Sahibkar və özəl şirkət də vətənpərvərlik edə bilər!

 

Cocuq Mərcanlı sizdən təşəbbüs və nümunə gözləyir

 

Azərbaycan Prezidenti İlham Əliyev çox möhtəşəm bir işə - xalqımızın ən ülvi və ən böyük  arzusunun gerçəkləşdirilməsinə başladı!

Ulu öndər Heydər Əliyevin 22 il bundan əvvəl Horadiz əməliyyatı zamanı düşməndən geri aldığı Cocuq Mərcanlı kəndinə qayıdışa - bütövlükdə “Böyük Qayıdış”a start verdi!

Artıq dövlət başçısının 24 yanvar 2017-ci ildə imzaladığı sərəncamla tarixən burada yaşamış dinc əhalinin doğma yurdlarına qayıtması üçün 50 fərdi yaşayış evinin tikilməsi və müvafiq infrastrukturun yaradılması üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan dörd milyon manat pul ayrılmışdır.

İlk dəfədir ki, çoxdan həsrətini çəkdiyimiz arzuya qovuşacağıq!

İlk dəfədir ki, işğaldan azad olunmuş torpağı məskunlaşdıracağıq!

İlk dəfədir ki, məcburi köçkünlər doğma yurda dönəcəklər!

Bu qayıdış cənab İlham Əliyevin qətiyyəti, prinsipiallığı və sərkərdə kimi məharəti sayəsində mümkün olmuşdur!

Bu qayıdış cənab İlham Əliyevin siyasi fəaliyyəti və diplomatik istedadı sayəsində mümkün olmuşdur!

Bu qayıdış cənab İlham Əliyevin ölkənin iqtisadi qüdrətini yüksəltməsi, beynəlxalq nüfuzunu artırması və güclü modern ordu qurması sayəsində olmuşdur!

Bu qayıdış cənab İlham Əliyevin dördgünlük aprel müharibəsinin möhtəşəm zəfəri sayəsində mümkün olmuşdur!

Azərbaycan xalqı bunu görür, dəyərləndirir, öz rəhbərinə sonsuz təşəkkür və minnətdarlığını bildirir!

Bu qayıdışa ən çox sevinənlər cocuq mərcanlılılardır!

Bu qayıdışa ən çox sevinənlər məcburi köçkünlərdir!

Bu qayıdışa ən çox sevinənlər bütün Azərbaycan xalqı, onun dostları və istəyənləridir!

Artıq dövlət başçısının tapşırığı əsasında Dövlətqaçqınkomun rəhbərliyi ilə kəndə qayıdışı təmin etmək üçün zəruri işlərə - ərazinin minalardan təmizlənməsinə, evlərin pasportlarının bərpasına, yeni tikintilərin layihələndirilməsinə və infrastrukturun qurulması üçün ilkin hazırlıq işlərinə başlanılmışdır.

Doğma yurdun həsrətini çəkən cocuq mərcanlılılar qayıdışın daha tez baş tutmasını intizarla gözləyirlər.

Artıq 200-dən çox ailə birincilər sırasında geri dönmək arzusunu bildirmişdir!

Dövlət məcburi köçkünlərin bu istəyini tezliklə reallaşdırmaq üçün hər tədbiri görəcəkdir və heç birimiz buna zərrə qədər də şübhə etmirik!

LAKİN...

Niyə bu qayıdış həm də el hərəkatına çevrilməsin?

Niyə bu qayıdışa imkanı olan hər bir sahibkar, şirkət, özəl qurum öz dəstəyini könüllü şəkildə verməsin?

Niyə bu qayıdış Qarabağa olan məhəbbətimizin növbəti dəfə təsdiqinə, cəmiyyətimizin, xalqımızın birliyinin rəmzinə çevrilməsin?

Gəlin torpaqlara qayıdışı sürətləndirmək üçün dövlətimizə dəstək olaq!

Gəlin ilk qaranquşun - Cocuq Mərcanlının bərpasına və sakinlərin hamısının doğma yurda daha tez qayıdıb rahat yaşamasına köməyimizi göstərək!

Xalqımız Qarabağı sevdiyini dönə-dönə, həm də ən müxtəlif formalarda nümayiş etdirmişdir: torpağa bağlılığı ilə, verdiyi şəhid balaları ilə, orduya maddi və mənəvi yardımı ilə!

İndi isə ötən əsrlərdən qalma ənənəni bərpa etmək zamanıdır!

Xeyriyyəçilik hərəkatını dirçəltməklə!

Qoy imkanı olan sahibkar Cocuq Mərcanlıda kiçik müəssisə tikib geri qayıdanlara xidmət göstərsin, onları işlə təmin etsin.

Qoy imkanı olan biznesmen ev tikib geri qayıdan kənd sakininə hədiyyə etsin!

Qoy özəl şirkətlər məktəb, bağça, kitabxana, idman mərkəzi tikməklə, artezian quyuları qazmaqla, fermer təsərrüfatlarının təməlini qoymaqla, kəndarası yolları salmaqla, yaşıllaşma və abadlıq işində fəal olmaqla, digər xeyirxah əməllərlə dövlətə və məcburi köçkünlərə arxa dursunlar!

Xeyirxahlıq və səxavət üçün həmişə imkanmeydan var!

Bu gün meydan işğaldan azad olunaraq məskunlaşdırılan Cocuq Mərcanlıdır!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2017.- 1 fevral.- S. 1.