Milli iqtisadiyyatın modernləşməsi regional inkişafa əsaslanır

 

Prezident İlham Əliyev 2017-ci ildə həyata keçiriləcək layihələrin icrası ilə bağlı əksər dövlət strukturlarına ciddi tapşırıqlar, göstərişlər verdi

 

Artıq uzun müddətdir ki, Azərbaycanın iqtisadi inkişaf mərkəzi paytaxt Bakıdan regionlara keçib. Genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması, sənaye məhsullarının istehsalının artırılması Azərbaycanı dünyada cəlbedici ölkəyə çevirib.

Düşünülmüş, məqsədyönlü və uzaqgörən siyasət yürüdən, hər bir sahədə konkret proqramlar müəyyənləşdirən Prezident İlham Əliyev hər il regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrə şəxsən nəzarət edir, tapşırıqlar verir və növbəti ilin əvvəlində görülən işlərin nəticələrini müzakirəyə çıxarır. Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda da dövlət başçısı ötən ildə görülən işlərin hesabatını dinlədi və bu il həyata keçiriləcək işlərlə bağlı yeni tapşırıqlarını verdi.

 

Qarşıya qoyulan konkret hədəflər bölgələri güc amilinə çevirib

 

Prezident İlham Əliyev bildirdi ki, hər dəfə regional inkişaf proqramları tərtib edilərkən bölgələrdən rəylər alınır. Müzakirə edilən və 2014-cü ildə qəbul olunan III Dövlət Proqramı da yerlərdən gələn təkliflər əsasında və ölkənin strateji istiqaməti nəzərə alınaraq tərtib edilib. Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın: “Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq”.

Son 13 ildə həyata keçrilən proqramların icrası barədə geniş məlumat verən dövlət başçısı vurğuladı ki, bu proqramların birinci mərhələsi daha çox infrastruktur layihələri ilə bağlı olub. 2004-cü ildə Azərbaycan enerji təhlükəsizliyini tam təmin edə bilməmişdi. Ancaq qısa müddət ərzində buna nail olan ölkəmizdə 13 ilə 26 elektrik stansiyası tikilmişdir. Son 13-14 il ərzində yaradılmış elektrik gücü təxminən bütün əvvəlki illərdə yaradılmış gücə bərabərdir. Bu gün ölkədə 35 elektrik stansiyası varsa, onların 26-sı proqram icra edilərkən tikilib. Həmin vaxt Azərbaycanda qazlaşdırma 51 faiz səviyyəsində idi. Bölgələrdə isə demək olar ki, təbii qaz yox idi. Bu gün Azərbaycanda qazlaşdırmanın səviyyəsi 92 faizə qalxıb. 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilib. Son illər ərzində - 2004-cü ildən başlayaraq üç mindən çox məktəb tikilib və ya təmir edilib. Altı yüzdən çox tibb ocağı inşa olunub. Bölgələrdə isə 40-dan çox olimpiya idman kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası tikilib. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirib.

 

Son 13 ildə sahibkarlara 2 milyard manat dəyərində kreditlər verilib

 

Ölkədə davamlı inkişafın təmin olunmasında sözsüz ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müstəsna əhəmiyyəti var. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bəzi mühüm layihələrin icrası ilə bağlı dövlət başçısının imzaladığı 67 sərəncamla 261 milyon manat vəsait ayrılıb. Ötən il bütün sosial layihələr tam həcmdə icra olunub. Regionlarda 59 məktəb, 53 bağça, 26 səhiyyə, 16 gənclər və idman, 73 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub, 1625 qaçqın və məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi təmin edilib. Görülən işlər nəticəsində regionlarda 147 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb.

Bu il isə regionlarda qəzalı, istismara yararsız və şagird sayı az olan məktəblər üçün 100-dən çox modul tipli məktəb quraşdırılacaq, gələn il işlər davam etdirilərək, bu problem iki il ərzində tam həllini tapacaq.

Ümumiyyətlə, 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olub. Bu il isə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına təmin ediləcək. Yəni, artıq dövlət bu yükü, necə deyərlər, öz üzərindən kənara qoyub: “Məqsəd də ondan ibarət idi. Hər il biz böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Eyni zamanda vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır və biz bunu qaytarılmış kreditlər hesabına edirik” - deyə dövlət başçısı vurğulamışdır.

Bu gün hər hansı bir ölkədə biznes strukturlarına dövlət tərəfindən bu formada yardım göstərilmir. Məhz buna görə də bir çox ölkələr Azərbaycan təcrübəsindən istifadə edir və ölkəmizi nümunə kimi göstərirlər. Respublikamızda infrastruktur layihələri, onunla paralel olaraq biznes mühitinin yaxşılaşdırılması, biznesə göstərilən diqqət və əlbəttə ki, sosial infrastrukturun yaradılması vahid bir proqram çərçivəsində uğurla icra edilir.

 

Azərbaycana qarşı çirkin kampaniya aparanlar artıq siyasi səhnədən kənarlaşdırılıblar

 

İstənilən böyük dövlətlərdə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri məhz strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Dünyada geosiyasi risklərin yüksəlməsi və iqtisadi problemlərin dərinləşməsi, dünya enerji bazarındakı qeyri-sabitlik fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq nümayiş etdirməsi bir daha göstərdi ki, iqtisadi prioritetlərin əvvəlcədən müəyyən olunması və bu hədəflərin məqsədyönlü şəkildə reallaşdırılması çox önəmlidir. Elə bunun nəticəsidir ki, Azərbaycan regionda iri layihələrin reallaşmasında böyük rol oynayır və hazırda yeni bir qlobal layihəni - “Cənub qaz dəhlizi”ni icra edir: “Bu layihə də uğurla icra edilir. Mən tam açıq deyə bilərəm ki, əgər Azərbaycan yenə də bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra edilməzdi. “Cənub qaz dəhlizi” bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər” - deyə dövlət başçısı vurğulamışdır.

