Ən səmimi qayğıkeş, ən dəyərli dost

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan dövləti son illərdə hər bir istiqamət üzrə uğurlu inkişaf yolu keçərək siyasi sabitliyini, iqtisadi imkanlarını və beynəlxalq mövqelərini daha da gücləndirib. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi qəbul edilməsi gələcək uğurlar üçün yaxşı zəmin yaradıb. Əlbəttə ki, bütün bu uğurların müəllifi bugünkü Azərbaycanın qətiyyətli, uzaqgörən lideri cənab İlham Əliyevdir.

Hər bir ölkənin inkişafında, dünyada söz sahibinə çevrilməsində və beynəlxalq aləmdə nüfuzunun artmasında siyasətçilərin, müdrik dövlət başçılarının müstəsna rolu olur. Bu kimi siyasi liderlərin, dövlət xadimlərinin əldə etdikləri uğurlar ölkələrinin sürətli inkişafını şərtləndirən amillərdəndir. Cənab İlham Əliyev məhz belə siyasi liderlərdən biridir. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısı kimi qətiyyətli olması, atdığı hər bir addımda milli maraqlarımızı öndə tutmasıdır. Tam müstəqil siyasəti ilə yalnız Azərbaycanın hərtərəfli tərəqqisi üçün çalışan cənab İlham Əliyev verdiyi bütün vədlərə sadiq qalaraq xalqın alternativsiz liderinə çevrilib.

Son 14 ildə digər sahələrdə olduğu kimi, Azərbaycan idmanının tarixində də şanlı səhifələr yazılıb. Ötən dövr ərzində ölkəmizdə idmanolimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. İdman strukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, olimpiya idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. Ölkəmizin bütün bölgələrində müasir səviyyəli idman infrastrukturu formalaşdırılıb. İdmançıların dövlət tərəfindən daim qayğı ilə əhatə olunması, onların bütün problemlərinin həll edilməsi, yüksək səviyyəli təlim-məşq toplanışlarının keçirilməsi onların beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etməsini təmin edir.

Prezident İlham Əliyevin ümummilli inkişafa xidmət edən siyasi xəttinin konturları həm də idmanın infrastrukturunun möhkəmləndirilməsini, müasirləşdirilməsini və idmanın inkişafını şərtləndirən digər tədbirlərlə müşayiət olunur. Bütövlükdə cəmiyyətdə idmançılara müsbət münasibət və böyük hörmət var. Bu gün paytaxtda və bölgələrdə müasir standartlara cavab verən 43 olimpiya idman mərkəzinin fəaliyyət göstərməsi gənclərə, yeniyetmələrə, eyni zamanda, idmançılara yaradılan şəraitin parlaq nümunəsidir.

Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki dünyanın ən mötəbər yarışlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir.

Qazanılan yüksək nəticələr beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını nümayiş etdirir. Sevindirici haldır ki, Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq yarışlarda yüzlərlə medal qazanılır. İdmançılar müxtəlif beynəlxalq turnirlərdə yüksək nəticələr əldə edirlər.Təkcə bu il atletlərimizin beynəlxalq yarışlarda 851 medal (onlardan 347-si qızıl medaldır) qazanmaları onu göstərir ki, idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanmağa qadirdilər.

Bütün bunlarla yanaşı, Azərbaycan həm də beynəlxalq idman yarışlarının keçirildiyi məkandır. Fəxrlə deyə bilərik ki, tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarının yeni modelini formalaşdıran Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunlarına, “Formula-1” Azərbaycan qran-prisinə evsahibliyi etməklə həm yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini, həm də idman diyarı olduğunu bir daha dünyaya nümayiş etdirib.

Artıq 2017-ci ilə də yekun vururuq. Hər ilin sonunda ilin idman uğurları təntənəli şəkildə qeyd olunur. Bu ilPrezident İlham Əliyev öz ənənəsinə sadiq qalaraq dekabrın 17-də Milli Olimpiya Komitəsində ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi. Mən də bu tarixi görüşün iştirakçılarından idim.

