Azərbaycan sahibkarlarının böyük hamisi

 

Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

 

Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə, makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi altında son on dörd ildə respublikamız, dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb.

Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.

Ölkə Prezidenti İlham Əliyev ötən 14 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər etmişdir. Respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

Ölkənin iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.

Son illərdə sahibkarlıq fəaliyyətindən gələn gəlirlərin artırılması, bazar iqtisadiyyatı sisteminin təkmilləşdirilməsi və özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi yüksək inkişaf tempinə malikdir ki, buna da əsas səbəb qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması və iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi şəkildə üstələməsi həm son istehlaka, həm də yığıma yönəldilən vəsaitlərin effektiv artımına gətirib çıxarıb.

Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da xatırladaq ki, respublikada təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli mühit yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edilib, sahibkarlığın və ixracın təşviqinə yönələn tədbirlər reallaşdırılıb.

Hazırda Azərbaycan Respublikasının Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla 129 güzəşt və azadolma mövcuddur. Bununla yanaşı, digər dövlətlərlə bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin inzibatçılıq qaydaları sadələşdirilib. Eyni zamanda, elektron müraciət olunması, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, hesabat formasının təsdiqinin vergi ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb.

Özəl sektor, kiçik və orta sahibkarlıq sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Ölkə rəhbərinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, o cümlədən prosedurların sadələşdirilməsi, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, əsassız yoxlamaların qarşısının alınması və digər istiqamətlər üzrə davam etdirilib. Ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı sahəsində keçirilən islahatların davamı olaraq korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması və müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilib.

Ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır.

Son on dörd ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bu dövrdə elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. Bu müddət ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 2003-cü ilə nisbətən 30 dəfə artaraq bu ilin sonuna 42 milyard ABŞ dollarından çox olmuşdur.

Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət kursu nəticəsində əlverişli biznes və investisiya mühiti investisiya axınının sürətlənməsinə şərait yaratmış, ölkəmizdə orta illik iqtisadi artım 12,2 faiz təşkil etmişdir. Son on dörd ildə daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilən investisiyalar 9,6 dəfə, minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artmışdır. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enmişdir.

Həyata keçirilmiş sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildəki 77,4 manatdan 2017-ci ildə 525 manatadək, son bir ildə isə əməkhaqqı 6,4 faiz artmışdır.

Statistik göstəricilər də Azərbaycan iqtisadiyyatının inkişafını və dayanıqlılığını bir daha təsdiq edir. Belə ki, 2004-2016-cı illərdə ümumi daxili məhsul real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,7 dəfə artmışdır. Bu dövrdə sənaye real ifadədə 3,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı 1,6 dəfə, tikinti 3,4 dəfə, ticarət 3,9 dəfə, turizm 14,2 dəfə, nəqliyyat 2,6 dəfə, rabitə 10,6 dəfə artmışdır.

Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri son 14 ildə dinamik olaraq artmış, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiyə malik olmuşdur. Ölkə iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulmuş, son 14 ildə iqtisadiyyatımıza yatırılan xarici investisiyaların həcmi isə 107 milyard dollar təşkil etmişdir.

Müstəqil Azərbaycanın inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlət başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" kursuna uyğun olaraq, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilmişdir.

Azərbaycan İnvestisiya Şirkəti, Sahibkarlığa Kömək Milli Fondu, "Aqrolizinq" ASC vasitəsilə özəl sektora göstərilən dəstək, AZPROMO, Bakı Biznes Tədris Mərkəzi və digər mexanizmlər vasitəsilə göstərilən məsləhət xidmətləri sahibkarlığın inkişafı baxımdan əhəmiyyətlidir. Təkcə son 14 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 mindən çox sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilmişdir.

Özəl bölmənin inkişafında əhəmiyyətli mexanizmlərdən olan "Aqrolizinq" ASC vasitəsilə 2004-cü ildən kənd təsərrüfatı texnikası lizinqə verilir, pestisidlər, texnoloji avadanlıqlar, tinglər, toxumlar, cins damazlıq heyvanlar güzəştli şərtlərlə istehsalçılara çatdırılır, aqrotexniki xidmətlər göstərilir.

İnvestisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədlərinin verilməsinə başlanmışdır. İndiyədək 194 sahibkarlıq subyektinə 213 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,8 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir. Eyni zamanda, bu investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 165 sahibkarlıq subyektinə 1037 təsdiqedici sənəd təqdim edilmişdir. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 44 milyon ABŞ dollarından çoxdur.

Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşmış, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə açılmış, özəl bölmənin payı ÜDM-də 80%-i, məşğulluqda 75%-i, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötmüşdür.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başcısının qeyd etdiyi kimi, həqiqətən də 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütövlükdə tarixi hadisədir və tarixi nailiyyətdir.

