Liderin qətiyyəti - Azərbaycanın təntənəsi
İlham Əliyev Azərbaycan xalqına bəxş
etdiyi qələbə sevincinin ardınca doğma yurda
qayıdışın qürur hisslərini də
yaşatdı
İşğal altındakı bir yurdun nisgilini ot basmış yollardan, illərdir qatar çarxlarının səsinə həsrət paslanmış dəmir yol relslərindən, insan əlinin sığalına tamarzı kol-koslu torpaqlardan daha hüznlü nə anlada bilər ki?!.
Bir neçə il əvvəl yaradıcı gənclərimiz erməni işğalı üzündən doğma ocaqlarından didərgin düşmüş məcburi köçkünlərimizin o torpaqlara qayıdışı arzusunun əks olunduğu film çəkmişdilər. Sonu xüsusilə təsirli idi: qatar hərəkətə başlayır, məcburi köçkün ailələrinin məskunlaşdığı vaqonlar illərdən bəri ilk dəfə yerindən tərpənib doğma yurdlara doğru istiqamət alır...
O kadrları izləyəndə qəlbimə dolan ilk sual dolu arzu bu olmuşdu ki, görəsən, bu anı sağlığımda görmək qismətim, qismətimiz olacaqmı?
Əlbəttə, dünyada haqq-ədalətin gec-tez zəfər çalacağına hər zaman inanmışıq. Erməni silahlı birləşmələrinin öz havadarlarının köməyi ilə işğal altında saxladıqları bütün Azərbaycan torpaqlarının, hətta indiki Ermənistan ərazisindəki tarixi torpaqlarımızın da son qarışına qədər azad ediləcəyinə əminik. Amma tarixi bütün miqyası ilə təsəvvür edə bildiyimizdən, onun da fərqindəyik ki, bu haqq uğrunda aparılan milli mübarizənin müddəti, bəzən bizim ömür qismətimizdən də uzun çəkə bilər.
Erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində həyatın bərpası məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam xəbərini oxuyanda, yüzlərlə məcburi köçkün ailəsinin ordumuzun ötən ilin aprelində düşməndən təmizlədiyi torpaqlara qayıdış üçün müraciət etməsini eşidəndə ən çox o filmin son kadrlarını xatırladım...
Arzumuzun həyata keçməsinin şükranlıq duyğusu ilə bir daha əmin oldum ki, insan iradəsi, qətiyyəti, səbri qarşısında bu dünyada mümkünsüz heç nə yoxdur.
***
Bir də təcavüzkar Ermənistanla sülhə, haqqa, ədalətə tapınmış Azərbaycan arasındakı daha bir neçə tale əhəmiyyətli fərqi anlatdı bütün bunlar...
Həyat bununla növbəti dəfə sübuta yetirdi ki, düşmən miflərdə, biz reallıqlarda yaşayırıq. Torpaqları işğal altında saxlamaq düşmən ölkənin təcavüzkar hakimiyyətinə artıq sosial-iqtisadi problemlərdən cana yığılmış Ermənistan cəmiyyətindəki böyük narazılıqları yatırıb öz mənfur mövcudluğunu bir neçə il də olsa sürdürmək, nəzarətsiz ərazilərdən dünyaya narkotik kimi bəlalar yaymaqdan ötrüdür.
O torpaqları düşməndən təmizləməksə, Azərbaycan rəhbərliyinə Vətənimizin bütövlüyünü bərpa etmək, torpağın yaralarını sağaltmaq, onu əkib-becərmək, bu torpaqların bin-bərəkətini qaytarmaq, burada həyat qurmaq, ümumən insanlıq adına bir parça rifah yaratmaq üçündür.
Düşmən ölümün, biz həyatın yanındayıq. Düşmən qaranlığa, biz işığa səmtik. Ermənistan işğal, zülm və aqressiyanın, Azərbaycansa sülh, sevgi və tolerantlığın ünvanıdır bu gün...
