Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması
haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. tütün
məmulatı - tütün yarpağından və onun
komponentlərindən hazırlanmış, tərkibində
nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr
olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər,
papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və
s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də
bu qanunun təsir dairəsində tütün məmulatlarına
bərabər tutulur;
1.0.2. nikotin -
tütünün və tənbəkinin tərkibində
mövcud olan alkoloidlər qrupuna aid maddə;
1.0.3. tütün
çəkmə - tütün məmulatlarının
tüstüsünün tənəffüs yolları vasitəsi
ilə insan orqanizminə daxil olması nəticəsində
tütün çəkənin nikotindən
asılılıq vəziyyətinin yaranmasına, onun və ətrafdakı
şəxslərin sağlamlığına zərər
vurulmasına və ətraf mühitin çirklənməsinə
səbəb olan istifadə prosesi;
1.0.4. ətraf
mühitdəki tütün tüstüsü - tütün
çəkmənin həyata keçirildiyi və ya daha əvvəl
həyata keçirilmiş olduğu yerin atmosfer havasında
olan, o cümlədən tütün çəkməni həyata
keçirən şəxs tərəfindən nəfəslə
buraxılan tütün tüstüsü;
1.0.5. tütündən
istifadə - tütün çəkmə, habelə
tütünün qızması nəticəsində meydana gələn
buxarın tənəffüs yolu ilə orqanizmə qəbul
edilməsi;
1.0.6. tütündən
istifadənin nəticələri - tütün istifadəsi və
ətraf mühitdəki tütün tüstüsünün təsiri
nəticəsində insanın həyatına və ya
sağlamlığına, onun yaşadığı mühitə
ziyan vurulması, habelə bununla əlaqədar tibbi, demoqrafik,
sosial-iqtisadi nəticələr;
1.0.7. tütündən
istifadənin nəticələrindən qorunma - insanların həyat
və sağlamlıqlarının ətraf mühitdəki
tütün tüstüsünün təsirindən və
tütün istifadəsinin nəticələrindən
müdafiə olunması;
1.0.8. tütün
məmulatları sponsorluğu - tütün məmulatlarının
istehsalçıları və satıcıları tərəfindən
tütün məmulatlarının satışının və
istifadəsinin stimullaşdırılmasına xidmət edən
hər hansı tədbirə verilən töhfənin istənilən
növü;
1.0.9. xüsusi
ayrılmış yer - mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq
müəssisə, idarə və təşkilatlarda, iş
yerlərində, yerləşdirmə vasitələrində,
habelə ictimai iaşə müəssisələrində
işəgötürənin və ya mülkiyyətçinin
həmin müəssisələrin bu qanuna uyğun olaraq
tütün çəkilməsinə icazə verdiyi
açıq və ya qapalı ərazisi;
1.0.10. yerləşdirmə
vasitələri - mehmanxana, istirahət mərkəzi,
sanatoriya-kurort, pansionat, motel, hostel, habelə fiziki şəxslərin
gecələməsi və ən azı iyirmi dörd saat ərzində
qala biləcəkləri digər yerləşdirmə obyektləri.