Sentyabrın 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin imzalanması mərasimində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gün olmaqla, həmin yataqlar blokunun işlənməsində yeni dövrün başlanğıcıdır. Müqavilənin şərtinə əsasən, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcəkdir.

İqtisadi inkişafın təhlili və proqnozlar göstərir ki, "Yeni əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ölkədə real iqtisadi sektorun inkişafına, iqtisadi artım isə öz növbəsində maliyyə sektorunun güclü tərəqqisinə imkan yaradacaqdır. Bütün bunlar xalqımızın sosial rifahının yüksəlməsinə, onun firavan yaşamasına xidmət edəcək, ölkəmizin dünyada imicinin möhkəmlənməsinə təkan verəcəkdir.

Oktyabrın 9-da Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin diqqət yetirdiyi əsas məqamlardan biri də məhz qeyri-neft sektorunun inkişafı ilə bağlı olmuşdur.

İclasda ölkə Prezidenti İlham Əliyev qeyd etdi ki, "Ölkədə sahibkarlığın inkişafı üçün bir çox işlər görülür. Hazırda sahibkarlara verilən güzəştli kreditlərin demək olar ki, tam həcmi əvvəllər verilmiş və qaytarılmış kreditlər hesabına təşkil edilir. Bu il kifayət qədər böyük proqram nəzərdə tutulmuşdur. Bu proqramın böyük hissəsi icra edilmişdir. Amma hələ də Sahibkarlığa Kömək Milli Fondunun sərəncamında kifayət qədər vəsait - bölüşdürülməmiş, yaxud da ki, bölüşdürülmüş, ancaq verilməmiş kreditlər var. Çalışmaq lazımdır ki, ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmə tam həcmdə təmin edilsin".

Son statistik göstəricilər təsdiq edir ki, 2017-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1850-dək sahibkarlıq subyektinin ümumi dəyəri 500 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 120 milyon manatdan çox güzəştli kredit verilmişdir ki, kreditlərin 74 faizi regionların payına düşür. Bununla yanaşı, cari ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində sahibkarlıq subyektlərinin 1400 investisiya layihəsinin maliyyələşdirilməsinə 400 milyon manat, eyni zamanda, son illər ümumi dəyəri 355 milyon manat olan 51 logistik mərkəzin yaradılmasına 163,5 milyon manat güzəştli kredit vəsaiti ayrılmışdır.

Bu gün ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri arasında, kütləvi informasiya vasitələrində daha çox müzakirə olunan məsələlərdən biri Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq etdiyi milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsidir. Bu sənəd qısa, orta və uzunmüddətli dövrlərə hesablanıb. O, təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də istiqamətlər üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və tələb olunan investisiya göstəricilərini əhatə edir.

Sözsüz ki, bu hədəflərə nail olmaq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə strateji yol xəritələrində nəzərdə tutulan vəzifələrin uğurla həyata keçirilməsindən asılıdır. Bunun üçün isə ilk növbədə, investisiyaların və digər resursların səfərbər edilməsi tələb olunur. Hesablamalara görə, təkcə 2020-ci ilədək nəzərdə tutulan prioritetlərin yerinə yetirilməsi üçün təxminən 27 milyard manat investisiya lazımdır və bu məbləğ bütün sektorlar üzrə strateji yol xəritələri çərçivəsində tələb olunan ümumi vəsaitdir. Bu vəsait Azərbaycanın Strateji Yol Xəritəsində göstərilən daha yüksək hədəflərə çatmağa kömək edəcəkdir.

Strateji yol xəritələri ilə eyni vaxtda ölkə prezidenti tərəfindən sahibkarlığın inkişafı üçün onun şəffaflığının təmin edilməsi və hesabatlılığın düzgün aparılması sahəsində mühüm qərarlar qəbul edildi. 17 mart 2017-ci il tarixində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman xarici ticarətdə iştirak edən dövlət orqanlarının üzərinə konkret vəzifələr qoymaqla, şəffaflığın yüksəldilməsinə yönəlmiş çox mühüm bir addımdır. Yoxlamaların vahid məlumat reyestri sahibkarlığa müdaxilələrin, qanunsuz yoxlamaların qarşısını almaqla yanaşı, həmçinin onların dürüst fəaliyyətlərinin əksi olacaqdır.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib. Müqayisə üçün yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində isə vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub.

