Azərbaycanın növbəti diplomatik
və hüquqi qələbəsi
Ölkəmizin ərazi bütövlüyünə
qarşı çağırışlar edən A.Lapşin Prezident İlham Əliyevin
qətiyyətli mövqeyi, prinsipial fəaliyyəti nəticəsində
Azərbaycana gətirildi
Dövlətin qüdrəti yalnız hərbi potensialı və ya digər bu kimi maddi imkanları ilə ölçülmür. Hər bir dövlətin qüdrətini həm də onun beynəlxalq aləmdəki yüksək nüfuzu, dünya birliyindəki möhkəm mövqeləri tamamlamalıdır. Əgər bu olmazsa, həyata keçirilən xarici siyasətdə, milli maraqların təmin edilməsində ən mühüm cəhətlərdən biri sayılan prinsipiallıq mümkün olmaz.
Geridə qoyduğumuz hər bir il Azərbaycan dövlətinin beynəlxalq arenada artan nüfuzu ilə yadda qalıb. Prezident İlham Əliyevin qətiyyətli və müstəqil xarici siyasətinin, mahir diplomatik gedişlərinin, bütün məsələlərdə nümayiş etdirdiyi prinsipial mövqenin nəticəsidir ki, Azərbaycan daim beynəlxalq səviyyədə öz milli maraqlarını ləyaqətlə təmin edib.
Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər edən Aleksandr Lapşinin dünən Bakıya gətirilməsi də bir daha Azərbaycanın öz maraqlarını sonadək qətiyyətlə təmin etdiyini təsdiqlədi. Bu o Lapşindir ki, təkcə işğal olunmuş ərazilərə getməklə kifayətlənməyib. Həm də torpaqlarımızda qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Ona görə A.Lapşin barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmış və barəsində dövlətlərarası axtarış elan edilmişdi. O, ötən il dekabrın 14-də Belarus Respublikasının hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılmışdı.
A.Lapşinin Azərbaycana təhvil verilməməsi üçün çoxları səy göstərirdi. Bəzi qüvvələr müxtəlif vasitələrlə Belarusun hüquq mühafizə orqanlarına təsir və təzyiq göstərməyə çalışırdılar. Belarus Baş Prokurorluğunda hələ yanvar ayında onun Azərbaycana ekstradisiyasına dair qərar qəbul edilmişdi. A. Lapşinin vəkili bu qərardan Minsk şəhər məhkəməsinə şikayət etmişdi. Lakin Minsk şəhər məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Belarusun Ali Məhkəməsinə şikayət olunmuşdu. Lakin Ali Məhkəmə də Lapşinin Azərbaycana ekstradisiyasına dair qərardan verilən şikayəti təmin etməmişdi.
Bir çoxlarının, o cümlədən ermənilərin və onların təəssübkeşlərinin səylərinə, Belarusun məhkəmə və prokurorluq orqanlarına təzyiqlərinə baxmayaraq, A.Lapşin Bakıya gətirildi. Bir neçə ölkənin vətəndaşlığını daşıyan bu erməni təəssübkeşi məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, prinsipial fəaliyyəti nəticəsində Azərbaycana ekstradisiya edildi. Beləliklə, bu hadisə Azərbaycanın növbəti diplomatik və hüquqi qələbəsi kimi tarixə düşdü.
Eyni zamanda A.Lapşinin həbsi və Bakıya gətirilməsi Ermənistanın terrorçu hakimiyyətinə göz dağı, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edənlərə isə yaxşıca dərs oldu. Çünki bu hadisə birinci növbədə işğalçı dövlətin Dağlıq Qarabağdakı qondarma respublikanın təbliği ilə bağlı siyasətini alt-üst etdi. Digər tərəfdən, işğal olunmuş ərazilərə səfər edənlər mütləq A.Lapşinin aqibətini yada salmalı olacaqlar. Əgər Azərbaycan dövləti A.Lapşinin xarici ölkədə həbs edilərək Bakıya ekstradisiyasına nail oldusa, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən digərləri də özlərinin toxunulmaz olmadıqlarını anlayacaqlar.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-
2017.- 8 fevral.- S.1.