Maddə 2. Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən,
“Əhalinin sağlamlığının qorunması
haqqında”, “Tütün və tütün məmulatları
haqqında” Azərbaycan Respublikasının qanunlarından, bu
qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Tütündən istifadənin
nəticələrindən qorunmanın əsas prinsipləri
3.0. Tütündən istifadənin nəticələrindən
qorunmanın əsas prinsipləri
aşağıdakılardır:
3.0.1. vətəndaşların
sağlamlığının ətraf mühitdəki
tütün tüstüsünün təsirindən və
tütündən istifadənin nəticələrindən
qorunması sahəsində hüquqlarına riayət edilməsi;
3.0.2. ətraf
mühitdəki tütün tüstüsünün təsiri
və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin,
əlilliyin, vaxtından əvvəl ölüm
hallarının qarşısının alınması;
3.0.3. tütündən
istifadənin nəticələrindən qorunma
hüquqlarının təmin edilməsi üçün
dövlətin və bələdiyyələrin, fərdi
sahibkarların, hüquqi şəxslərin və digər
qurumların məsuliyyəti;
3.0.4. ətraf
mühitdəki tütün tüstüsünün təsirinin
qarşısının alınmasına və tütündən
istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin
həyata keçirilməsi zamanı sistemli yanaşma, bu tədbirlərin
həyata keçirilməsinin fasiləsizliyi və
ardıcıllığı;
3.0.5. həyat və
sağlamlığın qorunmasının tütün
istehsalçılarının mənafelərindən üstünlüyü;
3.0.6. tütündən
istifadənin nəticələrindən qorunma sahəsində
Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının
təmin edilməsi;
3.0.7. dövlətin,
bələdiyyələrin, vətəndaşların,
tütün təşkilatları ilə əlaqədar olmayan
fərdi sahibkarların, hüquqi şəxslərin və
qanunvericiliyə uyğun olaraq yaradılmış digər
qurumların qarşılıqlı fəaliyyəti;
3.0.8. ətraf
mühitdəki tütün tüstüsünün təsirinin
qarşısının alınmasına və tütündən
istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin
həyata keçirilməsinin aşkarlığı və səmərəliliyinin
müstəqil qiymətləndirilməsi;
3.0.9. tütündən
istifadənin zərəri və ətraf mühitdəki
tütün tüstüsünün ziyanlı təsiri barədə
əhalinin məlumatlandırılması.
Maddə 4. Tütündən istifadənin
nəticələrindən qorunma sahəsində dövlətin
vəzifələri
4.1. Tütündən istifadənin nəticələrindən
qorunma sahəsində dövlətin vəzifələrinə
aşağıdakılar aiddir:
4.1.1. dövlət
siyasətinin həyata keçirilməsi;
4.1.2. sağlamlığın
qorunması sahəsində qanunvericiliyə uyğun olaraq tibb
müəssisələrində vətəndaşlara, əcnəbilərə
və vətəndaşlığı olmayan şəxslərə
tütündən istifadənin dayandırılmasına,
tütün asılılığı və tütün
istifadəsi nəticəsində yaranan xəstəliklərin
müalicəsinə yönəldilmiş tibbi yardım
göstərilməsinin təşkilinin təmin edilməsi;
4.1.3. dövlət
nəzarətinin təşkili və həyata keçirilməsi;
4.1.4. beynəlxalq
əməkdaşlıq, o cümlədən beynəlxalq
müqavilələrin bağlanması;
4.1.5. ətraf
mühitdəki tütün tüstüsünün təsirinin
qarşısının alınmasına və tütündən
istifadənin azaldılmasına yönəldilmiş tədbirlərin
monitorinqinin keçirilməsi, həmçinin Azərbaycan
Respublikasının ərazisində tütündən istifadənin
miqyasını müəyyənləşdirmək və
istifadənin azaldılmasına nail olmaq məqsədi ilə
həyata keçirilən və (və ya)
planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması.
4.2. Dövlətin bu qanunun 4.1-ci maddəsində
nəzərdə tutulan vəzifələrini müvafiq icra
hakimiyyəti orqanı yerinə yetirir.
Maddə 5. Tütündən istifadənin
nəticələrindən qorunma sahəsində bələdiyyələrin
vəzifələri
5.0. Tütündən istifadənin nəticələrindən
qorunma sahəsində bələdiyyələrin vəzifələrinə
aşağıdakılar aiddir:
5.0.1. bələdiyyə
ərazilərində vətəndaşların
sağlamlığının ətraf mühitdəki
tütün tüstüsünün təsirindən
qorunmasına xidmət edən tədbirlərin həyata
keçirilməsi və belə tədbirlərdə
iştirak;
5.0.2. bələdiyyə
ərazisində tütündən istifadənin
miqyasını müəyyənləşdirmək və
istifadənin azaldılmasına nail olmaq məqsədi ilə
həyata keçirilən və (və ya)
planlaşdırılan tədbirlər haqqında əhalinin məlumatlandırılması;
5.0.3. ətraf
mühitdəki tütün tüstüsünün təsirinin
qarşısının alınmasına və tütündən
istifadənin nəticələrinin azaldılmasına yönəlmiş
tədbirlərin monitorinqinin həyata keçirilməsi.