Məlumdur ki, Azərbaycan bu gün qloballaşan dünyanın ən fəal üzvlərindən biridir. Ölkədə liberal iqtisadiyyatın qurulması istiqamətində fundamental addımlar atılmışdır. Beynəlxalq uçot sisteminin tətbiqi ilə bağlı tələblər də maliyyə şəffaflığının yüksəlməsinə hədəflənib. Ümumiyyətlə, Azərbaycan Prezidentinin imzaladığı müxtəlif fərman və sərəncamlarda, habelə son illərin çox mühüm dövlət sənədləri olan "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nın, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun icrası üzrə fəaliyyət planının, "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın qəbul olunmasında və onlarda aparılmış dəyişikliklərin əsas məqsədi sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın formalaşdırılması, nağdsız əməliyyatların həcminin və vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

"Azərbaycan Respublikasında sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 1599 nömrəli Fərmanına əsasən, "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin əsas məqsədi sahibkarların maliyyə resurslarına çıxış imkanlarını artırmaq və bununla, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, həmçinin maliyyə sahəsində risklərin bölüşdürülməsinə əsaslanan kreditləşmə sistemini formalaşdırmaqdır.

2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş "Regionların inkişafına dəstək Proqramı" çərçivəsində "Sahibkarlığın dövlət tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə dəstək" layihəsinin yerinə yetirilməsi ölkədə sahibkarlığın inkişafına təkan verən növbəti addımlardan biridir. Belə tədbirlər nətcəsində bu sektorun inkişafında aparıcı qüvvə olan sahibkarlara geniş meydan verilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi yüksək diqqət nəticəsində bu gün iqtisadiyyatın prioritet istiqamətlərindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına nail olunub. Fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsi kənd təsərrüfatı ilə məşğul olanları daha fəal çalışmağa sövq etməklə yanaşı, onların rifah halının yüksəldilməsinə gətirib çıxarıb.

Həyata keçirilən islahatların nəticəsidir ki, artıq aqrar sektorda dayanıqlı inkişaf reallaşıb, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edilib. 2016-cı ildə barama üzrə artım 300 dəfə, pambıq üzrə 2,5 dəfə, tütün məmulatları üzrə 45 faiz, çay yarpağı üzrə 63 faiz, şəkər çuğunduru üzrə 73 faiz, düyü üzrə 72 faiz, buğda üzrə 9,8 faiz, kartof üzrə 7,5 faiz olub. Bununla da kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib. Belə əlverişli şərait, eyni zamanda, respublikada ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib.

Azərbaycanın kənd təsərrüfatı müstəqillik dövründə ilk dəfə belə sürətli inkişaf tempi əldə edib. Rəsmi statistikaya görə, 2017-ci ildə kənd təsərrüfatı məhsullarının ixrac potensialı 40 faizədək yüksəlib. Önəmli faktlardan biri də odur ki, son bir neçə ildə ölkənin kənd təsərrüfatına yatırılan investisiyaların da həcmi artırılıb. Təkcə 2017-ci ilin 7 ayında ölkə iqtisadiyyatına yatırılan investisiyanın 40 faizini kənd təsərrüfatı yönümlü investisiyalar təşkil edib. 2017-ci ildə kənd təsərrüfatında heyvandarlıq məhsullarının istehsalında da artım müşahidə olunub. Məhz bunun nəticəsidir ki, ət və ət məhsullarının idxalında da azalma qeydə alınıb.

Ölkənin kənd təsərrüfatında pambıqçılıq mühüm yer tutmaqdadır. 2017-ci ildə 2015-ci illə müqayisədə pambıq tarlalarının ərazisi dəfələrlə artırılaraq 136 min hektara çatdırılıb. Nəticədə bu günədək tarlalardan 200 min tondan artıq pambıq toplanılaraq qəbul məntəqələrinə təhvil verilib. Bu göstərici keçən il 89 min ton olub. Bu sahələr üzrə məhsul istehsalı keçən ilə nisbətən 2,5 dəfə artmış və həmin məhsulların qonşu ölkələrə ixrac həcmi yüksəlmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparmışlar. 113 ölkəyə məhsul ixrac olunmuş, 180 ölkədən mal idxal edilmişdir.

İxracın genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının zənginləşdirilməsi istiqamətində dövlət başçısının "Made in Azerbaijan" brendinin xarici bazarlarda genişmiqyaslı təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli fərmanı mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə artıq Belarusda Azərbaycan Ticarət Evi fəaliyyətə başlamışdır. Bununla yanaşı, Rusiya, Ukrayna və digər ölkələrdə də ticarət evlərinin yaradılması işləri aparılır. Eyni zamanda, Rusiya Federasiyası, Çin Xalq Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri təyin edilmişdir.

