Ömrü kitab
dünyasında keçir...
“Ginnesin Rekordlar
Kitabı”na düşmüş yeganə
Miniatür Kitab Muzeyi Bakıdadır
Kitab bilik mənbəyidir, xalqın tarixi yaddaşını, mədəniyyətini, etnoqrafiyasını və məişətini, milli-mənəvi dəyərlərini gələcəyə daşıyan mühüm vasitədir.
Azərbaycanda miniatür kitab buraxılışı ilə məşğul olan “Kitab” cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahova uzun illərdir ki, ölkədə baş verən ən əlamətdar günləri, tarixiləşən ictimai hadisələri bu cür kitablarla təbliğ edir. Xalqımızın tarixi nailiyyəti sayılan və ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən yeni neft strategiyasının uğurlarını əks etdirən 5 miniatür kitab Respublika “Kitab” Cəmiyyətinin xətti ilə çap edilib. İlk nəşr isə 1998-ci ildə ümummilli lider Heydər Əliyevin 75 illiyi münasibətilə buraxılıb.
Ötən illərin yaddaşına nəzər saldıqca Zərifə Salahova xatırlatdı ki, həmin miniatür nəşr xatirə hədiyyəsi kimi tərtib olunub. Kitabın yerləşdiyi qutuya Moskvada, “Monetnıy dvor”da qızıldan hazırlanmış xatirə medalı da daxil edilib. “Əsrin müqaviləsi” adlanan kitabda ümummilli liderin həyat və fəaliyyəti, 1994-1998-ci illərdə yeni neft strategiyası ilə bağlı imzalanmış müqavilələr, xarici şirkətlərin siyahısı öz əksini tapıb.
2004-cü ildə “Kitab” cəmiyyəti “Əsrin müqaviləsi”nin 10-cu ildönümü ilə bağlı ikinci mini kitabı nəşr etdirib. Bu kitabda Azərbaycan Prezidenti
İlham Əliyevin nitqi Azərbaycan, rus və ingilis dillərində verilib.
2006-cı ildə “Heydər Əliyevin neft strategiyasının təntənəsi” adlı üçüncü miniatür kitab çapdan buraxılıb. Ümummilli lider Heydər Əliyevin 90 illiyi ərəfəsində “Əsrin müqaviləsi” adlı daha bir mini kitab işıq üzü görüb. Kitabda Prezident İlham Əliyevin 2004-cü və 2009-cu illərin sentyabr ayında “Əsrin müqaviləsi”nin 10-cu və 15-ci ildönümləri münasibətilə keçirilən təntənəli yığıncaqlardakı çıxışları öz əksini tapıb. Ümumiyyətlə isə ulu öndər haqqında 37 miniatür kitab buraxılıb. Müxtəlif ölçülü həmin kitablar Heydər Əliyev Fondunda və bütün dünyada analoqu olmayan Bakının İçərişəhərində fəaliyyət göstərən Miniatür Kitab Muzeyində nümayiş etdirilir.
Zərifə Salahova ulu öndərlə bağlı ilk miniatür kitabın çapını belə xatırlatdı: “1993-cü il oktyabrın 15-də Prezidentin andiçmə mərasimi keçirilirdi. Mərasimdə mən də iştirak edirdim. Ulu öndərin dərin məzmunlu nitqinə heyran qaldım. Bu, vətənə, xalqa, dövlətə əsl sədaqət andı idi. Mən elə tədbirdə qərara gəldim ki, çıxışın mətnini kiçik ölçüdə, nəfis tərtibatda nəşr edəcəyəm. Beləliklə, biz həmin kitabı çap etdirdik. 1995-ci il iyunun 3-də M.F.Axundov adına Milli Kitabxanada üç dildə (Azərbaycan, rus və ingilis) çıxan “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabların təqdimat mərasimi keçirildi”.
Təqdimat mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edərək nitq söylədi. Ulu öndər həmin nitqində Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə Salahovanın fəaliyyətinin yüksək qiymətə layiq olduğunu bildirdi.
