Şəxsiyyət zirvəsi
Dövlət müstəqilliyimizin bərpasından keçən 26 il Azərbaycana bir çox mühüm nailiyyətlər qazandırıb. Bu illərin hər biri milli dövlətçilik ənənələrimizlə bağlı böyük bir tarixi irsi əks etdirir. İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ilin də bu tarixdə xüsusi yeri var.
Həyatın hər anı özünəməxsus cəhətləri ilə xarakterikdir. Bu cəhətlər dövrün ab-havasına, zamanın çağırışlarına, zərurət və gerçəkliklərinə uyğun olaraq müəyyənləşir. Ümumimilikdə götürsək, tarixin rəvan və öz ahəngi ilə davam edən dövrü heç zaman olmayıb. Əgər hansısa mərhələ belə görünürsə, bu rəvanlığı, ahəngi təmin edən yenə də insanın gərgin zəhmətidir. Cənab
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü il isə yeni tariximizin məsuliyyətli bir dövrünə təsadüf edir.
Əlbəttə, belə bir xarakterizə ilə 2003-cü ili ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdığı 1993-cü ildəki dövrün çətinlikləri ilə müqayisə etmək istəməzdik. O zaman vəziyyət daha ağır idi. Mərkəzləşmiş təsərrüfat sisteminin dağılmasından sonra öz milli iqtisadiyyat modelini qurmağa hələ macal tapmayan və saysız-hesabsız sosial-iqtisadi çətinliklərlə üzləşən cəmiyyət nə edəcəyini bilmirdi. Ölkənin taleyini qısamüddət ərzində bir-birinə ötürən təsadüfi insanların səriştəsizliyi ucbatından respublika böhran həddinə gəlib çatmışdı. Azərbaycanda bu gün qan çanağına dönmüş bir çox Şərq ölkələrində izlədiyimiz faciələrin ilk cücərtiləri müşahidə olunurdu. Respublikamız vətəndaş müharibəsinə sürüklənirdi. Milli varlığımız təhdid altına salınırdı. Müxtəlif regionlarda baş qaldıran separatizm meyilləri ilə Azərbaycanın parçalanması, dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi getdikcə güclənirdi. Belə bir məqamda Heydər Əliyev xalqı taleyin ümidinə buraxmayaraq Azərbaycanın gələcəyinə görə məsuliyyəti üzərinə götürdü, əslində, öz həyatını risk altına qoydu. Ona hər addımında dəstək verən, zəkasına, müdrikliyinə güvənən xalqla çiyin-çiyinə çıxdığı dövlət quruculuğu yollarında Heydər Əliyev dəfələrlə sui-qəsd cəhdləri ilə üzləşdi, müxtəlif təxribatlarla rastlaşdı. Amma bunların heç biri ulu öndərin qətiyyətini sarsıtmadı, onu tutduğu haqq yolundan çəkindirmədi.
Xilaskarlıq missiyası
Məhz Heydər Əliyevin yüksək əzmi, siyasi iradəsi sayəsində Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi həyata keçirildi. Heydər Əliyevin özünəməxsus müdrikliklə atdığı addımların nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm tədbirlər görüldü, digər tərəfdən isə atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə olundu ki, bu da cəmiyyətdə ictimai-siyasi sabitliyin təmin edilməsinə, mövcud resursların ölkəmizin sosial-iqtisadi inkişafına yönəldilməsinə, Azərbaycanın qüdrətli gələcəyini nəzərdə tutan iri investisiya layihələrinin reallaşdırılmasına imkan verdi.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyevin rəhbərliyi ilə aparılan dövlət quruculuğu prosesinin ən mühüm uğurlarından idi. Bu böyük dövlət adamının təşəbbüsü ilə mühüm siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol aldı.
“Böyük İpək yolu”, “Bakı-Tbilisi-Ceyhan” neft, “Bakı-Tbilisi-Ərzurum” qaz və s. bu kimi enerji-kommunikasiya layihələri ilə dünyanın siyasi mənzərəsinə təsir göstərən möhtəşəm tarix yazıldı. Bu layihələr hesabına region qüvvələrinin böyük bir coğrafi məkanda birləşərək həmrəylik əldə etməsi təmin olundu.
