Riyaziyyat elminin cəfakeşi

 

Adı çəkiləndə daha çox gözlərimiz önündə uzanıb gedən şoran torpaqlar, boz çöllər canlanır. Hələ yazın ilk aylarından başlayaraq payızın ortalarına qədər nəfəskəsən istilərini demirik. Amma iqlimin fərqliliyinə baxmayaraq, bu el, bu oba onun sakinləri üçün müqəddəsliyini həmişə qoruyub saxlayır. Üzərində yaşayan zəhmətkeş insanları da doğulub boya-başa çatdıqları vətən torpağı ilə öyünür, burada yaşamaqdan, çalışmaqdan qürur duyurlar. Söhbət Ucardan gedir. Ayrı-ayrı sahələrdə çalışan vətəndaşları ilə yanaşı, Azərbaycan elminə çoxsaylı alimlər bəxş etmiş Ucardan...

Bu günlərdə rayonun mərasim evlərindən birində böyük bir məclis qurulmuşdu. Tədbirə cəm olanlar ziyalı işığına toplaşmışdılar. RiyaziyyatMexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, institutun direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyev, Bakı Dövlət Universitetinin professoru, politoloq Məcid Əfəndiyev və başqaları burada idilər.

Əsas səbəbkar isə əslən Ucar rayonunun Rəstəcə kəndindən olan fizika-riyaziyyat elmləri doktoru, əməkdar müəllim Nadir Süleymanov idi. Ucar Rayon İcra Hakimiyyətinin və AMEA-nın RiyaziyyatMexanika İnstitutunun təşkilatçılığı ilə onun 85 illik yubileyi keçirilirdi. Kimdir Nadir Süleymanov?

Tədbirdə çalışdığı elm müəssisəsindəki həmkarlarından tutmuş ta uşaqlıq dostlarınadək hər kəsin dilindən eşitdiklərimiz əsasında onun obrazını yaratmağa çalışacağıq. Nadir Süleymanov 7-ci sinfə qədər təhsil aldığı kənd məktəbində riyaziyyat fənnindən tam təsəvvürsüz idi. Təhsilini tamamlamaq üçün Ucar şəhərindəki N.Gəncəvi adına 3 saylı orta məktəbə gələrkən burada onun riyaziyyat müəlliminin tələbkarlığı və özünün çalışqanlığı sonda sözünü deyir. Beləliklə, Nadir Süleymanov 1951-ci ildə Ucar şəhər orta məktəbini bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə qəbul olunur.

Alimlərin, elm adamlarının çoxunda müşahidə edilən qəribəliklər onun da həyatında baş verir. RiyaziyyatMexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov N.Süleymanovun universitetə daxil olması ilə bağlı özündən eşitdiklərini belə nəql edir: “İsti yay günündə Nadir sənədlərini də götürüb universitetə gəlir. Niyyət aydınlaşanda ona artıq imtahanların yekunlaşdığını bildirirlər. O, eşitdiklərindən ciddi şəkildə narahat olaraq kövrəlir, çox çətinliklə kənddən gəldiyini söyləyir və vəziyyətdən çıxmaq üçün kömək istəyir. Ona yalnız həmin dövrdə universitetin rektoru olan Cəfər Xəndanın kömək edə biləcəyini deyirlər. Beləliklə, şansı və yaxşı adamların köməyi sayəsində Cəfər Xəndanın qəbuluna düşür. Gənc Nadirin potensialını, oxumaq həvəsini hiss edən rektor əvvəlki tarixlə ərizə yazıb imtahan verməsinə razı olur. Gələcəyin alimi onun üçün açılan ilk şansdan uğurla bəhrələnir”.

Beşillik mükəmməl ali təhsil, nəhayət, ilk müsbət nəticəsini verir. “İstilikkeçirmə tənliyi üçün Koşi məsələsinin ümumiləşmiş funksiyalar sinfində tədqiqi” mövzusunda yazdığı diplom işinə görə ona SSRİ ali təhsil nazirinin birinci mükafatı və fəxri fərmanı təqdim olunur.

Beləliklə Nadirin elm yolunda karyerasına start verilir. Ali məktəbi bitirdikdən sonra 1956-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda kiçik elmi işçi kimi fəaliyyət göstərir. Bunun ardınca özünü təsdiqləmək, daha mükəmməl təhsil almaq üçün 1959-1962-ci illərdə Moskva Dövlət Universitetində aspiranturaya daxil olur. Burada məşhur riyaziyyatçı, professor Georgi Şilovun elmi rəhbərliyi iləDiferensial-operator tənliklər üçün yarımfəzada korrekt sərhəd məsələlərimövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1965-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat Mexanika İnstitutunda baş elmi işçi, 1970-1975-ci illərdə Bakı Dövlət Universitetində dosent vəzifəsində çalışır. Daha sonra Moskva Dövlət Universitetində doktorant olur. 1982-ci ildəEvolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr diferensial tənliklərin keyfiyyət nəzəriyyəsinin bəzi məsələlərimövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edir.

N.Süleymanov 1984-1990-cı illərdə Bakı Dövlət Universitetində professor, sonra Ehtimal nəzəriyyəsi kafedrasının müdiri, daha sonra Funksional analiz kafedrasında professor vəzifələrində çalışır. 2015-ci ildən isə AMEA-nın Riyaziyyat Mexanika İnstitutunun baş elmi işçisi-professorudur.

Görkəmli riyaziyyatçı alim 80-dən çox elmi məqalənin, tezislərin, dərs vəsaitinin, monoqrafiyanın müəllifidir. 2012-ci ildə onunEhtimal, tam funksiyaevolyusion tənliklər üçün Viman-Valiron tipli qiymətləndirmələr” adlı monoqrafiyası Moskva Dövlət Universitetinin nəşriyyatında çapdan çıxıb. O, riyaziyyat üzrə elmi əsəri MDU-da nəşr olunan ilk azərbaycanlı alimdir.

Ötən illər ərzində Nadir Süleymanov çoxlu elmlər namizədi yetişdirib. Bir tələbəsi isə elə bu günlərdə ehtimal nəzəriyyəsi üzrə elmlər doktoru dissertasiyasını müdafiə edib.

N.Süleymanov ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir. O, 1990-cı illərdən ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasi xəttə qoşulub. Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatını yaradanlardan biri olub.

Professor Nadir Süleymanovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin sərəncamı ilə ona “Əməkdar müəllim” fəxri adı verilib.

Nadir müəllim eyni zamanda gözəl ailə başçısıdır. O, xanımı Sara üçün dayaq, xanımı da sözün əsl mənasında ailəsinin sütunu olub. Nadir müəllimin elmi fəaliyyətlə daha rahat məşğul olması üçün xanımı bütün ailənin yükünü zərif çiyinlərində daşıyıb. Beləliklə də ailədə 4 övlad böyüyüb boya-başa çatıb: iki oğlaniki qız. Hər biri də cəmiyyətdə öz mövqeləri ilə seçilən övladlardır. Onun üçün ən əlamətdarı isə böyük oğlunun da Moskva Dövlət Universitetində riyaziyyat ixtisası almasıdır.

Görkəmli alim hazırda elmi işlərini davam etdirir, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Bu il media tərəfindən onaİlin alimifəxri adı verilib. Biz qəlbi daim gənclik eşqi ilə çırpınan Nadir müəllimi 85 illik yubileyi münasibətilə təbrik edir, çətin şərəfli elm yolunda daha uca zirvələr fəth etməsini arzulayırıq.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2017.- 26 dekabr.- S.12.