Yaddaşlarda yaşayır
Xalq artisti Lütfi
Məmmədbəylinin səhnə həyatının unudulmaz məqamları
Xalqımızın milli-mənəvi sərvəti yalnız sənətkarlıq nümunələri deyil. Sənət kəhkəşanında parlayan ulduzlar da xalqın mənəvi sərvətidir. Ona görə də onlar daim xalqın yaddaşında yaşayır, dövlətin qayğısı ilə əhatə olunurlar.
Belə sənətkar ömrü yaşayanlardan biri də 90 il öncə dünyaya göz açan, sonralar səhnə sənətində parlayan, istedadlı aktyor və rejissor, teatr və kinoda özünün məktəbini yaradan xalq artisti Lütfi Məmmədbəyli olub.
Həyatı və bədii yaradıcılıq bioqrafiyasına qısa nəzər salmaqla, bu unudulmaz sənətkarı bir qədər də yaxından tanıya bilərik. Lütfi Məmmədbəylinin yaradıcılıq bioqrafiyası zəngindir. Onun həyatının yaddaqalan, maraqlı, çətin anları da az olmayıb. O, Ağdaşda doğulsa da, əslən şamaxılıdır. 1902-ci ildə - Şamaxı zəlzələsindən sonra mənsub olduğu nəsil müxtəlif bölgələrdə məskunlaşmağa məcbur olub. Ata babası Cahangir bəy Məmmədbəyli Şamaxının sayılıb-seçilənlərindən idi. Atasının ailə qurması da maraqlı hadisə ilə yadda qalıb. Deyirlər ki, babası Şahbaz bəy adı “qara siyahı”ya düşən bir nəfəri həbs etmək üçün onun evinə gedir. Həyətdə gözəl bir qız görür. Qəfil gələn sevgidən duyğulanan bəy Gülarə adlı bu qızı Şamaxıya qaçırır. Sonra Bakıya gəlib ailə qururlar. Gülarə xanım valideynlərini görmək üçün Ağdaşa gedərkən Lütfi 1927-ci il fevralın 6-da burada dünyaya göz açır.
Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, AMEA-nın müxbir üzvü Aydın Kazımzadənin fikrincə, bütün var qüvvəsini və bacarığını Azərbaycan incəsənətinin inkişafına sərf edən Lütfi Məmmədbəylinin xidmətləri həmişə yüksək qiymətləndirilib. Onun çoxşaxəli zəngin yaradıcılığı və mənalı həyat yolu gənc nəsil üçün bu gün də örnək olaraq qalır: “Dost-tanışları, sənətsevərlər milli teatrımızın görkəmli nümayəndələrindən biri, respublikanın xalq artisti, gərgin əməyi, istedadı sayəsində yüksək nüfuz qazanmış Lütfi Məmmədbəylinin 70 illik yubileyinə hazırlaşırdılar. Həmin ərəfədə onun ünvanına ulu öndər Heydər Əliyev təbrik məktubu göndərmişdi. Məktubda deyilirdi: “Hörmətli Lütfi Məmmədbəyov! Sizi - Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 70 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm...”
Aydın Kazımzadə fikirlərini davam etdirərək deyir: “Yaranış tapdığı çağlardan üzü bəri həmişə milli teatr sənətinin rejissor işi baxımından bəxti gətirib. H.Ərəblinski, A.Tuqanov, A.İsgəndərov, M.Məmmədov, T.Kazımov, Ə.Quliyev, L.Məmmədbəyli... kimi layiqli sənət xadimlərimiz olub. Lütfi müəllim, sözün həqiqi mənasında, tamaşalar qalereyası yaradıb. Hər biri yeni mizanlar, tərtibatlar, quruluşlar, aktyor seçimi, məşqlər, baxışlar tələb edən səhnə, ekran əsərinə, ən azı, 8-10 ay vaxt sərf olunursa, bu 60 tamaşanın fonunda rejissor Lütfi Məmmədbəylinin hansı əzablara qatlaşmasını hiss etmək, təsəvvürə gətirmək çətin deyil”.
Onun yetirmələri arasında Həsənağa Turabov, Yaşar Nuri, Rafiq Əzimov, Siyavuş Aslan, Tariyel Qasımov, Mərahim Fərzəlibəyov, Məleykə Əsədova, Sənubər İsgəndərli... kimi sevilən xalq sənətkarları var. Həmin aktyorlar sonralar ilk dəfə səhnəyə çıxdıqları dərnəkdən pərvazlanaraq, teatr və kino sahəsində öz fəaliyyətlərini uğurla davam etdiriblər. Hətta bu xalq teatrı o qədər məşhur olub ki, sənətkarın sağlığında el arasında ona “Lütfi Məmmədbəyli teatrı” deyirdilər.