Və hələ tarixdə təcavüzkarlığın sülhə, zülmün sevgiyə, haqsızlığın ədalətə sona qədər qalib gəldiyi olmayıb.
Yenə olmur, yenə olmayacaq!
Cocuq Mərcanlıya qayıdış həyatın bu ilahi prinsipinin artıq Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də öz sözünü deməyə başlamasına işarədir.
Bu, ATƏT-in illərdən bəridir bir işə yaramayan Minsk qrupunun vecsiz bəyanatları deyil, təkrar-təkrar masa üzərinə çıxarılan və Ermənistan rəhbərliyinin hər dəfə bir bəhanə ilə, hətta qarınağrısı bəhanəsi ilə imzalamaqdan qaçdığı sülh razılaşması variantları deyil, bu, Ermənistanın marionet rəhbərliyini dilləndirən havadarların sözü də deyil.
Bu, tarixin sözüdür...
Və nə xoş ki, indi tarix də bizim sözümüzü deyir!
Azərbaycanın haqq sözünü zaman dilə gətirir!
Cocuq Mərcanlıya qayıdış bir başlanğıcdır hələ...
Qədim Çin məsəlində deyilirdi ki, “Min kilometrlik yollar da kiçik bir addımla başlar”...
***
Körpəliyim İkinci Dünya müharibəsinin bitdiyi, amma bütün həyatda davam etdiyi vaxtlara düşür. Ümumilikdə - hətta bir qismi müharibə bitəndən sonra dünyaya gəlsə belə, ötən əsrin 40-cı illərində doğulmuşların hamısını tarix ümumi ad ətrafında, ortaq taledə bir araya gətirir: müharibə uşaqları...
Ata-babalarımızın, əmi-dayılarımızın əldə silah faşistlərə qarşı vuruşduqları şəhərlərdə-kəndlərdə yaşayan bir çox həmyaşıdlarımızdan fərqli olaraq biz müharibənin od-alovunu birbaşa yaşamasaq da, bu kabusun dalğası uzaqdan-yaxından hamımızı vurdu. Müharibənin odlu güllələrini, əfi qəlpələrini körpə gözlərimizlə görməsək də, o güllələrdən, qəlpələrdən yaralanmış, əl-ayağını itirib əlil olmuş doğmalarımızın əzablarını bütün qəlbimizlə duyduq. Müharibənin yaratdığı qıtlığı, kasıblığı, məhrumiyyətləri, sosial bəlaları iliklərimizə qədər yaşadıq. Ona görə də müharibə uşağı adı ümumi taleyimizə çevrildi.
Müharibə uşağı olmaq, bu uşaqlığı heç yaşamamaq demək idi, cəbhədən atasının qara kağızı gəlmiş yaşıdların yanında atalarımızın varlığını hiss etdirməməyə çalışmaq idi, arxa cəbhələrdə min bir əziyyət çəkib ölkənin dağılmış düzənini yenidən qurmağa çalışan zəhmət adamlarının fədakarlığına şahidlik idi, əl-ayağını cəbhədə itirmiş əmi-dayıların kitelinin döşü dolu orden-medallarla qürurlanmaq idi, yerli hökumət orqanlarının hansısa süründürməçiliyi, bürokratik əngəlləri ilə üzləşəndə əsalarını yerə döyüb qəzəblə haqqını tələb edən və haqqı olanı almağı bacaran bu cəsur insanların səsindəki qətiyyəti duymaq idi...
Müharibə uşağı olmaq Vətən düşüncəsini, vətəndaşlıq hissini Böyük Vətən müharibəsi vaxtı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərən Azərbaycan insanlarından öyrənmək demək idi.
Aradan uzun illər keçib, əfsus ki, indi tarixin közünü bəzən hərə öz qabağına çəkməyə çalışır və bu minvalla İkinci Dünya müharibəsini alman-rus müharibəsi kimi təqdim etməyə çalışan tarixçilər də tapılır. Yaxud keçmiş İttifaqın artıq mövcud olmadığını əsas gətirərək Böyük Vətən müharibəsi ifadəsi ətrafında hərdən mübahisə açanlarla rastlaşırıq.