Bu nəşrin ardınca Azərbaycan dilində üç min nüsxə tirajla 60x80 mm ölçüdə “Azərbaycan Respublikasının Konstitusiyası”, 38x53 mm ölçüdə min nüsxədə (üç dildə) “Azərbaycan Respublikası”, 1998-ci ildə ümummilli liderin ikinci müddətə Prezident seçildikdən sonra andiçmə mərasimindəki çıxışı min tirajla (üç dildə) çap olundu.
Ulu öndərlə bağlı bu kitablar mövzu baxımından da rəngarəngdir. “İstanbul sammitinin yekunları”, “Yeni Azərbaycan Partiyasının I qurultayı”, “Görkəmli siyasətçilərə “İstiqlal” ordeni”, “Dünya Azərbaycanlılarının I qurultayı”, “Minilliyin Zirvə görüşü”, “Azərbaycan Qadınlarının I qurultayı”, “Olimpiya oyunları-2000”, “Heydər Əliyevin neft strategiyasının təntənəsi” və s. adla buraxılan miniatür kitablarda ölkə həyatında əlamətdar hadisələrlə bağlı keçirilən tədbirlərdə ulu öndərin çıxış və nitqləri, imzaladığı fərman və sərəncamlar, xarici olkələrə səfərləri öz əksini tapıb.
Miniatür Kitab Muzeyində nümayiş etdirilən ən dəyərli nəşrlər məhz ümummilli lider Heydər Əliyevə həsr olunanlardır. Onu da unutmamalıyıq ki, ölkəmizdə belə bir muzeyin yaradılması da məhz ulu öndərin adı ilə bağlıdır. O, Zərifə Salahovanın bu sahədəki fəaliyyətini dəyərləndirərkən deyib: “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir”.
Azərbaycan mədəniyyətinin, incəsənətinin, elminin inkişafına daim yüksək diqqətlə yanaşan ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 2002-ci il aprelin 23-də Bakıda Miniatür Kitab Muzeyi açılıb. Muzey UNESCO-nun qərarı ilə qeyd edilən Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə fəaliyyətə başlayıb.
Bu tarixin nadir incilərinin necə toplanması barədə söhbət edərkən Bakının əcnəbi qonaqlarının ziyarətə gəldiklərinin şahidinə çevrildik. Paytaxt Bakını görmək üçün ilk dəfə bura ayaq basan ukraynalı, moskvalı, dağıstanlı... turistlərin muzeydə gördükləri onların təəccübünə səbəb oldu. Axı, burada dost, qardaş, qonşu xalqların sənətkarlarının da əsərləri miniatür kitablarda nümayiş etdirilir. Muzeyin rəy kitabında yazdıqları ürək sözləri də bunu təsdiqləyirdi. Demək, xalqımıza, həm də müstəqil dövlətimizə sədaqətli və təmənnasız xidmət göstərməyin bariz nümunəsini uzaqda axtarmağa ehtiyac yoxdur. Miniatür Kitab Muzeyində bu xidmət özünü bariz şəkildə göstərir.
Bu il Zərifə xanım üçün daha əlamətdardır. Özü bu barədə dedi: “2017-ci il mənim və yaratdığım Miniatür Kitab Muzeyi üçün bir neçə məqamla əlaqədar əlamətdardır: fevral ayının 2-də 85 yaşım tamam oldu. 23 aprel 2017-ci il tarixdə muzeyin yaradılmasının 15 illiyidir. Noyabr ayında isə yaratdığım miniatür kitab kolleksiyasının 35 yaşı tamam olacaq. Bu il həm də Milli Olimpiya Komitəsinin 25 illiyini qeyd edəcəyik. MOK-nın İcraiyyə Komitəsinin ilk tərkibinin 17 nəfər üzvündən yeganə qalanı mənəm. Tərkib dəfələrlə dəyişilsə də, 25 ildir ki, MOK-da fəaliyyət göstərirəm. MOK-da təhsil, mədəniyyət və qadınlarla iş üzrə komissiyanın sədriyəm. Milli Olimpiya Komitəsinin yaradılması və fəaliyyəti ilə bağlı dövlət başçısı, MOK-nın prezidenti İlham Əliyev məni diplomla təltif edib”.
