Bizim azərbaycanlılar

 

Qədim tarixə və mədəniyyətə malik olan Azərbaycanın hər bir vətəndaşı ölkəmizin keçmişi, bu günü ilə qürur duyduğu, fəxr etdiyi kimi, həm də öz əməlləri ilə dövlətimizi şöhrətləndirməyə, ucaltmağa borcludur. Bu borcu dəyərləndirmədən, azərbaycançılıq ideologiyasının mahiyyətini dərk edib onu əməli fəaliyyətdə - sözdə deyil, işdə doğrultmadan ölkəmizi tanıtdırmaq mümkün deyildir.

Azərbaycanlı olduğu üçün fəxr edən, qürur duyanbunu bütün dünyaya dönə-dönə bəyan edən ulu öndər Heydər Əliyev məhz öz əməlləri ilə xalqa, dövlətə xidmət etməyi, sədaqətli olmağı insanlara təbliğ edirdi, nümunə göstərirdi, həm də azərbaycançılıq məfkurəsi ətrafında birləşməyin yollarını və əhəmiyyətini onlara izah edib öyrədirdi.

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” - deyərkən ümummilli lider yalnız ölkəmizin vətəndaşlarını nəzərdə tutmurdu, o, bütün dünya azərbaycanlılarına çağırış edirdi və dövlətimizin müstəqilliyini, uğurlarımızı hər bir azərbaycanlının birliyində, həmrəyliyində, vətənə sədaqətində görürdü.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyası bu gün milyonlarla insanları öz ətrafında səfərbər edən bir qüvvəyə çevrilmişdir. Dünyanın ən ucqar guşələrində yaşayan azərbaycanlılar belə bu ideologiya ətrafında birləşməyə can atırlar. Onlar ölkəmizdə baş verən yeniliklərlə, ictimai-siyasi vəziyyətlə daim maraqlanır, baş verən hadisələrə öz münasibətlərini bildirir, həmrəylik nümayiş etdirirlər.

Dünya azərbaycanlıları ilə əlaqələr ildən-ilə möhkəmlənir, diaspor təşkilatları formalaşır, fəaliyyətləri genişlənir və daha böyük əraziləri əhatə edirlər. Dünya azərbaycanlılarının IV qurultayında bu təşkilatlanmaya yüksək qiymət verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.”

Xaricdə yaşayan azərbaycanlıların sayının on milyonlarla olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, onların birliyi, əlaqələrinin möhkəmlənməsi, təşkilatlanması, “öz tarixi vətənləri ilə əlaqələrini kəsməmələri, Azərbaycanla bağlı olmaları, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaları ölkəmiz və xalqımızla bərabər, onların özləri üçün də faydalı və gərəklidir.

Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bizim üçün əziz və doğmadır. Onların yaşadıqları ölkənin ictimai-siyasi, mədəni həyatındakı fəaliyyəti, əldə etdikləri nailiyyətlər Azərbaycan xalqının adına hörmətdir və bu, hər birimizi sevindirir.

Biz xaricdə yaşayan həmvətənlərimizin yaxşı işləri ilə fəxr etdiyimiz, öyündüyümüz kimi, onlar da Azərbaycanın inkişafından, insanlarımızın birliyindən qürur duyur, sevincimizə şad olur. Dağlıq Qarabağın işğaldan azad edilməsi, torpaqlarımızın azğın erməni təcavüzkarlarından təmizlənməsi, qaçqın və məcburi köçkünlərin həyatı dünya azərbaycanlılarını düşündürən ən başlıca məsələdir. Biz xarici ölkələrdə səfərdə olduğumuz vaxtlarda, eləcə də mətbuatda, informasiya vasitələrində bunun daimi şahidi olur, onların dilindən eşidirik. Dünya azərbaycanlıları işğal altında olan torpaqlarımızın düşməndən təmizlənməsi üçün hər an silaha sarılmağa, döyüşə atılmağa hazır olduqlarını bəyan edir və qələbə qazanacağımız günü səbirsizliklə gözləyirlər.

Keçən ilin aprel ayının əvvəllərində Azərbaycan ordusunun düşmənə vurduğu ağır zərbələr və cəbhə xəttində qazanılan uğurlar zamanı xaricdə yaşayan azərbaycanlıların ordumuza, əsgər və zabitlərimizə verdiyi dəstək bunu bir daha göstərdi.