Ulu öndərin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə bağlı pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyuldu. Bütün qanunsuz silahlı dəstələr ləğv olundu. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Azərbaycan dövlətçiliyinə qarşı qəsd cəhdləri dəf edildi. Bütün təzyiq və təhdidlərə rəğmən dövlət müstəqilliyimiz qorunub saxlandı. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi geniş vüsət aldı. Bu prosesin də əsasını layihəsi Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyası təşkil edirdi.
Dövlət qurucusu
Ondan sonrakı dövrdə də Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər bu prosesi cəmiyyətin milli vəhdəti zəminində həyata keçirməyə müvəffəq oldu. Başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın - azərbaycançılıq ideologiyasının əsasını qoydu. Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüquqlarını təmin etdi. İnsanlara öz rifahlarını yaxşılaşdırmaq imkanları yaratdı.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində də Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim böyük əzmkarlıq göstərir, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edirdi.
Azərbaycan 2003-cü ilin oktyabrına ulu öndərin uzunmüddətli gərgin zəhməti hesabına əldə olunmuş bu qədər milli nailiyyətlərlə gəlib yetişmişdi. Amma bütün bunlar 2003-cü ildəki tarixi şəraitin heç də çətinliklərdən xali, rahat, asan bir dövr olduğuna dəlalət etmirdi. Bu dövrü xüsusilə məsuliyyətli edən ən mühüm səbəb Heydər Əliyevin min bir zəhmət bahasına, bəzən həyatını təhlükəyə ataraq aydın inkişaf yoluna çıxardığı Azərbaycanın milli-strateji inkişaf kursunun davamlılığının təmin olunması, bu yolda qazanılmış nailiyyətlərin qorunaraq daha da inkişaf etdirilməsi, ölkəmizin yürütdüyü müstəqil xəttin, başqa ölkələrlə bərabərhüquqlu münasibətlərinin ardıcıllığı, cəmiyyətdə ictimai-siyasi sabitliyin, hərtərəfli inkişaf mühitinin möhkəmləndirilməsi, toplumun demokratik, sivil inkişaf, vətəndaş cəmiyyəti quruculuğu, ölkənin insan kapitalı ilə gələcəyə hazırlanması kimi mütərəqqi ideyalardan uzaq düşməməsi kimi amillər idi.
Böyük dövlət adamlarının cismani sağlığı dövründə ölkənin tutduğu inkişaf xəttinin onlardan sonra yarıda qırılmasına ayrı-ayrı dövlətlərin, xalqların tarixi keçmişində çox şahid olmuşuq. Azərbaycan kimi mühüm geostrateji mövqeyə, qlobal proseslərə təsir imkanlarına malik ölkələrdə bu cür anları səbirsizliklə gözləyən fürsətcil qüvvələrsə hər zaman çox olub. Heydər Əliyevdən sonrakı Azərbaycan onların nəzərində öz maraqlarını asanlıqla gerçəkləşdirə biləcəkləri açıq meydan kimi görünürdü. Ulu öndərdən sonra ölkəmizə rəhbərlik edəcək liderin kimliyi bu baxımdan da çox önəmli idi.
Digər tərəfdən, zamanın axarına təsir göstərən hər bir böyük dövlət adamının sağlığında özünün başa çatdıra bilməyib, icrasını mühüm vəzifə kimi gələcək nəsillərin öhdəsinə buraxdığı bir çox işlər, strateji planlar olur. 2003-cü ildə Azərbaycan xalqı qarşısında dayanan belə hədəflər ona görə çox idi ki, ölkəmiz ötən əsrin 90-cı illərindən yaşadığı keçid dövrünü artıq başa çatdırırdı. Buna uyğun olaraq Azərbaycanda yeni inkişaf mərhələsi başlanmalı idi. Ulu öndərin 90-cı illərin ortalarından həyata keçirdiyi islahatların, azad bazar iqtisadiyyatının inkişafı üçün yaratdığı hərtərəfli mühitin, yerli və xarici sahibkarlara siyasi dəstəyinin praktik nəticələri, reallaşdırılan irimiqyaslı investisiya layihələrinin gəlirləri Azərbaycan həyatına məhz yeni əsrin ilk illərindən daxil olmağa başlamışdı. İndi Azərbaycan xalqı qarşısında dayanan ən mühüm vəzifə bu tarixi nailiyyətləri göz bəbəyi kimi qoruyaraq milli dövlətçiliyimizi daha da möhkəmləndirmək, onun inkişafı proseslərində el birliyi ilə fəallıq göstərmək idi.