Maddə 6. Tütündən istifadənin
nəticələrindən qorunma sahəsində fiziki və
hüquqi şəxslərin hüquq və vəzifələri
6.1. Tütündən istifadənin nəticələrindən
qorunma sahəsində fiziki və hüquqi şəxslər
aşağıdakı hüquqlara malikdirlər:
6.1.1. tüstüsüz
ətraf mühitdə həyat fəaliyyəti
üçün əlverişli şərait və
sağlamlığın ətraf mühitdəki tütün
tüstüsünün təsirindən qorunmasını
müvafiq dövlət və bələdiyyə
orqanlarından tələb etmək;
6.1.2. tütündən
istifadənin dayandırılmasına və tütündən
asılılığın müalicəsinə yönəlmiş
tibbi yardım almaq;
6.1.3. dövlət
və bələdiyyə orqanlarından, fərdi sahibkarlardan,
hüquqi şəxslərdən və digər qurumlardan ətraf
mühitdəki tütün tüstüsünün təsirinin
qarşısının alınmasına və tütündən
istifadənin azaldılmasına yönəlmiş tədbirlər
haqqında məlumat almaq;
6.1.4. ətraf
mühitdəki tütün tüstüsünün təsirinin
qarşısının alınmasına və tütündən
istifadənin azaldılmasına yönəlmiş tədbirlərin
həyata keçirilməsinə ictimai nəzarətdə
iştirak etmək;
6.1.5. tütündən
istifadənin nəticələrindən qorunmanın təmin
edilməsi barədə dövlət və bələdiyyə
orqanlarına, habelə digər şəxslərə təkliflər
təqdim etmək;
6.1.6. qanunvericiliyin
digər şəxslər tərəfindən pozulması nəticəsində
həyat və sağlamlıqlarına, əmlaklarına
vurulmuş ziyanın ödənilməsini tələb etmək.
6.2. Tütündən istifadənin nəticələrindən
qorunma sahəsində vətəndaşların vəzifələri
aşağıdakılardır:
6.2.1. tütün
məmulatlarından istifadənin məhdudlaşdırılması
haqqında qanunvericiliyin tələblərinə riayət etmək;
6.2.2. uşaqlarda
və gənclərdə tütün istifadəsinə mənfi
münasibət formalaşmasının, habelə onların
tütün istifadəsi prosesinə cəlb edilməsinin
yolverilməzliyinin qeydinə qalmaq;
6.2.3. başqa
şəxslərin tüstüsüz ətraf mühitdə həyat
fəaliyyəti üçün əlverişli şərait
və sağlamlığın ətraf mühitdəki
tütün tüstüsünün təsirindən
qorunması hüquqlarının pozulması ilə nəticələnən
hərəkətlər etməmək.
Maddə 7. Tütün və ondan
istifadənin nəticələri haqqında məlumat almaq
hüququ
7.1. Hər kəsin tütün məmulatlarının
və onlardan tüstü ilə ayrılan məhsulların
komponentləri, tütün çəkilməsinin zərərli
təsiri, profilaktikası və məhdudlaşdırılması
barədə məlumat almaq hüququ vardır.
7.2. Tütün məmulatlarının
tərkibində olan nikotinin, tütün qatranının və
karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə
bildirilməli, tütün məmulatları qutularının
üzərində həmin məlumatlar əks etdirilməlidir.
