Elmi-intellektual intibahın təminatçısı

 

Tarixi təcrübə sübut edir ki, dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan amillərdən biri də məhz siyasi varislik ənənələrinin təmin olunmasıdır. Söhbət ölkənin və xalqın sabit, dinamik inkişafının təkamül yolu ilə davam etdirilməsi zərurətindən gedir. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran ulu öndər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müəllifi olduğu siyasi strategiya inkişafın davamlılığını təmin etmiş, parlaq zəkası hesabına respublikamızın gələcək uğurlarına təminat yaratmışdır.

Müstəqil Azərbaycanın son 14 ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip daim qüvvədədir. “Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır” - bu sözlərin müəllifi cənab İlham Əliyevin xarizmasına olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir.

Güclü, mobil və yüksək iş qabiliyyətli komandaya malik olan dövlət başçısı hökumət qarşısında duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə yeni dövrün səciyyəvi cəhəti kimi, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkmişdir. Bu dövrdən respublikamızda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun ilbəil artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, beynəlxalq iqtisadi münasibətlər sisteminə uğurlu transformasiya, habelə qlobal enerji-kommunikasiya, innovasiya layihələrinin həyata keçirilməsi nəticə etibarilə demokratikləşmə və vətəndaş cəmiyyəti təsisatlarının sürətli inkişafına, tətbiq olunan mütərəqqi yeniliklərin ictimai şüurda mənimsənilməsinə imkan yaratmışdır.

Dövlət başçısının 2003-2017-ci illərdə həyata keçirdiyi kadr dəyişiklikləri, məmurlara, dövlət rəsmilərinə fəaliyyətlərini məhz vətəndaşların mənafelərinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində qurmaları barədə qəti tapşırıqlar verməsi ictimai fikirdə demokratik inkişafa xidmət edən islahatların uğurla gedəcəyinə böyük inam yaratmışdır. Ötən illərdə bu reallıq da təsdiqini tapmışdır ki, dövlət rəhbəri komandasında təmsil olunan şəxslərlə sadə, səmimi və qarşılıqlı hörmətə, məsuliyyətə əsaslanan rəftarın tərəfdarıdır. Lakin bütün bunlar yeri gəldikdə cənab İlham Əliyevin yetərincə prinsipial qərarlarını, qəti addımlarını istisna etmir. Dövlət başçısı hökumətin fəaliyyətini özünəməxsus tələbkarlıqla saat mexanizmi kimi təkmilləşdirmiş, “cilalamışdır”. İdarəçilik sistemində özünü göstərən cüzi qüsurların belə aradan qaldırılması üçün ardıcıl kadr və struktur islahatları həyata keçirmiş, xalqa layiqli xidmət məramını vəzifədə irəli çəkdiyi kadrlar qarşısında ümdə vəzifə kimi aktuallaşdırmışdır.

Prezident cənab İlham Əliyevin ictimai rəydəki fenomenal lider obrazını möhkəmləndirən mühüm amillərdən biri də respublikamızın iştirakı ilə gerçəkləşdirilən qlobal enerji-kommunasiya layihələridir. Ötən illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP kimi layihələr reallaşdırılmış, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti bir müddət əvvəl istifadəyə verilmişdir. Bu mərhələ həm də neft-qaz gəlirləri ilə paralel şəkildə iqtisadiyyatın qeyri-neft sektorunun sürətli artımı, respublikamızın ümumi daxili məhsulun artım tempinə görə bir neçə il ərzində dünya liderliyini qoruyub saxlaması, büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artırması kimi mühüm iqtisadi nailiyyətlərlə zəngin olmuşdur.

Siyasi mühitin liberallaşdırılması, demokratik proseslərin dərinləşdirilməsi istiqamətində mütərəqqi islahatları inamla davam etdirən Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya sayəsində regionun maraq və mənafeyini qətiyyətlə müdafiə edən lokomotiv dövlətinə çevrilmişdir. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir.