Ən layiqli seçim
Azərbaycan xalqı ölkənin gələcəyini istisnasız olaraq Heydər Əliyev ideyalarının davamında görürdü. Çünki ulu öndərin həyata keçirdiyi hüquqi dövlət quruculuğu prosesləri cəmiyyətimizdə siyasi mədəniyyət səviyyəsini də gücləndirmişdi və cəmiyyət fərqində idi ki, dünyanın müxtəlif qütblərində dinc insanları bəlalara düçar edən dağıdıcı inqilablardan, hakimiyyətlərin zorakılıqla qəsbindən, hərbi çevrilişlərdən fərqli olaraq yalnız tədrici təkamül yolu ilə öz milli hədəflərinə yetişə bilər. Heydər Əliyevin ardıcılı kimi bu xətti davam etdirə biləcək alternativsiz lider isə bu böyük dövlət adamının yetirməsi və gənc silahdaşı, 2003-cü ilin oktyabrına qədər fəaliyyət göstərdiyi bir çox sahələrdə Azərbaycana böyük uğurlar qazandırmış İlham Heydər oğlu Əliyev idi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti statusunda göstərdiyi əzmkar fəaliyyət cənab İlham Əliyev haqqında cəmiyyətdə dolğun təsəvvür formalaşdırmışdı. İlham Əliyev fenomeni qısa müddət ərzində Azərbaycan siyasətinə güclü təsir imkanları qazanmışdı. Yarım əsrə bərabər bir müddətdə Azərbaycanda siyasət və dövlət xadimlərinin yetişməsində müstəsna rol oynayan Heydər Əliyev ilə birgəliyi, Moskva Beynəlxalq Münasibətlər İnstitutunda mükəmməl təhsil alması, bir neçə xarici dildə sərbəst danışmaq vərdişinə yiyələnməsi, beynəlxalq elitar siyasi dairələrlə sıx təmasları, bu və ya digər problem ətrafında müzakirələrin fəal iştirakçısı kimi yetişməsi, çağdaş Qərb liderlərinə xas imici İlham Əliyev fenomenini cəmiyyət üçün cəlbedici etmişdi. Digər siyasətçilərdən fərqli olaraq, onun siyasi portretində peşəkar siyasətçi, lider, bacarıqlı iqtisadçı, təcrübəli diplomat, yüksək idarəçilik vərdişlərini özündə birləşdirmiş dövlət xadimi keyfiyyətləri üst-üstə düşürdü.
Xalq onun Azərbaycan
üçün ən layiqli seçim olduğuna
inanırdı. Bu
inamı 2003-cü ilin prezident seçkisi zamanı
İlham Əliyevə
ümumxalq dəstəyinə çevirən ən
mühüm amillərdən biri isə bu idi ki,
qurub-yaratdığı müstəqil Azərbaycanı milli
dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə
məhz İlham Əliyevin çatdıra biləcəyinə
ulu öndərin özündə də böyük inam
vardı. Bu
inam Heydər Əliyevin seçki ərəfəsində Azərbaycan
xalqına 1 oktyabr 2003-cü il tarixli
müraciətində də öz əksini
tapmışdı. Ulu öndər tarixi müraciətinin
sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam
etdirə biləcək dəqiq ünvanı göstərirdi:
“Üzümü sizə - həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini
İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Müdrik və qədirbilən
xalqımızın Heydər Əliyev dühasına sonsuz
sevgisi, cənab İlham Əliyevin şəxsiyyətinə və
siyasi liderlik keyfiyyətlərinə dərin inamı
2003-cü ilin prezident seçkilərində qəti
sözünü dedi. Xalqın xeyir-duası ilə
Prezident seçilən cənab İlham Əliyevin
oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində
“Azərbaycanı qüdrətli dövlətə çevirmək
üçün ən başlıcası ölkədə
Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən
çıxış edərkən mən Azərbaycan
xalqına söz verirəm ki, bu siyasətə sadiq
qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm”
- deməsi onun ulu öndər Heydər Əliyevin zəngin
dövlətçilik irsinə necə sadiq olduğunu bir daha
nümayiş etdirirdi.
