Azərbaycan Qızıl Aypara Hərəkatının
himayədarı
Azərbaycanın son 14 ildə qazandığı möhtəşəm nailiyyətlər, sosial-iqtisadi yüksəlişi, beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi ölkəmizin onilliklərə bərabər inkişaf yolu keçdiyini düşünməyə əsas verir. Bu inkişaf təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.
14 ilin yekunları göstərir ki, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin gerçəkləşdirilməsi, beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın xüsusi rolunun artırılması, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, ən müasir tələblərə cavab verən yeni istehsal sahələrinin yaranması, işsizliyin, yoxsulluğun minimuma endirilməsi, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi kimi məsələlər Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas hədəfləri olmuşdur. Məhz İlham Əliyevin sayəsində bu dövrdə Azərbaycan dünya birliyinin sayılıb-seçilən üzvünə çevrilmişdir.
Dövlət başçısının uzaqgörən siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti, o cümlədən müstəsna təşkilatçılığı sayəsində bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hislərini daha da gücləndirib. Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olub. Sevindirici haldır ki, ölkəmizdə əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə də etiraf olunur.
Azərbaycanda bu illərdə tək iqtisadi deyil, digər, o cümlədən ictimai fəaliyyət sahəsində də mühüm inkişaf əldə olunub. İctimai və sosial fəaliyyətin əsas qolu kimi humanitar yardım və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən və bu istiqamətdə qeyri-hökumət təsisatlarının ən qabaqcılı olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı da bu illərdə ölkəmizdə böyük inkişaf yolu keçib.
Azərbaycanın bu beynəlxalq hərəkata qoşulması 1920-ci ildən başlayır. Belə ki, 1920-ci il martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) təsis edilib. Lakin 1920-ci ilin aprel çevrilişindən sonra cəmiyyətin fəaliyyəti məhdudlaşdırılıb. 1922-ci ilədək Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərib. 1922-ci ilin oktyabr ayında Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə yenidən Azərbaycan Qızıl Aypara Cəmiyyəti yaradılıb. Cəmiyyət 1991-ci ilədək Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirib. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndən bir neçə gün sonra bu qurum da müstəqil fəaliyyətini elan edib. Beləliklə, yenidən təşkilatlanan AQAC ilk gündən etibarən Azərbaycanın qarşılaşdığı ciddi problemlərin həlli istiqamətində fəal iş aparıb. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklərin, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan qeyri-hökumət təşkilatlarından biri AQAC idi.
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra AQAC da yeni inkişaf dövrünə qədəm qoydu və qurumun fəaliyyətində yeni mərhələ başlandı. Məhz Heydər Əliyevin təşəbbüsü hələ 1994-cü ildə - ölkəmizin çox çətin anlarında AQAC-ın humanizm, mərhəmət və xeyriyyəçilik məramlı təşkilat kimi fəaliyyətini nəzərə alaraq onun milli bir qurum kimi dövlət tərəfindən tanınması istiqamətində mühüm addımlar atıldı. Bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası AQAC-ı öz sıralarına tam və bərabərhüquqlu üzv qəbul etdilər. Ondan sonrakı dövrlərdə də ulu öndər AQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəmədi.
Ötən 10 ildə Azərbaycanı inkişaf yoluna çıxaran Prezident İlham Əliyev də AQAC-ın fəaliyyətinə yüksək diqqət və qayğı ilə yanaşır. Məhz Azərbaycan Prezidenti, AQAC-ın fəxri üzvü cənab
İlham Əliyevin diqqət və qayğısı sayəsində bu qurum MDB-də ən inkişaf etmiş və ən yaxşı təchiz olunmuş milli cəmiyyətlərdən birinə çevrilib. Qürur hissi ilə qeyd etmək istərdim ki, cənab
İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk aylarda imzaladığı sərəncamlardan biri AQAC-a dövlət qayğısının artırılması ilə bağlı olmuşdur. Həmin vaxtdan sonra Azərbaycan Prezidenti AQAC-a dövlət qayğısının artırılması ilə bağlı bir neçə sərəncam imzalayıb. 2007-ci ildə isə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunun qəbulu qurumun statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin əsaslarının müəyyən edilməsi baxımından mühüm addım idi. Bu qanunun qəbulu da məhz Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün oldu.
Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur. Cəmiyyətin 85, 90 və 95 illik yubileylərində AQAC üzvlərinin Prezident tərəfindən təltif olunması isə fəaliyyətimizə yüksək qiymət olmaqla, bizlərə humanizm kimi müqqəddəs missiyamızı daha inamla həyata keçirməyimizə stimul verir. AQAC-ın hər bir üzvü dövlət başçısının etimadını öz işi ilə bundan sonra da daim doğruldacaq, mərhəmət və xeyriyyəçilik missiyamızın həyata keçirilməsində daim fəallıq göstərəcək.
Novruzəli ASLANOV,
Milli Məclisin deputatı
Azərbaycan.-
2017.- 23 dekabr.- S.9.