Amma bu, belə deyil! Bu müharibə uzun illər bizə öyrədildiyi kimi, məhz Böyük Vətən müharibəsi idi. Uşaqlığımda gördüyüm o qəhrəman insanlar hansısa ideologiya, siyasi sistem uğrunda deyil, məhz Vətən uğrunda vuruşduqlarına səmimi qəlbdən inanırdılar. Onların düşüncəsində faşizm bəlasından qoruduqları ərazilər içində Rusiya, Belarus, Ukrayna, Polşa, Fransa çölləri qədər Lerik dağları da, Mərkəzi Aran, Mil-Muğan düzləri də, Qarabağ, Gəncə-Qazax, Quba-Qusar elləri də vardı.
Onlar məhz Vətən müharibəsinin qalibləri idilər, ona görə də qalib ədası ilə əsalarını yerə döyüb, sinələrindəki orden-medalları cingildədəndə səsləri o cür qətiyyətli gəlirdi, ötkəmlikləri haqsız olanı mövqeyindən çəkindirirdi.
***
Müharibə dövrünün Azərbaycan insanı körpəlik xatirələrimə məhz belə qalib obrazda daxil olub. Ona görə də ötən əsrin 80-ci illərinin sonlarında Ermənistanın Azərbaycana qarşı işğalçı addımları Dağlıq Qarabağ münaqişəsini alovlandıranda Azərbaycan cəmiyyətinin bu müharibədən də qalib çıxacağını gözləyirdim.
Əfsuslar olsun ki, SSRİ-nin süqutu dövründə yaşanan xaotik, amma həm də həlledici mərhələdə baş verənlər bizim ziyanımıza işlədi. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. Bunun səbəbləri haqqında geniş təfərrüatlara varmaq istəməzdim. Çünki bu səbəblər hamıya aydındır. Ermənistan Azərbaycan torpaqlarını ona fəal dəstək verən xarici qüvvələrin köməyi ilə tuta bildi. Biz o müharibədə təkcə Ermənistana qarşı vuruşmadıq. Həm də özümüzdən qat-qat güclü olan o qüvvələrə qarşı savaşdıq.
Bu, birinci Qarabağ savaşından hərbi baxımdan məğlub durumda ayrılmağımızın əsas səbəbi idi və bu səbəb bizdən asılı deyildi.
Bununla belə, etiraf edək ki, həm Ermənistana, həm də onun təcavüzkar əməllərini dəstəkləyən qüvvələrə torpaqlarımızın işğalı üçün belə bir imkanın yaradılmasında o vaxt Azərbaycanın taleyinə görə məsuliyyət daşıyan təsadüfi insanlardan asılı səbəblər də yetərincə idi.
Əlbəttə, məşhur ifadə ilə desək, tarix heç zaman felin şərt formasında danışmağı xoşlamır. Amma həmişə onu da düşünürəm ki, əgər bu təsadüfi insanların o illərdəki böyük tarixi yanlışları olmasaydı, güman ki, işğalın miqyası da Azərbaycan ərazilərinin iyirmi faizini əhatə etməyəcəkdi. Bu miqyas yəqin ki, daha az olacaqdı, yaxud ümumiyyətlə, olmayacaqdı və münaqişənin həlli Azərbaycan üçün indikindən daha asan başa gələcəkdi.
Amma o illərdə başı Bakıda hakimiyyət davasına qarışan naşı siyasətbazlar öz cılız maraqları ilə Azərbaycanın üzərinə həlli müşkül ağır bir yük qoydular. İndi onlardan kimsə bunun məsuliyyətindən qaçmağa çalışa bilər. Bununla belə, ölkədə o hakimiyyət didişmələrini, o insanların boylarından hündür iddialarını, yol verdikləri yanlışları yaxşı xatırlayan nəsillər yaşayır.
