Bənzərsiz təbiət, qədim tarix...
Şamaxıda
turizmin inkişafına imkan verən amillər təkcə
bunlar deyil
Son illər ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən real tədbirlərin sayı getdikcə artır. Bu baxımdan 2016-cı ilin dekabrında Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş strateji yol xəritələri böyük əhəmiyyətə malikdir. Onların arasında Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsinin xüsusi yeri var.
Həmin sənəddə əks olunduğu kimi, son illərin statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biridir. Belə ki, son 5 ildə respublikamızda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və Azərbaycana turist kimi gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 faiz orta illik artım müşahidə edilib. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı müvafiq olaraq 4,5 və 3,3 faizdir.
İstər yerli, istərsə də xarici turistlər üçün paytaxta yaxın olan turizm potensiallı məkanlar daha cəlbedicidir. Bu fikir bir sıra amillərlə əlaqələndirilir. İnsanlar gəzib görmək, istəklərini təmin etmək arzularından başqa, həm də sərfəli səfərlərə üstünlük verirlər.
Bu baxımdan Şamaxı da relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Təbii şəraiti lap qədimdən insanları cəlb edib. Onun mülayim iqlimi, mineral bulaqları xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və bitkilər yazdan payıza qədər ecazkar mənzərə yaradır. Rayonun ərazisində 50-dən çox dərman bitkisi yetişir. Üstəlik, meşələrin zəngin təbiətə malik olması burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyür, qaban, ayı və çölpişiyi üstünlük təşkil edir.
Dağlıq ərazidə yayda azacıq isti, qışda mülayim iqlim müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qalınlığı 30-50 santimetrə çatır. Mərkəzdən 18 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən Pirqulu qış turizmi üçün ideal potensiala malikdir. Xizəkçilik üçün keyfiyyətli sayılan bu yerdə qar oktyabr ayının sonlarından yağmağa başlayır və aprelə qədər qalır. Bu da turizm və idmanın qış növləri üçün əlverişlidir.
Rayonun mədəniyyət və turizm şöbəsinin müdiri Rəfail Tağızadə deyir ki, Şamaxı landşaft ekzotikliyi ilə də seçilir. Pirsaat, Qozluçay, Ağsuçay, Zoğalavayçay və s. çaylar buradan keçirir. Qaraçay, Vəlvələçay və Girdimançay mənbəyini Babadağdan götürür. Bitium, gil, əhəngdaşı, qum-çınqıl və sair kimi faydalı qazıntıları var.
Bu qədim diyar tarixi abidələrlə də zəngindir. Şamaxı şəhəri ərazisində Şirvanşahlar dövrünə aid kəhrizləri, Qaladərəsi kəndinin ərazisində “Xalıd” şəlaləsi, Nağaraxana və Qızmeydan kəndləri yaxınlığında göllər mövcuddur. Rayonun Dəmirçi, Qızmeydan, Məlikçobanlı və Quşçu kəndlərinin yaxınlığında və ya ərazisində palçıq vulkanları var.
Şamaxı bənzərsiz bulaqları ilə də məşhurdur. Turistlər Əngixaran bulağından uzun müddət ayrıla bilmir, heyranlıqlarını gizlətmirlər. Elə Nağaraxana zonasındakı Avaxıl, Çuxuryurd kəndlərindəki bulaqlardan da həmçinin. Bu bulaqların suyu müalicə baxımından da qiymətlidir. Maraqlı yerlərə atla gəzintilər də turistlərin ürəyincə olur. İstirahət və bayram günlərində ölkəmizin paytaxtından və digər yerlərdən gələnlər Şamaxının turizm həyatını daha da canlandırırlar.
Şamaxı-Pirqulu, Şamaxı-Şərədil, Şamaxı-Kələxana turist marşrutları ilə rayonun füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanış olmaq, Astrofizika Rəsədxanasında teleskopla ulduzlar aləmini seyr etmək hər bir turist üçün çox maraqlıdır. XVIII-XIX əsrlərə aid olan yeddi günbəz abidələri, Pir-Mərdəkan xanəgahı, Göylər kəndindəki XII əsrə aid kurqanlar, VIII-XV əsrlərə aid Gülüstan qalası, XII-XV əsrlərə aid Qaleyi-Bəyqurd qalası (Buğurd qalası da deyilir) qonaqlarda böyük maraq doğurur. Şamaxıya İrandan, Türkiyədən, ərəb ölkələrindən, Almaniyadan, Rusiyadan, Çexiyadan, Çindən, Yaponiyadan, Gürcüstandan, İspaniyadan və başqa ölkələrdən turistlər gəlir.
Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən Şamaxının qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilir. Elə buna görə də müasir və qədim Şamaxıya turistlərin marağı getdikcə artır. 2013-cü ilin may ayında 743-cü ilin yadigarı Şamaxı Cümə məscidinin və Şamaxı Astrofizika Rəsədxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi, Şamaxı-Avaxıl yolunun yenidənqurulması rayona daha çox turist axınına səbəb olub.
Bu göstərici 2011-ci ildən hazırkı dövrə qədər təxminən 500 min nəfərə çatıb. Onların arasında xarici turistlərin sayı isə təxminən 81 min nəfərə yaxın olub.
Hazırda rayonda 25 turist obyekti və 5 turist marşrutu mövcuddur. 1 turist
marşrutu isə yeni yaradılır. Mövcud turist marşrutlarına Şamaxı- Gülüstan
qalası, Şamaxı-Kələxana
kəndi, Şamaxı-Göylər
kəndi, Şamaxı-Qaleyi-Bəyqurd
qalası və Şamaxı-Şərədil marşrutları
daxildir.
Şamaxıda turizmin daha da inkişaf etdirilməsi üçün yetərincə imkan və şərait var. Reallaşdırılan layihələr və işlər də elə bundan xəbər verir.
Əli SƏLİMOV
Azərbaycan.- 2017.-
2 fevral.- S.7.