Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə predmeti oldu

 

Azərbaycan dövləti beynəlxalq hüquq prinsiplərinə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan müstəqil xarici siyasət yürüdərək qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik reaksiya verir. Qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilən ölkəmizə olan maraq ildən-ilə artır. Məhz bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasiiqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib.

Azərbaycanın Avropa İttifaqı ilə 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətləri yeni mərhələyə qədəm qoyub. Xatırladaq ki, Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” saziş imzalanmış, bu sənəd ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından vacib əhəmiyyət daşımışdır. Azərbaycan Respublikasının Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi haqqında Avropa İttifaqı Şurasının 14 iyun 2004-cü il tarixli qərarı da ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur.

Avropa İttifaqı ilə əlaqələrdə daha yüksək səviyyəli siyasiiqtisadi inteqrasiya vəd edən Avropa Qonşuluq Siyasəti bura daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olmuşdur. Azərbaycan ilə adıçəkilən qurum arasında əməkdaşlığın əsas istiqamətlərindən birinienerji dialoqu təşkil edir. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumuenerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Bu memorandumun əsas məqsədi Avropa İttifaqınınn enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.

2006-cı il 14 noyabr tarixdə Avropanın “Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı” təsdiq edilmiş, ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmişdir. Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulmuşdur. Ölkəmiz “Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı” çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edib.

Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanlarını açıb. Avropa İttifaqı Azərbaycanla əlaqələrini TRASEKA, eləcə də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyiniqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlar çərçivəsində reallaşdırır.

Azərbaycanın iqtisadisiyasi baxımdan güclənməsi, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması müəyyən dövlətləri və təşkilatları, xüsusən də ermənipərəst dairələri ciddi narahat edir. Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında demokratik dəyərlərə “ikili standart” yanaşması getdikcə güclənir. Müasir dövrdə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq.

Azərbaycanın Cənubi Qafqazın qüdrətli dövlətinə çevrilməsindən narahat olan bəzi dövlətlər, xüsusən də Ermənistanı açıq şəkildə müdafiə edən antiazərbaycançı şəbəkə ölkəmizə qarşı zaman-zaman qarayaxma kampaniyası aparıblar. Azərbaycanın əleyhinə çirkin kampaniya aparan antiislam, antitürk mövqeli qüvvələr ölkəmizlə sıx əməkdaşlıq edən nüfuzlu təşkilatlarla münasibətlərmizi zədələməyə yönələn addımlardan belə çəkinməyiblər. Erməni lobbisinin təsiri altında olan bir sıra qeyri-hökumət təşkilatları da bu işdə onlara yardımçı olurlar.

Təəssüflər olsun ki, müəyyən vaxtlarda antiazərbaycançı dairələr qərəzli kampaniyalarına nüfuzlu qurumları da “alət” edirlər.

Avropa Parlamentinininsan haqları”nın müdafiəisi pərdəsi altında zaman-zaman etdiyi spekulyasiyalar buna misal ola bilər. I Avropa Oyunları ərəfəsində də eyni ssenari, eynioyunçular, eyni dəst-xətt və eyni “pərdəarxası əllərin” şahidi olduq. 2015-ci il mayın 12-də Avropa Parlamentində “Bakı oyunları: İnsan haqları uğrunda mübarizə” adlı tədbir keçirildi. Tədbirdə iştirak edən bəzi parlamentarilər Avropa liderlərini Bakıda keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasiminə getməməyə çağırışlar etdilər. Lakin Azərbaycan dövləti I Avropa Oyunlarına ən yüksək səviyyədə evsahibliyi etməklə bu dairələrin məkrli planlarını alt-üst etdi.

2015-ci il sentyabrın 10-da Avropa Parlamentində ölkəmizdəki vəziyyətlə bağlı müzakirələr qətnamənin qəbulu ilə başa çatdı. Belə ki, Azərbaycana qarşı qərəzli qətnamə səsə qoyularkən 365 deputatdan 202-si əleyhinə, 72 parlamentari isə bitərəf qaldı. Qəbul olunmuş qətnamənin layihəsini Avropa Parlamentinə liberal-demokratlardan ibarət fraksiya (ALDE qrup) hazırlamışdı. Sentyabrın 14-də Azərbaycan Respublikası Milli Məclisi Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar növbədənkənar iclas keçirərək qərar qəbul etdi. Qərarda göstərilirdi: “Avropa Parlamentinin Azərbaycana dair 2015-ci il sentyabrın 10-da qəbul etdiyi qətnamə bu parlament təşkilatında ölkəmizə qarşı sistemli və davamlı şəkildə aparılan qərəzli qarayaxma kampaniyasının son dərəcə təhqiramiz xarakter aldığını göstərir. Bu dəfə insan hüquqları bəhanəsi altında Azərbaycanda xalq tərəfindən dəstəklənən siyasi hakimiyyətə şər və böhtan atılmış, ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında inkişaf edən tərəfdaşlıq münasibətlərini sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirərək onu dünyaya inteqrasiya prosesindən təcrid etməyə uğursuz cəhd göstərilmişdir”.

