Böyük Çillə başa çatdı

 

Ulu əcdadlarımız qış fəslini üç qismə bölmüşlər: Böyük Çillə, Kiçik Çillə, Boz ay. Böyük Çillə bir az mülayim, bir az sərt, qırx gün davam edir. Bu Çillə dekabrın 21-22-dən başlayaraq yanvar ayının son gününədək davam edir. Böyük Çillə insana o qədər də ziyan vurmur. Böyük Çillənin qarlı-tufanlı günlərinə el arasında qaraqış deyirlər. Bu müddətdə qış ağır keçir. Böyük Çillədə torpağı şumlayıb qış aratına qoyar, arxları təmizləyər, ağacların dibini yumşaldarlar. Əcdadlarımızın dediyi kimi, bu çillədə torpaq “qırxın çıxardar”.

Böyükdü bir belə,

Gəldi elə gülə-gülə.

gülün də göstərdi.

Nə nənəmi dağlatdı,

Nə uşağı ağlatdı.

Tay qoydum karvanına, taylı olsun.

Pay qoydum xurcununa, paylı olsun.

Böyük Çillənin gəlişi gedişi ilə əcdadlarımız bayram keçirmişlər. Böyük Çillənin gəlişi ilə keçirilən, magik xarakter daşıyan bu bayramın adı Yelda adlanır. İslamaqədərki bayramlarımızdan hesab olunan Yelda dekabrın 21-dən 22-nə keçən gecə qeyd olunur. Miladi tarixi ilə dekabrın 21-22-nə keçən ən uzun qaranlıq gecənin keçirilməsi Böyük Çillənin girməsi ilə bağlıdır. Yelda gecəsi - Yer kürəsinin şərq yarımkürəsində, ilin ən uzun qaranlıq gecəsidir.Qurani-Kərim”dəilmənasını verənsənə (tək halda) - sinin (cəm halda)” kəlməsindən on doqquz yerdə istifadə olunmuşdur.

Zərdüştilər Yelda gecəsinin dini mərasimlərlə bağlı olduğunu iddia etsələr , sonralar bu bayramı qəbul etmişdilər. Niderlandda bu günü Müqəddəs Tomas günü, Çində Duncçitsze bayramı, slavyan mifologiyasında Karacun, Azərbaycanda Yelda gecəsi, (Böyük Çillənin gəlişi, Cillə gecəsi), Təbrizdə isə onu Şəbi-Yelda (Yelda geçəsi) kimi hər il qeyd edirlər. Həmin gündən günəşli günlər uzanmağa başlayır. Bayramın rəmzi işığın qaranlıq üzərində simvolik qələbəsidir. İnanca görə, bu gecədə qarın yağması, ilin sevincinə, bol bərəkətinə səbəb olur.

Yer kürəsinin Günəş ətrafına bir dəfə tam dövrü il ərzində gerçəkləşir. Bu müddətdə Ay həm öz, həm Yer kürəsi ətrafında 12 dəfə dövr edir. Bu, Ay təqviminə görə, tam bir ilə bərabərdir. Lakin Yer kürəsi bu dövrü tamamlayıb başlanğıc nöqtəsinə gəldikdə, Ay hələ həmin nöqtəyə gəlib çatmır. Yer kürəsinin Ayla eyni başlanğıc nöqtəsində görünməsı üçün 19 il keçməlidir. On doqquz illik bir müddət astronomiyada metonoli adlanır. Yəni, Ay təqvimi 19 ildən bir düzəldilməlidir. Bu 19 ilin 7 ili artıq (355 günlük), 12-si isə tam illərdir (354 günlükdür). 355-in tək, 354-ün cüt ədəd olduğunu nəzərə alaraq, başqa bir həqiqət ortaya çıxır. Qurani-Kərimdəilmənasını verənsənəkəlməsindən isə (tək halda) 7, “illərmənasını verənsininkəlməsindən isə (cəm halda) 12 dəfə istifadə olunmuşdur ki, onların cəmi 19-dur”. Bu gecə şəms ilinin, dey ayının başlanğıc gecəsidir, azər ayının - qışın ilk başlanğıc gecəsi Novruz bayramına üç ay qalmışa təsadüf edən bir gecədir. Qırx gün davam edən Böyük Çillənin ilk günüdür.