Həmsöhbətim bildirdi ki, dörd ildən bir Beynəlxalq Olimpiya Komitəsində konfranslar keçirilir. 2003-cü ildə Zərifə Salahova da Varşavada həmin konfransda iştirak edib. Tədbirdə Belarus və Ermənistandan olan nümayəndələr arasında qadınlar da var idi. Nələr baş verdiyini həmsöhbətim belə xatırladı: “Çıxış etmək mənə çatanda, respublikamızda bir milyon qaçqın və məcburi köçkünlərin, aralarında xeyli azyaşlı, məktəbli uşaqların olması, Ermənistanın təcavüzkar siyasəti nəticəsində onların, hətta hər iki valideynini itirməsi və s. barədə geniş məlumat verdikdən sonra təşəbbüs irəli sürdüm: yaxşı olardı ki, BOK belə uşaqlar üçün yay idman düşərgələri təşkil etsin. Təşəbbüsüm bəyənildi. Doğrusu, gözləyirdim ki, Ermənistandan olan qadın nümayəndə əks-mövqe göstərəcək və adətləri üzrə, öz ölkəsinin təcavüzkarlığını ört-basdıra cəhd edəcək. Lakin apardığım materiallar, əlimdəki faktlar əsaslı olduğu üçün o, susmağa məcbur idi. Təbii ki, ölkəmizə qayıdan kimi bu məsələ ilə məşğul oldum. Layihə tərtib edib göndərdik”.
İki ildən sonra BOK-dan teleqram gəlir ki, konfransa Zərifə Salahova dəvət olunur. Zərifə xanımın MOK-un xətti ilə beynəlxalq konfranslara qatılması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. O, yalnız miniatür kitab kolleksiyasını zənginləşdirməklə məşğul olmayıb, həm də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin ifşasını qarşısına məqsəd qoyub. Bu barədə gətirdiyi faktlar olduqca diqqətçəkəndir: “Mənə konfransda verilən diplom BOK-da heç kimə təqdim edilməyib. Növbəti dəfə MOK-da bildirdim ki, məni İsveçrə keçiriləcək beynəlxalq konfransa göndərin, onların muzeyinə Azərbaycan idmanı ilə bağlı, daha dəqiq desək, Pekin Olimpiadasına həsr etdiyimiz miniatür kitabları hədiyyə edim. 2015-ci ildə bu məsələ gündəmə gəldi. MOK-nın 10 və 20 illik yubileylərinə həsr etdiyimiz, Sidneydə çempionlarımızın uğurlarını əks etdirən (iki dildə), Afina Olimpiadasında nailiyyətlərdən söz açan, Londonla bağlı (2012-ci il), Prezident İlham Əliyevin 50 illiyi münasibətilə həyat və fəaliyyətinin xronologiyası, eləcə də ölkəmizin inkişafından bəhs edən kitabları miniatür formatda nəşr etdirib BOK-nın muzeyində saxlanması üçün apardım. Bu muzey gələnləri heyran qoyur. BOK-nın və bütünlüklə MOK-ların tarixi arxivi orada yerləşir. Ekspoziyası çox zəngindir. Birinci Milli Olimpiya Komitəsinin tarixi, onun yaradıcısı Pyer de Kibertenin fəaliyyəti və şəxsi əlyazmaları da orada saxlanılır. Muzeyin əməkdaşları bizə 3 mm ölçüdə buraxılan “Olimpiya andı” kitabını göstərdilər. Amma hədiyyə üçün apardığım kitabları görəndə möcüzəli bir şeyə baxan kimi heyran qaldılar. Ulu öndər Heydər Əliyevə və xalq rəssamı Tahir Salahova həsr etdiyimiz, ümumiyyətlə, ingilis dilində buraxdığımız, 20 kitabı hədiyyə olaraq muzeyə bağışladım. Bunlara görə mənə sertifikat veriləcəyini isə heç ağlıma gətirmirdim”.
Bu kimi şərəfli xidmətlərinə
görə BOK-nın prezidenti Tomas Baxın imzası ilə Zərifə Salahova sertifikata layiq görülüb. Ümumxalq əhəmiyyətli daha bir xatirəni də
dilə gətirən Zərifə xanım bütün
dünyanı gəzib. Xatırladır: “Azərbaycan həqiqətləri
barədə Sinqapura 4 paket
aparmışam ki, hər birinin
çəkisi 8-11 kiloqram idi.
