Mədəni irsimizə dövlət qayğısı
Azərbaycan Prezidenti bunu bir daha
görkəmli dirijor, SSRİ xalq artisti Niyazinin
abidəsinin açılışında da
təsdiqlədi
Azərbaycan xalqı və dövləti öz mədəni irsinə həmişə böyük diqqətlə və ehtiramla yanaşır. Görkəmli şəxsiyyətlərin xatirəsi yaşadılır və əbədiləşdirilir. Bu, tarixən belə olub. Xüsusən ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu ötən əsrin 70-80-ci illərində görkəmli mədəniyyət xadimlərindən Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün, Rəşid Behbudovun paytaxt Bakının mərkəzində bir-birinin ardınca abidələrinin açılışı da bunun bariz nümunələrindəndir.
Azərbaycan Prezidenti İlham Əliyevin də xalqımızın mədəniyyət və incəsənətinə, bu sahənin görkəmli sənətkarlarına qayğısında özünü göstərir.
Yuxarıda adıçəkilən möhtəşəm abidələr sırasına biri də əlavə edildi. Bakı şəhərinin Niyazi küçəsindəki parkda maestro Niyazinin abidəsinin açılışında iştirak edən dövlət başçısı bir daha xalqımızın milli mədəni və mənəvi dəyərlərinə qayğını prioritet məsələlərdən hesab etdiyini vurğuladı: “Biz öz mədəni irsimizə çox sadiqik və müstəqil Azərbaycan dövləti çox güclü milli-mənəvi köklər, əsaslar üzərində qurulubdur. Biz müstəqil, müasir ölkəyik. Ancaq bizim gücümüzün mənbəyi milli tariximizdir, keçmişimizdir, mədəniyyətimizdir. Biz xalq olaraq öz mənliyimizi ona görə qoruya bilmişik ki, öz mədəniyyətimizi, dilimizi, ədəbiyyatımızı qoruya bilmişik və bu gün də qoruyuruq”.
Bürüncdən hazırlanan, müəllifi xalq rəssamı Ömər Eldarov, əməkdar memar Elbay Qasımzadə Azərbaycan musiqi sənətində virtuoz sənətkar yolunu açan maestronun heykəlini hazırlamaqla mədəniyyətimizə öz töhfələrini verdilər. Maestronun adı sevimli xalqımızın qəlbində çoxdan əbədiləşib. Dövlət tərəfindən onun sənətinin şərəfinə az iş görülməyib: Azərbaycan Teleradio şirkətinin simfonik orkestri, uşaq musiqi məktəbi, gəmi, küçə maestronun adını daşıyır. Niyazinin korifey sənətkarlığı zamanların fövqündə dayandığı üçün həm də möhtəşəm, çox gözəl və əzəmətli abidəsi açıldı.
Ötən əsrin 30-cu illərindən bəstəkarlıq və dirijorluq fəaliyyətinə başlayan Niyazi Tağızadə-Hacıbəyov Azərbaycan ifaçılıq sənətinin inkişafında və təbliğində böyük rol oynayıb. Musiqi xadimlərimiz arasında elə bir sənətkar tapmaq çətindir ki, Niyazi qədər müxtəlif mükafatlar, ad-san, şöhrət və xidmət sahibi olsun. İki dəfə SSRİ və respublika dövlət mükafatı laureatı, Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı, Bolqarıstan Xalq Respublikasının “Kirill və Mefodi” ordeni, Macarıstan Xalq Respublikasının xüsusi medalı ilə təltif olunan Niyazi “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenlərinə də layiq görülüb.
Orijinal ifaçılıq üslubuna malik Niyazi Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak edib. Uzun illər - fasilələrlə bu musiqi kollektivinin bədii rəhbəri və dirijoru olub. Respublikamızda dirijorluq məktəbinin formalaşması və inkişafı məhz maestronun adı ilə bağlıdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operası sovet musiqisinin qızıl fonduna daxildir. Unudulmaz bəstəkarımız Üzeyir Hacıbəylinin sağlığında Niyazi onun arzularını həyata keçirən, milli musiqimizin inkişafında zəhmət çəkən layiqli bir davamçısı kimi fəaliyyət göstərirdi. O, 1935-ci ildə “Rast” və “Şur” muğamlarımızı nota saldırdı. Niyazi “Xosrov və Şirin” operasını yaradanda 30 yaşı vardı. Niyazinin əsas ifaçılıq fəaliyyəti Azərbaycan Dövlət Opera və Balet Teatrı ilə sıx bağlı olub. Onun bioqrafiyasından məlum olur ki, dahi bəstəkar bu teatrda müxtəlif vəzifələrdə - dirijor, direktor, bədii rəhbər və baş dirijor kimi çalışıb.