Milli hədəflərə
doğru
Bu mərasimdə dövlət
başçısı Azərbaycanın mövcud vəziyyətini
və gələcək inkişaf perspektivlərini dəqiq
xarakterizə etməklə yanaşı, növbəti illər
üçün özünün əsas fəaliyyət
prioritetlərini açıqlamışdı: güclü
dövlət, sabitliyə təminat, hər kəs
üçün sosial rifah! Qısa müddət
ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə
bu hədəflərə doğru atılan addımlar və əldə
edilən mühüm nailiyyətlər Azərbaycan
xalqının öz seçimində qətiyyən
yanılmadığını göstərdi. Heydər Əliyevin zəngin dövlətçilik
fəlsəfəsindən bəhrələnən İlham
Əliyev müstəqil Azərbaycan dövlətinin gələcəyi
ilə bağlı böyük qətiyyət göstərdi.
Prezident Azərbaycan dövlətçiliyini hər
cür cinayətkar qəsdlərdən qorumağa qadir
güclü lider olduğunu, milli maraqlar naminə cəsarətli
qərarlar qəbul etmək bacarığını qısa
müddət ərzində nümayiş etdirdi. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş
bütün cəhdlərin qarşısı xalqın dəstəyi
ilə alındı. Cəmiyyətdə
barış, həmrəylik ovqatı daha da gücləndirildi.
Cənab İlham Əliyev ən mürəkkəb
siyasi vəziyyətlərdə belə bir lider kimi birləşdirici
keyfiyyətləri sayəsində xalqı öz ətrafına,
Heydər Əliyev ideyalarının işığına
toplamağı bacararaq cəmiyyətimizdə yeni bir mənəvi
mühit, dövlətçilik təfəkkürü
formalaşdırdı. Ulu öndərin
möhkəm təməllər üzərində
formalaşdırdığı idarəçilik ənənələrini
davam etdirərək xalqımıza milli dövlətçilik
tariximizin ən böyük uğurlarını
qazandırdı.
“Mən hər bir azərbaycanlının
Prezidenti olacağam” - deyə bəyan edən dövlət
başçısı 14 illik çoxşaxəli fəaliyyəti
ilə bu nəcib niyyətini bütünlüklə
doğrultdu. Sistemli və düzgün koordinasiya olunmuş
işlə xalq qarşısında verdiyi bütün vədlərə
sadiqliyini sübuta yetirdi. İlham
Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğu
proseslərinin, ölkənin demokratik inkişafının
davamlılığını təmin etdi. Bunun üçünsə respublikamızın
sosial-iqtisadi potensialını gücləndirdi. Çünki demokratik inkişaf üçün
iqtisadi əsasların olması çox mühümdür.
Azərbaycan Prezidentinin özünün də
qeyd etdiyi kimi, əsl demokratik cəmiyyət
formalaşdırmaqdan ötrü, birinci növbədə,
maddi baza olmalıdır. Demokratik
inkişaf möhkəm iqtisadi təmələ əsaslanmalıdır.
Güclü iqtisadiyyat olmasa, səmərəli iqtisadi
islahatlar keçirilməsə, şübhəsiz,
demokratiyanın inkişafı üçün lazımi şərait
ola bilməz. İqtisadiyyatı
zəif olan ölkələrdə demokratik inkişaf proseslərinin
zəifliyi, bunun əksinə, iqtisadi cəhətdən
inkişaf etmiş ölkələrdə demokratik proseslərin
sürətlə getməsi bu qanunauyğunluğa əsaslanır.
