Regional
inkişafda yeni mərhələ
III Dövlət
Proqramının icrasının üçüncü ilinin
yekunları ölkədə həyata keçirilən
islahatların uğurlu nəticələr verdiyini təsdiqlədi
III Dövlət
Proqramının icrasının üçüncü ilinin
yekunlarna həsr olunan konfrans sosial-iqtisadi sahədə həyata
keçirilən islahatların davamlı olduğunu bir daha
göstərdi. Bütün bunlar həm də ölkə
başçısının müəyyənləşdirdiyi
iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini,
respublikanın gerçək potensialı ilə
uzlaşdığını təsdiq edir.
Ötən il Azərbaycanın
sosial-iqtisadi inkişafı mürəkkəb xarici iqtisadi
mühit, o cümlədən dünya enerji bazarında
qeyri-sabitlik, əsas ticarət tərəfdaşlarımızın
milli valyutalarının devalvasiyası, bunun nəticəsi
kimi ölkənin gəlirlərinin azalması, manata təzyiqlərin
artması ilə müşayiət olundu. Bütün bu
çətinliklərə baxmayaraq, ölkə rəhbərliyi
tərəfindən vaxtında qəbul edilən müdrik qərarlar
sayəsində Azərbaycan analoji problemlərlə üzləşən
ölkələr arasında böhran vəziyyətindən ən
az itkilərlə çıxdı.
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü
ilinin yekunlarına həsr olunan konfransda qarşıya qoyulan vəzifələrin
ardıcıl həyata keçirilməsi də ölkəmizin
davamlı inkişafını təmin edəcəkdi.
Qlobal
böhranın mənfi təzahürlərinin dəf edilməsi
istiqamətində atılan çevik addımlar
inkişafın Azərbaycan modelinin dayanıqlığını
təsdiq etdi
Dünyanın bir sıra
ölkələrini iflic duruma salan maliyyə
böhranının mənfi təzahürlərinin dəf
edilməsi istiqamətində atılan çevik addımlar
inkişafın Azərbaycan modelinin
dayanıqlığını təsdiq edir. Son 2 ildə geosiyasi səbəblər üzündən neftin qiymətinin
kəskin azalması, ortamüddətli dövrdə ölkə
iqtisadiyyatına, habelə bank sektoruna neqativ psixoloji təsirlərin
artması, xarici iqtisadi mühitin pisləşməsi, dövlət
və özəl sektorların gəlirlərinin -
işgüzar maddi fəallığın səngiməsi
fonunda maliyyə-bank sektorunun dayanıqlığının
qorunub saxlanılması zərurəti hökumət
qarşısında bir sıra
çağırışları
aktuallaşdırmışdır.
Qlobal böhranın dərinləşməsinə
baxmayaraq, ötən il kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə
5 faiz artıb. Davos Dünya İqtisadi Forumu Azərbaycanla
bağlı verdiyi hesabatda yenə də müsbət rəy
bildirib. Ölkələrin rəqabətqabiliyyətliyinə
görə Azərbaycan üç pillə irəliləyərək
37-ci yerdə qərarlaşıb. Hazırkı
şəraitdə hökumətin bütün səyləri
özəl sektoru böhranın mümkün mənfi təsirlərindən
qorumaq, istehsal sahibkarlığını inkişaf etdirmək,
rəqabətqabiliyyətliliyi təmin etmək, ixrac
potensialını gücləndirməkdir.
İnkişaf etmiş
dövlətlərin təcrübəsi də sübut edir ki,
iqtisadiyyatın sabit tempini qorumaq üçün regional
inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin
qorunub saxlanılması vacib şərtlərdəndir. Dövlət
başçısı İlham Əliyevin təsdiq etdiyi
regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramları da bu baxımdan mühüm əhəmiyyət kəsb
etmişdir. Dövlət proqramları çərçivəsində
həyata keçirilən tədbirlər regionlarda
sahibkarlığın inkişafını sürətləndirmiş,
oradakı əmək ehtiyatlarından, təbii iqtisadi
resurslardan kifayət qədər səmərəli istifadəyə
imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı
inkişafına, infrastrukturun müasirləşdirilməsinə,
əhalinin məşğulluğunun artırılmasına,
yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin
yaratmışdır.
Azərbaycanda bazar iqtisadiyyatı
prinsiplərinin tam bərqərar olması, xarici
investisiyaların daha çox qeyri-neft sektoruna, regionların
inkişafına yönəldilməsi, əlverişli
sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi
inkişaf strategiyasının ana xətti kimi diqqəti
çəkir. Yeni neft strategiyası çərçivəsində
böyük iqtisadi-siyasi dividendlərə yol açan qlobal
enerji və kommunikasiya layihələrinin
reallaşdırılması, qeyri-neft sektoruna diqqətin
artırılması, neftdən asılılıq dərəcəsinin
azaldılması, regionların tarazlı və davamlı
inkişafı, yeni müəssisələrin yaradılması,
bölgələrin tarixi məşğulluq ənənələrinin
bərpası yolu ilə yeni iş yerlərinin
açılması, əhalinin sosial müdafiə tədbirlərinin
gücləndirilməsi ötən 13 ildə cənab
İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi
mühüm vəzifələrdən olub.
Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
icrası bölgələrin simasını dəyişdirib
Ölkə
başçısının 2014-cü il
27 fevral tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının üçüncü ilinin yekunları təsdiq
etdi ki, qeyri-neft sektorunun inkişafı sahəsində
2004-cü ildən başlanmış tədbirlər
uğurla davam etdirilib.
Dövlət proqramı çərçivəsində
görülən işlər regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsinə, yeni müəssisə və
iş yerlərinin açılmasına, əhalinin rifah
halının daha da yaxşılaşdırılmasına gətirib
çıxarıb. Regionların sosial-iqtisadi
inkişafı sahəsində həyata keçirilən siyasət
ölkənin makroiqtisadi göstəricilərinin
yaxşılaşmasına səbəb olub. Bölgələrdə sahibkarlığın
inkişafı aparılan işlərin uğurlarından xəbər
verir.
Prezident İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü
ilinin yekunlarına həsr olunan konfransda bildirib: “Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
icrası bölgələrimizin simasını dəyişdirmişdir.
Bugünkü konfrans sayca 14-cüdür.
On dörd ildir ki, biz hər il ilin əvvəlində
görülən işlərə qiymət veririk,
nöqsanları aşkar edirik və gələcək
üçün fəaliyyət planımızı tuturuq. Bu il də bu ənənəyə sadiq qalaraq bu
konfransı keçiririk.
Əslində, biz regional
inkişaf proqramlarını tərtib edərkən bölgələrdən
rəylər aldıq. Bizim bu gün müzakirə etdiyimiz və
2014-cü ildə qəbul olunmuş üçüncü
Dövlət Proqramı da yerlərdən gələn təkliflər
əsasında və ölkəmizin strateji istiqaməti nəzərə
alınaraq tərtib edilmişdir. Proqramların
məqsədi məhz ondan ibarətdir ki, bütün
mövcud problemlər, insanları narahat edən sosial məsələlər
öz həllini tapsın. Bizim
proqramlarımız çox konkretdir. Qarşıya
çox konkret hədəflər qoyulur və deyə bilərəm
ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə
və uğurla icra edilmişdir. Əminəm
ki, üçüncü proqramın taleyi də eyni olacaq”.
III Dövlət
Proqramının icrasının üçüncü ilinin
yekunlarına həsr olunan konfrans regionların davamlı
inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin
uğurla gerçəkləşdiyini sübuta yetirdi. İnfrastrukturun
yeniləşdirilməsi insanların firavan və rahat
yaşayışı, sahibkarlığın dinamik
inkişafı məsələləri ilə yanaşı, bu
gün həm də ölkənin milli təhlükəsizliyi
ilə bağlı məsələdir. Həyata
keçirilən iqtisadiyyatın şaxələndirmə tədbirləri,
sahibkarlığın inkişafı, investisiya mühitinin
daha da yaxşılaşdırılması nəticəsində
qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.
Sahibkarlığın
inkişafında yeni mərhələ
Dövlət
başçısının ölkədə
sahibkarlığın inkişafı istiqamətində
atdığı addımlar sistemli və ardıcıl fəaliyyət
konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti
hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi
hesab edilən sahibkarlığın inkişafı
sosial-iqtisadi sistemin yenidən qurulmasında,
sosialyönümlü problemlərin kompleks həllində
mühüm rol oynayir. Ötən illər
ərzində sahibkarlığın hüquqi bazasının
sistem halına gətirilməsini təmin edən qanunlar və
bir sıra digər mühüm normativ sənədlər qəbul
edilib. Eyni zamanda, mərkəzdə və
regionlarda infrastrukturun yeniləşdirilməsi, respublikanın
müxtəlif bölgələrində modul tipli elektrik
stansiyalarının qurulması dövlətin özəl
sektora dəstəyinin real təzahürüdür.
Sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin
həcminin ildən-ilə artırılması, iş
adamlarının fəaliyyətinə süni müdaxilələrin
aradan qaldırılması, antiinhisar və korrupsiyaya
qarşı mübarizə tədbirlərinin gücləndirilməsi
iş adamları tərəfindən də razılıqla
qarşılanır. Xatırladaq ki, 2004-cü
ildən bu günə qədər Azərbaycan
sahibkarlarına təxminən 2 milyard manat dəyərində
güzəştli şərtlərlə kreditlər verilib.
