm sahibi, əməkdar jurnalist Əliabbas Əliyev (Əlimədətoğlu) Nəsir müəllimin xatirəsinə həsr etdiyi “Nəsillərə nümunə” adlı məqaləsində də bu mövzuya geniş toxunmuşdu: “Nəsir müəllim qəzetə istedadlı yazarlar toplaya bilmişdi. O vaxt universitetin jurnalistika fakültəsində dərs deyən redaktorumuz məşğələlər zamanı hər bir tələbəni öyrənir, özü üçün kadr seçirdi. 1960-cı ildə bizim qrupdan 3 nəfəri işə dəvət etdi. Bizdən qabaq isə Şamil Şahməmmədovu hələ 4-cü kursda oxuyarkən işə götürmüşdü. O, istedadlı əməkdaşların irəli çəkilməsinə böyük önəm verirdi”.

Nəsir müəllim təkcə Azərbaycan mətbuat tarixində fasiləsiz olaraq eyni qəzetə 30 il ərzində rəhbərlik edən redaktor olmamışdır, o, həm də rus dilində çıxan “Baku” qəzetinə redaktorluq edirdi. Azərbaycan mətbuatının ağsaqqalı sayılan N.İmanquliyevə hər yerdə - auditoriyada, yerində, yuxarı partiya, hökumət təşkilatlarında - formatından asılı olmayaraq bütün məclislərdə böyük ehtiramla “müəllim” deyə müraciət edirdilər.

Görkəmli jurnalistin redaktor kimi özünəməxsus təsir metodları, qeyri-adi müşahidə formaları vardı. Milli-mənəvi dəyərlərə, adət-ənənələrə böyük önəm verən N.İmanquliyev bu sahədə qəzetin misilsiz rolundan danışmaqdan yorulmazdı. Sözün təsir gücünün, qəzetin nüfuzunun təmin edilməsi, qorunub saxlanılması, jurnalistin etik qaydalara əməl etməsi, bu adı uca tutması, ona ləkə gətirməməsi, əqidə və məsləyinə sadiq qalması, obyektiv, doğru-dürüst yazması, haqqı nahaqa qurban verməməsi, öz üzərində daim məsuliyyətlə işləməsi, ədalətli olması, eyni zamanda nöqsanlara, əyintilərə göz yummaması, qərəzə yol verməməsi - bütün bunlar Nəsir İmanquliyevin ehkamlaşmış prinsipləri idi. O, belə idi və belə də tələb edirdi. Nəsir müəllim çoxlarının ətrafında baş verənləri, lakin əksəriyyətin görmədiklərini duyur, hiss edir, dəyərləndirirdi.

Görkəmli alim, jurnalist N.İmanquliyev sözün, qəzetin keşiyində sərhəd əsgəri kimi daim ayıq-sayıq dururdu. Mövzunun aktuallığından, əhəmiyyətindən, sənətkarlıq problemlərindən tutmuş korrektura, redaktə işinə qədər bütün sahəni daim nəzarətdə saxlayır, 1958-ci ildən - buraxılan gündən rəhbərlik etdiyi “Bakı” və “Baku” (1962-ci il) qəzetlərinin məzmunlu, yüksək tərtibatla çıxmasına nail olurdu.