2-ci fəsil
TÜTÜNDƏN
İSTİFADƏNİN AZALDILMASINA VƏ ƏTRAF
MÜHİTDƏKİ TÜTÜN TÜSTÜSÜNÜN TƏSİRİNİN
QARŞISININ ALINMASINA YÖNƏLMİŞ MÜBARİZƏ
TƏDBİRLƏRİ
Maddə 8. Tütün məmulatlarının
satışında həvəsləndirmə
üsullarının məhdudlaşdırılması
8.1. Hüquqi və fiziki şəxslərə
tütün məmulatlarının satışında istifadəçılərin
həvəsləndirilməsi üçün
aşağıdakı üsullardan istifadə edilməsi
qadağan edilir:
8.1.1. tütün
məmulatlarının və onların yeni nümunələrinin
pulsuz paylanması və ya mükafat kimi verilməsi;
8.1.2. tütün
məmulatlarının lotereya, müsabiqə, idman
yarışları, oyunlar üçün mükafat kimi təklif
edilməsi;
8.1.3. tütün
məmulatlarının satışı və istifadəsi ilə
bağlı uduşlu (o cümlədən siqaret
qutularının və hissələrinin
yığılması ilə) oyunların, o cümlədən
stimullaşdırıcı lotereyaların keçirilməsi.
8.2. Tütün istehsalı və
satışı ilə məşğul olan şəxslər
tərəfindən istehsal edilən və ya satışa
çıxarılan tütün məmulatlarının
istehlakçılara hədiyyə və ya yardım kimi
paylanmasına yol verilmir.
Maddə 9. Tütün
tüstüsünün təsirinin qarşısının
alınmasına və tütündən istifadənin
azaldılmasına yönəlmiş tədbirlərin həyata
keçirilməsinin təşkili
9.1. Ətraf mühitdəki
tütün tüstüsünün təsirinin və
tütün istifadəsi ilə bağlı xəstəliklərin
yaranmasının qarşısının alınması və
tütündən istifadənin azaldılması məqsədilə
aşağıdakı tədbirlər həyata keçirilir:
9.1.1. ayrı-ayrı ərazilərdə,
binalarda və obyektlərdə tütün çəkilməsinə
qadağa qoyulması və həmin qadağanın
pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
9.1.2. tütün
məmulatlarına tələbatın azaldılmasına
yönəlmiş qiymət, vergi və (və ya) rüsum tədbirləri;
9.1.3. tütündən
istifadənin zərəri və ətraf mühitdəki
tütün tüstüsünün ziyanlı təsiri barədə
əhalinin maarifləndirilməsi və məlumatlandırılması;
9.1.4. tütün
satışının bilavasitə və ya dolayı
reklamının və təşviqinin, habelə tütün
məmulatları sponsorluğunun reklamının və
stimullaşdırılmasının bütün növlərinin
qadağan edilməsi;
9.1.5. fiziki şəxslərə
tütündən istifadənin dayandırılmasına,
tütün asılılığının və
tütündən istifadə nəticəsində yaranan xəstəliklərin
müalicəsinə yönəldilmiş tibbi və psixoloji
yardımın göstərilməsi;
9.1.6. tütün
məmulatlarının qeyri-qanuni dövriyyəsinin
qarşısının alınması;
9.1.7. tütün
məmulatlarının dövriyyəsinin məhdudlaşdırılması;
9.2. Tütün məmulatları
tullantılarının ətraf mühitə atılması
qadağandır. Onların utilizasiyası
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 10. Tütün çəkilməsinə
icazə verilməyən yerlər
10.1. Azərbaycan Respublikasında
tütündən istifadənin məhdudlaşdırılması
və tütün tüstüsünün ətraf mühitə
ziyanlı təsirinin azaldılması məqsədi ilə
aşağıda göstərilən yerlərdə
tütün çəkilməsi qadağandır:
10.1.1. təhsil və
tərbiyə müəssisələrində, habelə
onların ərazilərində;
10.1.2. səhiyyə
və tibbi-reabilitasiya müəssisələrində, habelə
onların ərazilərində;
10.1.3. idman
yarışları və başqa kütləvi tədbirlərin
keçirildiyi binalarda və obyektlərdə, habelə
onların ərazilərində;
10.1.4. restoranlar,
kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində;
10.1.5. ticarət