90-cı illərin əvvəllərində
yaşananları anbaan yaddaşına
köçürmüş insanlardan biri kimi yaxşı
xatırlayıram ki, o illərdə Azərbaycan hərbiləşmiş
siyasi partiyalar arasında döyüş meydanına
çevrilmişdi. Hər siyasi partiyanın bir batalyonu, hər batalyonun iki
komandiri vardı. O, hərbi birləşmələrin tərkibində
sidq-ürəkdən Vətən üçün təcavüzkar
Ermənistana qarşı döyüşən, şəhid
olan, yaralanıb sağlamlığını itirən Azərbaycan
övladları qarşısında tək-tək baş əyirik.
Onlar bu müharibənin gerçək qəhrəmanlarıdırlar.
Təəssüf ki, hakimiyyət
iddialıları bir çox hallarda onlardan da istifadə etməyə
çalışırdılar. Cəbhə
bölgələrində aparılan hərbi əməliyyatları
öz maraqlarına uyğun yönəldirdilər. Vətənin
və bu qəhrəmanların taleyi bahasına öz miskin
iddialarına çatmağa can atırdılar.
***
O zamanlar heç bir hərbi təhsili
və bu sahədə səriştəsi olmaya-olmaya müharibə
aparan ölkənin müdafiə naziri kimi mühüm bir
posta təyin olunmuş şəxs cəbhə bölgəsindən
çox, hakimiyyət ehtiraslarının
qızışdığı parlamentdə
görünürdü. Hərbi əməliyyatlardan
çox, meydan qəhrəmanlarının didişmələrindən
səsi gəlirdi.
Aradan xeyli müddət keçəndən,
böyük dövlət adamı Heydər Əliyevin gərgin
zəhməti, zəngin təcrübəsi, qətiyyəti
hesabına milli dövlətçilik sistemimizdə hər
şey öz yerini tutandan sonra sabit bir cəmiyyətin
formalaşdığı Azərbaycanın yeni nəslinə
o dövrün reallıqlarını bütün mənzərəsi
ilə təsvir etmək indi bəlkə də xeyli çətindir.
Məsələn, dövlət idarəçiliyi
haqqında az-çox oxumuş, başqa xarici ölkələrin
idarəetmə təcrübəsi ilə tanış
olmuş, əsl idarəetmə mexanizmi necə
olmalıdır, tutaq ki, hüquq-mühafizə orqanları bu
mexanizmin tərkibində hansı funksiyanı yerinə yetirməlidir
bunu həm dünya, həm də müasir Azərbaycan
dövlətinin təcrübəsindən öyrənmiş
bir gəncimizə indi necə deyəsən ki, 1992-1993-cü
illərdə Azərbaycanın daxili işlər nazirinin həm
də siyasi partiyası vardı. Cəmiyyətdə
sabitliyi, ictimai asayişi təmin etməli olan və buna
görə tabeliyinə silahlı qüvvələr,
böyük arsenal verilmiş bir dövlət görəvlisi
həm də siyasi partiya yaradıb dövlət rəhbəri
olmaq istəyirdi.
Bütün bunlar yada salmaq istəmədiyimiz
xoşagəlməz keçmişdir...
Nə yazıq ki, bu
keçmişin acı nəticələri də
Dağlıq Qarabağ müşkülüdür. İtirilən
torpaqlardır. İsti ocaqlarından perik
düşmüş insanların illərdən bəri ürəyində
qövr edən yurd nisgilidir. Vətənin bütün
bölgələrindəki şəhidlər xiyabanlarındakı
baş daşlarından bizə baxan nakam taleli qəhrəmanların
baxışlarıdır...
***
İndi bütün
bunları qələmə alarkən xalqımızın
ümummilli lideri, ulu öndər Heydər Əliyevin
1993-cü ildə ölkə rəhbərliyinə necə
ağır bir şəraitdə gəldiyini, Vətənin
xilası üçün üzərinə
götürdüyü məsuliyyət yükünün
ağırlığını, çətinliyini təsəvvürümə
gətirməyə çalışıram.
