Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I kitab), maddə 202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647, 654, ¹ 5, maddələr 835, 846,  ¹ 6, maddələr 997, 1010, ¹ 7, maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152, 162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734, 749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr 1273, 1296, 1297, 1299; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 814-VQD və 817-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddədə “387, 388” rəqəmləri “387-388-1” rəqəmləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 370-1-ci maddə əlavə edilsin:

“Maddə 370-1. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulması

370-1.0. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına, yəni:

370-1.0.1. xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmamasına;

370-1.0.2. uçota alınma üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində uçota alınma üçün yenidən müraciət edilməməsinə;

370-1.0.3. uçot məlumatlarında dəyişiklik baş verdiyi gündən 10 gün müddətində həmin dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə -

vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.

3. Aşağıdakı məzmunda 388-1-ci maddə əlavə edilsin:

“Maddə 388-1. İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması

388-1.1. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni:

388-1.1.1. informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə -

388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə -

fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

388-1.2. İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayderinternet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə -

vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 dekabr 2017-ci il

 

Azərbaycan.- 2017.- 24 dekabr.- S.9.