obyektlərində;
10.1.6. məişət
obyektlərində;
10.1.7. sosial xidmət
müəssisələrində;
10.1.8. yerləşdirmə
vasitələrində;
10.1.9. teatr və
kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş
salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə,
habelə digər mədəniyyət obyektlərində;
10.1.10. uşaq
meydançalarında;
10.1.11. yerüstü
qapalı və yeraltı piyada keçidlərində;
10.1.12. müntəzəm
şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət
edən avtobuslarda, sərnişin daşımaları üzrə
ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində
və taksi minik avtomobillərində;
10.1.13. metropoliten
stansiyalarının vestibüllərində, keçidlərində,
platformalarında və vaqonlarda;
10.1.14. hava nəqliyyatı
vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı
vasitələrində;
10.1.15. hava və
dəniz (çay) limanlarının inzibati binalarında, dəmir
yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və
avtobusların dayanacaq məntəqələrində;
10.1.16. liftlərdə
və çoxmənzilli yaşayış binalarının
ümumi istifadədə olan yerlərində;
10.1.17. taksafonlarda;
10.1.18. yanacaqdoldurma
məntəqələrində, o cümlədən
tezalışan maddələrin saxlandığı bina və
müəssisələrdə, habelə bu maddələrin
daşındığı nəqliyyat vasitələrində;
10.1.19. mülkiyyət
növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq digər müəssisə, idarə
və təşkilatlarda, iş yerlərində.
10.2. Mülkiyyət növündən
və təşkilati-hüquqi formasından asılı
olmayaraq bütün müəssisə, idarə və təşkilat
rəhbərləri bu qanunun 10.1-ci maddəsində göstərilən
yerlərdə hər kəsin yaxşı görə biləcəyi
lövhələrdə “tütün çəkmək
qadağandır” yazısının və ya işarəsinin
olmasını təmin etməlidirlər.
10.3. Bu qanunun 10.1.3-cü,
10.1.4-cü, 10.1.5-ci, 10.1.8-ci, 10.1.14-cü (su və dəmiryolu
nəqliyyatında), 10.1.15-ci və 10.1.19-cu maddələrində
göstərilən yerlərdə tütün çəkmək
üçün havalandırma sistemi ilə təmin olunan və
ya açıq havada olan xüsusi yerlər təşkil edilə
bilər.
10.4. Tütün çəkmək
üçün xüsusi ayrılmış yerlər
sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi tələblərə
cavab verən şəkildə təchiz edilməlidir.
Maddə 11. Tütündən istifadənin
zərəri və ətraf mühitdəki tütün
tüstüsünün ziyanlı təsiri barədə əhalinin
maarifləndirilməsi və məlumatlandırılması
11.1. Tütünə və
tütün məmulatına tələbatın
azaldılması, tütün istifadəsi ilə əlaqədar
xəstəliklərin profilaktikası, sağlamlığa məsuliyyətli
və tütündən istifadəyə mənfi münasibətin
formalaşdırılması məqsədi ilə
tütün məmulatlarının tərkibinin
açıqlanmasına, qablaşdırılmasına və
markalanmasına dair tələblər müəyyən edilir.
Bu tələblərə aşağıdakılar barədə
informasiya verilməsi daxildir:
11.1.1. tütündən
istifadənin dayandırılmasının üstünlükləri
haqqında;
11.1.2. tütündən
istifadənin mənfi tibbi, demoqrafik və sosial-iqtisadi nəticələri
haqqında;
11.1.3. tütünçülük
sənayesi haqqında.
11.2. Tütündən istifadənin
zərəri və ətraf mühitdəki tütün
tüstüsünün ziyanlı təsiri barədə əhalinin
maarifləndirilməsi ailədə, təhsil və tibb müəssisələrində,
habelə işəgötürənlər tərəfindən
iş yerlərində həyata keçirilir.
