İlham Əliyevin barışdırıcılıq
missiyası
Ölkə
daxilindəki tolerantlıqdan dünya miqyasında həmrəylik
və barış liderliyinə
Biz İslam həmrəyliyini gücləndirməliyik, müsəlman aləmində gedən proseslər, onların bir hissəsi bizi narahat edir. Biz istəyirik ki, müsəlman aləmində sülh bərqərar olsun, sabitlik bərpa edilsin, məzhəb əsasında münaqişələrə son qoyulsun və birlik olsun. Əgər birlik olmasa, biz güclü ola bilmərik. Azərbaycan öz növbəsində İslam həmrəyliyinin gücləndirilməsi üçün çox böyük işlər görür və biz bu işləri ardıcıl aparırıq.
İlham ƏLİYEV
“Türkiyə Prezidenti burada yoxdur, amma mən buradayam” - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olmadığı bir tədbirdə onun arxasınca danışmaq istəyən ünsürün ağzından vuran Azərbaycan Prezidenti cənab İlham Əliyevin mövqeyi həm də İslam həmrəyliyinə ən bariz misaldır.
Həmrəylik dostluqdan, bir-birini istəməkdən, mehriban münasibətdən doğur!
Həmrəylik tərəfdaşlığa, əməkdaşlığa, birgə fəaliyyətə yönəldir!
Həmrəylik fikir ayrılığının, anlaşılmazlığın ziddiyyətə, qarşıdurmaya çevrilməsinə yol verməyərək məsələnin sülh yolu ilə həllinə xidmət edir!
Bu gün dünya ziddiyyətlər burulğanına düşərək qan içində boğulur!
Bu gün dünya terrorizmin
girdabında ağır duruma düşüb!
Bu gün dünya “demokratiyanın bərqərar
edilməsi”, “insan haqlarının qorunması” adı
altında dağıdılır, ölkələr xarabazara,
vətəndaşları isə “miqrant” adlandırılan
qaçqınlara çevrilir!
Bunların da bir səbəbi
vaxtında sülhə gəlmək üçün həmrəyliyin
olmamasında, insanların bir-biri ilə dil tapa bilməməsində,
əməkdaşlıq yerinə silaha əl
atmasındadır!
İkiqütblü
dünyadan birqütblü dünyaya keçdikdən sonra
sivilizasiyalararası toqquşmaların aparıcı dövlətlərin
planlarına uyğun gəlmədiyini görənlər bu
qarşıdurmanı sivilizasiya daxilinə yönəldirlər.
Hədəfdə olanlar “ərəb
baharı”nın qurbanlarına çevrilən
İslam dövlətləridir!
Onlar həm “içəridən”,
həm də “çöldən” dağıdılır. “İqtidar” və
“müxalifət”ə ayrılan qüvvələr silaha əl
ataraq bir-birinin qanını axıdır...
Tarixi abidələr, kəndlər,
şəhərlər yerlə yeksan edilir...
İnsanlar evsiz-eşiksiz, ac-yalavac,
işsiz və ümidsiz qalır...
Əfqanıstan, İraq, Misir, Liviya,
Suriya... İndi isə qardaş Türkiyəni
qan çanağına çevirmək istəyirlər.
Qarşı duran tərəflər,
bir-biri ilə yola getməyən dövlətlər
münaqişə və problemləri danışıqlar yolu
ilə çözmək, sülhə gəlmək, faciə
və fəlakətlərə son qoymaq istəmirlər.
Hər kəs öz iddiasında
özünü haqlı sayır!
Hər kəs öz mövqeyində
özünü ədalətli bilir!
Hər tərəf
qarşısındakından güzəşt gözləyir!
Heç kim geri
durmaq istəmir!
İŞİD adlı bəla isə
bütün İslam sivilizasiyasına meydan oxuyur!
Bu qarmaqarışıq, ölüm
və fəlakət qoxulu dünyada Azərbaycan sabitlik
adasını xatırladır!
