İnsan amili yenə diqqət mərkəzində olacaq

 

Strateji Yol Xəritəsində yoxsulluğun tam aradan qaldırılması hədəflənir

 

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu yeni neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın sürətli iqtisadi inkişafına imkan verdi. Ümummilli liderin siyasi kursunu layiqincə davam, günün tələblərinə uyğun inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə ildən-ilə hər sahədə yüksələn xətlə irəliləyir.

2003-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə, neftdən əldə olunan gəlirlərdən düzgün istifadə edilməklə insanların maddi rifahının getdikcə yaxşılaşmasına, qeyri-neft sektorunun mövqeyinin möhkəmləndirilməsinə yönəldilən ardıcıl tədbirlər müsbət nəticələrini göstərdi. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı ən yüksək artım sürətinə malik olan ölkələrdən biri kimi tanındı. Əldə olunan bütün nailiyyətlər öz təcəssümünü ilk növbədə xalqın güzəranında, dolanışığının səviyyəsinin yüksəlməsində tapdı.

Başqa sözlə, aparılmış iqtisadi siyasət Azərbaycanın dünya ölkələri sırasında adambaşına düşən milli gəlirin həcminə görə nəzərəçarpacaq dərəcədə irəliləməsi ilə nəticələndi. Əgər 2004-cü ildə Dünya Bankı Azərbaycanı adambaşına milli gəlirlərin həcminə görə yoxsul ölkələr qrupuna aid etmişdisə, 2005-ci ildə aşağı- orta gəlirli, 2009-cu ildən isə artıq yuxarı-orta gəlirli ölkələr qrupuna daxil etmişdir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev demişdir: “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”.

“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə də məhz Azərbaycan vətəndaşının rifahı - insan amili önə çəkilmişdir. Bu sənəddə ölkənin yoxsulluqdan çıxaraq orta-yüksək gəlirə necə nail olduğunun təhlili verilməklə yanaşı, həm də sosial rifah istiqamətində hədəflər şərh edilmişdir.

Sözügedən sənəddə də göstərildiyi kimi, 2004-2014-cü illərdə Azərbaycanda yüksək iqtisadi artım insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunmuşdur. Adambaşına milli gəlir 2004-cü illə müqayisədə 8 dəfə artmışdır. İqtisadi artım özünü məşğulluq probleminin həllində əldə olunan nailiyyətlərdə göstərmişdir. Belə ki, 1 milyon 300 mindən çox yeni yeri açılmışdır ki, onların da 77,1 faizi daimi olmuşdur. İş yerlərinin 62,9 faizinin məhz regionlarda açılması da təqdirəlayiq hallardan biridir.

Bu faktların şərhə ehtiyacı yoxdur: yoxsulluq səviyyəsində yaşayan əhalinin xüsusi çəkisi 10 il ərzində 6 dəfə azalmışdır. Yəni 2005-ci ildəki 29,3 faizdən 2014-cü ildə 5 faizə qədər düşmüşdür. Əhaliyə pensiya və müavinət ödənişləri 6,7 dəfə artmışdır. Digər mühüm sosial göstərici minimum əməkhaqqının 2014-cü ildə 2005-ci ilə nisbətən 3 dəfədən çox yüksəlməsidir.

Həm də əhalinin aşağı rifaha malik qrupuna göstərilən sosial xidmətlər maddi yardımların verilməsi ilə məhdudlaşmır. Strateji Yol Xəritəsində deyildiyi kimi: “Bunun isə yoxsul və aşağı peşəkarlıq səviyyəsinə malik əhalinin yenidən əmək bazarına daxil olması perspektivləri baxımından faydaları məhduddur. Məhz həmin əhali təbəqəsinin aktiv işçi qüvvəsinə inteqrasiya edilməsi baxımından sosial xidmətlər portfelinə keyfiyyətli təhsil və səhiyyə xidmətlərinin, zəruri hallarda peşəkarlığın yüksəldilməsi kimi xidmətlərin daxil edilməsi vacibdir”.