2015-ci ilin noyabrında Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün Avropa Parlamentinin missiya göndərməkdən imtina etməsi isə bu qurumun müəyyən dairələrin əlində oyuncağa çevrildiyini təsdiqlədi. Azərbaycan parlamenti obyektivlikdən uzaq və qərəzli münasibətlə üzləşməsinə görə Avropa Parlamenti və Avronestlə əməkdaşlıq əlaqələrini dayandırmaq barədə qərar qəbul etdi. Bundan sonra Avropa Parlamenti tərəfindən Azərbaycan Milli Məclisinə dəfələrlə müraciətlər daxil oldu, səfərlər edildi, münasibətləri yenidən bərpa etmək üçün cəhdlər göstərildi. Bir çox avroparlamentarilər isə təklikdə keçirdikləri görüşlərdə qəbul etdikləri qərara görə üzr istədilər. Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti yenidən Azərbaycanda oldu və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə etdilər. Nəhayət, ötən ilin sentyabrında “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi müzakirəyə çıxarıldı. Səfərin yekunlarına uyğun qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi vurğulandı. Milli Məclis bütün bunları nəzərə alaraq 21 sentyabr 2016-cı ildə Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün qərar qəbul etdi.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər artıq yeni mərhələyə keçib. Avropa İttifaqı ilə assosiativ sazişi imzalamayacağı ilə bağlı konkret mövqe ortaya qoyan Azərbaycan bunun əvəzinə yeni strateji sənəd təqdim edib. Artıq ötən il sənədin bütün konturları Avropa İttifaqına təqdim olunub. Avropa İttifaqı bu sənədi müzakirə etdikdən sonra Azərbaycanla yeni mərhələdə danışıqlara başlamaq qərarına gəlib. Məhz bu məqsədlə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Belçika Krallığına səfərdə olub. Səfərin əsas məqsədi Avropa İttifaqı (Aİ) ilə yeni tərəfdaşlıq münasibətlərinə dair sazişin şərtlərini müzakirə etmək olub.

Prezident İlham Əliyev Belçika Krallığına səfəri zamanı çox mühüm görüşlər keçirib. Brüsseldə Prezident İlham Əliyevin və Belçika Kralı Filipin təkbətək görüşü olub. Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Dövlət başçısının bu səfəri həm Azərbaycan-Belçika ikitərəfli münasibətlərinin genişlənməsi, həm də ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib. Prezident İlham Əliyev Belçika şirkətlərini Azərbaycanın iqtisadiyyatının inkişafında iştiraka dəvət edib. Söhbət zamanı ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu vurğulanıb, regional, iqtisadi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşü də maraqlı məqamlarla yadda qaldı. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilib. Maroş Şevçoviç qeyd edib ki, Azərbaycan Prezidentinin bu səfəri ölkəmizlə Avropa İttifaqı arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq. Görüşdə Azərbaycanın Avropa İttifaqının strukturları ilə əməkdaşlığından məmnunluq ifadə olunub, “Cənub qaz dəhlizi” layihəsi ilə bağlı işlərin həyata keçirildiyi bildirilib.

Azərbaycan Prezidenti Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşlərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə predmeti oldu.

Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında keçirilən görüşdə Azərbaycan ilə bu qurumun əməkdaşlığının perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycanla Avropa İttifaqı arasında indiyə qədər həm Avropa İttifaqı strukturları, həm də Avropa ölkələri ilə geniş və çoxtərəfli əməkdaşlıq həyata keçirilir. Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi, siyasi, ticari, enerji, mədəni, idman və digər sahələrdə əməkdaşlıq məmnunluq doğurur. Bildirilib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın məzmunu və forması daha da dəqiqləşdirilməli və konkretləşdirilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədin tezliklə hazırlanıb imzalanmasının vacibliyi qeyd olunub.

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk görüşdən sonra mətbuata birgə bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev əməkdaşlığın inkişafında yeni mərhələnin açıldığını bildirib: “Əməkdaşlığımızın digər vacib sahəsi mədəniyyətlərarası dialoqdur. Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük sərmayələr yatırır. Biz Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkəyik. Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir.

Onu da qeyd etmək istəyirəm ki, bizim Avropa İttifaqına üzv dövlətlərlə də əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz var. Onların 9-u, yəni üçdəbir hissəsi ilə bizim strateji tərəfdaşlığa dair imzalanmış sazişlərimiz var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır. Bu gün əməkdaşlığımızın tarixində əlamətdar bir gündür. Çünki birliyimizin yeni səhifəsini açırıq. Mən danışıqları aparanlara uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxtlarını itirmədən sabahdan dərhal işə başlayacaqlar və yaxın vaxtlarda bir çox gələcək illər üçün aramızdakı strateji əməkdaşlığı müəyyən edəcək sənədi hazırlayıb təqdim edəcəklər”.

Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirir. BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, Avropa Parlamentinin, İƏT-in sənədlərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk qurumun münaqişə ilə bağlı tutduğu mövqeyi bir daha bəyan edib: “Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq birliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim “Cənub qaz dəhlizi”ni tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir.

Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Biz əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsinə və şaxələndirilməsinə necə kömək edəcəyini müzakirə etdik. Azərbaycan üçün həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarda irəliləyişə nail olmaq rəqabətədavamlı biznes mühitinə yol açacaqbu da iqtisadi inteqrasiyanı irəliyə aparacaq”.

Prezident İlham Əliyevin Belçikaya səfərinin yekunları göstərdi ki, Azərbaycan-Avropa İttifaqı arasındakı münasibətlər yeni mərhələyə keçir. Bu əlaqələr Azərbaycanla yanaşı, Avropa üçün də kifayət qədər əhəmiyyətlidir. Azərbaycan regionun lider dövlətidir və dünyada təhlükəsizliyin təmin edilməsində çox böyük rolu var. Bu baxımdan Azərbaycanla münasibətlər Avropa İttifaqı üçün olduqca vacib əhəmiyyət daşıyır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 8 fevral.- S.1, 2.