Ərazisinin 20 faizi işğal
altında qalan, özü müharibə vəziyyətində
olan Azərbaycan daha sabit və əmin-amandır!
Bu, Heydər Əliyev siyasi kursunun qələbəsidir!
Bu, Azərbaycanın müstəqil
daxili və xarici siyasətinin bəhrəsidir!
Bu, həm də Azərbaycanın
dini modelinin düzgünlüyü və uğurudur!
***
Azərbaycan Prezidenti cənab
İlham Əliyev 2017-ci ili “İslam həmrəyliyi
ili” elan etdi.
Bu, “Multikulturalizm ili”ndən
sonra cənab İlham Əliyevin dünyada sülhün və
əmin-amanlığın bərpasına və möhkəmlənməsinə
yeni töhfəsi sayılır.
İslam dövlətlərinin
müharibə, terror, humanitar fəlakətlər pəncəsində
çabaladığı bir zamanda bu addım çox gərəkli
və yerindədir.
“Kəssə hər kim
tökülən qan izini...” Həm də Hüseyn Cavidin məramı
ilə üst-üstə düşən bir addımdır!
Belə bir təşəbbüsün
Azərbaycandan və şəxsən onun rəhbəri cənab
İlham Əliyevdən irəli gəlməsi təbii və
qanunauyğundur!
Niyə?
Çünki Azərbaycanın dini
modeli ən məqbul variantlardandır və onun dünyada
sivil, müasir, demokratik, sabit, əmin-aman dövlət kimi
tanınmasına mane olmayıb!
Çünki Azərbaycan həm də
İslam dövlətləri tərəfindən hörmətli
tutulan, həvəslə əməkdaşlıq edilən,
eşidilən ölkədir!
Belə bir təşəbbüsə
Azərbaycanın həm mənəvi haqqı, həm də
ona sanballı töhfələr verməyə imkanları var!
***
İslam ölkələrini
hədəfə çevirən bir sıra məqamlar
mövcuddur. Ən əvvəl, İslam digər səmavi dinlərlə
müqayisədə cavan, inkişafda olan dindir və onun
çoxsaylı cəlbedici cəhətləri var.
İkincisi, Allah enerji daşıyıcılarının əsas
hissəsini müsəlman ölkələrinə verib. Belə ki, hazırda dünya əhalisinin 14 faizi
müsəlmandır. Dünya neft
ehtiyatlarının isə 62 faizi, təbii qaz
ehtiyatlarının da 60 faizi onların payına
düşür.
Müsəlmanlar arasında
doğum faizi və əhali artımı yüksəkdir. Belə
demoqrafik vəziyyət “qocalan” dünyanı əndişələndirir.
Bir sıra müsəlman
dövlətləri özünün turizm imkanları ilə
Avropaya ciddi rəqibdir.
Bütün bunlar
qıcıq doğurur.
Amma İslam dünyası
savadlılıq və ümumi səviyyə baxımından
xristianlara “uduzur”. Xüsusən gender siyasəti və qadın hüquqlarının
qorunması sahəsində.
Yeni texnologiya əldə etmək
sarıdan Qərbə möhtacdır. Müasir
silahları da inkişaf etmiş ölkələrdən
alırlar. “Silah bazarı”nın bu
cür bölgüsü, yəni, alıcıların
İslam dövlətlərinin olması onlar arasında ziddiyyət,
qarşıdurma və toqquşmaların baş verməsində
satıcıları maraqlı tərəfə çevirir.
Daha bir diqqətçəkən
məqam. Ən çox neft hasil və ixrac edənlər
müsəlman dövlətləri olsalar da, neftin qiymətinin
müəyyənləşməsində onlar söz sahibinə
çevrilə bilmirlər. Çünki aralarında
birlik və həmrəylik yoxdur!