2014-cü ildə “Moskovskiy Komsomolets” qəzetində oxudum
ki, Cənubi Koreyada
beynəlxalq forum keçirilib.
Ermənistanın indiki prezidenti
S.Sarkisyan forumdan
çıxdıqdan sonra Sinqapura
gedib orada saxta “erməni soyqırımı” və
yardımlara möhtac olduqlarını dilə
gətirib, antiazərbaycan təbliğatı aparsın. Bunu oxuyan kimi
Əsir və İtkin Düşmüş,
Girov Götürülmüş
Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası
ilə əlaqə saxladım. Razılıq alıb uçduq Sinqapura. Mən
həm də Azərbaycan-Sinqapur DostluqTəşkilatının
sədriyəm. Bizi əvvəlcə bu ölkənin Nazirlər Kabinetinə
apardılar. Hər şey dəqiq
yoxlanıldıqdan sonra həmin sənədləri
Sinqapurun Xarici
İşlər Nazirliyi, Parlamenti
və Milli Kitabxanasına təhvil verdik. Orada milli
muzeyə gedəndə nə görsək yaxşıdır?
Böyük bir vitrində
(muzeydə dörd dil
istifadə edilir: hind,
çin, ingilis və
fransız) bir şəkil var,
altında yazılıb ki, 100 il bundan öncə
tapılmış erməni orxideyi. Lap ağ yalan idi. Bu saxtakarlıq
barədə onlara məlumat verdim. Sonra bunun haradan qaynaqlanması
ilə maraqlananda öyrəndik ki, sən demə, burada, hətta erməni kilsəsi fəaliyyət göstərir.
Ermənilərin adına küçə
veriblər. Onların bu ölkədə
xeyli sayda biznesmenləri çalışır,
diaspor yaradıblar və s. Ermənilərin saxta oyunlarına aldandıqlarını onlara
anlatdıqdan sonra həmin saxta orxideya oradan götürdü”.
2012-ci ildə BOK-nın XVI, Kubanın isə müstəqillik yubileyi konfranslarında iştirak edəndə, Almaniyaya səfərində, Londonda keçirilən Beynəlxalq Kitab Sərgisinə dəvət alanda verdiyi dəyərli məlumatlar həmin dövlətlərin rəsmi təşkilatları və ictimai qurumları tərəfindən yüksək qiymətləndirilir və sonradan Zərifə xanımın şəxsi təşəbbüsü ilə yaradılan, “Ginnesin Rekordlar Kitabı”na düşən Miniatür Kitab Muzeyinin ünvanına təşəkkürlər ifadə edən məktub və sertifikatlar göndərilir. Hamısı da muzeyin ekspozisiyasında xüsusi diqqət çəkir.
Fikrini ümumiləşdirərkən bildirdi ki, söhbət Zərifə Salahovanın şəxsi həyatından getmir: “Əgər o zaman ulu öndər Heydər Əliyev bu muzeyin yaradılması barədə təşəbbüsü qəbul etməsəydi, sonradan Bakının ən gözəl və gözəgəlimli mərkəzi yerlərinin birində ona yer ayrılmasına nail olmasaydıq, bu ümummilli uğurlara necə imza ata bilərdik?.. Səbəbkar ümummilli lider Heydər Əliyev olub. Nəinki Azərbaycan mədəniyyətinin təbliğində, xalqımızı və dövlətimizi bəşəriyyətə tanıtmaqda muzeyin verəcəyi töhfələri ulu öndər öncədən görürdü.
Sərgilərin birində ulu öndərə Erik Honekkerin oncildliyini göstərib dedim ki, Almaniya Demokratik Respublikası yoxdur, amma kitablar qalıb. Bu tədbirdən beş ay sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə bu yer muzey üçün ayrıldı. 23 apreldə biz muzeyi açdıq. Bu, təsadüfi tarix deyildi. 23 aprel 1616-cı il dünyanın tanıdığı və oxuduğu V.Şekspirin ölüm tarixidir. Ona görə də həmin gün dünyada UNESCO-nun qərarı ilə “Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü” kimi qeyd edilir”.
