Bakıda görkəmli dirijor, maestro Niyazinin abidəsinin
açılışı olub
Prezidenti
İlham Əliyev mərasimdə iştirak edib
Fevralın 2-də Bakının
Niyazi küçəsində yerləşən parkda görkəmli
dirijor, SSRİ Xalq Artisti, maestro Niyazinin abidəsinin
açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı maestro Niyazinin abidəsinin açılışını etdi.
Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
-Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Azərbaycan xalqının böyük oğlu Niyazinin abidəsi açılır. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Niyazi böyük Üzeyir Hacıbəylinin layiqli davamçısı idi. Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoymuşdur və bu gün onun davamçıları öz sənəti ilə bizi sevindirirlər. Niyazi Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə vermişdir. O, Sovet İttifaqında ən tanınmış və ən istedadlı dirijorlardan biri idi. Niyazi Azərbaycanı, Azərbaycan xalqını həm sovet məkanında, həm dünyada layiqincə təmsil edirdi, xalqımızın istedadını nümayiş etdirirdi. Onun dirijorluq sənəti xalqımızın böyük dəyəridir və demək olar ki, Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi olmuşdur.
Dünyada və sovet məkanında dirijor kimi tanınan Niyazi, eyni zamanda, gözəl bəstəkar idi, onun əsərləri bu gün də yaşayır. Onun əsərlərində Azərbaycan musiqi mədəniyyəti özünü büruzə vermişdir.
Niyazinin çox böyük ictimai fəaliyyəti də olmuşdur. O, bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Onun fəaliyyəti xalq, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sovet İttifaqının Xalq Artisti adına layiq görülmüşdür. Sovet İttifaqının ən böyük mükafatı - Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzu ilə təltif edilmişdir. Bu təltiflər və eyni zamanda, ona verilmiş beynəlxalq mükafatlar doğrudan da onu göstərir ki, Niyazi böyük şəxsiyyət, böyük sənətkar və Azərbaycan xalqının layiqli nümayəndəsi idi. Biz haqlı olaraq onun sağlığında da onunla fəxr edirdik, bu gün də fəxr edirik.
Mənim Niyazi ilə bağlı öz xatirələrim var. Atam, ulu öndər Heydər Əliyevlə onu dostluq əlaqələri bağlayırdı. Heydər Əliyev həmişə Niyaziyə çox böyük diqqətlə, qayğı ilə yanaşırdı. Dəfələrlə Niyazi müəllim və Həcər xanım bizim evimizdə olmuşlar. O məclislərdə mən də iştirak etmişdim və görürdüm ki, doğrudan da Niyazi çox gözəl insandır. Onu tanıyanlar bilirlər ki, onun çox gözəl xatirələri olmuşdur, gözəl əhvalatlar bilirdi, çox zarafatcıl idi, onda çox böyük yumor hissi var idi. Doğrudan da o xatirələr bu gün də mənim yaddaşımda yaşayır, bu, unudulmaz günlər idi. İndi vaxt keçdikcə, əlbəttə, biz daha aydın şəkildə görürük ki, Niyazi dahi şəxsiyyət idi və yenə də deyirəm, o, xalqımızı ləyaqətlə təmsil edirdi.
Azərbaycan dövləti öz mədəni irsinə həmişə böyük diqqətlə yanaşır. Biz görkəmli şəxsiyyətlərimizin xatirəsini yaşadırıq, əbədiləşdiririk. Son bir neçə il ərzində şəhərimizin mərkəzində ardıcıllıqla görkəmli mədəniyyət xadimlərinin – Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün, Rəşid Behbudovun abidələri açılmışdır. Bu gün bu gözəl parkda, Niyazinin adını daşıyan bu gözəl küçədə Niyazinin abidəsi də açılır.
Niyazinin adı Azərbaycanda əbədiləşdirilib. Azərbaycan teleradio şirkətinin simfonik orkestri, uşaq musiqi məktəbi, gəmi, küçə onun adını daşıyır, bu gün də Niyazinin möhtəşəm, çox gözəl və əzəmətli, eyni zamanda, bu əraziyə uyğun abidəsi açılır.