Ən nəhayət,
dünya KİV-ləri İslam ölkələri barədə
yanlış fikir və mənfi təsəvvür yaratmaq
üçün daim sistemli kampaniya aparır və məqsədlərinə
nail olurlar. Çünki dünya informasiya resurslarında bu
kampaniya ardıcıl, mütəşəkkil və planlı
qaydada gedir. İslam dünyası və
onun KİV-i isə buna qarşı öz həqiqətlərini
eyni israrla qoymurlar. Beləliklə,
“İslam terror dinidir” fikrinin ictimai rəyə yeridilməsində
müəyyən uğurlar qazanılır. Halbuki mahiyyətcə İslam sülh, barış
dinidir, ədalətsizliyi, qəddarlığı,
insafsızlığı rədd edir.
“Kamikadze”lik İslama xas
olmayıb.
Lakin “özünü partladaraq” ətrafdakıları da məhv
etmək kimi terror əməlini az qala
İslamın atributuna çeviriblər. Hətta
bunu müəyyən “əlamətlərlə” “rəsmiləşdiriblər”.
Məsələn, dini mənsubiyyəti, hansı dövlətə
və terrorçu qruplaşmaya xidmət etdiyi bilinməyən
şəxslər adətən, özlərini partlatmazdan
öncə “Allahu Əkbər” deyib qışqırırlar! Yaxud kamikadzenin də belinə sarıdığı
bomba bu gün niyə “şəhid kəməri”
adlandırılır? Axı, “şəhid” sözü İslama
məxsusdur, terrorçunun isə dini və vətəni
olmur!
Görəsən, “şəhid
kəməri” ilə özlərini partladanların yeri cənnətdir”
- fikri harada və necə yaradılıb?! Norveçli A. Breyvik
kütləvi qətliam törədərkən nə “Allahu
Əkbər” dedi, nə belinə “şəhid kəməri” bağlamışdı,
nə də “cənnətə getmək” vədi
almışdı. Heç erməni terror təşkilatı
ASALA-nın, Xocalı soyqırımını törədənlərin
də İslama aidiyyəti yoxdur!
Onda nə üçün
terror İslama aid edilir, terrorçu isə müsəlman
hesab olunur, yaxud daim müsəlman kimi qələmə verilir?!
Başqa bir məqam.
Nə üçün
dünyanın İslam dini ruhaniləri, dini liderləri bir
mövqeyə gələrək bütün məscidlərdə
və məclislərdə belinə “şəhid kəməri”
bağlayaraq günahsız insanları qətlə yetirənləri
insanlığın və İslamın düşməni elan
etmirlər?!
Axı, belə terror zamanı ən
çox qurban verənlər məhz müsəlmanlardır!
Əslində, günahsız və
köməksiz insanları qəddarcasına qırmaq dinimizdə
də, gerçək dünyada da ən böyük
günahdır!
Nahaq qan tökənin yeri isə cəhənnəmdir!
Niyə İslamın
nüfuzlu xadimləri, liderləri, alimləri birgə
razılıqla belələrini “cəhənnəmlik” elan
etmirlər?
Onlara mane olan nədir?! Kimdir?!
Görünür, çatmayan əsas
məsələ elə həmrəylikdir!
Bundan ziyanı isə ən çox
müsəlman aləmi görür!
Həmrəyliyə mane olan əsas
məsələlərdən biri də İslamın daxilində
olan məzhəblərarası ziddiyyətdir. Əslində,
bu fərqi daim körükləyərək ziddiyyətə
çevrilən və əkslik formasında saxlamağa
çalışanlar var. Doğrudur, əsrlər boyu onun
aradan qaldırılması yönündə dəfələrlə
cəhdlər göstərilsə də, uğursuz olub. Müəyyən maraqlı qüvvələr mane
olublar.
Amma Azərbaycanda bu problemin
sülh yolu ilə həlli forması mövcuddur. Adı da Azərbaycanın
dini modelidir! Onun son uğuru isə Heydər məscidində
vəhdət namazının qılınmasıdır.
***
SSRİ-nin tərkibində,
sosializm dövründə yaşadığımız
müddətdə bizə ateist tərbiyəsi verir,
Allahın yoxluğuna inandırmağa
çalışırdılar. Dini məbədlərə
ziyarətə, yaxud ibadətə gedənlər ictimai
qınağa tuş gəlir, müxtəlif formada cəzalandırılırdılar.