Strateji Yol Xəritəsində əhalinin sosial rifahının yüksəldilməsinin digər mühüm bir komponenti kimi kommunal xidmətlərin keyfiyyəti qeyd olunur. Bu sahənin infrastrukturunun təkmilləşdirilməsinə yönəldilmiş irihəcmli sərmayələr əhalinin işıq, qaz, su təchizatı kimi kommunal xidmətlərə çıxış imkanlarını genişləndirmişdir. Həmin istiqamətdə keyfiyyət xeyli yüksəlsə də, xidmətlər üzrə əsas aparıcı qüvvə qismində dövlət sektoru çıxış edir. Odur ki, kommunal xidmətlər bazarının liberallaşdırılması və özəl sektorun cəlb edilməsi ilə inkişaf keyfiyyətin dayanıqlığını təmin edər. Bu, eyni zamanda dövlət sektorunun fiskal yükünün azalmasına kömək göstərər.

Sözügedən sənəddə həmçinin göstərilir ki, hazırda Azərbaycanda adambaşına düşən orta mənzil fondu 17,9 kvadratmetrdir. MDB-də bu göstərici 20, Şərqi Avropa ölkələrində isə 30 kvadratmetr təşkil edir. Əhalinin sosial rifahını əks etdirən göstəricilərdən birinin məhz mənzillə təminat fondu olduğunu göstərən Strateji Yol Xəritəsi, təbii ki, bu sahədə də irəliləyişlərə nail olmağı hədəfləyir.

Dünya İqtisadi Forumunun 2015-ci ildə hazırladığı İnsan Kapitalı İndeksinə əsasən, Azərbaycan 124 ölkə sırasında 63-cüdür. Yuxarı-orta gəlirli 30 ölkə üzrə Azərbaycan insan kapitalına görə 15-ci yerdədir. Bununla belə, məhsuldarlıq - əsaslı inkişaf modelinə keçid çağırışları fonunda ən mühüm təkmilləşdirmə istiqamətlərindən biri insan kapitalının hazırlanması prosesinin keyfiyyətinin daha da yüksəldilməsidir. Bu məqsəd də bir neçə səbəbdən irəli gəlir. Əvvəla, ölkədə fərqli yaş qrupları üzrə ən aşağı keyfiyyət göstəricisi (təhsil və məşğulluq) 15-24, ən yuxarı göstərici isə 55-64 yaş qrupuna aiddir. Bu isə o deməkdir ki, ən ixtisaslı kadr potensialı yaşlı nəsil arasında, ən zəif kadrlar gənclər arasındadır. Başqa bir fakt: 2014-cü ildə ölkə üzrə məşğulluğun 36,7 faizi kənd təsərrüfatının payına düşsə də, aliorta ixtisas təhsili müəssisələrində oxuyan 218690 tələbədən cəmi 2685-i kənd təsərrüfatı ixtisasları üzrə təhsil alıb. Bu sahədə ixtisaslı mütəxəssislərin azlığı isə kənd təsərrüfatında məhsuldarlığın aşağı olması ilə nəticələnir.

Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlik Hesabatına (2016) əsasən, Azərbaycan 144 ölkə arasında ali təhsil və təlimin keyfiyyəti göstəricisinə görə 78-ci, ali təhsilə cəlbolunma üzrə 94-cü, işçi heyətinin təlimi üzrə 82-ci, ibtidai təhsilin keyfiyyətinə görə 81-ci yerdədir. Dövlətin insan kapitalının hazırlanması prosesinin keyfiyyətinin daha da yüksəldilməsi sahəsində qarşıya qoyduğu məsələlərin həlli ölkəmizi bu siyahıların hər birində xeyli irəliyə çıxaracaq.

Strateji Yol Xəritəsinin mühüm tərəflərindən biri də 2025-ci ildən sonrakı dövr üçün sosial rifah halının yaxşılaşdırılmasını və insan inkişafı indeksinin ən yüksək həddə çatdırılmasının təmin edilməsini hədəf göstərməsidir. Bu hədəf baxışı insan potensialının reallaşdırılması üçün geniş imkanlar təmin etməyi nəzərdə tutur. Yaxşı həyat keyfiyyəti üçün ilkin şərtin rifah, səhiyyə və təhsilin olduğu vurğulanır.

