2,7 milyard dollarlıq sərmayə, 15 müəssisə

 

Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında açılışını etdiyi və təməlini qoyduğu yeni istehsal obyektləri modern sənayeləşməyə mühüm töhfə verəcək

 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir. Müasir dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, yeni çağırışlara, yeni yanaşmalara əsaslanmalıdır.

 

Şaxələnən sənaye sektoru

 

Prezident İlham Əliyevin “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən proseslər artıq öz bəhrəsini verməkdədir. Bütün bunlar dövlət başçısının regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü proqram və layihələrin tərkib hissəsidir.

Sənayenin inkişafına dair dövlət proqramının əsas istiqamətlərindən biri sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır.

Prezident İlham Əliyevin uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi davam edir. Sənaye parklarının yaradılması ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir.

Dekabrın 15-də Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olması, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak etməsi dövlət başçısının bu sahənin inkişafına xüsusi diqqət göstərdiyini bir daha təsdiqlədi.

 

Milyardlarla dollar həcmində sərmayələr yatırılır

 

Öncə onu vurğulayaq ki, artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılıb.

Sumqayıt Kimya Sənaye Parkı Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli fərmanına uyğun olaraq həyata keçirilib. Fərmana əsəsən, sənaye parkı və İqtisadiyyat Nazirliyinin tabeliyində parkın idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC yaradılıb. Parkın rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azad olunublar. Rezidentlərin qeydiyyatı “bir pəncərə” sistemi ilə həyata keçirilir. Artıq 15 müəssisəyə parkın rezidenti statusu verilib.

Prezident İlham Əliyev parkın yaradılmasını belə dəyərləndirib: “Bu, Azərbaycanda sənaye sahəsində aparılan siyasətin təzahürüdür. Bu ərazidə dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüşdür. Sumqayıt Kimya Sənaye Parkının timsalında biz dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələrini görürük. Bu müəssisələrdə minlərlə insan işlə təmin olunur. Hazırda parkın 15 rezidenti var. Qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur”.

 

Son 40 ildə növünə və miqyasına görə ən böyük layihələrdən biri

 

Rezidentlərdən biri, 2013-cü ildən fəaliyyətə başlayan “Azertexnolayn” MMC Türkiyə, Almaniya və Çin texnologiyası əsasında polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir.

Digər rezident “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. “SOCAR Polymer” MMC-nin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrindən biridir.

Dövlət başçısı vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkı dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır.

 

Sürtkü yağları, yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı

 

Parkın rezidentləri arasında “Alco Lubricant Company” MMC də var. Dekabrın 15-dən fəaliyyətə başlayan müəssisədə il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı nəzərdə tutulub. Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Digər rezident “MST Engineering Services” MMC-də ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.

“Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu” isə İtaliya texnologiyası əsasında yaradılacaq. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.

 

Azot gübrəsi, fibro-sement lövhələr, polimerdən hazırlanacaq kisə və torbalar

 

Silisium və Kalsium İstehsalat Müəssisəsində ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq. “Azerbaijan Fibro Cement” MMC-də ildə 6 milyon kvadratmetr fibro-sement lövhələr istehsal ediləcək. Dekabrın 15-də tikintisinə başlanılan “Tabaterra” QSC-nin tütün fabrikində ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub.

SOCAR karbamid zavodunda isə ildə 650-660 min ton azot gübrəsi istehsal ediləcək. Hazırda layihə üzrə tikinti-quraşdırma işləri davam etdirilir və bu işlərə 1800 nəfər cəlb edilib. Bu, sənaye parkında həyata keçirilən ən iri investisiya layihəsidir. “SumPlast” MMC sənayedə istifadə üçün polimerdən beynəlxalq standartlara cavab verən kisə və torbaların istehsalını həyata keçirəcək. Layihənin növbəti mərhələsində polipropilendən böyük ölçülü toxunma torbaların və konteynerlərin istehsalı planlaşdırılır.