Amma bütün bu cəza, qorxu, qınaq və
çəkindirmə tədbirlərinə baxmayaraq, Azərbaycan
xalqı dinsiz olmadı, Tanrıya qarşı
çıxmadı. Allahı ürəyində
gizlədib saxlayaraq müstəqillik dövrünə qədər
gətirdi. Bəli, sovet repressiya maşını bizi
Allahsız edə bilmədi! Müstəqilliyin
sonrakı illərində - ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında Azərbaycan
xalqının milli-mənəvi, o cümlədən dini dəyərlərinə
qayıtması, dövlət-din münasibətlərinin
formalaşdırılması sahəsində də
ardıcıl işlər görüldü. Ən əvvəl, baş müəllifi ulu öndər
Heydər Əliyev olan yeni Konstitusiyanın hazırlanması və
qəbulunda bu məsələ diqqətdə
saxlanıldı. Yeni Əsas Qanunumuzda
dövlət-din münasibətləri düzgün tənzimləndi.
Konstitusiyamız Azərbaycan
dövlətinin demokratik, hüquqi, dünyəvi, unitar
respublika olduğunu, dinlə dövlətin
ayrılığını, eyni zamanda, bütün dini
etiqadların qanun qarşısında bərabərliyini bəyan
edir.
Bu prinsiplərə uyğun
olan digər qanunlar da qəbul olunmuşdur.
Bu, məsələnin
hüquqi tərəfidir.
Həyatda isə
qarşılıqlı əlaqə və münasibətlər
sahəsində zənginliklər daha çox və
genişdir.
Diqqət çəkən məqam isə ondan ibarətdir ki,
həmişə dövlətin siyasəti ilə xalqın istəyi
və mövqeyi üst-üstə düşüb!
Müstəqillik
dövründə dini dəyərlərinə qayıdan
ölkəmizdə münasibətlərin sivil və humanist əsaslar
üzərində qurulmasının əhəmiyyəti
çox idi. Ulu öndər Heydər Əliyev bu məqama
xüsusi diqqət yetirirdi. SSRİ
dövründə nə qədər təbliğat və cəza
tədbirləri aparılsa da, milli-dini zəmində
toqquşmalardan qaçmaq mümkün olmamışdı.
Qazaxıstanda baş verən hadisələr
zorakılıqla yatızdırıldı. Özbəkistandakı hadisələrin
sorağı isə Azərbaycana belə gəlib
çıxdı. Xalqımız məhsəti
türklərindən olan qaçqınlara həyan duraraq
onlara isti qucaq açdı.
Azərbaycan xalqı
Allahın vahidliyini dərk və qəbul etmiş, hər
etiqad sahibinin özünə aid dini məbəddə
Tanrı ilə təmasa girməsini normal
qarşılamışdır. Bu, xalqın
böyüklüyündən və qəlbinin genişliyindən
irəli gələn haldır.
Təbii ki, sovet
dövründə din və Allah qəbul edilmədiyindən
tolerantlıqdan da söhbət gedə bilməzdi. Heydər
Əliyevin böyüklüyü onda oldu ki, müstəqilliyin
ilk illərində bu sahədə yaranan yeni münasibətləri
də düzgün axarına yönəltdi. Dəfələrlə
Azərbaycanın müstəqilliyini istəməyən
qüvvələr dini-milli zəmində qarşıdurma
yaratmağa cəhd etsələr də, hətta bir sıra
dövlətlərin səfirləri bölgələrdə
düşüb qalsalar da, istəklərinə nail ola bilmədilər! Çünki
birgə yaşamaq, bir-birinin dininə və mədəniyyətinə
hörmətlə yanaşmaq artıq Azərbaycan vətəndaşının
həyat tərzinə çevrilmişdir. Digər tərəfdən dövlət də bu məsələləri
daim diqqət mərkəzində saxlayır. Cənab İlham Əliyevin prezidentliyi dövründə
Azərbaycanda çoxsaylı yeni dini məbədlər
tikilmiş, köhnələri isə bərpa edilmiş və
ya təmir olunmuşdur. Bunların
sırasında Cənubi Qafqazın ən qədim məscidi
olan Şamaxı Cümə məscidinin yenidən
qurulmasını, Bakıda yeni sinaqoq, katolik kilsəsinin tikilməsini,
Alban, Alman-Lüteran kilsəsinin və digərlərinin təmirini
qeyd etmək olar.