Vaxtilə muzeydə 25 vitrində 3200 kitab olub. Hazırda 39 vitrin var ki, onlarda 73 ölkədə çap edilən 5450 miniatür kitab sərgilənir. Avstraliyadan, Vaşinqtondan, xüsusilə Ağ evdən 1625-ci ilin nəşri göndərilib. 2913 miniatür nəşr isə “Ginnesin Rekordlar Kitabı”na düşüb. Muzeyin Naxçıvan və Gəncə filialları fəaliyyət göstərir, Sumqayıtda isə açılışı gözlənilir.
Muzey açıldığı gündən indiyədək ziyarətçiləri qeydə alır. Müqayisə üçün deyək ki, 2003-cü ildə buraya gələnlərin sayı 4818, 2016-cı ilin sonlarında isə 309 min 737 nəfər olub. UNESCO-nun nümayəndəsi tövsiyə edib ki, ziyarətçilərə bilet satılsın. Amma muzey öz ziyarətçilərinin üzünə daim təmənnasız açıqdır.
Zərifə xanımın fikirlərində canlandırdığı hadisələr sanki nağıla bənzəyir. Amma bunlar yaşanmış həqiqətlərdir: “Bu gün UNESCO bizim fəaliyyətimizi bəyənir. İnternetdən bizim muzey haqqında oxuyurlar. Muzey haqqında məlumat kitabçasını ABŞ-ın Bakıdakı səfirliyi hədiyyə olaraq çap edib. Maraqlı bir hadisəni xatırlayıram. ABŞ-dan iki nəfər 47 eksponatın bizim muzeydə saxlanması təklifini etmişdilər. Sən demə, bunlar bir ailədirlər: ər-arvad. Qadın rəssamdır. 2010-cu ildə Bakıda tədbir keçiriləndə onlar burada olublar. Dostları deyəndə ki belə bir muzey var, məsləhət görüblər ki, aparıb unikal eksponatları muzeyə hədiyyə etsinlər. Soruşdum ki, Azərbaycan, Bakı Amerikadan necə görünür? Cavab verdilər ki, Azərbaycan Amerikada üç əsas sərvətinə görə tanınır: Heydər Əliyev, neft və Miniatür Kitab Muzeyi”.
Zərifə Salahovanın yalnız Bakıda deyil, Moskva, Kabil, Paris, Sidney, Kiyev və başqa şəhərlərdə təşkil etdiyi sərgilər də onun Vətənə, xalqa sədaqətlə xidmət göstərdiyini təsdiqləyir. 2003-cü ilin mart ayında Almaniyanın Maynts şəhərində, həmin ilin iyun ayında Moskvada, 2005-ci ilin oktyabrında Ankarada, 2006-cı ilin aprelində Parisdə - UNESCO-nun mənzil qərargahında təşkil olunmuş sərgilər xüsusilə yaddaqalan olub. Onun 1981-ci ildən Respublika Kitabsevərlər Cəmiyyətinin sədri kimi dünyanın müxtəlif elmi və mədəni mərkəzləri ilə yaratdığı işgüzar əlaqələr bu bənzərsiz inciləri rəhbərlik etdiyi muzeyin xəzinəsinə çevirməkdə mühüm amildir.
Miniatür kitablar kütləvi satışda olmur. Onları ayrı-ayrı
ölkələrdəki ixtisaslaşmış
kitabxanalarla, fərdi kolleksiyaçılarla rəsmi
və şəxsi əlaqələr qurmaqla əldə etmək mümkündür. Bütün bu
kimi xidmətlərinə
görə isə Zərifə Salahova dövlət başçısı
cənab İlham Əliyevin imzaladığı
diploma da layiq görülüb. O, bunu
əməyinə, zəhmətinə
verilən ən yüksək qiymət hesab edir.
Bu kitabların
nəşrində dövlətin
maliyyə dəstəyini
inkar etmək mümkün deyil. Lakin bütün
bu incə, zərif işlər Zərifə xanımın
şəxsi təşəbbüsü
ilə başa gəlib. Rəy kitabında yazılanlar
da təsdiqləyir ki, bura adi
muzey deyil, çünki dünyanın
nadir incilərindən sayılan
miniatür kitablar da ekspozisiyanı zənginləşdirir.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-
2017.- 4 fevral.- S.4.