Azərbaycanın gələcəyinin etibarlı təminatçıları

 

Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial-iqtisadiictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin qorunmasına və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.

İlham ƏLİYEV

 

Gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaşlar kimi yetişməsi üçün ötən illər ərzində ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Ölkəmizdə gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaq.

Gənclərin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxtregionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə ulu öndər Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdü. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirildi. Gənclərin həyatında çox önəmli və yaddaqalan bir hadisəyə çevrilən forumdan sonra ölkədə gənclərə yeni münasibət açıq-aydın hiss olundu. Hər il fevral ayının 2-nin Azərbaycanda Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayan ulu öndər bəyan etmişdi ki, “biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Bu fikir ölkə gəncləri qarşısında geniş imkanlar açdı və gənclər mühüm dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkildilər.

 

Uğurlu gənclər siyasəti

 

Prezident İlham Əliyev son 13 ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlət başçısı ölkədə gənclər siyasətini uğurla davam etdirərək müvafiq sərəncamı ilə 2007-ci ili “Gənclər ilielan etmişdir. Dövlət tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayği ildən-ilə artırılmaqdadır. Yüksək intellekti və bacarığı ilə seçilən gənclərin dövlət idarəetmə işlərinə cəlb olunmasi deyilənləri bir daha təsdiqləyir. Gənclər siyasətinin həyata keçirilməsində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi gənclərlə işin səmərəsini artırmaqla yanaşı, onların informasiya cəmiyyətinə uyğunlasmasına real zəmin yaradır. Son illər qəbul olunmuş dövlət proqramlarının əksəriyyətində də gənclərlə bağlı bəndlər öz əksini tapmışdır. Prezident İlham Əliyev bildirib: “Gənclər əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar. Biz milli dəyərlərimizi hər şeydən üstün tutmalıyıq”.

Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Bu baxımdan ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın böyük əhəmiyyəti olmuşdur. Prezident İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Dövlət proqramının əsas məqsədi gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi də gənclərin nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi önəm kəsb edir.

 

Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün güclü hüquqi baza yaradılıb

 

Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.

Strategiyada Azərbaycan gəncliyinin çağırış və hədəfləri iki qrupa bölünür: qeyd olunur ki, ümumbəşəri çağırış və hədəflər qloballaşma ilə əlaqədardır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur. Daxili çağırışlar fərdi və ictimai əmin-amanlığı təmin etmək məqsədilə mövcud sosial-iqtisadi imkanlardan gənclərin potensialını gücləndirmək, cavabdehliyini yüksəltmək üçün səmərəli istifadə olunmasını nəzərdə tutur. Azərbaycanın müharibə vəziyyətində olması və ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsini, hərbi hazırlığın müasir tələblərə uyğun təşkilini, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha təsirli tədbirlərin görülməsini zəruri edir. Bu baxımdan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” göstərilən müddəti əhatə edən dövrdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edir.

İnkişaf Strategiyasında göstərilir ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda öz layiqli yerini tutması gənclərin üzərinə də müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Eyni zamanda, yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir. Gənc nəslin nümayəndələri qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların institusional bacarıqları artırılmalıdır. Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır.

Gənclərin intellektual yüksəlişinə sərmayə qoyulması, onların fərdi keyfiyyət və qabiliyyətlərinin inkişafı, nanotexnologiyaları dərindən mənimsəmiş yeni menecerlər sinfinin yaradılması, intellektin milli inkişafda prioritet amili kimi müəyyənləşdirilməsi hazırda qarşıda olan əsas vəzifələrdən biridir. Cənab İlham Əliyev də çıxışlarında daim vurğulayır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita ölkənin perspektiv inkişafının əsas lokomotivi - aparıcı qüvvəsi kimi çıxış edəcək. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illər görülən işlər öz müsbət nəticələrini verib.