Azərbaycan Prezidentinin ixracın təşviqi üzrə qəbul etdiyi qərarlara uyğun olaraq, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə 5 ölkəyə ixrac missiyaları həyata keçirilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlar ücün yaratdığı əlverişli mühitin üstünlüklərindən biri də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yaradılan hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların dövlət qeydiyyatının “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsidir. Dövlət qeydiyyatının "bir pəncərə" prinsipi ilə qeydiyyata alınmasına başlanmasından ötən müddət ərzində 40 mindən artıq hüquqi şəxs dövlət qeydiyyatına alınıb ki, onlardan 15 faizini xarici hüquqi şəxslər təşkil edir. 2017-ci ildə isə 5000-ə yaxın hüquqi şəxs dövlət qeydiyyatına alınmışdır.

Azərbaycanın dünya bazarına ixrac olunan məhsullarına böyük maraq olduğundan ölkədə istehsal edilən məhsulların rəqabət qabiliyyətinin artırılması, dünya miqyasında brendə çevrilməsi üçün iri investisiyaların ayrılmasına ciddi ehtiyac duyulur və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Həyata keçirilən iqtisadi islahatlar Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında çox böyük vəzifələr qoyur. Azərbaycanın möhtəşəm uğurlarına, şübhəsiz ki, sahibkarlar ordusu da özünəməxsus töhfələr verməyə çalışır və bu, dövlət başçısının iş adamlarına etimadının bir təcəssümü olaraq mühüm vəzifə kimi qəbul edilir.

Azərbaycan Sahibkarlar Konfederasiyası da ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir.

Azərbaycan hökuməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar Konfederasiyası sosial dialoqun bərabərhüquqlu subyektləri kimi kollektiv müqavilə və sazişlərin bağlanması, onlara əlavə və dəyişikliklərin edilməsi və icrasının təmini, bir sıra əmək və sosial iqtisadi məsələlərin həlli istiqamətində birgə iş aparır.

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, yalnız sahibkarlara dəstək verməklə kifayətlənmir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir.

Eyni zamanda, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiyaları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda, habelə investisiya qoyulmasında kömək göstərir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.

Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və investisiya imkanlarının təşviqi, habelə yeni bazarlara çıxış məqsədilə İqtisadiyyat Nazirliyinin təşkilatcılığı və Azərbaycan sahibkarlarının iştirakı ilə bir cox beynəlxalq və yerli sərgi, bisnes-forumlar, görüşlər təşkil edilmiş, tədbirlərdə sahibkarların iştirakı təmin edilmişdir.

Sahibkarlara biznes əlaqələrini genişləndirilməsi və digər məsələlərdə lazımi xidmətlər göstərilmiş, müxtəlif biznes-forum, təlim və beynəlxalq sərgilərdə onların iştirakları təmin olunmuş, cari ildə Konfederasiyanın xarici ölkələrdə nümayəndəliklərinin sayı artırılmışdır.

2017-ci ildə ASK daha 3 nüfuzlu təşkilatın - İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, "Dünya Kiçik və Orta Sahibkarlıq Forumu" "İpək yolu" beynəlxalq təşkilatlarına üzv olmuşdur.

Azərbaycanın son illərdəki inkişaf dinamikasina nəzər saldıqda belə qənaətə gəlmək olar ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətciliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni və bütün başqa sahələrdə inkişafının təmin olunması, əhalinin rifah halının, bütün kateqoriyalardan olan insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər hazirda yüksək templə davam edir. Keçən qısa dövr ərzində nəinki mərkəzi şəhərlərdə, eləcə də regionlarda sosial-iqtisadi inkişaf sürətləndirilmiş, abadlıq-quruculuq işlərinin aparılması ilə bağlı genişmiqyaslı tədbirlər həyata kecirilmişdir.

Biz isə Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq Azərbaycan Prezidenti cənab

İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji vəzifələrin uğurla və vaxtında həyata keçirilməsi üçün əzmkarlıqla çalışaraq qeyri-neft sektoru məhsullarının istehsalının artırılması, regionlarda rentabelli müəssisələrin yaradılması və inkişaf etdirilməsinə kömək göstərməklə bundan sonra da regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına nail olmasına öz töhfəmizi verəcəyik.

Ölkə Prezidentinə sadiqlik nümayiş etdirən sahibkarlarımız fürsətdən istifadə edərək cənab Prezidenti ad günü münasibətilə təbrik edir və əminliklərini ifadə edirlər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli keyfiyyətcə yeni mərhələdə də öz nailiyyətləri ilə davamlı inkişafın istinadına çevriləcəkdir.

 

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar

(işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

 

Azərbaycan.- 2017.- 24 dekabr.- S.1; 6.