Cocuq Mərcanlıda insanların təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılacaq

 

Bu həm də işğal altındakı digər torpaqlarımızın azad edilməsi istiqamətində mühüm addımdır

 

Müzəffər Azərbaycan Ordusunun ötən il aprelin əvvəllərində həyata keçirdiyi uğurlu hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması üçün zəruri tədbirlər görülür. Kəndin bərpası ilə əlaqədar hazırlıq işləri intensiv şəkildə həyata keçirilirilk tikiləcək evlər və çəkiləcək yollar istiqamətində ərazilər minalardan təmizlənir. Kənddə texniki-tədqiqat işləri tamamlanmaq üzrədir və köhnə əmlakların müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi aparılır. Cocuq Mərcanlı kəndində yaşamaq istəyən ailələrin sayı isə gündən-günə artmaqdadır.

Tarixən burada yaşamış dinc əhalinin doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə ən qısa zamanda əsaslı yenidənqurma işləri görüləcək. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu baxımdan mühüm əhəmiyyət daşıyan sənəd oldu. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 4 milyon manat vəsait ayrılıb.

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Ulu öndər Heydər Əliyevin döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində 1994-cü il yanvarın 5-indən 6-na kimi davam edən uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. Lakin ətraf yüksəkliklər düşmən nəzarətində olduğu üçün kənddə tam məskunlaşma qeyri-mümkün idi. Aprel döyüşləri zamanı ordumuzun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycanın nəzarətinə keçdi. İyirmi iki ildən sonra Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı.

Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin sakinlərinin torpaq həsrətinə son qoyuldu. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, bu yaşayış məntəqəsi bərpa olunacaq, orada yaşamaq üçün infrastruktur yaradılacaq və insanlar doğma torpaqlarında rahat və təhlükəsiz yaşayacaqlar. Böyük qayıdışın başlanğıcı olan bu sərəncam xalqımız, xüsusən də məcburi köçkünlər üçün olduqca xoş xəbərdir. Cocuq Mərcanlı kəndinin bərpasından sonra insanların doğma torpaqlarına qayıdışı xalqımızda dövlətinə və rəhbərinə inam hissini daha da gücləndirib. Bu həmçinin işğal altındakı digər torpaqlarımızın da azad edilməsi istiqamətində mühüm addımdır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev həmişə olduğu kimi, təmas xəttinə yaxın olan yaşayış məntəqələrinin infrastrukturununorada yaşayan Azərbaycan vətəndaşlarının məişət şəraitinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bu sərəncam dövlət başçısının bu sahəyə diqqətinin daha bir göstəricisidir. Azərbaycanda hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yeni evlər tikiləcək.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransında bildirib: “Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncam imzalanmışdır. Bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. O kəndin görüntüləri televiziyada da göstərilir.

Bu kənd bir neçə ay işğal altında olub. Sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdir. İşğalçılar, düşmənlər o kənddən qovulmuşlar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan ediblər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, sonra isə infrastruktur layihələri icra olunmalıdır. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini ora göndərsinlər erməni vəhşiliyinin nədən ibarət olduğunu görsünlər”.

Dördgünlük müharibənin ermənilər üçün sarsıdıcı nəticələri rəsmi Bakının son illər faktiki dalana dirənmiş danışıqlar prosesindəki hərbi-siyasi üstünlüyü, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli sayıla bilər. Azərbaycan qısamüddətli hərbi əməliyyatlarda qazandığı real zəfərlərlə münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutmuş qüvvələrə ciddi sərt mesaj verdi: danışıqlar prosesi sonsuz mənasız şəkildə uzadıla bilməz Azərbaycan beynəlxalq hüquq normalarına söykənərək ən qısa müddətdə torpaqlarını azad etmək, ərazi bütövlüyünü suverenliyini təmin etmək əzmindədir. Ən əsası, Ermənistanın havadarlarının hansı mövqe tutmasından asılı olmayaraq Azərbaycan iqtidarı xalqının qüdrətli ordusunun köməyi ilə bu addımı atmağa qadirdir!

İşğal faktı ilə barışmayacağını hər zaman bəyan edən Azərbaycan danışıqların sonadək nəticəsiz qalacağı təqdirdə münaqişənin həllində güc yoluna əl atacağını gizlətmir. Aprel savaşında bütün dünya da xalqımızın bu qətiyyətinin əyani şahidi oldu. Prezident İlham Əliyev III Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan iclasda bildirib: “İndi işğal edilmiş digər torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar. Ağdamın, Füzulinin, digər şəhərlərimizin dağıntılarını biz beynəlxalq mətbuatda az-az görə bilirik. Nəyə görə? Çünki buraxmırlar. Amma bu Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Gəlsinlər, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədiblər. Ona görə orada bu işlər görülməlidir, bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, fotoçəkilişlər aparılmalıdır, dağılmış bütün o binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, biz bu işlərə çox əsaslı yanaşmalıyıq və qeyd etdiyim kimi, orada ilk növbədə infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək. Ancaq mən göstəriş vermişəm ki, kəndin masterplanı hazırlansın. Əminəm ki, gələcəkdə orada 100, ya da 200 ev tikiləcəkdir. Əlbəttə ki, orada yaşayacaq insanlar üçün yerləri də açılmalıdır. Həm əkin sahələri, digər yerlərinin yaradılması üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba torpağına qaytaracağıq”.

Azərbaycan Ordusu aprel savaşında qətiyyətli mövqe nümayiş etdirərək işğalçı Ermənistana öz gücünü göstərdi. Əminliklə demək olar ki, əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır. Xalqımız Ali Baş Komandan İlham Əliyevin yürütdüyü əzmkar siyasəti birmənalı dəstəkləyir və münaqişənin qısa zamanda Azərbaycanın milli maraqlarına uyğun həllini tapacağına ürəkdən inanır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 3 fevral.- S. 1, 4.