Kompleks tədbirlər çərçivəsində
Bakının yol infrastrukturu
müasirləşdirilir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev dekabrın 29-da Abşeron rayonunda
yenidən qurulan Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun
açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin
sədri Saleh Məmmədov dövlətimizin
başçısına görülən işlərlə
bağlı ətraflı məlumat verdi.
Qeyd edildi ki, Abşeron rayonunda 21
min nəfər əhalinin yaşadığı 3
yaşayış məntəqəsini birləşdirən
Mehdiabad–Digah–Məmmədli avtomobil yolunun tikintisi
üçün Prezident İlham Əliyevin 2017-ci il 9 iyun
tarixli Sərəncamına əsasən 2,5 milyon manat vəsait
ayrılıb. Tikinti işləri qısa müddətdə və
yüksək səviyyədə həyata keçirilib. Yolun
uzunluğu 9 kilometrə yaxındır. Ümumilikdə 12 metr
enində yeni yol yatağı tikilib. Tikintidən sonra yolun hərəkət
hissəsi 7-8 metrə qədər genişləndirilib.
Hər bir layihənin
reallaşdırılması zamanı yollarda piyadaların da təhlükəsiz
hərəkəti diqqətdə saxlanılan əsas məsələlərdən
biridir. Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda yeni piyada səkiləri
tikilib. Yenidənqurma işləri çərçivəsində
avtomobil yolunun alt hissəsindən suların ötürülməsi
üçün nəzərdə tutulan mövcud boruların
və keçidlərin hamısı bərpa olunub. Tikinti
işləri zamanı yolboyu yeni asfalt-beton örtüyü
döşənib. Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun
yenidən qurulması nəticəsində nəqliyyat vasitələrinin
və əhalinin gediş-gəlişi xeyli asanlaşıb,
onların tədarük etdikləri kənd təsərrüfatı
məhsullarını və meyvə-tərəvəzi
qısa vaxt ərzində istədikləri ünvanlara
çatdırmalarına imkan yaranıb.
Dövlətimizin
başçısına Mehdiabad-Fatmayı-Görədil
avtomobil yolunun tikintisi haqqında da məlumat verildi. Bildirildi
ki, 16 min nəfər əhalinin yaşadığı
Mehdiabad, Fatmayı, Görədil yaşayış məntəqələrini
birləşdirən avtomobil yolunun uzunluğu 6,5 kilometrdir.
Prezident İlham Əliyevin Sərəncamına əsasən
bu yolun tikintisinə 1,8 milyon manat vəsait ayrılıb.
Avtonəqliyyat vasitələrinin
rahat və maneəsiz şəkildə hərəkətini təmin
etmək üçün paytaxt Bakıda aparılan kompleks tədbirlər
çərçivəsində Azadlıq prospektinin Binəqədi
rayonundan keçən hissəsi və Binəqədi
şosesi yenidən qurularaq bu ərazidə müasir yol
infrastrukturu yaradılıb. Azadlıq prospektinin Ziya
Bünyadov prospektindən Biləcəri-Baksol yolunadək 3,1
kilometrlik hissəsi tamamilə yenidən qurulub. Azadlıq
prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində
yaranan sıxlığı aradan qaldırmaq məqsədilə
sərnişin avtobuslarının hərəkəti Cəfər
Xəndan küçəsindən Süleyman Sani Axundov
küçəsinədək olan hissədə yan yola yönəldilib
və bu hissədə 8 müasir avtobus dayanacağı
quraşdırılıb. Azadlıq prospektində
piyadaların yolu təhlükəsiz keçmələri
üçün Süleyman Sani Axundov küçəsi ilə
kəsişmədə və Rəsulzadə qəsəbəsinin
mərkəzində iki yerüstü piyada keçidi tikilib.
Azadlıq prospektinin yenidən qurulması ilə
yanaşı, bu ərazidə yerləşən və prospektə
çıxan Süleyman Sani Axundov, Şövkət Məmmədova,
Cəfər Xəndan, İbrahimpaşa Dadaşov küçələri
də əsaslı təmir edilib.
Binəqədi şosesində yenidənqurma
işləri iki mərhələdə aparılıb. Birinci
mərhələdə yolboyu yararsız vəziyyətdə
olan 2800 metr uzunluğunda kanalizasiya, 3000 metr uzunluğunda
müxtəlif diametrli su xətləri “Azərsu” ASC tərəfindən
yenisi ilə əvəz olunub, ətrafdakı evlərdən,
sənaye və iaşə obyektlərindən yola doğru
axıdılan məişət-çirkab sularının
qarşısı alınıb. Yağış və qar
sularının nizamlı axınının təmin edilməsi
məqsədilə Binəqədi şosesindən
Böyükşor gölünə 1100 metr uzunluğunda boru xətti
çəkilib. Yolun yenidənqurma işlərinin ikinci mərhələsi
də qısa müddətdə başa
çatdırılıb. Belə ki, vətəndaşların
yolun hər iki kənarı ilə rahat və təhlükəsiz
şəkildə hərəkətini təmin etmək
üçün yeni piyada səkiləri inşa olunub,
avtobusların ümumi hərəkətə maneə yaratmadan
dayanacaqlara giriş-çıxışını təmin
etmək məqsədilə 11 yerdə əlavə hissə
tikilib və müasir avtobus dayanacaqları
quraşdırılıb. Binəqədi şosesinin yenidən
qurulması rayonun Rəsulzadə, Binəqədi, Biləcəri,
Baksol qəsəbələrində yaşayan əhaliyə, həmçinin
şəhərin mərkəzindən Mehdiabad, Fatmayı,
Pirşağı, Digah və digər qəsəbələrə
getmək istəyən nəqliyyat vasitələri sahiblərinə
rahat yol infrastrukturundan istifadə etməyə imkan verəcək.
Bir sözlə, Prezident İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən sosialyönümlü siyasəti hər bir vətəndaş
öz şəxsi həyatında hiss edir. Qeyd edək ki, bu
istiqamətdə icra edilən layihələrin
coğrafiyası durmadan genişlənir və bütün
bunlar hər bir Azərbaycan insanının rahat yaşamasının
təminatına yönəlib.
Dövlətimizin
başçısı Mehdiabad-Digah-Məmmədli avtomobil
yolunun rəmzi açılışını bildirən
lenti kəsdi.
Sonra xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2017.-30 dekabr.- S.1.