Böyük Çillənin ömrü qırx gün davam edir deyə, xalq əvvəlcədən qışa hazırlıq görərdi. Əvvəlki illərdə qış ayları çox sərt, soyuq keçirmiş. Ona görə də insanlar qışın gəlişini ruh yüksəkliyilə, bol süfrə ilə qarşılayırdılar ki, qış ağır keçməsin. Dağlıq ərazidə yaşayanlar bu bayramı daha önəmli keçirirlər. Əvvəlcədən bolluq üçün ərzaq tədarük edilirdi. Qışın başlamasından daha çox çobanlar narahat olduqları üçün süfrədə təmtəraq yaradırdılar ki, üzümüzə gələn il İnşallah bolluq ili olsun, mal-qara aclıqdan, soyuqdan əziyyət çəkməsin. Bu bayram gecəsi Tanrıya nəzir-niyaz deyilib ki, qış yaxşı keçsin, qarşıdan gələn yazda taxıl, meyvə, tərəvəz bol olsun. Gələn illərin, ayların, xoş gəlməsi üçün aylı gecədə, isti sobanın kənarında oturub, səhərə kimi nağıllar, dastanlar, qaravəllilər söyləyərmişlər. Gecədən sübhə kimi insanlar dua edərmişlər ki, qışdan yaza sağ-salamat çıxsınlar. Bu gecə insanlar üçün həm də arzu, niyyət gecəsi olub. Yelda gecəsi insanlar çalışırdılar ki, yatmasınlar. Gənclər, xüsusilə qızlar, iri mis teşti ortaya qoyub iki tərəfində üz-üzə oturar, ətəkliyi teştin üzərinə sərib başmaq topuğuyla sümükləri oynadan hava çalardılar.

İlin yeni baharının bünövrəsini qalın qışla qoyan gecə nağıl, dastan danışılar, qovurğa, qovut yeyilərdi. Günəşin şüalarını xatırladan qarpız dilimi yeməklə xəstəlikdən, azar-bezardan uzaq olacaqlarını düşünərdilər. Səhəri gün Günəşin qələbəsi kimi bayram edilirdi.

Yay aylarında qarpızı, boranını xarab olmasın deyə ot tayalarının, ya da samanın içərisində “Çillə çıxarma bayramı” üçün saxlayırlar. Həmin gün böyük süfrə açılar, qarpız dilimlənər hər dilimini bir siniyə qoyar, üstünə örtük salar, xonça kimi paylayarlar. Kasıb evlərdə süfrəyə qovurğa, hətta balqabaq tumu belə qovurub qoyarlar. Ümumtürk bayramı olan Yelda gecəsindən əvvəl təmizlik işləri başlanardı, səliqə-sahman yaradılardı. Bayrama hazırlaşan qonşular bir-birinə kömək edər, iməcilik keçirərdilər. Qonşuya, qohuma bu gün üçün pay tutulardı. Bu gecədə ən çox yeyilən meyvələrdən nar, tərəvəzlərdən isə qarpız və boranıdır. Bayram günü boranı bişirilər (Lənkəran ərazisində), balıqla bir yerdə yeyilərdi. Qarpız, boranı, nar, dairəvi olduğu üçün həm Yer kürəsini, həm də birlik mənasını daşıyır. Boranı soyuqdəymənin dərmanı olduğundan qış aylarında daha çox yeyilər. Xalqın inamına görə Yelda gecəsi yetərincə qarpız yeməklə insanlar qış uzunu, soyuq və xəstəlikdən qorunacaqlarına inanırlar.

Dekabrın 21-i gecəsi nişanlı qızlara qış xonçası aparılar və onun içərisinə mütləq qarpız, meyvə, şirniyyat qoyular, qız evində qarpız dilimlənər, bütün qohumlar arasında paylanıb yeyilər. Ailə üzvləri, qohum, dost-tanış birləşərək ilin ən uzun gecəsini meyvə, tərəvəz, şirniyyatlar yeməklə səhərə kimi qeyd edərlər. Qohum-qonşular bir-birinə baş çəkər, hal-əhval tutar və hasilə gətirdikləri məhsuldan sovqat-pay apararlar. Torba-dağarcığın bərəkətini üzən payızın ömrü dekabr ayının 21-də başa çatır.

Cənubi Azərbaycanın demək olar ki, bütün bölgələrində əski dövrlərdən Şəbi-Yelda möhtəşəm keçirilmişdir. Bu bayram həmin ərazidə indiyə qədər yaşayır.

Əski dövrlərdən yazarlarımız da bu bayram mərasimini şeirlərində anmışlar. Yelda gecəsi ilə bağlı türkdilli poeziyada, qəzəl ustadlarının irsində xeyli nümunə vardır. Klassiklərimizin, şairlərimizin əksəriyyəti gözəlin qara hörüklərini, zil qara gözlərini, qara qaşlarını Yelda gecəsi ilə müqayisə etmişlər. Azərbaycan ədəbiyyatında Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin, Əzizə Cəfərzadənin, Məmməd Hüseyn Şəhriyarın, Hüseyn Asiqinin, Anarın və digər yazarlarımızın yaradıcılığında bayramın adət-ənənələri təsvir edilmişdir.

 

Almara NƏBİYEVA,

filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2017.- 1 fevral.- S. 8.