Dövlət başçısı cənab İlham Əliyevin prezidentlik dövrünün parlaq nəticəsi Azərbaycanın, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə kimi tanınması olmuşdur. Postsovet məkanında “məxməri inqilab dalğaları” üzərində hakimiyyətə yiyələnmiş bəzi liderlərin zorakı yolla hakimiyyətdən uzaqlaşdırılması, bəzilərinin hətta öz ölkələrinin parçalanmasına gətirib çıxarmış ciddi siyasi səhvlərə yol verməsi fonunda Azərbaycan qətiyyətli liderinin rəhbərliyi altında daxili sabitlik və dinamik inkişaf xəttini qoruyub saxlamış, qlobal maliyyə-iqtisadi böhranı şəraitində makroiqtisadi irəliləyişlərə nail olmuşdur.

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsində Bakı şəhərinə üstünlük verilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Xüsusən ötən 14 ildə dünyada sülh, sabitlik və təhlükəsizlik problemlərinin həllinə, eləcə də tolerant və multikultural ideyaların təbliğinə xidmət edən qlobal formatlı forumlar, konfranslar məhz Bakı şəhərində keçirilir. Beynəlxalq səviyyədə “Bakı prosesi”nin tərkib hissəsi kimi dəyərləndirilən bu təşəbbüslər Azərbaycanın Şərqlə Qərbi təkcə əlverişli tranzit və enerji-kommunikasiya imkanları ilə deyil, həm də mədəni-mənəvi tellərlə bağlayan ölkə olduğunu bir daha göstərir.

Xatırlatmaq yerinə düşər ki, Prezident cənab İlham Əliyev hələ 2008-ci ilin dekabrında Avropa ölkələri mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransında “Bakı prosesi” ideyasını irəli sürməklə paytaxtımızın beynəlxalq miqyaslı tədbirlərin mərkəzi statusu almasını təmin etmişdir. 2008-2017-ci illərdə “Bakı prosesi” çərçivəsində keçirilən tədbirlər miqyasca geniş və əhatəlidir: hələ 2008-ci ildə respublikamızda “Mədəniyyətlərarası dialoqda qadınları rolu” mövzusunda konfrans keçirilmiş, 2009-cu il həm də Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

Azərbaycan paytaxtı 2011-2016-cı illərdə I, II, III, IV və V Bakı Beynəlxalq Humanitar forumlarına uğurla evsahibliyi etmişdir. Son illər Dünya Dini Liderlərinin Sammiti, MDB Dinlərarası Şurası, MDB Müsəlmanlarının Məşvərət Şurası və Qafqaz Xalqları Ali Dini Şurası öz forumlarını Bakı şəhərində keçirmişlər. 2016-cı ilin oktyabrında keçirilən V Bakı Beynəlxalq Humanitar Forumu, 2017-ci ilin mart ayında baş tutan V Qlobal Bakı Forumu Azərbaycanın təkcə insan hüquqları və demokratikləşmə deyil, həm də milli-etnik, dini tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərlə şərtlənmişdir.

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsində mötəbər idman tədbirləri də sözünü deyir. 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının, 2016-cı ildə “Formula-1” yarışlarının, Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi Azərbaycanın multikultural dəyərlərə sadiq ölkə olmasını təsdiqləmişdir. Respublikamız bu ilin may ayında IV İslam Həmrəyliyi Oyunlarını və növbəti “Formula-1” yarışlarını da yüksək təşkilatçılıqla keçirərək özünün zəngin turizm, idman və şəhər potensialını bütün dünyaya nümayiş etdirmişdir. Bu oyunlar respublikamızın dünyada tanıdılması və nüfuzunun yüksəldilməsi baxımından əhəmiyyətli tədbirlərdən olmuşdur.

Şübhəsiz, bu və digər tədbirlərin uğurla reallaşdırılmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə çoxşaxəli fəaliyyəti ilə milyonların sevgisini qazanmış layiqli bir şəxsiyyətin təyin olunması Azərbaycanın müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.

