İlham Əliyev tezliklə bütün Qarabağı böyük abadlıq-quruculuq meydanına çevirəcək

 

Prezident İlham Əliyevə minnətdarlıq məktubları yazan vətəndaşlar əmindirlər ki, böyük qayıdış uğurla yekunlaşacaq

 

Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq. Qısa müddətdə Cocuq Mərcanlı kəndini yenidən quracağıq. Kənd sakinləri böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Bunun böyük tarixi əhəmiyyəti var”.

Prezident İlham Əliyevin söylədiyi kimi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması həqiqətən də dövlətçilik tariximizdə, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin ədalətlə həlli uğrunda ölkəmizin apardığı diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən biri kimi qalacaq.

Dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı məlum sərəncamını tarixi əhəmiyyətli qərar sayan hər bir Azərbaycan vətəndaşı böyük fəxarət hissi keçirir və hər kəs hesab edir ki, bu qərar uğurlarımızın başlanğıcıdır. Bunu həm Cəbrayıl rayonunun, həm də respublikamızın müxtəlif şəhər və rayon sakinlərinin Prezidentə ünvanladıqları minnətdarlıq məktublarında da görə bilərik. Bu məktublarda cəmiyyətin birmənalı mövqeyi, əminliyi ondan ibarətdir ki, tezliklə Azərbaycan işğal edilmiş bütün torpaqlarını geri qaytaracaq, bu ərazilər bərpa edilərək quruculuq ünvanına çevriləcək.

Cəbrayıl rayonu, Mahmudlu kənd sakini Bəxtiyar Əsədovun və başqalarının adından dövlət başçısına ünvanlanan minnətdarlıq məktubunda deyilir: “Cənab Prezident, Sizə sonsuz inam bəsləyirik. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası üçün verdiyiniz sərəncamı alqışlayırıq. Əminik ki, Cocuq Mərcanlı kəndində həyatın bərpa edilməsi doğma Qarabağımıza qayıdışın əsası və başlanğıcı olacaqdır”.

Cəbrayıl rayonunun 6 saylı qəsəbə sakini Vəli Cəlilovun məktubunda isə deyilir ki, bütün cəbrayıllılar yaxın vaxtlarda doğma torpaqlarına qayıdacaqlarına böyük ümid bəsləyirlər. İnanırlar ki, hər zaman həyata keçirdiyi uğurlu, qətiyyətli siyasəti ilə Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı düşmən tapdağından təmizləyəcək: “Cənab Prezident, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamınıza görə Sizə təşəkkür edirik. Sizin kimi alicənab Prezidentimiz olduğu üçün çox xoşbəxtik”.

Tərtər rayonunun Şıxarx qəsəbəsinin sakinləri adından dövlət başçısına minnətdarlıq edən şəhid atası İsa Orucovun məktubunda isə qeyd edilir ki, Şıxarx qəsəbəsi müharibədən ən çox zərər çəkmiş yaşayış məntəqələrindəndir. Elə ev, elə həyət yoxdur ki, orada müharibənin izi olmasın. Hazırda qəsəbə böyük tikinti meydançasını xatırladır. Düşmənin bir addımlığında yerləşən qəsəbədə Prezident İlham Əliyevin göstərişi ilə 70 ailə üçün ev tikilir. Bu, qəsəbə sakinlərini ürəkdən sevindirir. Cocuq Mərcanlı kəndi kimi bu qəsəbə də yenidən qurulur: “İnsanların əhvali-ruhiyyəsi yüksəkdir, dövlətə, qələbəyə inamımız böyükdür. İnanırıq ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq, həmin ərazilərdə yeni evlər, sosial obyektlər tikiləcəkSizin dediyiniz kimi, torpaqlarımıza böyük qayıdış olacaq.

Möhtərəm cənab Prezident, məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Əminik ki, tezliklə bütün Qarabağda böyük tikinti-abadlıq işləri aparılacaq. Tanrı Sizi qorusun”.

Cəbrayıl rayonunun Çaxırlı kənd sakini İmran Əliyevin məktubunda isə qeyd edilir ki, sakini olduqları Çaxırlı kəndi Cocuq Mərcanlı kəndinə bitişikdir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət başçısının imzaladığı sərəncam cəbrayıllı, qarabağlı kimi Əliyevlər ailəsinin böyük sevincinə səbəb olub: “Əziz Prezident, Sizin dediyiniz kimi, böyük qayıdış Cocuq Mərcanlıdan başlayır. Allah Vətənimizin hər bir guşəsini gülüstan eləsin”.

Bakı şəhəri, Xətai rayonunun Əhmədli qəsəbəsində yaşayan, əslən Cəbrayıl rayonundan olan Vahid Həsənovun və başqalarının adından dövlət başçısına ünvanlanan minnətdarlıq məktubunda isə bildirilir ki, məhz Prezident İlham Əliyevin gərgin əməyi, prinsipial siyasəti sayəsində məcburi köçkünlərin ən böyük arzusu - işğal olunmuş torpaqlarımıza qayıdış reallaşmaq üzrədir: “İşğaldan azad olmuş torpaqlarımızda yaşayışın bərpa edilməsi ilə bağlı sərəncam cəbrayıllıları çox sevindirdi. Buna görə dövlət başçısına minnətdarlığımızı bildirirona uğurlar arzulayırıq”.

Ötən ilin aprelində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində minlərlə hektar ərazimizin işğaldan azad edilməsinə, həmçinin Cocuq Mərcanlı kəndində bərpa işlərinin görülməsi ilə əlaqədar sərəncam imzaladığına görə dövlət başçısına təşəkkür edən Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində məskunlaşan Cəbrayıldan olan məcburi köçkün Məhəmməd Məmmədov və başqaları məktublarında qeyd edirlər ki, biz üçrəngli bayrağımızı bu gün Cocuq Mərcanlıya sancdıqsa, sabah onu Şuşada, Xankəndidə dalğalandıracağıq. Çünki İlham Əliyevin Ali Baş Komandanı olduğu Azərbaycan Ordusu buna qadirdir.

Bəli, dövlət başçısına ünvanlanan bütün minnətdarlıq məktublarında insanların necə sevinc, fəxarət hissi keçirdikləri açıq-aydın görünür. Hər kəs inanır ki, iqtisadiyyatı inkişaf edən, dünyada söz sahibinə çevrilən Azərbaycan bu gün qüdrətli dövlətə çevrilibonun rəhbəri öz xalqının mənafeyi naminə uğurlu siyasət yürüdür. Azərbaycan Prezidentinin Böyük Qayıdış Planının tərkib hissəsi olan məlum sərəncam isə işğalçı Ermənistana, dünya birliyinə növbəti mesajdır. Bu, eyni zamanda Azərbaycanın iqtisadi potensialının və iqtisadi qüdrətinin nümayişidir. İşğalçı Ermənistan, eləcə də digər ölkələr bir daha şahid oldular ki, Azərbaycan öz iqtisadi potensialını əsas götürərək heç bir xarici dövlətdən yardım, dəstək almadan işğaldan azad olunmuş torpaqlarının bərpasını həyata keçirmək əzmindədir və Azərbaycan heç vaxt bir qarış torpağını pay verməyəcək.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 7 fevral.- S.1, 4.