Milli Məclisin
payız sessiyası başa çatdı
Parlament dünya
azərbaycanlılarına müraciət ünvanladı
Dekabrın 29-da Azərbaycan
Respublikası Milli Məclisinin payız sessiyasının son
plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir
ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov
gündəliyi təqdim edib. Bildirib ki, iclasda 19 məsələ
müzakirə olunub.
Deputatlar Naxçıvan
Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin
edilməsi haqqında məsələni nəzərdən
keçiriblər. Milli Məclisin hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli həmin məsələ barədə məlumat
verib. 2018-ci il yanvarın 22-də səlahiyyət
müddəti bitən Qabil Neymət oğlu Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
hakimi təyin edilib. Bu qərar 2018-ci il
yanvarın 22-də qüvvəyə minir.
Sonra “Azərbaycan Respublikası
Silahlı Qüvvələri taqımlarının Türkiyə
Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində
və NATO strukturlarının ümumi komandanlığı
altında Əfqanıstanda yerləşdirilməsinə və
müvafiq əməliyyatlarda iştirak etməsinə
razılıq verilməsi haqqında” Azərbaycan
Respublikası Milli Məclisinin 2002-ci il 15
noyabr tarixli 378-IIQR nömrəli Qərarında dəyişikliklər
edilməsi barədə müzakirələr aparılıb.
İclasda “Azərbaycan Respublikasının
Silahlı Qüvvələri haqqında” qanun layihəsi
üçüncü oxunuşda müzakirə olunub. Bildirilib ki, bu
sənəd Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun
olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
təyinatı, idarə olunması və hərbi quruculuğu
məsələlərini tənzimləyir, habelə
Silahlı Qüvvələrin əsas vəzifələrini və
fəaliyyətinin hüquqi əsaslarını müəyyən
edir.
Bundan başqa, Azərbaycan
Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq
haqqında Bəyannamənin, “Azərbaycan Respublikası
Hökuməti ilə Türkmənistan Hökuməti
arasında dəniz ticarət gəmiçiliyi sahəsində
əməkdaşlıq haqqında”, “Azərbaycan
Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti
arasında bitki karantini sahəsində əməkdaşlıq
haqqında", “Azərbaycan Respublikası Hökuməti ilə
Türkmənistan Hökuməti arasında mülki müdafiə,
fövqəladə halların qarşısının
alınması və aradan qaldırılması sahəsində
əməkdaşlıq haqqında” sazişlərin təsdiq
edilməsi barədə qanun layihələrinə
baxılıb.
Sonra “Bələdiyyələrin
statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə
qanun layihəsi müzakirə olunub. Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə qanun layihəsi barədə
məlumat verib. Bildirilib ki, qanun layihəsinə
təklif olunan dəyişikliklər texniki xarakter
daşıyır. Belə ki, Qanunun
müvafiq maddəsinə “Qəbiristanlıqların
salınması və idarə olunması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydalara uyğun olaraq həyata keçirilir” abzası əlavə
edilir.
Həmçinin “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd olunub ki,
bu dəyişikliklər də texniki xarakterlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi
haqqında” Qanunun 7.2-ci maddəsinə “stadionların”
sözündən sonra “, qəbiristanlıqların”
sözü əlavə edilir. “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik
edilməsi barədə” qanun layihəsi qəbiristanlıqların
yerləşdiyi torpaqların xüsusi mülkiyyətə
verilə bilməməsini təsbit etmək məqsədilə
hazırlanıb.
Bundan başqa, deputatlar
Gömrük Məcəlləsində dəyişikliklər
edilməsi haqqında qanun layihəsini nəzərdən
keçiriblər.
Plenar iclasda, həmçinin
“Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsi müzakirəyə
çıxarılıb. Qeyd olunub ki,
sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin ikinci hissəsində
nəzərdə tutulmuş meyarlara görə mikro,
kiçik, orta və iri sahibkarlıq subyektlərinə
bölünür. Mikro, kiçik, orta və
iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilir. Sahibkarlığın tənzimlənməsi
tədbirləri çərçivəsində mikro,
kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən
dövlət dəstəyi və güzəştlər bu
Qanunun 4-1-ci maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş meyarlar əsasında həyata keçirilir.
İclasda “Turizm haqqında”
Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
müzakirə edilib. Bildirilib ki, dəyişikliyə əsasən,
Qanunun müvafiq maddəsinə “günü” sözündən
sonra “, elektron vizanın sürətləndirilmiş qaydada
alınması üçün müraciət edildikdə isə
ən geci 3 saat” sözləri əlavə edilir.