Cənab
İlham Əliyev Azərbaycana
rəhbərliyinin ilk dövrlərindən bəyan etdi ki,
ölkəmizdə iqtisadi islahatlar siyasi islahatlarla paralel getməlidir. Bu iki amil məntiqi
cəhətdən bir-birini tamamlamalıdır. Azərbaycan Prezidenti bu paralelliyi təmin edə
bildi.
İlham Əliyevin gərgin
səyləri nəticəsində Azərbaycan keçid
iqtisadiyyatını başa çatdırdı. Ölkədə
həyata keçirilən mükəmməl sosial-iqtisadi
inkişaf strategiyası ilə inkişafın Azərbaycan
modeli formalaşdı. Bu model aparılan
siyasətin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın
iqtisadi tərəqqisinə, dünya birliyində köklü
mövqeyinin möhkəmlənməsinə, inkişaf
etmiş güclü dövlətlər sırasında yer
almasına xidmət etdi.
Ümummilli liderin yeni neft
strategiyasının tərkib hissəsi olan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu dövrdə istifadəyə
verildi. “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları kəşf
olundu. Şərqlə Qərbi
qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
tikintisinə başlanıldı. Ölkə
əhəmiyyətli yol-nəqliyyat sistemi, infrastruktur
müasirləşdirildi. Xəzərin
karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə
boru kəmərlərinin şaxələndirilməsi
respublikamızın bütövlükdə Avropa məkanının
enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından
birinə çevrilməsinə əsas yaratdı. Bu fakt Azərbaycanın dünya birliyi
üçün önəmini artırdı. Beynəlxalq aləmdə ölkəmizin mövqeləri
daha da gücləndi.
Lider qətiyyəti
İlham Əliyevin rəhbərliyi
dövründə Azərbaycan xarici siyasət sahəsində
də yeni uğurlara imza atdı. Azərbaycan
Prezidentinin xarici siyasət kursu müstəqil dövlətimizin
milli mənafelərinə hörmətlə yanaşan
bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə
əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi
müstəvisi üzərində quruldu. Ölkəmizin
Avropa Birliyinin “Yeni Qonşuluq Siyasəti” proqramına
qoşulması, BMT Təhlükəsizlik Şurasına
üzv seçilməsi və 2012-ci ildə şuraya
qısamüddətli sədrlik etməsi və s. bu kimi
yeniliklər cənab
İlham Əliyevin xarici
siyasət kursunun tarixi uğurlarıdır.
Azərbaycanın diplomatiya
sahəsində qazandığı nailiyyətlər beynəlxalq
aləmin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
probleminə münasibətində üstünlüyü
xeyrimizə dəyişmiş, son illərdə dünya
birliyi Azərbaycanın problemlərinə daha ədalətlə
yanaşmağa başlamışdır. Çünki
dünyanın aparıcı dövlətləri və beynəlxalq
təşkilatlar tərəfindən yaxşı dərk
olunur ki, Avropanın enerji təhlükəsizliyinin təminatı
üçün Azərbaycanın böyük potensialından
istifadə ilk növbədə ölkəmizin təhlükəsizliyinin
təminatından keçir.
Prezident İlham Əliyev
dövlətə rəhbərlik fəaliyyəti
dövründə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin danışıqlar yolu ilə
həlli üçün yüksək fəallıq
nümayiş etdirmiş, birmənalı və prinsipial
mövqe tutmuşdur. Dövlət rəhbəri dəfələrlə
bəyan etmişdir ki, Azərbaycan dövləti ərazisində
ikinci erməni dövlətinin yaranmasına heç zaman yol
verməyəcəkdir. Sülh
danışıqlarına paralel olaraq bu illərdə Azərbaycanda
ordu quruculuğu istiqamətində də tarixi nailiyyətlər
əldə edilmişdir. Bu gün Azərbaycan
Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdir.