Bəllidir ki, Azərbaycan bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra edir. Ölkəmizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri Azərbaycana təsir etmir. Dövlət başçısı bununla bağlı demişdir: “Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq”.

 

Qəbul edilən regional dövlət proqramı - əsas hədəflər, icra ediləcək proqramlar

 

Konfransda dövlət başçısı həyata keçirilən layihələrlə yanaşı, bu il görüləcək işlərlə bağlı tapşırıqlarını, göstərişlərini də verdi. Bildirdi ki, bu il bölgələrdə içməli su və kanalizasiya layihələrinin icrası davam etdiriləcək, nəqliyyatla bağlı məsələlər öz həllini tapacaq, elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi üçün əlavə tədbirlər görüləcək. Sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək. Meliorasiya ilə bağlı çox böyük işlər görüləcək. Çünki bu sahənin inkişafı ölkənin həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də ixrac potensialının artırılmasına xidmət göstərir.

Kənd təsərrüfatının müxtəlif sahələri - üzümçülük və şərabçılıqla bağlı tədbirlər nəzərdə tutulur. Tütünçülüklə bağlı müvafiq göstərişlər verilib. Zeytunçuluğun inkişafı üçün əlavə işlər görüləcək, yeni bağlar salınacaq. Şəkər çuğunduru ilə bağlı artıq təhlillər aparılıb və təqribən 30-40 min hektarda şəkər çuğunduru əkilməsi müəyyənləşdirilib. Baramaçılıqla bağlı görülən operativ tədbirlərlə bu sahəyə də böyük təkan verilib.

Bölgələrdə sənaye zonalarının yaradılması prosesi gedir. Artıq bu sahədə işlər yoluna düşür, həm Sumqayıtda, həm də Mingəçevirdə sənaye zonalarının təməli qoyulub. Digər bölgələrdə də sənaye zonalarının yaradılması ilə bağlı tədbirlər görülür.

Qeyd edək ki, bütün sahələrin daha da inkişaf etdirilməsi ötən il qəbul edilən strateji yol xəritələrində öz əksini tapıb. Qəbul edilmiş regional dövlət proqramında da əsas hədəflər göstərilib. Bu layihələrin həyata keçirilməsi ilə bağlı bütün aidiyyəti qurumlara göstərişlərini verən dövlət başçısı vurğuladı ki, ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün lazım olan bütün məsələlər həll edilməlidir: “Onların içində əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək. Verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq”.

Əminliklə söyləyə bilərik ki, dövlət başçısının bölgələrə səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması Prezidentin regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

 

Prezident İlham Əliyevin islahatlar kursu uğurlu nəticələr verir

 

Dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin Azərbaycan iqtisadiyyatına təsirinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkədə yaradılmış siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı, eləcə də mövcud çağırışların tələblərinə uyğun çevik iqtisadi islahatların aparılması sayəsində ölkə iqtisadiyyatı öz dayanıqlılığını möhkəmləndirir.

Bütün bunlara mötəbər beynəlxalq iqtisadi qurumlar da yüksək qiymət verirlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumu, bütün dünya liderlərini, dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Dünya İqtisadi Forumu Azərbaycanla bağlı verdiyi hesabatda yenə də müsbət rəy bildirib. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun 2017-ci il üzrə inklüziv artım və inkişaf hesabatında inkişaf edən ölkələr arasında ikinci yerə yüksəlib. Qurumun saytında yerləşdirilmiş hesabatda 79 ölkənin reytinqi əks olunub. Litva və Azərbaycan 4,73 balla inklüziv inkişaf indeksi üzrə birinci və ikinci yerlərdə qərarlaşıb. Azərbaycan bu göstəriciyə görə Şərqi Avropanın və Cənubi Amerikanın bir sıra ölkələrini, həmçinin Rusiya, Çin, Türkiyə, Qazaxıstan, İran və digər ölkələri qabaqlayır. Hesabatda inklüziv inkişaf indeksinə görə ölkələr beş kateqoriya üzrə bölünüb. Azərbaycan sabit ölkələr siyahısında yer alıb.

İnkişaf etmiş ölkələr üzrə reytinqə isə Norveç başçılıq edir. İlk beşliyə Lüksemburq, İsveçrə, İslandiya və Danimarka daxildir. Ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycan üç pillə irəliləyərək 37-ci yerdə qərarlaşıb. Digər göstəriciyə - inkişaf edən ölkələr arasında inkişafa görə isə Azərbaycan birinci-ikinci yerləri bölüşür.

Göründüyü kimi, Prezident İlham Əliyevin islahatlar kursu Dünya İqtisadi Forumunun reytinqinə görə də uğurlu nəticələr verir. Bu, sevindiricidir, ancaq Azərbaycan Prezidenti öz işini reytinq almaq üçün qurmur. Ölkəmizin rəhbəri Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsi, dünya dövlətləri sırasında söz sahibi kimi çıxış etməsi, etibarlı tərəfdaş kimi qəbul edilməsi üçün qətiyyətli siyasət yürüdür.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 3 fevral.- S.1, 4.