Azərbaycan diaspor təşkilatları ildən-ilə formalaşır, həmvətənlərimiz xarici ölkələrdə daha böyük nüfuz və hörmətə malik olurlar. Türkiyənin, Rusiyanın, Macarıstanın, Ukraynanın, Qazaxıstanın, Belarusun, Sloveniyanın və bir çox ölkələrin rəhbərlərinin, ictimai-siyasi xadimlərinin, elm adamlarının dilindən azərbaycanlılar haqqında - onların mərdliyi, qonaqpərvərliyi, səxavəti barədə eşitdiklərimiz bizi sevindirməyə bilməz. Mən dəfələrlə bunun şahidi olmuşamqürur hissi keçirmişəm...

2003-cü ildə Ukrayna Respublikasında rəsmi səfərdə olarkən ölkənin o vaxtkı prezidenti Leonid Kuçma ilə görüşdüyümüz zaman onun ölkədə yaşayan azərbaycanlılar haqqında dediyi xoş sözlər, dəfələrlə “Bizim azərbaycanlılar, bizim azərbaycanlılar” ifadələrini səsləndirməsi, soydaşlarımızın fəaliyyətinə yüksək qiymət verməsi və Ukrayna azərbaycanlılarının işləri ilə tanışlıq bir daha göstərdi ki, bu sözlər ürəkdən gəlir, qarşılıqlı münasibətlərin, fərəhli nəticələrin ifadəsidir.

Yaxşı haldır ki, bu ənənələr uğurla davam etdirilir və azərbaycanlılar Ukrayna Respublikasında böyük hörmət sahibidirlər.

Onlardan biri Ukrayna Milli Avrasiya Universitetinin professoru, hüquq elmləri doktoru, akademik Arif Cəmil oğlu Quliyevdir. Əslən Bərdə rayonundan olan Arif Quliyev elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti ilə tanınan, dost ölkədə azərbaycançılığı, tariximizi, mədəniyyətimizi, elmimizi, inkişafımızı təbliğ edən, tanıdan, öz sanballı əsərləri, məqalələri, şərhləri, mülahizələri ilə seçilən, çoxlarına nümunə göstərilən bir insandır.

Sadəliyi, səmimiyyəti, elmi ilə tanınan alimin əsərlərini oxuyan, söhbətlərinə qulaq asan hər bir kəs onun qəlbindən keçənləri - Azərbaycanın çiçəklənməsi, xalqımızın xoşbəxtliyi, torpaqlarımızın azğın düşməndən təmizlənməsi arzularını, 20 Yanvar, Xocalı soyqırımı ağrılarını, qaçqın və köçkünlərimizin taleyini duyabu hisslərlə yaşaya bilər.

Arif müəllim nəinki yaşadığı respublikada, səfər etdiyi hər bir ölkədə azərbaycançılıq ideologiyasını təbliğ edən, xalqımızın milli-mənəvi dəyərlərini elmi dəlillərlə, əyani faktlarla insanlara çatdıran, xarici vətəndaşlarda ölkəmizə maraq və məhəbbət oyadan bir ziyalıdır, azərbaycanlıdır.

İki elmi şuranın, dörd elmi jurnalın redaksiya heyətinin, Azərbaycan, Ukrayna Jurnalistlər Birliyinin üzvü olan Arif Quliyev qələmə aldığı bütün mövzulara, oxuduğu mühazirələrə, etdiyi çıxışlara azərbaycançılıq mövqeyindən yanaşır, “azərbaycançılıq ideologiyası hər birimizin bayrağı olmalıdır” inamı ilə çalışır.

Diplomatiyaya aid üç dərsliyin, dörd monoqrafiyanın, “Azərbaycan-Ukrayna əlaqələri” adlı çox sanballı iki kitabın, yüzlərlə məqalənin müəllifi olan alim həm də Ukrayna alimlərinin elmi şurasının sədri kimi çalışdığı ölkədə gənc alimlərin, ziyalı təbəqəsinin formalaşması üçün ciddi səylər göstərir. Şuranın ətrafında birləşən 70-ə yaxın alim Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, iki dost respublikanın münasibətlərinin daha da yaxşılaşmasında böyük rol oynayırlar.

Azərbaycan-Ukrayna əlaqələrinin möhkəmlənməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilən Arif Quliyevin işi nə qədər gərgin, çox olsa da xalqa, vətənə tükənməz məhəbbəti onu yorulmağa qoymur, əlini işdən soyutmur, əksinə, Azərbaycanın, azərbaycanlıların nailiyyətləri, xoş sədaları onu daha həvəslə işləməyə ruhlandırır.