11.3. Əhalinin maarifləndirilməsinin
əsas istiqamətləri və üsulları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Bu məqsəd üçün xüsusi
“qaynar xətlərin” fəaliyyəti təmin edilir.
11.4. İnsanların
sağlamlığının ətraf mühitdəki
tütün tüstüsünün təsirindən və
tütündən istifadənin məhdudlaşdırılması
haqqında qanunvericiliyin pozulması məsələlərinə
dair vətəndaşların, o cümlədən fərdi
sahibkarların və hüquqi şəxslərin müraciətləri
üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən
“qaynar xətlər” yaradılması və ya internet
informasiya-kommunikasiya şəbəkəsindən istifadə
edilməsi nəzərdə tutulur.
11.5. Tütündən istifadənin
zərəri və ətraf mühitdəki tütün
tüstüsünün ziyanlı təsiri barədə əhalinin
məlumatlandırılması dövlət və bələdiyyə
orqanları, habelə ictimai birliklər tərəfindən
kütləvi informasiya vasitələrində müvafiq
kampaniyalar keçirilməsi vasitəsi ilə həyata
keçirilir.
11.6. Tütündən istifadənin
zərəri və ətraf mühitdəki tütün
tüstüsünün ziyanlı təsiri barədə əhalinin
məlumatlandırılması zamanı kütləvi
informasiya vasitələrində informasiya kampaniyaları
keçirilərkən tütün məmulatının və
tütün istifadəsi prosesinin nümayiş etdirilməsinə
icazə verilir.
Maddə 12. Kütləvi informasiya vasitələrində
tütündən istifadənin zərəri və ətraf
mühitdəki tütün tüstüsünün ziyanlı
təsiri barədə biliklərin təbliği
12.1. Kütləvi informasiya vasitələri
tütündən istifadənin zərəri və ətraf
mühitdəki tütün tüstüsünün ziyanlı
təsiri barədə biliklərin təbliğində
iştirak edirlər.
12.2. Müvafiq icra hakimiyyəti
orqanları kütləvi informasiya vasitələrində tütündən
istifadənin zərərli təsirləri barədə
davamlı təbliğat işinin aparılması
üçün müvafiq tədbirlər həyata
keçirirlər.
12.3. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən tədris proqramları
hazırlanarkən tütündən istifadənin
sağlamlığa və ətraf mühitə zərərli
təsiri barədə mövzular tədrisin məzmununa daxil
edilir.
12.4. Azərbaycan Respublikasının
ərazisində fəaliyyət göstərən
bütün televiziya və radio yayımçıları
tütündən istifadənin və sağlamlığa zərər
vuran digər vərdişlərin mənfi təsiri barədə
müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin
və qeyri-hökumət təşkilatlarının dəstəyi
ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi
mövzuda verilişlər hazırlayır və bu
mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı
ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi
saat 17.30 - 23.00 arasında olmaqla saat 08.00 - 23.00 arasında
yayımlanır və verilişlərin surəti hər ay
Milli Televiziya və Radio Şurasına təhvil verilir.
Maddə 13. Yetkinlik yaşına
çatmayanlara tütün məmulatlarının
satışının və onların tütündən istifadə
etməsinin qadağan olunması
13.1. Yetkinlik yaşına
çatmayanlara tütün məmulatlarının
satışı və ya satış məqsədi olmadan
verilməsi, habelə onların tütündən istifadə
prosesinə cəlb edilməsi qadağandır.
13.2. Tütün məmulatlarının
buraxılmasını bilavasitə həyata keçirən
şəxs (satıcı) tütün məhsulunu istifadə
edən şəxsin (alıcının) yetkinlik yaşına
çatmasına şübhə etdikdə satıcı
alıcıdan onun şəxsiyyətini təsdiq edən və
yaşını müəyyən etməyə imkan verən
sənəd tələb edir.