 

Gənclər cəmiyyətin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar

 

Prezident İlham Əliyevin 29 yanvar 2016-cı il tarixində Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşümühüm hadisə oldu. Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomlarının və mükafatlarının təqdim olunması bu sahəyə dövlətin diqqətini bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev həmin görüşdə Azərbaycan gənclərinin fəaliyyətini yüksək qiymətləndirdi və konkret tövsiyələrini verdi. Dövlət başçısı bir daha bəyan etdi ki, gənclər cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Həm beynəlxalq müstəvidə, həm də ölkə daxilində fəaliyyət göstərən gənclərimizin xalqa, dövlətə bağlılığını xüsusi qeyd etdi. Bu, çox önəmli məqamlardan biridir. Ölkə başçısı gənclərimizin milli ruhda tərbiyə almasını və milli dəyərlərimizi hər şeydən üstün tutmalarını vacib məqam kimi qiymətləndirdi.

Dövlət başçısı gənclərlə görüşündə dünyada gedən proseslər, qloballaşma və ölkələrə kənar təsirlər məsələsinə də toxundu. Bəzi xarici dairələrin gənclər arasında məqsədyönlü apardıqlarını, bununla da öz məkrli niyyətlərini həyata keçirmək üçün cəhd göstərdiklərini diqqətə çatdırdı. “Gənclər milli ruhda böyüyəndə əlbəttə ki, xarici təsirin heç bir əhəmiyyəti olmayacaq” - deyən Prezident İlham Əliyev vətənpərvərliyi, milli dəyərləri, ənənələri qorumağı vacib məsələ kimi dəyərləndirdi. Azərbaycan iqtidarı bu sahəyə çox böyük diqqət göstərir. Gənclər də bir amala xidmət etməlidir - dövlətçilik, milli maraqlar, azərbaycançılıq, ləyaqət və güclü dövlət onların maraq dairəsində olmalıdır.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bakıda Gənclər Mərkəzinin, regionlarda “Gənclər evinin inşa edilməsi çox mühüm addım oldu. Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının əhatə etdikləri məsələlər kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir ki, onlar 30-dan çox beynəlxalq platformada təmsil olunurlar.

 

Aprel savaşında Azərbaycan əsgəri öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdi

 

Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar sayəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, ölkədə gedən proseslərin önündə olmuşdur. Ötən il aprelin əvvəllərində baş verən hadisələr bir sıra reallıqları da üzə çıxardı. Müzəffər Azərbaycan əsgəri aprelin əvvəllərində düşmən təxribatının qarşısını alaraq əks hücumla 2 min hektar ərazini işğaldan azad etdi. Ali Baş Komandanın düşmənin hərbi təxribatlarının qarşısının alınması və layiqli cavabının verilməsi ilə bağlı əmrləri ordumuzun böyük ruh yüksəkliyinə səbəb olmaqla yanaşı, xalqımızın böyük dəstəyi ilə qarşılandı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradə və qətiyyətini, habelə xalqımızın böyük dəstəyini hiss edən Silahlı Qüvvələrimiz son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktikistrateji hazırlıq səviyyəsi ilə işğal altında olan torpaqlarımızı azad etmək əzmini nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxdılar. İndiki dövr üçün qarşıya qoyulmuş məqsədin reallaşdığını, müəyyən geosiyasi amilləri, habelə müxtəlif ölkə və təşkilatların rəhbərlərinin çoxsaylı çağırışlarını nəzərə alan ölkə rəhbərliyi atəşkəsin dayandırılmasına qərar versə də, dördgünlük müharibə ərzində xalqımız həsrətində olduğu qələbənin şirinliyini dada bildi. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəhbəyə yollanmağa hazır olduğunu bildirmələri də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi. Müzəffər Azərbaycan əsgəri qarşısına qoyulmuş başlıca vəzifəni də uğurla yerinə yetirdi.

Qlobal məkanda ciddi siyasi, sosial və hərbi kataklizmlərin baş verdiyi indiki şəraitdə ölkəmizdə ictimai-siyasi sabitlik, iqtisadi tərəqqi, milli-mədəni dirçəliş təmin edilib. Gənclərimiz vətənin tərəqqisi naminə dövlət başçısının daxilixarici siyasətinə tam dəstək verir, qarşıya qoyulmuş vəzifələri həyata keçirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 2 fevral.- S. 4.