Amma özüm də fərqindəyəm
ki, bütün düşündüklərim yalnız kənar
seyrçinin məhdud təsəvvürləri, bir qələm
adamının müşahidələri olacaq. Bu tarixi məsuliyyətin
zindan kimi ağırlığını, belə bir vaxtda
ölkənin idarəçilik sükanı arxasına
keçməyin çətinliyini ancaq o
ağırlığı qəlbində, zəkasında
daşıyan, bütün çətinliklərə sinə
gərib xalqı qaranlıqdan aydınlığa, xaosdan
nizama, girdabdan rəvan yola çıxaran tarixi şəxsiyyət
bilərdi.
Heydər Əliyev hakimiyyətə
qayıdışı ilə Azərbaycanın dövlət
idarəçiliyi sisteminə bir nizam gətirdi. Sözün əsl
mənasında, hər kəsə öz yerini göstərdi.
Gələcəyini demokratik inkişafda görən
bir ölkədə siyasi partiyaların, dövlət
orqanlarının, bu orqanlarda vəzifə tutan şəxslərin,
ordunun əslində, necə davranmalı olduğunu, cəmiyyətin
müxtəlif qütbləri arasında münasibətlərin
necə qurulmalı olduğunu insanlara qısa zamanda
anlatdı.
Göstərdi ki, hər kəs
öz işi ilə məşğul olmayanda cəmiyyət
uçuruma yuvarlanar. Özünə siyasətçi deyən kəslər
bir-biri ilə, xalqla, dövlətlə zəkanın deyil,
silahın gücü ilə danışanda, hər firqə sədri
bir silahlı dəstə saxlayanda, eləcə də hər
silahlı dəstənin komandiri ortaya siyasi iddia qoyub dövlətə
barmaq silkələyəndə o dövlət param-parça
olar, ondan əsər-əlamət qalmaz.
Heydər Əliyevin siyasi
karyerasının böyük hissəsi sovet dövrünə
təsadüf edirdi. Demokratik cəmiyyətə,
çoxpartiyalı sistemə, vətəndaş cəmiyyətinə,
söz və ifadə azadlığına əsaslanan fərqli
idarəetmə tərzi çoxumuz kimi ulu öndər
üçün də yeni bir təcrübə idi. Amma onun qısa müddətdə əldə etdiyi nəticələr
göstərdi ki, ölkədəki xaosun
qarşısını almaq, gələcəyə doğru
aydın demokratik inkişaf istiqaməti müəyyənləşdirməkdən
ötrü sadəcə, dövlət adamı olmaq
lazımdır.
Heydər Əliyev müharibə
adamı deyildi. Bütün müdrik liderlər kimi
öz çıxışlarında, müsahibələrində
də həmişə vurğulayırdı ki, ağıl
olan yerdə zora ehtiyac yoxdur. Bununla belə,
hakimiyyətə qayıdışından dərhal sonra Heydər
Əliyev hərbi sahədə də böyük bir sərkərdə
olduğunu sübuta yetirdi. Onun rəhbərliyi
ilə aparılan hərbi əməliyyatlar nəticəsində
düşmənin Azərbaycandakı hakimiyyət
böhranı dövründə zəbt etdiyi ərazilərin
bir qismi, o cümlədən Horadiz qəsəbəsi
işğaldan azad edildi. Qısa müddətdə
orada həyat bərpa olundu. Məhz bu
güclü əks-həmlədən sonra Ermənistan qorxuya
düşüb atəşkəs təklifindən
çıxış edərək danışıqlar
masasına əyləşdi.
Tarixin o həlledici anında atəşkəsə
nail olmaq, cəbhədə insan itkilərinin
qarşısını almaq, cəmiyyəti toparlamaq və
eyni zamanda ölkənin bütün imkanlarını
sosial-iqtisadi inkişafa, Azərbaycanın əsas tərəf
kimi iştirak etməyə başladığı qlobal layihələrin
reallaşmasına, cəmiyyətin demokratik tərəqqisinə,
hüquqi dövlət quruculuğu prosesinə, Azərbaycanın
müstəqilliyinin əsaslarını möhkəmləndirməyə
yönəltmək Heydər Əliyev şəxsiyyətinin
böyüklüyü idi.