Onu da qeyd etməliyəm ki, bu il bir neçə görkəmli şəxsiyyətlərimizin yubiley tədbirləri dövlət səviyyəsində qeyd ediləcək. Bülbülün 120 illik, Tofiq Quliyevin, Cövdət Hacıyevin 100 illik, Mstislav Rostropoviçin 90 illik yubileyləri bu il, Qara Qarayevin 100 illik yubileyi isə gələn il keçiriləcək. Bütün bu əlamətdar tarixlər dövlətin tam dəstəyi ilə yüksək səviyyədə keçiriləcək.
Ümumiyyətlə, demək istəyirəm ki, biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər, əsaslar üzərində qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir. Biz xalq olaraq öz mənliyimizi ona görə qoruya bilmişik ki, öz mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı qoruya bilmişik və bu gün də qoruyuruq.
Azərbaycan xalqı öz görkəmli nümayəndələri ilə fəxr edir. Fəxr edirik ki, bizim görkəmli mədəniyyət, incəsənət nümayəndələrimiz dünya miqyasında özlərinə yer tapa biliblər. Bu, əlbəttə, xalqımızın istedadını göstərir və onu göstərir ki, biz dünya mədəniyyət xəzinəsinə çox böyük və dəyərli töhfələr vermişik.
Bu gün Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri də humanitar sahə - mədəniyyət, incəsənət və ədəbiyyat ilə bağlıdır. Son illər ərzində bu istiqamətlərdə böyük işlər görülmüşdür. Bizim 20-dən çox teatrımız, muzeyimiz əsaslı şəkildə təmir olunub. Azərbaycan o ölkələrdəndir ki, hətta iqtisadi çətinliklərə baxmayaraq, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir. Çünki bu, həm bu gün üçün, həm də gələcək üçün lazımdır. Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu, çox əlamətdar hadisədir. Bu, sadəcə olaraq bir musiqi müsabiqəsi deyil. Muğam müsabiqələri bizim milli musiqimizi yaşadan tədbirlərdir. Bu tədbirlərin çox böyük əhəmiyyəti var. Müxtəlif bölgələrdə muğam evlərinin yaradılması, musiqi məktəblərinin tikilməsi bu istiqamətdə atılan düzgün addımlardır. Mən son illər ərzində bölgələrdə dəfələrlə musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin, muğam mərkəzlərinin açılışlarında olmuşam və bütün bu binalar, orada yaradılmış şərait əlbəttə ki, bizi sevindirir və bir daha bizim niyyətimizi göstərir. Bugünkü mərasim, yəni, böyük sənətkar Niyaziyə ucaldılmış bu abidənin açılışı bax, bu sıradan olan addımlardır.
Mən sizi və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Sağ olun.
X X X
Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad BƏDƏLBƏYLİ çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident, çox sağ olun. Siz Niyazi haqqında əsl musiqişünas kimi çıxış etdiniz. Mənə deməyə heç bir şey qalmır. Onu sadəcə insan kimi xarakterizə etmək istərdim.
Niyazi bizim üçün, əlbəttə, nəinki böyük maestro, böyük bəstəkar, həm də çox əziz bir insan idi. Həcər xanımı yada saldınız, çox sağ olun. Onların evində biz ikinci konservatoriyanı qurtarmışıq. Mən, Polad, Müslüm, Xuraman, Fidan konsertlərdən sonra saat 4-ə, 5-ə qədər o evdə əyləşir və musiqi haqqında danışırdıq. O evdə çox görkəmli musiqi xadimləri olub - Şostakoviç, Rixter, Koqan, Rostropoviç, Oystrax və başqaları. Maestro həmişə konsertdən sonra evində süfrə açırdı. Bu baxımdan da o, yeganə bəstəkar idi. Hətta bəzi bəstəkarların əsərlərinin premyerası olurdu, amma bəstəkar yox, maestro qonaqlıq verirdi. O, belə qonaqpərvər idi. Onun evində həqiqətən xüsusi bir ab-hava var idi.