 

Əhalidən alınan xam yun emal ediləcək

 

Prezident İlham Əliyev parkın ərazisində təməlini qoyduğu “AzerFloat” QSC-nin termoformasiya metodu ilə şüşə istehsalı zavodunda il ərzində termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə istehsal olunacaq. Məhsulların yüksək keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək. Zavodun məhsullarının Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır. Yeni müəssisədə 180 nəfər işlə təmin olunacaq. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Dövlət başçısının parkın ərazisində təməlini qoyduğu digər müəssisə isə “Azərxalça” ASC-nin yunəyirici-boyaq fabriki idi. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək.

 

145 çeşiddə pestisid istehsal edəcək yeni zavod

 

Prezident İlham Əliyevin açılışında iştirak etdiyi “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodunda müasir texnologiyaların tətbiqinə əsaslanan ilk bitki mühafizəsi vasitələri - pestisidlər istehsal ediləcək. Zavodun yaradılmasında məqsəd aqrar sektorun bu məhsullara olan tələbatını yüksək səviyyədə təmin etməklə idxalın əvəzlənməsinə, eləcə də gələcəkdə ixrac imkanlarına nail olmaqdır.

Ümumi ərazisi 18,3 hektar olan zavodun istehsal sahəsi 21,4 min kvadratmetrdir. Kompleks 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammalsaxlama bölmələrindən ibarətdir. Müəssisənin birinci mərhələsinin illik istehsal gücü 10 min tondur, ikinci mərhələdə istehsalın həcmini 20 min tona çatdırmaq nəzərdə tutulub. Burada 145 çeşiddə pestisid istehsal ediləcək və məhsulun keyfiyyəti zavodun daxilində beynəlxalq standartlara uyğun qurulmuş laboratoriyada müəyyənləşdiriləcək. Bu müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib.

Hazırda ölkənin pestisidlərə olan tələbatı 9,1 min ton təşkil edir. Bununla yanaşı, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463 hektar sahədə istixana təsərrüfatlarının və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələrinin pestisidlərə olan tələbatı 681 ton proqnozlaşdırılır. Beləliklə, ölkənin pestisidlərə olan ümumi tələbatı 9,8 min ton təşkil edəcək. Zavodun fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın tam ödənilməsinə imkan verəcək.

Beləliklə, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, aqrar sektorda innovativ texnologiyaların və pestisidlərin tətbiqi kənd təsərrüfatı məhsullarının intensiv metodla yetişdirilməsinə, məhsuldarlığın və keyfiyyətin artırılmasına, eləcə də yüksək rəqabətqabiliyyətliliyin təmin olunmasına imkan verəcək.

 

Dünyanın ən son texnologiyalarına əsaslanan Data Mərkəzi

 

Prezident İlham Əliyevin açılışında iştirak etdiyi digər bir rezident isə “STDC” MMC-nin layihəsi olan məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzi - Data Mərkəzidir.

Ümumi investisiya dəyəri 60 milyon dollar olan Data Mərkəzdə yüksək gücə malik texnoloji hesablama, kommunikasiya və təhlükəsizlik avadanlıqlarından istifadə edilib. Data Mərkəzinin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyəti stimullaşdırmaq, bu sahədə innovasiyaların tətbiqinə, eləcə də tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsinə, ixracyönümlü layihələrin icrasına nail olmaq və bu sahəyə xarici investisiyaları cəlb etməkdir. Müəssisə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət göstərəcək.

Bu müasir və çox böyük imkanlara malik olan Data Mərkəzinin açılmasını çox əlamətdar hadisə adlandıran Prezident vurğulayıb ki, bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir: “Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir”.

 

Modern sənayeləşmə siyasətinin təntənəsi

 

Beləliklə, ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın idxaldan asılılığını aradan götürəcək, yerli istehsalını artıracaq. Əlbəttə ki, bütün bunlar Azərbaycan Prezidentinin modern sənayeləşmə siyasətinin təntənəsidir. Dövlət başçısı bu uğurları dəyərləndirərkən deyib: “Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var”.

Azərbaycanda sənayeləşmə prosesinin sürətlə getdiyini vurğulayan Prezident qeyd edib ki, bunun təməlində dövlət siyasəti, xarici və yerli investorların inamı dayanır. Çünki sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Sumqayıtda 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bir daha göstərir ki, Azərbaycan 2017-ci ili də uğurla başa vurur.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.-30 dekabr.- S.1; 6.