Azərbaycanın ilk ticarət
nümayəndəsi təyin olundu
Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, eləcə də ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Prezident İlham Əliyevin dünyadakı yeni çağırışların nəzərə alındığı iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən ixracın təşviqi ilə bağlı bir sıra addımlar atılıb və bu tədbirlər 2017-ci ildə də davam etdirilir. Bu yaxınlarda dövlət başçısı “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” fərman imzalayıb. Fərmanın icrası və Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi tədbirlərı barədə AZƏRTAC-ın suallarını iqtisadiyyat naziri Şahin Mustafayev cavablandırıb.
- Cənab nazir, qeyri-neft məhsullarının ixracının artırılması əsas vəzifələrdəndir. Bu istiqamətdə hansı tədbirlər görülür?
- Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft ixracının artırılması, yeni bazarlara çıxışın təmin olunmasıdır. Bununla bağlı dövlət başçısı bir sıra mühüm fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının 2016-cı il 5 oktyabr tarixli fərmanına əsasən, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin həyata keçirilməsi sahibkarların ixraca olan marağının və ixrac olunan qeyri-neft məhsulları çeşidlərinin artması, ixrac coğrafiyasının genişlənməsi, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda analoji məhsullarla rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından xüsusi rol oynayır. Belə ki, fərmanın icrası ilə bağlı son 3 ayda artıq 4 ixrac missiyası təşkil olunub, sahibkarların missiyalarla bağlı bütün xərcləri dövlət büdcəsi hesabına ödənilib.
İlk ixrac missiyası çərçivəsində 12 şərab istehsalçısı Honkonqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quancou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmək imkanı əldə edib. İxrac missiyası zamanı Çinə şərab ixracı ilə bağlı müqavilə imzalanıb və bu müqaviləyə əsasən artıq Çinə şərab ixracına başlanılıb. Həmçinin Quancou şəhərinə təşkil edilən ixrac missiyasında Azərbaycan istehsalı olan “Savalan Syrah” markalı şərab qızıl medala layiq görülüb.
3-cü ixrac missiyası isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilib, meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib. İxrac missiyasının nəticəsi olaraq Dubaya nar şirəsi və alma ixrac olunur.
Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanılıb. Bu çərçivədə 2016-cı ilin noyabr ayından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi ödənilir.
Görülən bu tədbirlərin səmərəliliyini artırmaq və ixracın təşviqi məqsədilə AZPROMO-nun nəzdində “İxracatçılar Klubu” yaradılıb, EXPORT.az” rəsmi ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, arıçılar ixracatçıları və istehsalçıları assosiasiyaları təsis olunub, sahibkarlara ixracla bağlı təlimlər keçirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib.
2017-ci ilin ilk ixrac missiyası Almaniyaya təşkil olunub, bu çərçivədə meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şərab, bal və çay istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən və Azərbaycan pavilyonunun da yer aldığı “Beynəlxalq Yaşıl Həftə” sərgisini ziyarət edib. İxrac missiyası çərçivəsində Azərbaycanın ixracatçı şirkətləri ilə yerli alman şirkətləri, distribüterlər və potensial alıcılar arasında ikitərəfli işgüzar görüşlər təşkil olunub, Azərbaycan məhsullarının ixrac imkanları, bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Növbəti ixrac missiyaları isə Əfqanıstan, Pakistan və Qətərə təşkil ediləcək. Həmçinin bu mexanizm çərçivəsində dövlət dəstəyi ilə sahibkarlar 2017-ci ildə “Gulfood” (BƏƏ), “Prowein” (Almaniya), “Worldfood” (Rusiya), “Anuga” (Almaniya), “Hong Kong International Wine & Spirits Fair” (Çin) kimi ən nüfuzlu beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər.
Bununla yanaşı, xarici ölkələrdə ticarət evlərinin təşkilinə və “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli fərmanının icrasına başlanılıb.
- Ticarət evlərinin yaradılması və ticarət nümayəndəsinin təyin olunmasına hansı ölkələrdən başlanacaq?
- Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə müvafiq təhlillər əsasında Azərbaycanın müxtəlif ölkələrdə ticarət evlərinin yaradılması nəzərdə tutulur. Bu çərçivədə ilk olaraq Rusiya Federasiyasında və Belarusda Azərbaycan Ticarət Evi yaradılır. Daha sonra Ukraynada və digər ölkələrdə də ticarət evlərinin yaradılması planlaşdırılır.
Ticarət nümayəndələrinin təyinatı məsələsinə gəldikdə isə, ilk növbədə qeyd edim ki, fərman xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədini daşıyır.
Fərmana əsasən ticarət nümayəndəsi tərəfindən təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Dövlət başçısının bu fərmanı qeyri-neft məhsulları istehsalının artırılması, həmin məhsulların ixrac həcminin və coğrafiyasının genişləndirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir.
Müvafiq təhlillər əsasında Azərbaycanın qeyri-neft məhsulları üzrə digər əsas ticarət tərəfdaşlarının ticarət və investisiya imkanları nəzərə alınmaqla həmin ölkələrdə də ticarət nümayəndələrinin təyin olunması nəzərdə tutulur.
- Bəs prosesə nə vaxtdan başlanacaq?
- Artıq
Rusiya Federasiyasında
ticarət nümayəndəsi
təyin olunub. Təyinatın birinci olaraq Rusiya Federasiyasından başlanması bir neçə səbəblə
bağlıdır. İlk növbədə
Rusiya Federasiyası Azərbaycanın qeyri-neft
məhsulları üzrə
əsas ticarət tərəfdaşıdır. 2016-cı ildə Azərbaycan Respublikasının
Rusiya Federasiyasına ixracının həcmi
409 milyon ABŞ dolları
təşkil edib.
Ölkəmizin qeyri-neft məhsullarının
31 faizi Rusiya Federasiyasına ixrac olunur və bu göstərici üzrə Rusiya ticarət tərəfdaşlarımız
arasında 1-ci yerdədir.
Digər
tərəfdən isə,
Rusiya Federasiyası ilə ölkəmiz investisiya sahəsində geniş əməkdaşlıq
edir. Rusiya Azərbaycan iqtisadiyyatına
3 milyard ABŞ dollarından
çox investisiya yatırıb. Ölkəmizin Rusiya iqtisadiyyatına qoyduğu investisiyaların
həcmi isə 1 milyard ABŞ dollarından
çoxdur. Azərbaycan Rusiyanın
78 regionu ilə əməkdaşlıq edir
və 17 federasiya subyekti ilə əməkdaşlıq haqqında
sazişlər imzalayıb.
Qeyd olunanları nəzərə alaraq ölkəmizin qeyri-neft məhsullarının Rusiya
bazarına ixracının
artırılması və
mövcud potensialdan maksimum istifadə olunması məqsədilə
bir sıra işlər görülür,
Moskva şəhərindəki
Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisində
Azərbaycan pavilyonunun
təmirinə və yenidən qurulmasına, həmçinin “Azərbaycan
evi”nin yaradılmasına
başlanılıb.
Rusiya Federasiyasında ticarət
nümayəndəsinin təyin
olunması bu ölkəyə qeyri-neft ixracımızın genişləndirilməsi,
Azərbaycanın biznes
mühitinin təşviqi
və Rusiya şirkətlərinin investisiyalarının
ölkəmizə cəlb
olunması, habelə iqtisadi maraqlarımızın
qorunması üzrə
görülən işlərin
səmərəsinin artırılması
baxımından əhəmiyyət
daşıyır.
Rusiya
Federasiyasındakı səfirliyimizə təyin olunan ticarət nümayəndəsi Ruslan Əliyev Moskva
Dövlət Beynəlxalq Əlaqələr Universitetini
beynəlxalq hüquq sahəsində bakalavr və magistr üzrə
bitirib, sonra təhsilini
Londonda davam etdirib. Azərbaycanda və Rusiyada
həm dövlət sektorunda, həm də
özəl sektorda böyük
təcrübəsi var, iqtisad
elmləri namizədidir.
Azərbaycan.-
2017.- 7 fevral.- S. 5.