Milli Qəhrəman Akif Əkbərovun xatirəsi anılıb

 

Beyləqan şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Akif Əkbərovun xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Akif Əkbərovun ailə üzvləri, Beyləqan rayon Mədəniyyət Mərkəzinin və mərkəzləşdirilmiş kitabxana sisteminin işçiləri, rayon ictimaiyyətinin nümayəndələri Milli Qəhrəmanın mədəniyyət və istirahət parkındakı büstü önünə gül-çiçək qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edənlər Milli Qəhrəmanın mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Əkbərov Akif Abbas oğlu 1952-ci il fevralın 2-də Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 1969-cu ildə Beyləqan şəhər 1 nömrəli orta məktəbi bitirib, 1970-ci ildə ordu sıralarına çağırılıb. 1974-cü ildə Beyləqan Rayon Daxili İşlər Şöbəsində fəaliyyətə başlayıb. 1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla, rayon polis şöbəsinin bir qrup əməkdaşı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün Kəlbəcər rayonundakı “Sarı yer” yaylağına ezam edilib. A.Əkbərov avqustun 12-də erməni hərbi birləşmələrinin hücumunun qarşısını alarkən qəhrəmanlıqla həlak olub. O, Beyləqan rayonunda dəfn edilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 8 oktyabr tarixli Fərmanı ilə Əkbərov Akif Abbas oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Beyləqan şəhərində büstü qoyulub, küçələrdən biri onun adını daşıyır.

 

Azərbaycan.- 2017.- 4 fevral.- S.5.