Bu müzəffər ordunun Ali Baş
Komandanının bircə əmri ilə nələr edə
biləcəyinə 2015-ci ilin aprel döyüşlərində
hər kəs bir daha şahid oldu. Azad
edilmiş Cocuq Mərcanlı kəndində qısa müddətdə
görülən işlər sübut etdi ki, Azərbaycan
işğal olunmuş bütün torpaqlarımızdan
düşməni hərbi yolla cəmi bir neçə gün
içində rədd edərək bu torpaqlara yenidən həyat,
abadlıq, inkişaf gətirməkdən ötrü hər
cür imkanlara malikdir. Ordumuza hücum əmrinin
verilməməsi isə münaqişənin sülh yolu ilə
həlli perspektivlərinin tam tükənməməsi, insan
itkisinə yol verilməməsi istəyi, Azərbaycanın
sülh, humanizm prinsiplərinə sadiqliyindən irəli gəlir.
Eyni zamanda, bu gün səfalət içində yaşayan və
gündən-günə geri gedən Ermənistanla müqayisədə
Azərbaycanın getdikcə qüdrətlənməsi,
respublikamızın bütün dünyada ən böyük
inkişaf tempinə malik ölkələrdən biri statusunu
illərdir qoruması cəmiyyətlər arasındakı
inkişaf fərqi bu məsələnin həllində Azərbaycanın
xeyrinə yeni perspektivlər açır ki, zaman keçdikcə
bunun nəticələrinə şahid olacağıq.
Sülh və
dialoq məkanı
Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasət nəticəsində Azərbaycan bu
gün ölkəmizdə keçirilən müxtəlif beynəlxalq
tədbirlərlə qlobal problemlərin müzakirəyə
çıxarıldığı dialoq məkanına
çevrilib.
Bütün dünya indi ölkəmizi mədəniyyətlərin
təmas yeri, tolerantlıq, multikulturalizm ünvanı kimi
tanıyır. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
irəli sürdüyü humanitar təşəbbüslər
Azərbaycandan qloballaşan dünyamıza humanizm
ideyalarının yayılmasına, müasir dünyamızda
ümumbəşəri dəyərlərin
üstünlük qazanmasına xidmət edir. Son bir
neçə ildə Azərbaycanda “Avrovision” beynəlxalq
mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi
Oyunları, “Formula-1” yarışları kimi mühüm mədəniyyət
tədbirlərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin
dünyada tanınması, ölkəmizi görmək istəyən
xarici qonaqların sayının artması nəticəsində
milli iqtisadiyyatımızda turizm istiqamətinin
formalaşması cənab İlham Əliyevin həyata
keçirdiyi dövlət quruculuğu prosesinin təntənəsidir.
Azərbaycan Prezidenti cəmiyyətin
bütün əhəmiyyətli sahələrinin
inkişafı üzrə konkret proqramlara malikdir. Peşəkar
menecer kimi öz komandasını bu proqramlarda irəli
sürülən strateji vəzifələrin yerinə yetirilməsinə
səfərbər edə bilib. Cənab
İlham Əliyevin tətbiq etdiyi milli inkişaf modeli ölkəmizin
sosial-iqtisadi inkişafı prosesində yeni keyfiyyət
göstəricilərinin əldə olunmasına, qeyri-neft
sektorunun inkişafı yolu ilə regionların tarazlı və
davamlı inkişafının sürətləndirilməsinə,
əhalinin sosial rifah halının daha da
yaxşılaşdırılmasına, faydalı məşğulluğunun
təmin edilməsinə şərait yaradıb. Yeni neft
strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın
xarici sərmayələr üçün
cəlbediciliyinin qorunması, milli
iqtisadiyyatın müxtəlif sferalarına yönələn
sərmayələrin qeyri-neft sektoruna, regionların
inkişafına doğru istiqamətləndirilməsi, “qara
qızıl”dan əldə olunan gəlirlərin respublikada
güclü insan kapitalının
formalaşdırılması məqsədinə yönəldilməsi