Bütün bu münasibətləri
formalaşdıran və nizamlayan Azərbaycan dini modeli öz
unikallığı ilə seçilir. Bu modelin əsas prinsipləri
bir-birinin milli-mənəvi, dini dəyərlərinə
hörmətlə yanaşmaq, tolerantlıq, fikir
ayrılığını ziddiyyətə keçməsinə
yol verməmək, əlbir və mehriban birgə iş və
yaşayışı təmin etməkdir. Azərbaycan
elə nadir ölkələrdəndir ki, burada mütəmadi
şəkildə beynəlxalq humanitar forumlar, həm də
BMT-nin Sivilizasiyalararası Alyansının Qlobal Forumu, habelə
Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları
keçirilir.
Ötən il multikulturalizm ənənələrinin yaradılması və yaşadılması təcrübəsini bütün dünya ilə bölüşən Azərbaycan bu il dövlət başçısının təşəbbüsü ilə İslam həmrəyliyinə öz töhfəsini vermək yönündə addımlar atır. İslam həmrəyliyi təkcə islam yox, digər dövlətlərlə də həmrəyliyi özündə ehtiva edir. Həmrəylik ölkələr arasında anlaşmaya və əməkdaşlığa, dövlətlər daxililiyə və dünyada sülhə, artıq fəlakətə çevrilən terrorizmə qarşı əlbir və əlaqəli fəaliyyətə xidmət edir. Əbəs deyilməyib: qonşunun evi yanırsa, onun söndürülməsinə kömək et, yoxsa yanğın sənin də evinə keçə bilər!
Azərbaycan Prezidenti son dərəcə gərəkli və humanist bir addım atdı: İslam dünyasını bir masa ətrafında əyləşməyə, onları hədələyən və reallaşan təhlükələrə qarşı birgə mübarizəyə, həmrəy olmağa dəvət etdi!
Bütün müharibələr sülhlə qurtarır! Əbədi savaş yoxdur!
Bütün ziddiyyətlər də danışıqlar yolu ilə, bir-birinə güzəştə getmək nəticəsində aradan qaldırılır!
Elə isə dövlət daxilində sabitlik, günahsız insanların qanının axıdılması, ən nəhayət, İslamın yekdilliyi, gücü və nüfuzu naminə dövlət başçıları və liderləri nə üçün bir araya gəlməsin, fikir ayrılıqlarını dinimizin mahiyyətinə uyğun olaraq ədalət və səbirlə həll etməsin?
Azərbaycan Prezidenti cənab İlham Əliyev belə bir şans yaradıb! Bu imkanın gerçəkləşdirilməsi üçün də əməli addımlar atılacaqdır.
Ən əvvəl, Azərbaycan öz nümunəsini ortaya qoyur.
Sonra islam dövləti rəhbərlərini bir araya gətirərək bir məclisdə cəmləyir!
Hamıya qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq nümunəsi göstərir.
Ən nəhayət, İslam dünyasının Bakıda toplanmasına şərait yaradan IV İslam Həmrəyliyi Oyunlarını təşkil edir!
Dövlətimizi, xalqımızı və dünyamızı təhlükələrdən, terrordan və dağıntılardan, yoxsulluq və gerilikdən qurtarmaq istəyiriksə, hamımız Azərbaycan Prezidentinin yaratdığı bu imkandan səmərəli istifadə etməliyik!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2017.- 8 fevral.- S.1, 4.