Şostakoviç gözəl deyib ki, Azərbaycan bəstəkarları xoşbəxtdirlər, çünki bu ölkədə Niyazi var. Maestro Niyazi Praqada, Londonda, Parisdə, hər yerdə dirijorluq edirdi. Vaxtilə Leninqradda məşhur Marinski Opera Teatrının baş dirijoru idi. Arif Məlikovun “Məhəbbət əfsanəsi”ni Leninqradda məhz maestro Niyazi səhnəyə qoydu. Həmin premyeradan sonra bu balet bütün dünyaya yayıldı. Bu əsər artıq 60 ölkədə ifa olunub.
Maestro Niyazi, əlbəttə, Qara Qarayevlə, Fikrət Əmirovla işləyirdi və onların yeni əsərlərinə birinci dirijorluğu da o edirdi. Maestro Niyazi əsl xalq adamı idi. Məsələn, biz yayın isti günlərinin birində rayondan qayıdarkən gördük ki, qızlar pambıq yığırlar. Günün qızmar çağı idi, isti hamımızı əldən salmışdı. Maestro dedi ki, dayanın, hamınız avtobusdan düşün, qızlar üçün konsert verəcəyik. Həqiqətən pambıqçı qızlar mat qalmışdılar. Böyük maestronun rəhbərliyi ilə musiqiçilər onlar üçün Üzeyir bəyin uvertürasını ifa edirdilər. Bax, o, belə insan idi, millətini ürəkdən sevirdi, hamı ilə görüşür, salamlaşırdı. Əlbəttə, biz hamımız ona borcluyuq. Bu gözəl heykəldə hər şey əksini tapıb. Bu abidədə onun uğurları da, dərdləri də ifadə olunub. Bu, çox gözəl sənət nümunəsidir. Ömər müəllim, çox sağ olun. Bu, doğrudan da böyük bir sənət əsəridir. Çox gözəl məkanda qoyulub. Məncə burada kiçik konsertlər də vermək olar ki, saat 1-dən 2-yədək məmurlar gəlib konsertə baxsınlar.
Çox sağ
olun, cənab Prezident. Heç bir ölkədə
sənət adamlarına belə diqqət yoxdur. Bunu açıq demək lazımdır. Biz hər yerdə olurduq. Nə
yubiley keçirilirdi, nə başqa bir tədbir. Deyirdilər
ki, yubiley var get özün keçir. Ancaq indi Sizin
sərəncamlarınızla nə qədər yubiley tədbirləri
keçirilir. Allah qoysa, bu yaxınlarda Qara
Qarayevin 100 illik yubileyi, Cövdət Hacıyevin, Tofiq Quliyevin
yubileyləri keçiriləcək. Bunlar
da böyük hadisələrdir. Cənab Prezident,
işinizin həddən çox olmasına baxmayaraq, hər
şey Sizin yadınızdadır.
Bu gün qarlı və
günəşli bir gündür. Mən
xatırlayıram, Qara Qarayevin heykəlinin
açılışında da qarlı və günəşli
gün idi. Yenə qayıdıram bizim
cavanlıq illərimizə. 1982-ci ildə
biz Şuşada qarlı bir gündə Ulu Öndərimizlə
bir yerdə Vaqifin məqbərəsini açırdıq.
Mən əminəm ki, Siz Prezident kimi və ətrafınızda
olan biz ziyalılar yaxın gələcəkdə azad
Şuşada Üzeyir bəyin, Xan qızının,
Bülbülün heykəllərini bərpa edəcəyik.
Çox sağ olun.
X X X
Bəstəkar, Xalq Artisti Faiq
SÜCƏDDİNOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident.
Bu gün doğrudan da
çox gözəl bir gündür. Biz bu gözəl heykəlin
yanında dayanmışıq. Bu, Bakı
şəhərində beşinci heykəldir. Doğrudan da bu, bizim musiqimizə, mədəniyyətimizə
böyük bir qiymətdir. Yadımdadır,
böyük müğənni Rəşid Behbudov ilə
maestro Niyazinin yanına gəldik. Mən
bir mahnı yazmışdım “Zəfərlər
bayrağı”, Ulu Öndərin də xoşuna gəlmişdi.