Odur ki, yoxsulluğun ünvanlı şəkildə tam aradan qaldırılacağı, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanlarının genişləndiriləcəyi hədəfə alınır. Bunun üçün ötən 10 il ərzində keçilmiş yol davam etdiriləcək. Dövlət iqtisadi inkişafın ən yoxsul insanları əhatə etməsini və beləliklə, ünvanlı olaraq yoxsulluğun aradan qaldırılmasını təmin edəcək.

2025-ci ildən sonra yoxsulluq probleminin həllinə iki yanaşma olacaq. Layiqli yerlərinin sayı artırılacaq. Əməkhaqqı digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək göstəriləcək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Minimum əməkhaqqı isə orta əməkhaqqının 60 faizinə yaxın olacaq.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün iqtisadi, sosial, demoqrafik, təbiət və texnoloji sahələrdə baş verə biləcək əsas dəyişikliklər və problemlər nəzərə alınacaq. Adekvat ərzaq təhlükəsizliyi sisteminin formalaşdırılması üçün yeni qida zənciri texnologiyalarının genişləndirilməsi və yeni aqroərzaq zənciri strukturlarının formalaşdırılması nəzərdə tutulur. Görülən tədbirlər Azərbaycanı Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində qida təminatına görə tutduğu 61-ci, qida məhsullarının keyfiyyətinə görə 86-cı yerdən 40-cı yerə yüksəlməsinə imkan verəcək.

Mənzil təminatı artacaq. Kəndlərdə məşğulluq imkanlarının genişləndirilməsi şəhərə axını azaldacaq. Eləcə də paytaxt sakinləri ilə kənd əhalisinin gəlirləri arasındakı fərq təxminən 50 faizdən 40 faizə qədər enəcək.

Həyata keçirilən digər tədbirlər nəticəsində də insan kapitalı inkişaf edəcək. Önəmli olan bu tədbirlərdən bir neçəsini misal göstərmək yerinə düşər. Məsələn, səhiyyə xidmətlərinin və təhsilin keyfiyyətinin yüksəldilməsi bu sahəyə bir töhfə olacaq. Dövlət xidmətləri insanlar üçün eyni dərəcədə əlçatan olacaqtexnoloji bacarıqlara malik əhaliyə əlverişli rəqəmsal xidmətlər göstəriləcək. Elektrik enerjisi, sukanalizasiya, istilikqaz təchizatında səmərəliyin və xidmət səviyyəsinin yüksəldilməsi sosial rifahın daha da yaxşılaşdırılmasına təkan verəcək.

Təkmilləşdirilmiş təhsil sistemi səmərəliyə və innovasiyaya dayaqlanan iqtisadiyyata keçidin əsasını təşkil edəcək. Təhsilin səviyyəsi ən azı Şərqi Avropa ölkələrindəki kimi olacaq. Ali təhsillilərin sayı xeyli artacaq. Beynəlxalq təhsil standartlarına uyğunlaşan məktəb və universitetlərdə dünya miqyasında geniş mübadilə apara biləcəklər.

Strateji Yol Xəritəsində göstərilən daha bir vacib məqam: bu həm iqtisadiyyatın inkişafına, həm də insanların rifah halının yüksəldilməsinə xidmət edəcək, yoxsulluğun aradan qaldırılmasına, insan kapitalının inkişafına böyük dəstəkçi olacaq bir məsələdir. Belə ki, 2025-ci ildən sonrakı dövrdə ölkə iqtisadiyyatının əsas hərəkətverici gücü rəqabətqabiliyyətli işçi qüvvəsi olacaq. Gənclərin və qadınların işlə təmin olunmasına əvvəlkindən daha çox diqqət yetiriləcək. Beləliklə, Azərbaycanda insan kapitalı təkcə milli iqtisadiyyatın deyil, qloballaşan dünya iqtisadiyyatının tələblərinə uyğun inkişaf etdiriləcək, əmək miqrasiyası səmərəli şəkildə tənzimlənəcək, əhali də qazanacaq, ölkə də gəlir əldə edəcək.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-5 fevral.- S.1, 5.