Fərhad Bədəlbəyli:"Azad Azərbaycanın
Prezidentindən "İstiqlal" ordeni almağımın böyük
mənası var"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 25-də Xalq Artisti,
görkəmli pianoçu Fərhad Bədəlbəyliyə
“İstiqlal” ordenini təqdim edib.
Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli Fərhad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram. Siz uzun illərdir ki, xalqımızı sənətinizlə sevindirirsiniz, həm peşəkar musiqiçi, həm gözəl bəstəkar kimi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verirsiniz. Siz gənc yaşlarınızdan dünyada da Azərbaycanı ləyaqətlə təmsil edirsiniz, Azərbaycan musiqi sənətini təbliğ edirsiniz. Bildiyimə görə, hələ 50 il bundan əvvəl beynəlxalq müsabiqələrdə laureat adına layiq görülmüsünüz və beləliklə, öz istedadınızı bütün dünyaya nümayiş etdirmisiniz.
Siz həm bəstəkar, həm peşəkar musiqiçi kimi dünya miqyasında öz layiqli yerinizi tuta bilmisiniz və Azərbaycan xalqı sizi sevir və sizi yüksək qiymətləndirir. Siz gənc kadrların hazırlanmasında çox böyük iş görürsünüz. Bakı Musiqi Akademiyasının rektoru kimi bir çox istedadlı gənc kadrların hazırlanmasında sizin çox böyük əməyiniz olubdur. Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi, demək olar ki, bu festivalın dünya miqyaslı mədəni tədbirə çevrilməsində sizin xüsusi rolunuz var. Şadam ki, bu gün Azərbaycan bütün istiqamətlər üzrə beynəlxalq tədbirlərin keçirilməsində öz töhfəsini verir və ölkəmizdə həm siyasi, iqtisadi, həm də idman və mədəni tədbirlər yüksək səviyyədə təşkil olunur.
Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev sizin fəaliyyətinizə həmişə çox böyük diqqət və qayğı göstərirdi. Bilirəm ki, sizin əməyinizi, sənətinizi yüksək qiymətləndirirdi, sizi bir insan kimi, bir gənc kimi də çox sevirdi. Siz bunu yaxşı bilirsiniz, mən də yaxşı bilirəm. Biz bir-birimizi çoxdan tanıyırıq və mən sizi çox gözəl insan kimi tanıyıram. Nəinki görkəmli mədəniyyət xadimi, gözəl, vətənpərvər, prinsipial, xeyirxah insan kimi siz Azərbaycan xalqının sevgisini qazanmısınız. Mən də çox şadam ki, uzun illər biz sizinlə çox yaxın münasibətlərdə olmuşuq və bu gün də bu, belədir. Hələ sovet vaxtında siz gənc ifaçı kimi SSRİ Xalq Artisti adına layiq görülmüsünüz. O da əlbəttə ki, sizin istedadınızın sovet məkanı tərəfindən yüksək qiymətləndirilməsi demək idi. Bilirəm ki, müstəqillik dövründə sizin çoxsaylı xarici qastrollarınız olub və beynəlxalq tədbirlərdə Azərbaycanı həmişə çox yüksək səviyyədə, ləyaqətlə təmsil edirsiniz. Azərbaycan dövləti də sizi çox yüksək qiymətləndirir, sizə dövlət mükafatları verilmişdir. Bu gün isə siz yubileyiniz ərəfəsində Azərbaycan dövlətinin yüksək mükafatı – “İstiqlal” ordeni ilə təltif olunursunuz və mən istərdim ki, bu ordeni sizə təqdim edim.
***
Dövlətimizin başçısı İlham Əliyev “İstiqlal” ordenini Fərhad Bədəlbəyliyə təqdim etdi.
***
Fərhad BƏDƏLBƏYLİ dedi:
-Çox sağ olun
cənab Prezident. Əlbəttə bu, çox
sevindirici bir haldır. Bu gün axşam mənim konsertimdir, gündüz isə cənab Prezident mənə belə yüksək mükafatı
təqdim edir.
İstiqlal, ümumiyyətlə, bütün
Azərbaycanın neçə
nəslinin böyük
bir arzusu olub. Azad Azərbaycanın
böyük Prezidenti mənə bu ordeni verir. Burada böyük bir məna var. Bakı Musiqi Akademiyasında heç vaxt unutmurlar ki, bu ali məktəbə Üzeyir bəyin adını Siz qaytarmısınız. Bütün ziyalılar
bunu gözləyirdilər
və Siz bunu etdiniz. Siz düz buyurdunuz ki, bizim çoxlu
cavan ifaçılarımız
neçə-neçə beynəlxalq
müsabiqələrdə qalib
olurlar, idman öz yerində, amma biz də beynəlxalq müsabiqələrdə,
konsertlərdə, neçə-neçə
tədbirlərdə bayrağımızı
qaldırırıq. Əlbəttə,
bu uğurlarda Heydər Əliyev Fondunun, Mehriban xanımın xüsusi rolu var. Bu gün konsertdə dirijorluq edəcək Fuad İbrahimov 9 il
Kölndə oxuyub,
Fond ona kömək edib. İndi o, gözəl dirijordur.
Yəni,
biz bu diqqəti həmişə hiss edirik.
Vaxtilə Siz bizə pul ayırmısınız,
biz gözəl royallar
almışıq, indi
gözəl təmirimiz
var. Yəni, o diqqəti
biz həmişə hiss edirik.
Bu da çox vacib məsələdir. Əlbəttə, mən Dağlıq
Qarabağın azərbaycanlı
icmasının nümayəndəsi
kimi Sizə dərin təşəkkürümü
bildirirəm. Çünki Siz hər yerdə
harada olursunuzsa - Birləşmiş Millətlər
Təşkilatında, Avropa
Şurasında, Brüsseldə,
Parisdə hər dəfə çıxışınızda
Qarabağ məsələsini
qaldırırsınız. Biz bilirik ki,
gec-tez hamımız Sizinlə birlikdə Şuşaya qayıdacağıq.
Biz Sizə dərin
minnətdarlığımızı bildiririk. Çünki
biz hiss edirik ki, bu mövzu Sizin
diqqət mərkəzinizdədir.
Əlbəttə, biz çalışırıq
ki, Azərbaycanın adı hər yerdə ən yüksək səviyyədə
səslənsin. Birinci
Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, olimpiadalarda bizim idmançılarımız
qalib olanda, bayrağımız yüksələndə
biz hamımız sevincdən
az qalırdı
ağlayaq. Bir neçə məzunumuz
Böyük Teatrda solistdir – Elçin Əzizov, Dinarə Əliyeva. İndi gənclərimizin bir neçəsi La Skalada çıxış
edir, yəni, işləyirik.
Prezident İlham
ƏLİYEV: Çox sağ olun, sizə yeni uğurlar arzulayıram.
***
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2017.-26 dekabr.- S.4.