Senat sədri Feysal Akif Faiz: “Azərbaycan-İordaniya əlaqələri tarixi, dini, mədəni köklərə əsaslanır”

 

Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov fevralın 6-da İordaniya Senatının sədri Feysal Akif Faiz ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsindən razılıq ifadə edilib. Azərbaycan-İordaniya parlamentlərarası əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti, bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri, qanunverici orqanların nümayəndələrinin səfər mübadilələrinin təşkili, o cümlədən İordaniya Senatında fəaliyyət göstərən İordaniya-Azərbaycan qardaşlıq komitəsinin fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. Xüsusilə də son on ildən artıq müddət ərzində Azərbaycanın keçdiyi uğurlu yol və əldə etdiyi nailiyyətlər, siyasi, iqtisadi həyatın bütün sahələrində qazanılan böyük uğurlar barədə məlumat verilib, respublikamızın ərəb dövlətləri, o cümlədən İordaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi diqqətə çatdırılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir S.Ağabəyov münaqişə ilə bağlı son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları, Azərbaycan Ordusunun uğurlu aprel əməliyyatı və həmin döyüşlər nəticəsində düşməndən azad edilən ərazilərdə yenidənqurma işlərinə başlanılması barədə parlamentin spikerinə məlumat verib.

Diplomat 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının anım mərasiminin keçiriləcəyini qeyd edib, Senatın sədri və Senatda fəaliyyət göstərən İordaniya-Azərbaycan qardaşlıq komitəsinin üzvlərini həmin mərasimə dəvət edib.

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı səfirliyin bəyanatını spiker F.A.Faizə təqdim edən səfir S.Ağabəyov İordaniya Senatının Xocalı soyqırımının tanınması, insanlığa qarşı törədilən bu vandalizm hərəkətlərinin qətiyyətlə pislənməsi ilə bağlı qəbul etdiyi sənədə görə təşəkkürünü bir daha ifadə edibbu addımın Azərbaycan xalqı, hökuməti tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ilielan edildiyini vurğulayan səfir respublikamızın İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi geniş fəaliyyətindən, cari il mayın 12-dən 22-dək Bakı İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyindən söhbət açıb. Ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi və paytaxtımızda keçiriləcək V Qlobal Bakı Forumu barədə məlumat verib.

Senat sədri ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi, dini, mədəni köklərə əsaslandığını, Kral II Abdullah ilə Prezident İlham Əliyev arasında şəxsi dostluq münasibətlərinin olduğunu böyük məmnunluqla bildirib. Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı ölkəsinin birmənalı mövqeyinin olduğunubunun heç bir zaman dəyişməyəcəyini vurğulayıb. F.A.Faiz V Qlobal Bakı Forumuna dəvət edildiyini bildirib, gərgin qrafikinə baxmayaraq, bu maraqlı dost ölkəyə səfər etmək əzmində olduğunu deyib.

Sonda sədrə Azərbaycan, ölkəmizin tarixi və mədəniyyəti, xalçaları, habelə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında ərəb dilində nəşr olunan kitablar və disklər təqdim olunub.

Görüşdə ölkəmizin İordaniyadakı səfirliyinin müşaviri İ.Əliyev də iştirak edib.

 

Azərbaycan.- 2017.- 8 fevral.- S.4.