iqtisadi siyasətin əsas istiqamətlərinə
çevrilib. Bütün bunları hüquqi
sferada aparılan davamlı islahatlar, hakimiyyət
qollarının fəaliyyətinin daha da təkmilləşdirilməsi,
dövlət-vətəndaş münasibətlərində
“ASAN xidmət” kimi dünyaya örnək olan mükəmməl
nümunələr tamamlayır. Ən
mühümü, hər bir Azərbaycan vətəndaşı
baş verən müsbət dəyişiklikləri öz
gündəlik həyat və məişətində hiss etməyə
başlayır. Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasətin mərkəzində də
sıravi insanların maraqları, arzuları, hökumətdən
gözləntiləri dayanır və onun
yürütdüyü siyasəti uğurlu edən də elə
budur. Bu marağı əsas götürərək
dövlət rəhbəri bütün ölkəni başdan-başa
abadlıq meydanına çevirib. Ölkəmizin
çoxsaylı yaşayış məntəqələrində
yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə
cavab verən məktəblər, səhiyyə ocaqları,
körpülər, yollar tikilərək vətəndaşların
istifadəsinə verilir. Azərbaycanın
uca dağ başındakı ən ucqar kəndlərində
də mavi yanacaq, abad yollar, rabitə xətləri, yeni sosial
infrastruktur obyektləri görən vətəndaşlarımız
dövlət müstəqilliyinin necə misilsiz dəyər
olduğunu bu işlərdə, bu əməllərdə
anlayırlar. Bütün bunlar cəmiyyətimizdə
mənəvi ab-havanın daha da
yaxşılaşmasını, milli vəhdəti təmin edən,
Azərbaycan insanının dövlətə, onun rəhbərinə
etimadını, sevgisini və rəğbətini daha da
artıran çox mühüm amillərdir.
Gələcək qarşısında
Elə bir zamanda yaşayırıq ki, indi cəmiyyətlərin gələcəyə hazırlanmasına tarixin heç bir dövründə olmadığı qədər böyük ehtiyac var. Çünki innovasiyalar, yeni nəsilləri bir-birini əvəz edən texnologiyalar həyatımızı çox sürətlə dəyişir. Bu texnologiyaların inkişaf sürəti ilə ayaqlaşmağı labüd edir. Yaxın gələcəyin ən qüdətli dövlətləri məhz o dövlətlər olacaq ki, bu sürətlə ayaqlaşmaqdan ötrü lazımi tədbirləri həyata keçirə bilsin. Azərbaycan Respublikası Prezidentinin verdiyi bütün qərarların, imzaladığı proqramların, həyata keçirdiyi genişmiqyaslı tədbirlərin mahiyyətinə diqqət yetirdikdə, rəhbərlik etdiyi ölkəni yeni bir gələcəyə hazırlayan dövlət başçısının uzaqgörən yanaşmalarını görürsən. Milli təhsil sistemində aparılan islahatlar, insan kapitalının cəmiyyət üçün ən başlıca strateji hədəflərdən biri olaraq müəyyənləşməsi, gənclərimizin xarici ölkələrin nüfuzlu universitetlərində gərəkli ixtisaslara yiyələnməsinə verilən dövlət dəstəyi, Azərbaycan universitetlərinin inkişaf etdirilməsi, ölkəmizdə yaradılan texnologiya parkları, müxtəlif innovativ layihələrin reallaşdırılmasına göstərilən kömək və s. bütün bunların hər biri Azərbaycanın yeni dövrün çağırışlarına cavab verməsi üçündür.
Zaman keçəcək, vaxt öz yaddaşında Azərbaycanın milli dövlətçilik tarixinin yeni-yeni nailiyyətlərini simvollaşdıracaq. Ulu öndər Heydər Əliyev kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsiyyət obrazı da hər zaman bu nailiyyətlərin zirvəsində görünəcək. Çünki Azərbaycan dövlətini ədədi edən və tarixinin ən qüdrətli çağlarına yetirən intibah dönəmi bu adlardan başlanır.
Abel
MƏHƏRRƏMOV,
akademik
Azərbaycan.- 2017.- 24 dekabr.- S.1; 5.