Maestro çox böyük diqqətlə dinlədi,
partituraya baxdı. Hətta mənə pultun arxasına
keçməyə icazə verdi. Rejissor Kərim Kərimov da burada idi. Mən pultun arxasına keçdim. Onlar mat
qaldılar ki, nə əcəb maestro mənə icazə verdi. Əlbəttə, bu, onun
sadəliyindən, səmimiliyindən, insanlığından
irəli gəlirdi.
Mən Sizə təşəkkür
edirəm, cənab Prezident. Bu, beşinci abidədir
ki, bu gün Bakı şəhərində
açılır. Bu, Azərbaycanın
böyük mədəniyyətinə böyük qiymətdir.
Sağ olun, cənab Prezident, nə yaxşı ki, Siz
varsınız, bizə belə yüksək qiymət
verirsiniz. Çox sağ olun.
X X X
Beynəlxalq müsabiqələr
laureatı, dirijor Əyyub QULİYEV çıxış edərək
dedi:
-Möhtərəm cənab Prezident.
Hörmətli xanımlar və
cənablar.
Bu gün doğrudan Azərbaycan
musiqiçiləri üçün və xüsusən də
gənc musiqiçilər, gənc dirijorlar üçün
çox əlamətdar bir gündür. Hətta mənə
elə gəlir ki, təbiət də bu hadisəyə sevinir,
günəşli gündür. Çünki
maestro Niyazi Azərbaycan mədəniyyətinin günəşi
idi. Həmişə də günəş
kimi parlayır, xüsusilə də Azərbaycan musiqiçiləri
və Azərbaycanı dünyanın müxtəlif ölkələrində,
şəhərlərində təbliğ edən dirijorlar
üçün bir simvol rolunu oynayır.
Cənab Prezident, bu gün maestro
Niyazinin abidəsinin açılışının çox
böyük rəmzi mənası var. Çünki biz bu
gün – fevralın 2-də ulu öndərimiz, ümummilli
liderimiz Heydər Əliyevin təməlini qoyduğu Gənclər
Gününü qeyd edirik. Bu gün gənclərin
bayramıdır, eyni zamanda, mənim timsalımda Azərbaycanın
bütün gənc dirijorlarının bayramıdır.
Çünki Siz bizə bu gün belə bir hədiyyə
təqdim etdiniz. Bu, Azərbaycanın
bütün musiqiçilərinə, gənc musiqiçilərinə
olan böyük bir diqqətdir. Maestro
Niyazinin adı bizim ürəyimizdədir, qəlbimizdə həmişə
yaşayır. Çünki biz xarici
ölkələrdə maestro Niyazinin əsərlərini ifa
edirik. Misal üçün bu yaxınlarda
Moskva filarmonik orkestrinin müşayiəti ilə maestro
Niyazinin və dahi Qara Qarayevin əsərlərini ifa etdik.
Konsertdən sonra musiqiçilər bizə
yaxınlaşıb həmin əsərlərin
notlarını istəyirdilər. Nyu-Yorkda
“Carnegie hall”da, Fransada Yelisey Teatrında Lamurö orkestrı ilə
maestro Niyazinin əsərlərini ifa etdik. Əcnəbi ölkələrin musiqiçiləri
böyük sevgi və ehtiramla yaxınlaşıb həmin əsərlərin
notlarını bizdən istəyirdilər. Hər bir konsertdən, festivaldan, mərasimdən
öncə biz maestro Niyazini yada salırıq. Çünki o, bizim müəllimimizdir, mənəvi
dayağımızdır. Çünki
maestro Niyazi Opera və Balet Teatrında, Dövlət Simfonik
Orkestrində baş dirijor işləyən zamanlarda da
çox böyük bir məktəb, böyük
musiqiçilər ordusu yaratmışdı. İndi də gənc dirijorlar onun sənətini
davam etdirirlər. Dörd gün sonra biz
Frankfurt radio orkestrı ilə onun, Qara Qarayevin, Fikrət
Əmirovun əsərlərini ifa edəcəyik. Bundan
böyük xoşbəxtlik ola bilməz. Artıq maestro Niyazi Azərbaycanın brendinə
çevrilib. Elə bir ölkə yoxdur
ki, orada maestro Niyazini tanımasınlar və sevməsinlər.