Keçmiş
SSRİ-nin məşhur bəstəkarları
çalışırdılar ki,
onların əsərlərinə məhz Niyazi
quruluş versin. O,
Avropanın möhtəşəm teatrlarında özünü dəfələrlə təsdiqlədi.
Parisin, Londonun teatr səhnələrində göstərilən
müxtəlif opera və baletlərə dirijorluq edib.
Niyazi böyük Üzeyir bəy Hacıbəylinin nəsil davamçılarından biri idi. O, Azərbaycan dirijorluq məktəbinin əsasını qoyub. Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verən maestro sovetlər dövründə tanınmış ən istedadlı dirijorlardan idi. Onun dirijorluq sənəti nəinki xalqımız, eyni zamanda dünya musiqiçiləri tərəfindən daim yüksək dəyərləndirilib. Azərbaycan bəstəkarlarının bütün simfonik əsərlərinin birinci dirijoru Niyazi olub.
Niyazi, həmçinin, gözəl bəstəkar idi ki, əsərləri bu gün də yaşayır. Əsərlərinin əbədiyaşarlığının sirri isə odur ki, onların hər birində xalqımıza məxsus musiqi mədəniyyəti özünü büruzə verir.
Azərbaycan Prezidentinin adıçəkilən tədbirdəki nitqində göstərdiyi kimi, xalqımız daim öz görkəmli nümayəndələri ilə fəxr edir. Ona görə ki, görkəmli mədəniyyət, incəsənət xadimlərimiz dünya miqyasında özlərinə layiqli yer tutublar. Bu, əlbəttə, xalqımızın istedadını göstərir. Həm də o deməkdir ki, xalqımız dünya mədəniyyət xəzinəsinə çox böyük və dəyərli töhfələr verib.
Dövlət siyasətinin prioritetlərindən biri də humanitar sahə - mədəniyyət, incəsənət və ədəbiyyat ilə bağlıdır. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. 20-dən artıq teatr, mədəniyyət müəssisələri əsaslı təmir olunub. Dövlət başçısının da xüsusi olaraq vurğuladığı kimi, Azərbaycan o ölkələrdəndir ki, mədəniyyətin inkişafına maliyyə və maddi dəstəyini əsirgəmir: “Çünki bu, həm bu gün, həm də gələcək üçün lazımdır. Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, eyni zamanda, daha böyük uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, eyni zamanda, öz milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər...”
Belə hadisələri əlamətdar adlandıran ölkə rəhbəri hesab edir ki, bu, sadəcə olaraq bir musiqi müsabiqəsi deyil. Muğam müsabiqələri bizim milli musiqimizi yaşadan tədbirlərdir. Bu tədbirlərin çox böyük əhəmiyyəti var. Müxtəlif bölgələrdə muğam evlərinin yaradılması, musiqi məktəblərinin tikilməsi bu istiqamətdə atılan mühüm düzgün addımlardır: “Mən son illər ərzində bölgələrdə dəfələrlə musiqi məktəblərinin, uşaq yaradıcılıq mərkəzlərinin, muğam mərkəzlərinin açılışlarında olmuşam və bütün bu binalar, orada yaradılmış şərait əlbəttə ki, bizi sevindirir və bir daha bizim niyyətimizi göstərir. Bugünkü mərasim, yəni, böyük sənətkar Niyaziyə ucaldılmış bu abidənin açılışı bax, bu sıradan olan addımlardır”.
Maestro Niyazinin çox böyük ictimai fəaliyyəti də olub. O, sovetlər dönəmində bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib. Onun fəaliyyəti xalqımız və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib: SSRİ-nin xalq artisti adına layiq görülüb, o dövr üçün ən böyük mükafat olan Sosialist Əməyi Qəhrəmanının “Qızıl ulduz”u ilə təltif edilib. Bu təltiflər və ona verilən beynəlxalq mükafatlar Niyazinin ictimai xadim, şəxsiyyət, sənətkar, bir sözlə, Azərbaycan xalqının layiqli nümayəndəsi kimi bu gün də hörmətə layiq olduğunun təsdiqidir.
Dövlət başçısının bu sahənin unudulmaz sənət korifeylərinin yubileylərinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində göstəriş və tövsiyələri də milli mədəniyyətimizə qayğını özündə əks etdirir. Həmin diqqətin bariz nümunələrindəndir ki, bir neçə görkəmli şəxsiyyətimizin də yubiley tədbirləri bu il dövlət səviyyəsində qeyd ediləcək: Bülbülün 120, Tofiq Quliyevlə Cövdət Hacıyevin 100, Mstislav Rostropoviçin 90 illik yubileyləri bu il, Qara Qarayevin 100 illik yubileyi isə gələn il keçiriləcək.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-
2017.- 9 fevral.- S.4.