Bundan başqa, Miqrasiya Məcəlləsində
dəyişiklik edilməsi haqqında qanun layihəsinə
baxılıb.
Milli Məclisin hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, dəyişikliklər texniki xarakterlidir.
Belə ki, Miqrasiya Məcəlləsinin 38-ci maddəsi Azərbaycana
gələn əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə “ASAN viza” sistemi vasitəsilə
elektron viza alma imkanı verir. Məcəllənin hazırkı tələbinə
görə elektron qaydada viza birdəfəlik verilir, ölkədə
qalma müddəti 30 günədək müəyyən
edilir. Mövcud Məcəlləyə görə, viza əsasında
Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin ölkədə müvəqqəti
olma müddəti vizada göstərilən qalma müddətindən,
viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
isə ölkədə müvəqqəti olma müddəti,
Azərbaycana tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdə nəzərdə tutulmuş hallar
istisna olmaqla, 90 gündən artıq ola bilməz. Hazırkı layihəyə görə “ASAN viza”
sistemi vasitəsilə çoxdəfəlik elektron
vizaların verilməsi təklif olunur.
İclasda “Yol hərəkəti
haqqında”, “Banklar haqqında” qanunlarda, İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi barədə
qanun layihələri nəzərdən keçirilib. Qeyd olunub ki, dəyişikliklər
texniki xarakter daşıyır.
Həmçinin “Dövlət
qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi
barədə qanun layihəsi müzakirə olunub. Dəyişikliyə
görə, Qanunun müvafiq maddəsinə “dövlət xidmətlərinin
rəhbərlərinin” sözlərindən sonra “, Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və konsulluqlarında təyin
olunan ticarət nümayəndələrinin” sözləri əlavə
edilir. Azərbaycan Respublikasının xarici ölkələrdə
fəaliyyət göstərən səfirlik və
konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə
və onların aparatlarının işçilərinə
dövlət məvacibi (əməkhaqqı), tibbi
sığorta, nəqliyyat xərcləri, yaşayış
sahəsinin icarə xərcləri, məktəbyaşlı
ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə
tutulmayan təminatların verilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Bu Qanunun dövlət
qulluqçularına aid edilən digər təminatlar ilə
bağlı müddəaları Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və konsulluqlarında təyin
olunan ticarət nümayəndələrinə və
onların aparatlarının işçilərinə
şamil edilir. Bu Qanunun 22-ci maddəsinin
müddəaları Azərbaycan Respublikasının xarici
ölkələrdə fəaliyyət göstərən səfirlik
və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə
və onların aparatlarının işçilərinə
şamil olunmur. Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və ya konsulluğunda ticarət
nümayəndəsi vəzifəsinin tutulması müsahibə
keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə
bu Qanunun 29.12-ci maddəsinin müddəaları nəzərə
alınmaqla həyata keçirilir. Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və konsulluqlarında ticarət
nümayəndələri müvafiq icra hakimiyyəti
orqanının rəhbəri tərəfindən müvafiq
icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla təyin olunur.
“Dövlət qulluğu
haqqında” Qanunda dəyişikliklər edilməsi barədə
qanun layihəsində təklif olunan digər dəyişikliyə
görə, dövlət qulluqçusunun dövlət
qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi
işi tərtib edilir və aparılır. Dövlət
qulluqçusunun şəxsi işinə bu Qanunun müvafiq
maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə
tutulmuş sənədlər və məlumatlar daxil edilir.
Dövlət qulluqçusunun şəxsi
işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur. Dövlət qulluqçusu şəxsi işinin
aparılması ilə bağlı tələblərin
pozulmasında təqsirli olan şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Deputatlar gündəlikdəki
məsələlər barədə fikir və təkliflərini
səsləndiriblər.
Müzakirə olunan
bütün məsələlər səsə qoyularaq təsdiqlənib.
İclasda, həmçinin
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə Azərbaycan Respublikası
Milli Məclisinin Müraciəti təsdiq edilib.
Plenar iclasa yekun vuran Milli Məclisin
sədri Oqtay Əsədov parlamentin payız sessiyası
dövründə səmərəli fəaliyyət göstərdiyini
bildirib.
Sədr parlamentin adından Azərbaycan
xalqını və Prezident İlham Əliyevi qarşıdan
gələn Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı
münasibətilə təbrik edib.
Daha sonra Oqtay Əsədov
Milli Məclisin payız sessiyasını bağlı elan edib.
Sonda Azərbaycan
Respublikasının dövlət himni səsləndirilib.
Bununla da Milli Məclisin
payız sessiyasının son iclası başa çatıb.
Səbinə
Məmmədova
Azərbaycan.- 2017.- 30 dekabr.- S. 4.