13.3. Alıcının yetkinlik
yaşına çatmasına şübhə olduqda, onun
şəxsiyyətini təsdiq edən və yaşını
müəyyən etməyə imkan verən sənəd təqdim
edilmirsə, satıcı tütün məmulatını
alıcıya satmaqdan imtina edir.
13.4. Yetkinlik yaşına
çatmayan şəxslərin tütündən istifadəsinə
icazə verilmir.
Maddə 14. Tütün məmulatlarının
reklamının və satışının
stimullaşdırılmasının qadağan edilməsi
14.1. Tütün məmulatına tələbatın
azaldılması məqsədi ilə tütün məmulatlarının
satışının və onlardan istifadənin reklamı və
stimullaşdırılması ilə bağlı
aşağıdakılar qadağan edilir:
14.1.1. tütün
məmulatlarının əhali arasında pulsuz, o cümlədən
hədiyyələr şəklində yayılması;
14.1.2. tütün
məmulatlarını alanlara hədiyyə qismində
başqa əmtəənin təklif edilməsi;
14.1.3. tütün
məmulatlarının qiymətlərinə hər hansı
üsullarla, habelə kuponlar və talonlar nəşr edilməsi
yolu ilə güzəştlər tətbiq olunması;
14.1.4. televiziya və videofilmlərdə,
teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika
proqramlarında, uşaqlar üçün nəzərdə
tutulan audiovizual əsərlərdə tütün məmulatlarının
və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi,
həmçinin tütün məmulatlarının və
tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin,
tamaşaların, proqramların efirdə, kabel yayımı
vasitəsi ilə açıq yayımlanması;
14.1.5. tütün
məmulatlarının mükafat qismində verilməsi şərti
ilə əmtəə satışını
stimullaşdıran müxtəlif tədbirlərin (o cümlədən
lotereyaların, müsabiqələrin, oyunların) təşkili
və keçirilməsi.
14.2. Tütün və tütün məmulatlarının
istehsalı və (və ya) satışı ilə məşğul
olan şəxslər “Reklam haqqında” Azərbaycan
Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə
uyğun olaraq sponsor ola bilməz.
14.3. Tütünün və
tütün məmulatlarının, habelə tütün
çəkmə ləvazimatlarının reklamı
qadağandır.
Maddə 15. Vətəndaşlara
tütündən istifadənin dayandırılmasına,
tütün asılılığının və
tütündən istifadə nəticəsində yaranan xəstəliklərin
müalicəsinə yönəlmiş tibbi yardım göstərilməsi
15.1. Tütündən istifadənin
dayandırılması, tütün
asılılığının və tütündən
istifadə nəticəsində yaranan xəstəliklərin
müalicəsi üçün tibb müəssisələrinə
müraciət etmiş şəxslərə müvafiq tibbi
yardım göstərilir.
15.2. Vətəndaşlara
tütündən istifadənin dayandırılması
üçün tibbi yardım göstərilməsi, o
cümlədən tütün
asılılığının və tütündən
istifadənin nəticələrinin profilaktikası,
diaqnostikası və müalicəsi dövlət tibb müəssisələrində
pulsuz həyata keçirilir.
15.3. Müalicə edən həkim
tibbi yardım göstərilməsi üçün tibb
müəssisəsinə müraciət etmiş pasiyentə,
müalicənin səbəbindən asılı olmayaraq
tütündən istifadənin dayandırılması barədə
tövsiyələr və ona göstərilə biləcək
tibbi yardım haqqında zəruri məlumat verir.
3-cü fəsil
YEKUN MÜDDƏALAR
Maddə 16. Qanunun pozulmasına görə
məsuliyyət
Bu qanunun tələblərini
pozan şəxslər Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində nəzərdə
tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Maddə 17. Keçid müddəası
Bu qanunun qüvvəyə
minməsi ilə əlaqədar olaraq “Tütün və
tütün məmulatı” haqqında Azərbaycan
Respublikası Qanununun 20-ci və 21-ci maddələri ləğv
edilir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 dekabr 2017-ci il
Azərbaycan.-
2017.- 30 dekabr.- S.3.