O, insan sərrafı idi. Qarşısındakının bir kəlməsindən, bir baxışından, simasındakı cizgilərin hərəkətindən onun istəyini bilir, duyurgörürdü. Səbirli, təmkinli idi, sona qədər dinləməyi bacarırdı. Bu gün onun tələbələrinin, yaxud əməkdaşlarının hansından Nəsir müəllimin lüğətində ən çox işlənən sözlərin hansılar olduğunu soruşsanız, heç şübhəsiz ki, “sima”, “mövqe”, “mövzu” ifadələrini eşidəcəksiniz. O, qəzetləri insanlarla müqayisə edər və deyərdi ki, özünə hörmət edən hər bir şəxs kimi, hər bir qəzetin də öz siması olmalıdır. Qəzet öz simasını formalaşdırmalı, onu qorumalıdır. Prinsipial, qətiyyətli, məsuliyyətli insan olan N.İmanquliyevin yetirmələrinə həssas, diqqətli münasibəti gündəlik həyatında, biruzun illərin əziz xatirəsinə çevrilmiş söhbətlərində aydın görünürdü. Qəzetin nüfuzu, təsir gücü ilə bağlı Nəsir müəllimin xatirələrindən biri barədə danışmazdan əvvəl qeyd edim ki, sovet dövründə qəzetlərin manşetinə kiminsə adını, soyadını iri şriftlərlə çıxarmaq, ardından da “asdı”, “kəsdi”, “öldürdü”, “intihar etdi”, “qaçdı”, “qaçırdı”, “güllələdi” və s. kimi sözləri yazmaq nəinki yolverilməz, heç ağla, təsəvvürə gəlməz idi. Bu hələ harasıdır... Cinayət işi haqqında jurnalist araşdırması yolverilməz idi, ağır cinayətlərin məhkəməsindən sonra məhkəmə oçerkləri ara-sıra dərc olunurdu. Hazırda bu problemə münasibət birmənalı deyil, kimi təqdir, kimi tənqid edir. Bəzən müəlliflər nəyin xatirinəsə bəhs etdikləri adamı xidmətlərinə görə yox, şəxsi münasibət və mülahizələrinə əsasən ölçü, əndazə, hədd bilmədən tərifləyir, mədh edirlər. Bu məqamda Nəsir İmanquliyev kimi müəllim və redaktorun yeri görünür ki, desin: “Dayan, belə yazmaq olmaz”.

Nəsir müəllimin yazı, onun təsiri, nəticəsi və ictimai rəyi formalaşdırmaq gücü haqqında mövqeyi, fikri özünəməxsus, maraqlı və diqqətçəkən idi. Danışacağım bir hadisə fikrimi təsdiqləyir. Beləliklə, Nəsir müəllim adəti üzrə səhər tezdən işə gəlir, redaktorun qapısı qarşısında xeyli adamın toplandığını görür. Maraqlanır, ona deyirlər ki, sizin qəbulunuza gəliblər. Nəsir müəllim gələnlərə müraciətlə “Hamınız otağa sığışmazsınız. Aranızdan 3-4 nəfər ağsaqqal, ağbirçək gəlsin”, - deyir.

Söhbət zamanı qəbula gələnlərin təmsilçilərindən biri deyir: “Biz bir nəslin nümayəndəsiyik. Dərdimiz böyükdür. Qohumlarımızdan biri cinayət törədib. Bu günlərdə məhkəməsi olub, ona haqlı olaraq bir neçə il kəsiblər. Bizə bunu demək ağır olsa da, cəzasıdır, çəkəcək. Lakin eşitdiyimizə görə, əməkdaşlarınızdan biri bu cinayət işi barədə qəzetə məqalə hazırlayır. O material çıxsa, bizim nəslə daha böyük zərbə dəyəcək. Onun ailəsi, uşaqları, qardaş-bacıları, digər qohumlar bağçaya, məktəbə, universitetə, yerinə necə gedəcək, tanış-bilişlərin, qonşuların üzünə necə çıxacaqlar? Acizanə xahişimiz budur ki, bizim vəziyyətimizi nəzərə alıb məqaləni qəzetə verməyin, respublikada biabır olmayaq, bir zərbənin üstündən biri də vurulmasın”. Nəsir müəllim danışırdı ki, gözü yaşlı, kədərli adamları başa düşmək çətin deyildi. Bax, qəzetin gücü, qüdrəti bu idi. İnsanlar qəzetə inanır, etibar edir, onu mötəbər mənbə sayırdı...

