Gənclər üçün Prezident mükafatlarının təqdim edilməsi mərasimi olub

 

Prezident İlham Əliyevin 2017-ci il 27 yanvar tarixli Sərəncamı ilə mükafatlandırılan gənclərə gənclər üçün Prezident mükafatları təqdim edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov əlamətdar gün münasibətilə gəncləri təbrik edib. Bildirib ki, bu gün gənclər üçün böyük bir bayramdır. Bu il Azərbaycanda Gənclər Gününün qeyd olunmasının iyirminci ildönümüdür. Bu, böyük yoldur. Biz bu müddət ərzində çox işlər görmüşük. Azərbaycan gənclər siyasəti sahəsində dünyəvi bir model yaradıb və bu model dünya ölkələrində, beynəlxalq təşkilatlarda qəbul olunur. Gənclər Prezidentin ətrafında birləşiblər və parlaq Azərbaycan naminə çalışırlar. Bizim gəncliyimiz həmişə öndə olacaq, ulu öndər Heydər Əliyevin ideyaları həyata keçəcək.

Nazir qeyd edib ki, iyirmi bir il əvvəl məhz bu tarixdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanda gənclərin birinci forumu keçirilib. Bununla da Ulu Öndər gəncləri ölkənin həyatında, dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında fəal iştiraka çağırıb, onların rolunu xüsusi vurğulayıb. Azərbaycan gəncliyi ötən illər ərzində Ulu Öndərin bu çağırışına layiq olmağa çalışıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan dövlət gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə inkişaf edir. Azərbaycanda gənclər siyasəti dünyada nümunəvi forma yaradıb.

Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının 2016-cı ildə də yüksək səviyyədə davam etdirildiyini, gənclərimizin beynəlxalq əlaqələrinin genişləndiyini vurğulayan nazir ötən il ümumilikdə gənclərlə sahəsində 150 tədbirin keçirildiyini bildirib. Əlavə edib ki, onlardan 120-si yerli, 30-u isə beynəlxalq səviyyəli olub.

Tədbirdə, həmçinin uğur qazanan istedadlı və yaradıcı gənclər mükafatlandırılıb. Bu il dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə həyata keçirilmiş müxtəlif tədbirlərdə fərqlənmiş, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş 28 yaradıcı və istedadlı gənc Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Bundan əlavə, keçənilki uğurlu fəaliyyətlərinə görə Gənclər Günü münasibətilə bir sıra gənclər təşkilatları və tələbə gənclər təşkilatı da təltif olunub.

Tədbirdə Balakən rayonunun 2017-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçildiyi elan olunub. Bildirilib ki, www.genclerpaytaxti.az saytında keçirilmiş onlayn səsvermədə 57 mindən çox şəxs iştirak edib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev şəhərin rəmzi açarını Balakən rayon gənclər və idman idarəsinin rəisinə təqdim edib.

Tədbir bədii hissə ilə davam edib.

 

Azərbaycan.- 2017.- 3 fevral.- S.6.