Erməni vəhşiliyinin, vandalizminin əyani sübutu

 

Beynəlxalq təşkilatların nümayəndələrinin, xarici jurnalistlərin Cocuq Mərcanlıya səfərləri ermənilərin əsl simasını bir daha dünyaya nümayiş etdirəcək

 

Tarixin əksər dövrlərində ermənilər Azərbaycan xalqına qarşı “ermənilik” (insanlığa sığmayan, yalnız onlara məxsus olan iyrənc, vandal addımlar) etmək üçün əlverişli məqam axtarıblar. Onlar zaman-zaman xalqımıza, eyni zamanda mədəni-tarixi, dini abidələrimizə qarşı soyqırımı siyasətini həyata keçiriblər. Bütün bunları təsdiqləyən faktlar və sənədlər mövcuddur. Elə bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə yenidən qurulacaq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin hazırkı durumu erməni vəhşiliyini təsdiqləyən real faktdır.

Yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bu məsələyə toxunan dövlət başçısı vurğulamışdır ki, Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin əyani sübutudur. Özlərini mədəni xalq kimi təqdim etməyə çalışanların hansı vəhşiliklər törətdiyi əyani şəkildə görünür. Ona görə də beynəlxalq təşkilatlara müraciət olunmalı və bu qurumların nümayəndələri kəndə səfər edərək erməni vandalizminin nədən ibarət olduğunu görməlidirlər.

Ermənistan işğal olunmuş ərazilərimizə beynəlxalq təşkilatların nümayəndələrinin səfər etməsinə qadağa qoyub. Dövlət başçısı bu məsələyə də toxunaraq bildirmişdir ki, ermənilərin işğal edilmiş digər torpaqlara beynəlxalq müşahidəçiləri buraxmamalarının səbəbi hər kəsə bəllidir. Çünki dünya erməni vandalizminin şahidi olacaq. Ona görə Cocuq Mərcanlıda bütün sənədləşmə, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi işləri, video, fotoçəkilişlər aparılmalı, dağılmış bütün binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır.

Siyasətçilər də hesab edirlər ki, beynəlxalq təşkilatların, xarici ölkələrin KİV nümayəndələri Cocuq Mərcanlıya səfər edərək oradakı vəziyyətin canlı şahidi olsalar, bu, özünü dünyaya məzlum xalq kimi təqdim etməyə çalışan ermənilərin əsl simasının dünyaya tanıdılmasında böyük rol oynayacaq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyir ki, dövlət başçısının Azərbaycan xalqının hədsiz sevincinə səbəb olan sərəncamı artıq icra olunur: Prezident İlham Əliyev Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransında dedi ki, Cocuq Mərcanlı kəndində görüləcək işlərə çox əsaslı yanaşmalıyıq və orada ilk növbədə infrastruktur yaradılmalı, yollar, elektrik, qaz, su xətləri çəkilməli, mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. Birinci mərhələdə 50 ev tikiləcək”. Dövlət başçısı kəndin master-planının da hazırlanması ilə bağlı göstəriş verib. Gələcəkdə Cocuq Mərcanlıda 100, ya da 200 ev tikiləcək. Orada yaşayacaq insanlar üçün yerləri də açılacaq. Həm əkin sahələri, həm də digər yerlərinin yaradılması üçün tədbirlər görüləcək. Cocuq Mərcanlının sakinləri uzun fasilədən sonra öz doğma ata-baba torpaqlarına qayıdacaqlar.

Deputat hesab edir ki, beynəlxalq qurumların, xarici ölkələrin KİV nümayəndələrinin əraziyə səfəri Azərbaycanın bir daha haqq yolunda, Ermənistanın isə işğalçı dövlət olduğunu təsdiqləyəcək. Əslində, həmin təşkilatlara bəllidir ki, Ermənistan işğalçı dövlətdir. Əgər belə olmasaydı, Ermənistan həmin qurumların nümayəndələrini işğal olunmuş ərazilərə buraxardı: Aprel döyüşləri zamanı ermənilərin Tərtər və Ağdamda evlərə vurduğu ziyanı bütün dünya izlədi. Çünki cəbhəyanı əraziyə dünyanın aparıcı KİV-inin nümayəndələri səfər edərək olanları öz gözləri ilə görüb, fotoşəkillərini çəkdilər. Bu, erməni vəhşiliyinin dünyaya nümayişi ilə yanaşı, Azərbaycanın bütün dünya üçün açıq bir dövlət olduğunu göstərdi. Düzdür, haqq səsimizi illərdir eşitmirlər, ancaq Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, diplomatik bacarığı sayəsində dünyanın əksər təşkilatları, dövlətləri Ermənistanı işğalçı ölkə kimi tanıyıb. Hesab edirəm ki, Azərbaycan haqq yolundadır, ona görə də büdrəmədən irəliləyir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyir ki, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinə beynəlxalq təşkilatların nümayəndələrinin aparılması ilə bağlı söylədiyi fikirlərdə əsas məqsəd erməni vəhşiliyini dünyaya göstərməkdir: “Cocuq Mərcanlı torpaqlarımızın ilk işğalı zamanı bir neçə gün müddətinə yerlə yeksan edilən kəndlərdən biridir. Buna görə də beynəlxalq təşkilatların nümayəndələri ora getməklə erməni vəhşiliyini öz gözləri ilə görəcəklər. Bu, dinc əhalinin öz torpaqlarına qayıdışının tərənnüm edilməsi, nümayişi, təbii ki, bizim haqlı olduğumuzu və torpaqlarımızın ermənilər tərəfindən işğalı zamanı hansı vəhşiliklər etdiklərini sübut edən faktlardan biridir. Bu, olduqca həssas bir məsələdir və hesab edirəm ki, dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıqlar qəlbində vətən həsrəti, sevgisi olan hər bir Azərbaycan vətəndaşında kövrək hislər yaradır”.

Deputat qeyd edib ki, ermənilərin işğal olunmuş ərazilərimizə beynəlxalq təşkilatların nümayəndələrini buraxmamalarının səbəbi onların vandalizm və saxtakarlıqlarının dünyaya yayılma qorxusudur: “Ötən ilin aprel ayında baş verən döyüşlər zamanı Tərtərdə, Ağdamda ermənilər tərəfindən bir çox sosial obyektlər və insanların yaşayış mənzilləri dağıdılmışdı. Azərbaycan dövləti onların hamısının bərpasını təmin etdi. Cənab Prezident ailə üzvləri ilə birlikdə bərpa işlərinin necə yekunlaşması ilə tanış olmaq üçün həmin ərazilərə getdi. Aprel hadisələri vaxtı Azərbaycan Xarici İşlər Nazirliyi və digər diplomatik kanalların xətti ilə ölkəmizdə olan hərbi attaşelər, eyni zamanda səfirliklərin nümayəndələri həmin ərazilərdə oldular və ermənilər tərəfindən törədilən vəhşilikləri öz gözləri ilə gördülər. Bundan sonra ermənilərdə onların vandalizmlə məşğul olduqlarının dünyaya yayılması qorxusu yarandı. Azərbaycan bütün dünyaya yenidən erməni vəhşiliklərini nümayiş etdirəcək”.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 5 fevral.- S.5.