Şəhid Eldar Əliyarovun xatirəsi
anılıb
Fevralın 3-də Qusar rayonunun Çiləgir kəndində Qarabağ uğrunda döyüşlərdə həlak olmuş Quba-Qusar batalyonunun əsgəri Eldar Əliyarovun xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, anma mərasiminin iştirakçıları əvvəlcə Qusardakı Şəhidlər Xiyabanına gələrək Vətən uğrunda canından keçən qəhrəman oğulların məzarlarını ziyarət ediblər.
Anım tədbiri şəhid Eldar Əliyarovun adını daşıyan Çiləgir kənd tam orta məktəbində təşkil olunub.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar rayon şöbəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları, valideynləri, kənd sakinləri və məktəblilər iştirak ediblər.
Şəhidin atası Əliyar Əliyarov 24 yaşında Vətən uğrunda canından keçən oğlu ilə fəxr etdiyini bildirib. O qeyd edib ki, indiki yeniyetmələr, gənclər onların haqq yolunu davam etdirməyə hazır olmalıdır.
Mərasimdə bildirilib ki, Quba-Qusar batalyonu ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 2-də xalqa müraciətindən sonra yaradılıb. Batalyonun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub. Eldar Əliyarov da həmin vaxt bu igidlərin sırasında yer alıb. Amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə tanınıblar. Eldar Əliyarov 1994-cü il yanvarın 31-də Füzuli rayonu ərazisində yerləşən Şişqaya uğrunda qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Həmin döyüş zamanı bir neçə yüksəklik ermənilərdən azad olunub.
Tədbirdə
çıxış edən veteran
döyüşçülər Azərbaycan Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin əmri ilə hər an silaha sarılaraq işğal
altında olan torpaqlarımızı
düşmən tapdağından azad etməyə
hazır olduqlarını bildiriblər.
Azərbaycan.-
2017.- 4 fevral.- S.5.