Ümumilikdə Prezident cənab İlham Əliyevin praqmatik və rasional təfəkkürlü lider olaraq qarşıya qoyduğu ən mühüm vəzifə müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyətin yaradılmasıdır. Cəmiyyətdə mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən bu məqsədlər qlobal səciyyə daşıması, mütərəqqi və nəcib mahiyyəti ilə ictimai şüurda möhkəmlənir, tədricən inkişaf edərək milli ideya səviyyəsinə yüksəlir. Dövlət başçısının Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, müasir dövlətə çevirmək istəyi ictimaiyyətin müəyyən gözləntilərini, məqsədlərini özündə təcəssüm etdirir: modernləşmənin əsas hədəfi kimi özünü göstərən bu məqsəd ölkədə reallaşdırılan islahatların stimulvericisi kimi çıxış edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin son 14 ilə yürütdüyü fəal maarifçilik xətti də bu və digər strateji hədəflərin reallaşdırılmasına xidmət edir. Təhsilin inkişafı ciddi investisiya tələb edən məsələ olduğundan, dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə başlamaq imkanı yaratmışdır. Dövlət büdcəsi vəsaitlərinin ildən-ilə artması təhsil sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir sıra problemlərin məhz hazırkı mərhələdə həlli məsələsini aktuallaşdırmış, dövlət investisiyalarının həcmcə artımını təmin etmiş, bu sahənin dünya standartları səviyyəsinə yüksəlməsinə geniş imkanlar açmışdır.

“Azərbaycan Respublikasının təhsil islahat proqramı” və “2013-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”ya müvafiq olaraq təhsilin bütün pillələrində maddi-texniki bazasının gücləndirilməsi, tədris şəraitinin yaxşılaşdırılması, bu sahədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildə 243 milyon manat təşkil edən təhsil xərcləri 2017-ci ildə 1,6 milyard manata yüksəlmişdir.

Təhsil üçün ayrılan vəsaitlərin ilbəil artımı həm də inkişafyönümlü dövlət proqramları, fərman və sərəncamların icrası zərurəti ilə şərtlənmişdir. Qısa müddətdə 16 belə inkişafyönümlü proqramın icrası təmin edilmişdir və ya hazırda icra olunur. Həyata keçirilən tədbirlər sırasında təhsilin məzmununun yeniləşdirilməsi; yeni proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması; təhsilin idarə olunmasının təkmilləşdirilməsi, təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi; tədrisdə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, beynəlxalq əlaqələrin genişləndirilməsi yolu ilə təhsilin keyfiyyətinin yüksəldilməsi prioritet təşkil edir.

Dövlət başçısının ötən 14 ildə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində Bakıda və regionlarda yeni məktəblərin inşası prosesi genişlənmişdir. 2003-2017-ci illərdə ölkədə 3000-dən çox yeni məktəb binası tikilmiş və ya əsaslı bərpa və təmir işləri aparılmışdır. Ümumilikdə ölkə üzrə məktəb infrastrukturunun müasirləşdirilməsi nəticəsində 1 milyon şagirdin (bütün şagirdlərin 80 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ötən illərdə respublikamızda müasir beynəlxalq meyarlar əsasında yaranan özəl orta məktəblərin sayı və nüfuzu artmış, onların milli təhsilimizin inkişafına töhfə vermək imkanları genişlənmişdir.

Sonda onu da vurğulamaq istərdik ki, Azərbaycanın haqlı mübarizəsində əldə etdiyi üstünlüklər - Milli Ordumuzun son illərdə düşmənin təxribatlarının qarşısını qətiyyətlə alması, ötən il 2 min hektar torpağımızın işğaldan azad olunması, o cümlədən Cocuq Mərcanlı kəndinin qısa zamanda bərpası və orada aparılan misilsiz quruculuq işləri böyük qayıdışın başlanğıcı olmaqla xalqımızı yüksək qələbələrə ruhlandırır. Qeyd etmək istərdim ki, “İdrak” liseyinin müəllim və şagirdlərindən ibarət nümayəndə heyəti bu ilin sentyabr ayında Cocuq Mərcanlıda olmuş, orada yaşayan sakinlərlə, o cümlədən məktəblilərlə görüşmüşlər. Həmin görüşdə belə bir inam da ifadə edilmişdir ki, tezliklə Azərbaycanın işğalda olan əraziləri azad olunacaq, ərazi bütövlüyümüz bərpa ediləcəkdir.

Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Dövlət rəhbərinin müəyyən etdiyi prioritetlərin icrasına ümumxalq dəstəyini hər an izləyirik. Bu gün Azərbaycan xalqı cənab

İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanımızın parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı dəstəkləyir.

 

Mönsüm ALIŞOV,

“İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor

 

Azərbaycan.- 2017.- 23 dekabr.- S.12.