Ekran əsərlərinin əhəmiyyəti dünəni və bugünü kadrlarda yaşatmaqdır

 

28 dekabr Beynəlxalq Kino Günüdür

 

Tarixin yaşadılmasında nəsildən-nəsillərə çatdırılmasında kino sənəti mühüm əhəmiyyət daşıyır. Bu sənətin tarixi bir o qədər qədim olmasa da, keçdiyi yol enişli-yoxuşludur. İlk dəfə Avropada yaradılan kino teatr tamaşalarından fərqli olaraq, daha çox uzunömürlülük qazanıb.

Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti Eldar Quliyev bugünkü kinomuzun problemlərindən danışarkən onun dövrlə, zamanla səsləşən mövzulara daha çox diqqət verildiyini xüsusi vurğuladı. O, ekran əsərlərimizin Qarabağ problemindən uzaqda qalmadığı barədə fikirlərinə konkret faktlarla aydınlıq gətirərkən bildirdi ki, “Girovfilmi Polşa, Misir, Hindistan, İran, Almaniya, ümumiyyətlə, dünyanın bir çox ölkələrində yayılıb. Erməni vandalizminin çirkin siyasətini ifşa edən bu ekran əsəri beynəlxalq festivallarda layiqli yer tutub. Fransa və İngiltərə kimi dünyanın inkişaf etmiş dövlətlərində filmin nümayişi ilə erməni vandalizminin üzü açılıb ki, bu da xalqımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən çəkdiyi əzab və məşəqqətlərin daha geniş tamaşaçı auditoriyasına çıxarılması deməkdir.

Kinematoqrafçıların dəstəyi, rejissorlarla aktyorların sənət yanğısı ilə çəkilmiş “Nakəs”, “Qətl günü”, “Pəncərə”, “Təhminə”, “Dağıdılmış körpü”, “Yuxu”, “Vahimə”, “Nə gözəldir bu dünya”, “Yük” və s. filmlərimiz tamaşaçı qəlbinə yol tapan ekran əsərləri sırasındadır. 2006-2016-cı illərdə Azərbaycan filmləri 50-dən çox ölkədə 90-dan artıq beynəlxalq festivalda nümayiş etdirilib. Son illər çəkilən “Çalış nəfəs alma”, “Lal çinar”, “Qanadlarıma sığal çək”, “Yalançılar” və s. qısametrajlı filmlər də məhz bu sıradandır.

Son illər dövlət sifarişi ilə çəkilmiş 30-dan artıq tammetrajlı filmlərimizin geniş tamaşaçı auditoriyasında rəğbətlə qarşılanması məhz müstəqillik illərində bu sahədə əldə edilən uğurlardandır. 2008-2018-ci illər üzrə kinonun inkişafına dair Dövlət Proqramı çərçivəsində Bakı şəhərindəki “Nizami” kinoteatrı təmir olunub, müasir texnoloji avadanlıqlarla təmin edilib. Heydər Əliyev Fondu ilə birgə layihə çərçivəsində çəkilən cizgi filmlərinin bərpası başa çatıb. “Bir nağıl söylə mənə” filminin (iki DVD toplusunda) təqdimatı keçirilib.

Bu il də Azərbaycan kinosunda ədəbi hadisələr az olmayıb. ABŞ-ın Yuta ştatının Sedar şəhərində keçirilən XI “Red Rockfilm festivalı çərçivəsində Xocalı soyqırımından bəhs edən “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş etdirilib. ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş bu ilk sənədli ekran əsəri yəhudi kinematoqrafçılar tərəfindən ekranlaşdırılıb. Filmin ABŞ-da ilk nümayişi 2017-ci il fevralın 21-də Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə bu şəhərdəki Simon Vizental Mərkəzinin Tolerantlıq muzeyində keçirilib.

Moskvanın “Oktyabr” kinoteatrında “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva iştirak edib. Xatırladaq ki, “Pəncərədən düşən işıq” sənədli filmi Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib. Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer deyib: “Filmin yaranması ideyası Leyla xanımın belə bir sualından doğdu: “Dünyada nədən bu qədər təcavüz var? Axı, hər kəs özünü yaxşı insan sayır. Bəs nə üçün dünyada bu qədər pislik var?” Biz bu suallara cavab vermək qərarına gəldik və qəhrəmanlarımız da buya digər dərəcədə sualları cavablandırıblar”.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmə maraq göstərdiklərinə görə tamaşaçılara, eləcə də rejissor Oleq Şommerə minnətdarlıq edərək deyib: “Film çox səmimi və həqiqi alınıb. Bu ekran əsəri Xeyir və Şər haqqındadır. Filmlə demək istəyirik ki, biz bir-birimizlə bağlıyıq, hamımız bir bütövün tərkib hissəsiyik. Biz başqasına xeyirxahlıq edəndə elə özümüzə xeyirxahlıq etmiş oluruq, eləcə də kiminsə xətrinə dəyəndə özümüzü incitmiş oluruq”.

Bu il həm də Azərbaycan Dövlət Rus Dram Teatrında görkəmli aktyor, Azərbaycanın və Rusiyanın xalq artisti, “Uzaq sahillərdə” filmindəki Mehdi Hüseynzadə obrazı ilə milyonların qəlbini fəth etmiş Nodar Şaşıqoğlunun 90 illik yubileyi keçirilib. O, ötən əsrin əllinci illərində hələ Moskvada teatrda işlədiyi zaman Bakı kinostudiyasında çəkildiyi “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Əsl dost”, “Onu bağışlamaq olarmı?”, “Telefonçu qız” və s. filmlərindən sonra bütün SSRİ məkanında məşhurlaşmışdı, sovet ekranına yeni tipli kino qəhrəmanı gəlmişdi.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Səmərqənd şəhərində keçirilən Azərbaycan mədəniyyəti həftəsi çərçivəsində Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinə həsr olunan “Əzəli dostluq riştələri” adlı sənədli filminin təqdimatında Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nəsirov ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar istiqamətdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. AMM-in direktoru Samir Abbasov iki xalq arasında mədəni-ədəbi əlaqələrdən danışıb. O, “Əzəli dostluq riştələri” sənədli filmində “Avesta”, “Kitabi-Dədə Qorqud” dastanı, Babək, Koroğlu, özbəklərin cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Cəlaləddin Manguberdi kimi qəhrəmanlıq obrazlarının yaradıldığını vurğulayaraq Əmir Teymur, Babur, Şah İsmayıl Xətai kimi hökmdar və sərkərdələrin ekranlaşdırılmış səhnələrinə də yer verildiyini deyib.

Yeri gəlmişkən, Türkiyədə keçirilən “Hak-iş” Beynəlxalq qısametajlı film yarışmasında isə azərbaycanlı rejissor Amil Məmiyevin “Qara bağfilmi “Ən yaxşı film” nominasiyasının qalibi olub. Eyni zamanda, filmin baş qəhrəmanı Elxan Abbasov festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülüb.

Bəli, kino tarixdir, mədəniyyətdir, inkişafın aynasıdır. Onun yaradıcıları da ekran əsərləri kimi, uzunömürlülük qazanan, ölməz sənətkarlartək yaddaşa yazılırlar. Azərbaycan kinosunun uzunömürlülüyündə korifeyləşmiş sənətkarlarımız az olmayıb. Xalqımız isə bu sahədə əvəzsiz xidmətləri ilə qəlbimizi ovsunlayan sənət fədailərini daim xatırlayır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2017.- 28 dekabr.- S.5.