Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlıq genişlənir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Avropa bürosunun direktoru Vinsent Koçetel ilə görüşüb

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən göstərilən humanitar yardımın və təşkilatla ölkəmizin əməkdaşlığının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazir həmsöhbətinə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə aparılan bərpa işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verib. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Vinsent Koçetel BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, ölkəmizdə QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qaydasına dəyişikliklərin edilməsini müsbət hal kimi qiymətləndirib.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2017.- 1 fevral.- S. 3.