O, zəmanəsinin uzaqgörən
milli lideri idi. Heydər Əliyev atəşkəslə
razılaşmaya, Azərbaycanın o vaxt yeni formalaşan
nizami ordusunun döyüş əzmi ilə hərbi əməliyyatları
davam etdirə, itirdiyimiz əraziləri silah gücünə
geri ala bilərdi. Amma Heydər Əliyev
böyük strateq kimi zamana, gələcəyə daha
geniş nəzərlərlə baxırdı. Fərqində idi ki, bu münaqişənin
kökündən həlli bir sıra hərbi əməliyyatlarda
qazanılan üstünlüklərdən, bir neçə
rayonu çoxsaylı insan itkiləri hesabına geri qaytarmaqdan
asılı deyil. Düşmən üzərində
əbədi qələbə üçün ilk növbədə,
güclü dövlətə malik olmalısan. Elə bir dövlətə ki, onun sosial-iqtisadi
potensialı, hərbi-siyasi qüdrəti, regionda və
dünyadakı nüfuzu bu münaqişənin yaranmasına
rəvac vermiş tarixi şəraitin özünü xeyrimizə
dəyişə bilsin.
Onun əsgərinin səngərdə
qazandığı zəfərləri diplomatlarının
danışıqlar masası arxasındakı qələbələri
tamamlasın.
Heydər Əliyev 1994-cü
ildə atəşkəs təklifini qəbul etməklə Azərbaycanın
potensialını bu məqsəd üçün qorudu.
Və belə bir dövləti
qurdu.
***
Gələcəyə
hesablanmış kurs ardıcıllıqla davam etdirilərsə,
Azərbaycanın bütün milli hədəflərinə
nail olacağını, işğal olunmuş
yurdlarımıza tezliklə böyük köçün
başlanacağını, bir vaxtlar tankların
tırtılları altında bərkiyən, çiçəklərinə
qan çilənən torpaqlarda Azərbaycan insanının
yenə xarüqələr yaradacağını bu böyük
dövlət adamı irəlicədən görə bilirdi.
Budur, Azərbaycan Respublikası
Prezidentinin “İşğaldan azad edilmiş Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə
bağlı tədbirlər haqqında” 2017-ci il
24 yanvar tarixli Sərəncamı...
Dövlətin yenidən qurmağa
başladığı doğma kəndlərinə
qayıtmaq üçün müvafiq dövlət orqanına
üz tutan yüzlərlə məcburi köçkün ailəsi...
Çoxdan bəri həsrətlə
gözlədiyimiz böyük qayıdışın
başlanğıcı...
Bu məsələdə
düşüncələrimi ən çox mütəəssir
edən məqamlardan biri də Ana kitabımız olan “Kitabi Dədə
Qorqud” dastanlarındakı torpağı qorumaq və əkib-
becərmək təlqininin genetik yaddaşdan dövlət
siyasətinin aydın istiqamətinə çevrilməsidir. İrs və
varislik ardıcıllığıdır. Sərkərdə və Qurucu Atanın düşməndən
geri aldığı torpaqlara Sərkərdə və Qurucu
Oğulun yenidən həyat gətirməsidir.
Cocuq Mərcanlı kəndi
1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali
Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu
Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Amma
hündürlüklərdə mövqe tutumuş erməni hərbi
birləşmələri ərazini o vaxtdan atəş
altında saxlayır, yaşayış üçün təhlükəli
vəziyyət yaradırdılar. Keçən
ilin aprelində erməni təxribatının
qarşısını almaq məqsədilə Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilmiş uğurlu hərbi əməliyyat zamanı Lələtəpə
və ətraf yüksəkliklər işğaldan azad edildikdən
sonra həmin ərazilərdə yaşayış
üçün tam təhlükəsiz vəziyyət
yaradıldı. Cocuq Mərcanlı kəndinin
ərazisi tamamilə Azərbaycanın nəzarətinə
keçdi. Minlərlə hektar əkinə
yararlı ərazi düşməndən təmizləndi.