Xalq artisti Tariyel Qasımovun da bu sənət ocağına ilk gəlişi maraqlı məqamlarla yadında qalıb: “Lütfi müəllimin dərnəyinə yeniyetmə yaşlarında gəlmişəm. O, teatrda elə bir isti mühit yaratmışdı ki, kollektiv böyük bir ailəni xatırladırdı. Biz onun böyük istedadına hörmətlə yanaşır, onunla fəxr edirdik. Əsas məqsədimiz gözəl obrazlar yaratmaq, müəllimimizin etimadını doğrultmaq idi”.
Xalq artisti Rasim Balayev o illəri acılı-şirinli xatirələrdə yaşadır: “Hamı Lütfi müəllimin dərnəyinə gedib sonra ali məktəbə daxil olurdu. Mən isə əksinə, instituta girib sonra onun dərnəyinə getmişəm. Buna görə məni çox qınayırdılar. Amma onun çəkdiyi televiziya tamaşalarında oynamağımın mənim üçün böyük xeyri oldu”.
Mərhum xalq artisti Yaşar Nurinin xatirələrində isə Lütfi müəllim haqqında belə yazılıb: “O, mənim kimi çoxlarının əlindən tutub, səhnəyə, sənətə aparıb. Bizlərə yeriş, duruş, baxış, gülmək-ağlamaq öyrədib. Ona inandığımızdan ardınca getmişik. Hər tapşırığına əməl etmişik, məsləhətlərini, verdiyi mizanları yadımızda saxlamışıq. Onunla eyni sənət məbədində birgə işləməyimizi ən yüksək nailiyyətimiz, qələbəmiz bilmişik. Lütfi müəllim həddən artıq sadə, qədirbilən insan idi. Elədiyi, göstərdiyi yaxşılıqları heç vaxt dilinə gətirməz, üzə vurmazdı”.
Lütfi müəllimin ömür-gün yoldaşı Sevil xanım isə onun ailəcanlığından, zəhmətsevərliyindən, sənətə bağlılığından söz açardı: “Lütfi zəhmətkeş insan idi. Gündəlik işlərini görüb qurtarmamış yatmazdı. O, teatrda məşqdən gündüz saat 2-də çıxıb Azərbaycan Dövlət Televiziyasına gedirdi. Orada da məşqlərini edib, xalq teatrına yollanırdı. Tamaşalarda çıxış etdiyi üçün axşam saat 7-də yenidən Akademik Milli Dram Teatrına qayıdırdı. Evə demək olar ki, gecə saat 11-də, bəzən 12-də, yaxud gecə keçəndən sonra gəlib çıxırdı...”
...Zaman su kimi daim
axmaqdadır. Bu sürətli axarda atasını erkən itirən 14 yaşlı Lütfi ailəyə kömək üçün
işləməyi qərara
alır və Əmircandakı mədəniyyət
evinin səhnəsində
fəhləlik etməyə
başlayır. Lakin həyata
nikbin baxış və istedad onun ömür və sənət yoluna işıq salır. Kasıb ailənin mənəviyyatca
zəngin uşağı
ciddi düşünür
və teatr sənətinə ömürlük
könül verməyi
qərara alır.
Ona görə də çətinliklərə
baxmayaq, 1943-1947-ci illərdə
Teatr Texnikumunda,
1961-1966-cı illərdə isə M.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət
İnstitutunun rejissorluq
fakültəsində sənət
korifeylərindən dərs
alıb. Bir müddət Musiqili
Komediya Teatrında çalışan Lütfi
Məmmədbəyli ötən
əsrin 40-cı illərinin
sonunda Gənc Tamaşaçılar Teatrının
truppasına daxil olub. 1961-ci ildə Akademik Milli Dram Teatrına dəvət alan ölməz
sənətkar ömrünün
sonunadək burada çalışıb. Böyük aktyorluq
məktəbi keçən
Lütfi Məmmədbəyli
Akademik Milli Teatrın səhnəsində
və televiziyada 60-dan
çox tamaşaya quruluş verib.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Şirkətinin mahir aparıcılarından biri
də məhz Lütfi Məmmədbəyli
sayılıb. Həmin dövrün məşhur
televiziya verilişlərindən
olan “Səhər” musiqili informasiya proqramı, “Teatr görüşləri”, “Sənətkar
və zaman”, “Aktyorlar, rollar” məhz onun istedadı, aparıcılığı
sayəsində illərlə
ekran ömrü yaşayaraq tamaşaçı
sevgisi qazanıb.
