Mehriban Əliyeva: "Biz yenə də
birlikdəyik"
Heydər
Əliyev Fondu uşaqlar üçün ənənəvi
bayram şənliyi təşkil edib
Dekabrın 29-da Heydər Əliyev
Fondu Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramları ərəfəsində
“Buta” sarayında uşaqlar üçün ənənəvi
şənlik təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, nəvəsi, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.
Uşaqlar şənliyin keçirildiyi əyləncə məkanına onlar üçün ayrılmış avtobuslarla gətirildilər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaq evlərinin, internat məktəblərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.
Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.
Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bu proqram, sarayda qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bərbəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrdən heyrətlənən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı, Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.
Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.
Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.
Heydər Əliyev Fondu yarandığı gündən nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, başlıca fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan dəyərli layihələri digər qurumlar üçün nümunə sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti çıxışlarında bu fikri dəfələrlə vurğulayıb: “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin, onların problemlərinə biganə qalmayaq”. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. Fondun “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkəmizdəki uşaq müəssisələri əsaslı təmir olunur, yeni avadanlıqlarla təchiz edilir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 13 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.
Bayram şənliyində çıxış edən Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:
- Hörmətli müəllimlər, hörmətli valideynlər, əziz uşaqlar. Artıq on ildən çoxdur ki, biz başa çatan ili birgə yola salırıq və qarşıdan gələn ilə “Salam” deyirik. Mən çox şadam ki, bu il biz yenə də birlikdəyik.
Yeni il
bayramı insanların
ən sevdiyi bayramlardan biridir. Adətən,
insanlar bu bayramı ailə üzvləri, doğmaları,
ən yaxınları
ilə qeyd edirlər. Biz də bu gün Yeni
il bayramını
böyük doğma ailə kimi bərabər qeyd edirik.
Ümidvaram ki,
2017-ci il sizin hər biriniz üçün, bütün Azərbaycan xalqı üçün uğurlu oldu. Ölkəmizdə abadlıq, quruculuq
işləri davam edir, şəhərlərimiz,
kəndlərimiz, regionlarımız
gözəlləşir, inkişaf
gedir. Bildiyiniz kimi, 2017-ci il
ölkəmizdə “İslam
Həmrəyliyi İli”
elan olunmuşdu. Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir.
Biz öz dinimizə,
tariximizə, mədəniyyətimizə
böyük hörmətlə,
böyük diqqətlə
yanaşırıq. Eyni zamanda,
biz dünyaya açıq
ölkəyik. Biz digər dövlətlərlə
əməkdaşlığımızı
qardaşlıq və
qarşılıqlı hörmət
əsasında qurmaq istəyirik. Bildiyiniz
kimi, bu il paytaxtımızda
IV İslam Həmrəyliyi
Oyunları böyük
uğurla keçdi, idmançılarımız bizi
dəfələrlə sevindirdilər,
bizim bayrağımız
ucaldı, himnimiz səsləndi. Eyni zamanda, bu Oyunlar bütün İslam ölkələrinin
nümayəndələrini bir araya gətirərək
əsl həmrəylik
bayramı oldu, əsl dostluq və qardaşlıq təntənəsinə çevrildi.
2017-ci ildə
təkcə Azərbaycan
üçün yox, bütün region üçün
çox vacib irimiqyaslı layihələr
həyata keçirildi. Bildiyiniz
kimi, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə
imza atıldı. Digər sahələrdə işlər
davam edir. Biz qarşımızdakı məsələləri ardıcıl
olaraq həll edirik, problemləri aradan qaldırırıq.
Ölkəmizdə yeni məktəblərin,
uşaq bağçalarının
tikintisi və təmiri davam edir, uşaqların ən yüksək səviyyədə təhsil
alması üçün
bütün şəraitlər
yaradılıb. Bakı şəhərimiz
gündən-günə gözəlləşir.
Regionlarımız gözəlləşir, yeni yollar salınır,
ölkəmiz abadlaşır.
Mən ümidvaram
ki, 2017-ci il
sizin həyatınızda
xoş anlarla, sevinc dolu hadisələrlə
qalacaq. Ümidvaram ki, bu il sizin üçün uğurlu
il idi. Mən sizin
hər birinizə
2018-ci ildə möhkəm
cansağlığı, uğurlar,
xoşbəxtlik arzulayıram.
Arzulayıram ki, bizim balalarımız savadlı,
bilikli, tərbiyəli
böyüsün. Arzulayıram ki, onlar öz
dostları, yaxınları,
ətraflarındakı insanlar
ilə xoş niyyətlə, hörmətlə
davransınlar. Qoy,
sizin yolunuz açıq, ürəyiniz
işıqla dolu olsun! Mən sizin hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə ürəkdən
təbrik edirəm.
Əziz uşaqlar,
onu da bilməlisiniz
ki, bu bayram
şənliyinin hazırlanmasında
bir çox insanın əməyi var.
Artıq 10 ildən çoxdur ki, bizim məşhur sənət adamlarımız,
musiqiçilərimiz, artistlərimiz,
sizinlə bərabər
burada, bu gözəl “Buta” sarayında Yeni ili qeyd edirlər,
sizin üçün
çox gözəl,
şən ab-hava yaradırlar. Gəlin bu gözəl,
qayğıkeş insanları
birlikdə alqışlayaq
və onlara öz minnətdarlığımızı
bildirək.
Sizin hər birinizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, ölkəmizə əmin-amanlıq və sülh arzulayıram. Qoy, Allah hər birinizi və ölkəmizi hər zaman qorusun! Çox sağ olun.
***
Beləliklə, Heydər
Əliyev Fondunun həyata keçirdiyi
çoxşaxəli fəaliyyətin bir
hissəsi olan bayram
şənliyi yüzlərlə uşağı sevindirdi. Şənliyin sonunda
hər bir iştirakçıya Heydər
Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu. Fondun balacalara hədiyyə etdiyi
bu bayram şənliyi
uşaqların yaddaşında silinməz iz
qoydu.
Azərbaycan.-
2017.-30 dekabr.- S.1-2.