Möhtərəm cənab
Prezident, Azərbaycanın bütün gənc musiqiçiləri
adından bu gözəl, işıqlı gündə, bu
bayramda bizə etdiyiniz bu ərməğana görə, bu sənət
stimuluna görə minnətdarlığımızı
bildiririk. Çünki bu, dirijorlarımız, musiqiçilərimiz
üçün doğrudan da stimuldur. Artıq
qeyd olunduğu kimi, dahi musiqiçilərimiz Qara Qarayevin, Fikrət
Əmirovun, Rəşid Behbudovun abidələri
ucaldılıb. Bu gün isə maestro
Niyazinin abidəsi ucaldı. Bu, Azərbaycan
gəncliyinə bir mesajdır ki, Vətənimizin görkəmli
insanlarını həmişə xatırlamalıdır və
onları yad etməlidir. Bu, bizim borcumuzdur.
Bir daha Sizə təşəkkürümüzü
bildiririk, cənab Prezident. Bu mərasimdə
iştirakınızla bizi qürurlandırdınız. Var olun ki, Azərbaycan mədəniyyətini
qoruyursunuz. Görürük ki, dünyada
müəyyən proseslər baş verir. Amma Azərbaycan,
mədəniyyətimiz çiçəklənir. Nə qədər maraqlı layihələr həyata
keçirilir. Bu gün də böyük
bir layihənin iştırakçısıyıq, bu gözəl
abidə açıldı. Sizə təşəkkür
edirik, çox sağ olun.
X X X
Sonra abidənin müəllifi, Xalq Rəssamı,
heykəltəraş Ömər ELDAROV çıxış
edərək dedi:
-Möhtərəm Prezident, hörmətli
xanımlar və cənablar.
Mən çox
danışmayacam, ona görə ki, cənab Prezident və
çıxış edənlər çox qiymətli fikirlər
söylədilər. Mən yalnız bir epizodu xatırlamaq istəyirəm.
1947-ci, ya da 1948-ci il idi. Leninqradda
Dirijorların Ümumittifaq Müsabiqəsi keçirildi.
Niyazi həmin müsabiqənin qaliblərindən
biri oldu. O vaxt Niyazi Filarmoniyadakı dinləyicilərə
ən mahir və gözəl dirijorlardan biri kimi təsir
bağışladı.
Mən Niyazini son illərdə
onun abidəsi üzərində işləyərkən daha
yaxından tanıdım. Sərgi
üçün Niyazinin portretini hazırlayırdım.
Niyazi artıq dünyasını dəyişəndən
sonra bu kompozisiya abidənin əsasını təşkil
etdi. Mənə belə gəlir ki, onun
bütün başqa keyfiyyətlərindən əlavə, mən
ömrümdə Niyazidən daha qəşəng, daha mahir
dirijor görməmişəm, axı mən heykəltəraşam,
hər şeyi vizual qəbul edirəm. Onun
necə hərəkət etməsini, musiqiyə necə
qaynayıb-qarışmasını mən bu abidədə
müəyyən dərəcədə çatdırmağa
çalışmışam. Diqqətinizə
görə sağ olun.
X X X
Çıxışlardan
sonra Prezident İlham Əliyev abidənin önünə
gül dəstəsi qoydu.
Qeyd edək ki, Azərbaycan
dirijorluq məktəbinin formalaşması və
inkişafı Niyazinin adı ilə bağlıdır. Niyazi dirijorluq
fəaliyyətinə ötən əsrin 30-cu illərində
başlayıb. 1935-ci ildə ilk dəfə
olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini –
“Rast” və “Şur”u nota köçürən Niyazi
1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin
laureatı adını qazanıb, 1949-cu ildə ən məşhur
əsərini – “Rast” simfonik muğamını yazıb.
Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan
SSR-in Xalq Artisti, SSRİ Xalq Artisti adlarına, Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət mükafatına, SSRİ
Dövlət mükafatına, Sosialist Əməyi Qəhrəmanı
adına, Nehru adına beynəlxalq mükafata layiq
görülüb. Azərbaycan Dövlət
Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olub.
Dövlətimizin
başçısı mərasimdə iştirak edən mədəniyyət
və incəsənət xadimləri ilə söhbət etdi.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.-
2017.- 3 fevral.- S. 1, 2.