“Ağasadıq Gəraybəyli”, “Atayevlər
ailəsi”, “Bəxtiyar”,
“Duel”, “Göz həkimi”,
“İtkin gəlin”, “Kişilər”, “Qızmar günəş altında”,
“Leyli və Məcnun”, “Mehmanxana sahibəsi”, “Mücrü”,
“O olmasın, bu olsun”, “Sarıköynəklə
Valehin nağılı”,
“Sehrli xalat”, “Səhər”, “Taleyin qisməti”, “Unudulan adam”, “Yad qızı”,
“Yağışdan sonra”,
“Yeni il gecəsində” və s. filmlərin rejissoru olan Lütfi Məmmədbəylinin öz
həyatı da ekran təcəssümünü
tapıb: 2003-cü ildə
Yaqub Əlioğlunun ssenari müəllifliyi, Tahirə Hüseynovanın
isə rejissorluğu ilə lentə alınan “Sənətinin pərvanəsi” Lütfi Məmmədbəylinin yaradıcılıq
bioqrafiyası sayılır.
Aktyor və rejissor, ssenari müəllifi, bədii qiraətçi, filmlərin bədii rəhbəri, xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Lütfi Məmmədbəyli respublikada ilk çoxseriyalı televiziya filminin (teleserialın) da rejissoru olub. Mərhum yazıçı Əlibala Hacızadənin eyniadlı romanı əsasında ekranlaşdırılan 12 seriyalı “İtkin gəlin” teleserialı da məhz Lütfi Məmmədbəylinin rejissorluğu ilə tamaşaçı məhəbbəti qazanıb.
Lütfi müəllim 1953-cü ildə yaratdığı xalq teatrına 40 ildən artıq rəhbərlik edib. Bugünkü məşhur, sevilən istər teatr, istərsə də kinoda maraqlı, xarakter baxımından təzadlı obrazlar qalereyası yaradan aktyor və rejissor nəslinin əksəriyyətinin ilk sənət yolu məhz həmin xalq teatrından başlayıb.
O, uşaqlıqdan həvəs göstərdiyi səhnə fəaliyyətinə Bakı Mərkəzi Pionerlər Sarayında başlayıb və burada dram dərnəyinə rəhbərlik edib. Sonra isə fəaliyyətini Gənc Tamaşaçılar Teatrında davam etdirib. Burada isə o, A.Qurbanov, Ə.Ağayev, F.Şərifova, Y.Vəliyev, S.Ələsgərov kimi korifey sənətkarlarla birlikdə səhnəyə çıxıb, onlarla tərəf-müqabil olub, tamaşalarda oynayaraq bir-birindən maraqlı obrazlar yaradıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, rejissor Azərpaşa Nemətov ölməz sənətkarı belə xatırlayır: “Lütfi Məmmədbəylini ilk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində görmüşəm. O, Məlikməmmədi, Yaşarı oynayırdı. Elə o vaxtdan da mənim xəyallarımda qəhrəman kimi qalıb”.
Onun kinoda oynadığı irili-xırdalı rollarının hər biri yaddaqalandır. Kinoda ilk işi 1955-ci ildə çəkilmiş “Bəxtiyar” musiqili kinokomediyasındakı Həbib surətidir. 1957-ci ildə istehsal olunmuş “Qızmar günəş altında” kinopovestdə yaratdığı briqadir Xəlil obrazı əvvəlkilərdən bir qədər fərqlənir. Onu da deyək ki, o, istedadını, teatr və kino ustası olduğunu baş rolda çəkildiyi “Səhər” tarixi-inqilabi filmdə bütün əlvanlığı ilə göstərib.
Uzun müddət pedaqoji fəaliyyətlə də məşğul olan, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Lütfi Məmmədbəyli həmçinin tarixə “keçid dövrü” kimi yazılan vaxtlarda fəaliyyəti öləziyən teatrlarda yenidən inkişaf, tərəqqi mərhələsi yaradılmasında əməyi, xidmətləri danılmaz sənətkarlardan biri kimi də bu gün ehtiramla xatırlanır və yad edilir. Yaşasaydı... 90 illik yubileyinə də o, öz sənət töhfələri ilə gələcəkdi...
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-
2017.- 8 fevral.- S.7.