Mərasimdə ilin idman uğurlarını dəyərləndirən dövlət başçısı bəyan etdi ki, qazanılan nailiyyətlər Azərbaycanın, sözün əsl mənasında, güclü idman dövləti olduğunu təsdiqləyir. İdmanın inkişafı bundan sonra da diqqət mərkəzində olacaq və dövlət idmançılara öz qayğısını əsirgəməyəcək.

Bu, cənab İlham Əliyevin idmançılara, onların məşqçilərinə nə qədər dəyər verdiyinin və göstərdiyi qayğının təcəssümüdür. Eyni zamanda möhtərəm Prezidentin bütün idmançıların ən böyük himayədarı, ən səmimi qayğıkeşi, ən dəyərli dostu olduğunu təsdiqləyən reallıqdır. Bu dəstəyi hər zaman hiss edən idmançılarımız, məşqçilərimiz və hakimlərimiz beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edərək dövlətimizə başucalığı gətirmək üçün əllərindən gələni əsirgəmirlər. İnanıram ki, bu dəstəyi daim dəyərləndirən Azərbaycan idmançıları 2018-ci ildə də xalqımızın, Prezidentin etimadını doğruldacaq, qələbə estafetini davam etdirəcəklər.

Fəxarət hissi keçirirəm ki, bu gün cənab İlham Əliyevin rəhbəri olduğu dövlətdə həm idman mütəxəssisi, həm də hüquq mühafizə orqanlarının əməkdaşı kimi çalışıram. Tam əminliklə deyə bilərəm ki, İlham Əliyev həm Azərbaycan idmanının böyük hamisi, həm də dünya siyasi arenasında öz sözüxüsusi çəkisi olan böyük siyasi xadimdir.

Son 14 il ərzində minlərlə insan hörmətli Prezidentin qayğısını, himayədarlığını, diqqətini görüb. Milyonlarla həmvətənimizə müstəqil dövlət, yüksək rifah, inkişaf etmiş cəmiyyət bəxş edən İlham Əliyevin həm də on minlərlə azərbaycanlının həyatında birbaşa mərhəmət izi var. Mən də bu sıradayam. Qürurla deyirəm ki, cənab İlham Əliyev mənim həyatımda müstəsna rol oynayıb, yol göstərənim, istiqamət verənim olub. Bu dahi insanı hər zaman nailiyyətlərimin səbəbkarı kimi qəbul edirəm. Prezident İlham Əliyev ən yüksək dövlət mükafatları, fəxri adlarla məni təltif edib. “Şöhrət” və “Olimpiya” ordenləri, “Tərəqqi” medalı, Azərbaycan Prezidentinin fəxri diplomçusu, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar məşqçi” kimi müstəsna titullarla dövlət başçısı tək məni yox, bütün şəcərəmi şərəfləndirib. Bundan böyük fəxr, sevinc hissi ola bilməz. Ölkənin ən ali təltiflərinin qalibi, həmçinin “Dünyanın ən yaxşı güləş hakimi”, Azərbaycanın Olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakimi, əməkdar məşqçi kimi qazandığım bütün uğurları Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğısı sayəsində əldə etmişəm.

Bu gün mən Azərbaycan Respublikasının vətəndaşı olmağımla fəxr edirəm. Çünki dünyada ciddi böhranların, münaqişələrin, müharibələrin getdiyi bir dönəmdə cənab İlham Əliyev yürütdüyü qətiyyətli siyasətlə Azərbaycanı sabitlik adasına çevirib.

 

Hicran ŞƏRİFOV,

“Şöhrət” və “Olimpiyaordenli, Prezidentin fəxri diplomçusu,

əməkdar bədən tərbiyəsi və idman xadimi, beynəlxalq dərəcəli hakim,

“Dünyanın ən yaxşı güləş hakimi” mükafatçısı

 

Azərbaycan.- 2017.- 23 dekabr.- S.13.