Bu kreditlər ölkə iqtisadiyyatının
inkişafına böyük dəstək olub. Ötən
il isə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib
və nəticədə 8100-dən çox yeni iş yeri
açılıb. Kreditlərin 74 faizi
regionların payına düşür. Görülən
işlər nəticəsində regionlarda 147 sənaye müəssisəsi
açılıb və bir sıra sənaye obyektlərinin
tikintisinə başlanılıb. Son illər 20 rayonda 44
min hektaradək ərazidə 22 sahibkar tərəfindən
müasir suvarma sistemlərinin və innovativ texnologiyaların
tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı
yaradılıb.
Bu gün qarşıda duran
ümdə vəzifələrdən biri ixracın həm məhsulların
çeşidi, həm də coğrafiyası baxımından
şaxələndirilməsidir. Bu məqsədlə
“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə yerli
şirkətlərin ixracla bağlı xarici ölkələrdə
sertifikat və patentlərin alınmasına, ixracla əlaqəli
tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən
xərclərin bir hissəsinin dövlət büdcəsi
hesabına ödənilməsinə və
ixracyönümlü istehsala verilən kreditlərə əlavə
güzəştlərin tətbiqi məqsədilə
mühüm işlər görülüb. İmzalanmış müqavilələrə əsasən
yeni bazarlar olan Çinə şərab, Birləşmiş
Ərəb Əmirliklərinə ərzaq məhsullarının
ixracına başlanılıb. Ötən ilin
noyabrından etibarən şərab, pambıq ipliyindən məmulatlar,
konservlər, su və şirələr, fındıq və
digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya,
Türkiyə, Belarus və sair ölkələrə
ixracı ilə əlaqədar ixrac təşviqinin ödənilməsinə
dair qərarlar qəbul edilib. “İxracatçılar
Klubu”nun 10 iclası keçirilib, Export.az ixrac portalı istifadəyə
verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz,
tikinti materialları, arıçılıq məhsulları
istehsalçıları və ixracatçıları
assosiasiyaları yaradılıb, mənşə
sertifikatının verilməsi sadələşdirilərək
müddəti üç gündən bir günə endirilib.
Ümumilikdə ötən il tərəvəz ixracı 41
faiz, meyvə ixracı 11 faiz, pambıq iplik ixracı isə 25
faiz artıb.
Prezident İlham Əliyev qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması, rəqabət
qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və
ixracının, ənənəvi və yeni bazarlara
çıxış imkanlarının artırılması,
bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi
məqsədilə 18 yanvar 2016-cı il tarixində “Qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması ilə
bağlı əlavə tədbirlər haqqında” sərəncamı
mühüm əhəmiyyətli sənəd olub.
Azərbaycanda
sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının
diversifikasiyası baxımından həyata keçirilən
dövlət siyasətinin aparıcı istiqamətlərindən
birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün
sahələrində, xüsusilə prioritet inkişaf sahələrində
işgüzar fəaliyyət üçün
normativ-hüquqi, təşkilati və maliyyə təminatı
səviyyəsinin yüksəldilməsinə yönəldilib.
Dövlət proqramında davamlı iqtisadi
inkişafın təmin edilməsi baxımından kiçik
və orta sahibkarlığın dünya iqtisadiyyatına
inteqrasiyasının sürətləndirilməsində, ixrac
potensialının artırılmasında və cəmiyyətin
sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi
nəzərdə tutulur.
Sahibkarlığın inkişafına mane olan bürokratik amillərin aradan qaldırılması, iş adamlarının pozulmuş hüquqlarının bərpası, dövlət idarəçiliyinin müasirləşdirilməsi, özəl sektor üçün problemlər yaradan bəzi dövlət qurumlarının ləğvi ölkə başçısı İlham Əliyevin yürütdüyü iqtisadi siyasətin mahiyyətindən irəli gəlir. Sahibkarlıq fəaliyyəti üçün xüsusi lisenziyaların alınması prosesinin sadələşdirilməsi və “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi, Vergi Məcəlləsində mütərəqqi dəyişikliklərin edilməsi də sahibkarlığın inkişafına göstərilən dəstəkdir.
Azərbaycanın davamlı inkişafının və iqtisadi dayanıqlığının təmin olunmasında ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı proqramlarının müstəsna əhəmiyyəti var. Regional inkişaf sahəsində əldə olunmuş uğurlu nəticələr deməyə əsas verir ki, respublikamız qlobal böhrandan irəli gələn çətinliklərə baxmayaraq, davamlı inkişaf edir. Ölkəmizdə həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni - Azərbaycan modelinin formalaşmasına zəmin yaradıb. Son 13 ildə tam şəkildə formalaşan və dünyada tanınan bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edib.
Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət Azərbaycanı regionda davamlı inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətə çevirib. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə regional inkişafa xidmət edən proqramların həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi də diqqət mərkəzindədir.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.- 1 fevral.- S.1, 2.