Vəzifəsindən, peşəsindən, mövqeyindən asılı olmayaraq xaricdə yaşayan hər bir azərbaycanlının taleyi öz taleyimizdir. Onların sevinci sevincimiz, kədəri kədərimizdir. Qarşı tərəfin əksəriyyəti də belə düşünür. Hansı səbəbdənsə, oxumaq, yaşamaq, işləmək üçün xaricə gedənlərə qayğımız, diqqətimiz özümüzə qayğı-diqqətimizdir. Çünki canı canımızdan, qanı qanımızdan olan bu insanlar xaricdə xalqımızı təmsil edirlər, Azərbaycan adlı bir ölkənin adı ilə cağrılırlar. Onların yaxşısı da, pisibizimdir. Yaxşıları tanıtdırmaq, nöqsanı olanı düz yola dəvət etmək, səhvini başa salmaq, çətinə düşəndə qolundan yapışmaq hər birimizin borcudur.

Sevindirici haldır ki, xaricdə elmli, bacarıqlı, vətənpərvər azərbaycanlıların sayı çoxdur və onların sırası gündən-günə artıb möhkəmlənir. Bu, bir həqiqətdir ki, dövlətin qayğısı, insanların özlərinin təşəbbüsü və birliyi sayəsində xaricdə yaşayan azərbaycanlılar yaxşı təşkilatlanıblar, reallıqları qiymətləndirməyi, hadisələri düzgün təhlil etməyi, ağı qaradan hərtərəfli seçməyi bacarırlar. Onlar vətənimizin, xalqımızın taleyi ilə ciddi maraqlanır, baş verən hadisələrə daha həssas yanaşırlar.

Bu yaxınlarda Cənubu Afrika Respublikasına səfərimiz zamanı bu uzaq ölkədə yaşayan azərbaycanlıların - onlardan biri Qurban Zeynalovun söhbətlərindən bunu bir daha hiss etdim. Qurban gənc olsa da savadlıdır, bir neçə xarici dil bilir, yerli əhali ilə qaynayıb-qarışıb, yaxşı hörmət qazanıb.

Bu ölkədə azərbaycanlıların sayı çox az olsa da, onlar həmrəydirlər, bir-birləri ilə sıx əlaqə saxlayırlar, yeri gəldikcə adət-ənənələrimizi təbliğ edirlər. Qurban mədəndə vəzifə daşımasına, işinin çox olmasına baxmayaraq səfər etdiyimizi öyrənib bizimlə görüşdü və söhbət zamanı yaşadığı ölkənin iqtisadiyyatı, mədəniyyəti, tarixi ilə bərabər, Azərbaycanda baş verən yeniliklər, inkişaf haqqında elə həvəslə, özü də tutarlı faktlarla danışdı ki, təəccübümüzü gizlədə bilmədik. Öyrəndik ki, doğulduğu Zaqatala rayonu, dostları ilə müntəzəm əlaqə saxlayır, yeniliklərlə maraqlanır və yığışıb bu məsələləri tez-tez müzakirə edirlər.

Bu günlərdə dostlarım mənə Tatarıstan Respublikasında yaşayan azərbaycanlılar - “Odlar yurdu” qəzetinin redaktoru Vasif Abdullayev, Buluqma şəhər dumasının deputatı Eyyub Umudov, vəkil Azər Rəfiyev, həkim Nurəddin Axundov, Özbəkistanda yaşayan hüquqşünas, “Şöhrət” ordenli Əli Nəsirli, Almaniyada yaşayan Araz Paşayevbir çoxları haqqında elə xoş sözlər söylədilər ki, urəyim dağa döndü. Belə insanların sayı isə minlərlədir və onların hər biri ilə fəxr etməyə dəyər.

Biz azərbaycanlıyıq. Bu adın keçmişini qorumaq, bu gününü şərəfləndirmək, qürurla yaşatmaq bizim əməlimizin qayəsi, ürəyimizin istəyi olmalıdır. Yaşadığımız hər bir ölkədə, işlədiyimiz hər bir sahədə Azərbaycanın adını uca tutmalı, azərbaycançılıq ideologiyası ətrafında birləşməli, özümüzü dünyaya yeni, mütərəqqi baxışlarda təqdim etməliyik. Bu, ölkəmizin inkişafı, xalqımızın gələcəyi, hər birimizin həyatı, firavanlığı üçün çox vacibdir.

Arzumuz da budur ki, xalqların və insanların dilindən hər birimizdə qürur doğuran, hörmət və etiram ifadəsi olanBizim azərbaycanlılar” kəlmələrini tez-tez eşidək, xaricdə olan qardaş və bacılarımızın yeni-yeni uğurlarının, qələbələrinin şahidi olaq.

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2017.- 4 fevral.- S.4.