2011-ci ilin 23 noyabrında Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, ustad redaktor, istedadlı publisist, mahir pedaqoq, əməkdar jurnalist Nəsrulla Əsəd oğlu İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdı. Bu sənəd ölkə rəhbərinin mətbuata, onun ləyaqətli nümayəndələrinə nə qədər böyük diqqət etdiyinə, ehtiram göstərdiyinə parlaq nümunədir. Sərəncama əsasən Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi Mətbuat Şurasının və Jurnalistlər Birliyinin təklifləri əsasında Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmişlər.

“Görkəmli jurnalist Nəsir İmanquliyev bizim, yəni altmışıncı illərdə ədəbiyyata gəlmiş ədəbi nəslin dostu və xeyirxahı idi” (Elçin. “Dünyanın möhnəti və zinəti”). “İnsan kimi mülayim xasiyyətə malik olan Nəsir İmanquliyev redaktor kimi tələbkarlığı ilə yanaşı, müəllif mətninə (istər yaşlı, istər gənc müəllif olsun) yersiz müdaxilə etməzdi” (Anar. Xoş xatirələr”). Olduqca istedadlı qələm sahibi olan Nəsir müəllim böyük bir yazıçı qəlbini, şair təbiətini jurnalistikada, dövlət işində əritdi” (Balaş Azəroğlu. “Süfrəmizin çörəyi”).Bu adam o zaman çoxunda olmayan cəsarətin simvolu idi” (Bəxtiyar Vahabzadə. “Cəsarətin simvolu”). Biz - o dövrün “Bakı”lıları sonralar müstəqil qəzetlərdə çalışanda, hər yerdə qürurla “Nəsir müəllimin yetirmələriyik” demişik” (Cabir Novruz. “Bakı” qəzetini mən həmişə ülvi məhəbbətlə vərəqləmişəm”). “Nəsir müəllim həssas insan idi. O bilirdi ki, şeirlərimin çapı mənə həm də dolanmaq üçün lazım idi” (Fikrət Qoca. “Nəsir müəllim haqqında”). “Adları milli mətbuatımızın tarixinə düşmüş jurnalistlərin bütöv bir nəsli, sözün həqiqi mənasında, Nəsir İmanquliyev məktəbinin yetirməsidir...” (Aslan Aslanov.Ustad dərsi unudulmur”). “...İftixar hissi ilə demək olar ki, Nəsir müəllimin redaktoru olduğu şəhər qəzetlərinin redaksiyası özünəməxsus dəst-xəttə, təlim və tərbiyə üsullarına malik bir jurnalistika universiteti idi” (Dağbəyi İsmayılov. “Mətbuatımızın siması və ya ustadımın portretindən ştrixlər”). “Nəsir İmanquliyev mənim üçün həm yüksək əxlaqi-mənəvi keyfiyyətli, hərtərəfli savadlı, təcrübəli jurnalist-müəllim, sonralar həm də səmimi və xeyirxah həmkar, qayğıkeş dost, böyük qardaş olmuşdur” (Şirməmməd Hüseynov. “Mənəvi təmizlik ölçüsü”). “Nəsir müəllimin “Yazı yazın, səs salıb mis kimi cingildəsin” kəlamı bu gün də peşəkar jurnalistlərin dilində zərbi-məsələ çevrilib” (Zemfira Məhərrəmli. Sağlam budaqlar sağlam köklərdən su içir”).

Nəsir müəllimin şəxsiyyətini, redaktorluq, ictimaipedaqoji fəaliyyətini, irsini, əməllərini xarakterizə edən belə sitatların sayını artırmaq olar. Bütün bunlar bir daha təsdiq edir ki, müqtədir mətbuat xadimi Nəsir İmanquliyevin fəaliyyəti Azərbaycan mətbuat tarixində bir mərhələdir. Bu mərhələdə “cəmiyyətin xilası məktəbdə və mətbuatdadır” söyləyən sələflərin yolu ləyaqətlə davam etdirilmiş, eyni zamanda azad, demokratik mətbuatın gələcək yaradıcıları-xələfləri üçün böyük məktəb yaranmışdır.

 

Abid TAHİRLİ

 

Azərbaycan.- 2017.-22 dekabr.- S.11.