Bu mövzuda qələmə
alınmış yazılardakı statistik məlumatlara diqqət
yetirirəm: işğaldan əvvəl ümumi sahəsi 1605
hektar olan bu kənddə 1134 hektar kənd təsərrüfatına
yararlı sahə, 368 hektar isə əkin yeri olub. 24 il əvvələdək burada 283 evdə 1075 nəfər
əhali yaşayıb. Əhalisi əsasən
üzümçülük, taxılçılıq,
heyvandarlıq və baramaçılıqla məşğul
olan kəndin ərazisində orta məktəb, klub, kitabxana,
feldşer-mama məntəqəsi, poçt, icra nümayəndəliyi,
un dəyirmanı, kolxozun inzibati binası, qaramal və qoyunçuluq
fermaları, anbar binası mövcud olub. Hazırda Cocuq Mərcanlı
kəndi üzrə 395 ev təsərrüfatı
və 1428 nəfər əhali daimi qeydiyyatdadır. Respublikanın 17 şəhər və rayonunda məskunlaşan
sakinlərin əksəriyyəti (172 ailə - 635 nəfər)
Biləsuvar rayonu ərazisində salınmış məcburi
köçkün qəsəbələrində
yaşayır.
İndi bu insanların da yaşamaq
üçün öz kəndləri var. İndi bu insanlar
üçün Cocuq Mərcanlı düşmənin bir
güllə mənzilində qalmış nisgil yarası deyil,
tezliklə geri dönüb öz ocaqlarını
yandıracaqları, əkib-becərəcəkləri,
ev-eşik qurub rahatlıq tapacaqları, sümüklərinin
isinəcəyi yurd yeridir...
***
Bu, həyatın, tarixin
qürur və fərəh dolu anıdır.
Ötən il
iftixarla aprel döyüşlərindəki zəfərimizdən
danışırdıq. Azərbaycan Ordusunun
qalibiyyəti ilə öyünürdük. Bu il isə işğaldan azad edilmiş
torpaqlarımıza böyük köçün
başlanğıcının sevinci içindəyik.
Prezident İlham Əliyev
ötən ilin aprelində Azərbaycan xalqına qələbə
sevincini, bu ilin əvvəlində isə doğma yurda
qayıdışın qürur dolu hisslərini
yaşatdı.
Bir kənd coğrafi
çevrəsi baxımından bəlkə də o qədər
böyük ərazi kimi görünmür. Amma indi Cocuq Mərcanlı
toponiminin mənəvi ərazisi bizim üçün bir
dünya boydadır!
Şərqin hikmət xəzinələrindən
olan “Qabusnamə”nin müəllifinin
oğluna hərblə bağlı maraqlı nəsihətini
xatırlayıram. Deyir ki, əgər
düşmənlə üzbəüz səngərdə
dayanmısansa, addımını irəli qoymaq imkanın
varsa, geri qoyma. Çünki geri
atdığın bircə addım da önündəki o bir
addımlıq məsafənin düşmənin nəzarətinə
keçməsi deməkdir.
Ordumuzun düşməndən
təmizlədiyi yüzlərlə hektar ərazinin minalardan
arınması, əkin-biçinə yararlı vəziyyətə
gətirilməsi, Cocuq Mərcanlıda yeni evlərin
inşasına başlanması indi bizim düşmən
üzərində qazandığımız böyük
psixoloji üstünlükdür. İllərdən bəri xəyallarımızda
göyərən qayıdış arzusunun, bir gün o
torpaqlarda xoş büsat qurmaq diləyinin artıq
addım-addım reallığa çevrilməsidir...
Azərbaycan dövlətinin, Azərbaycan
insanının Vətənin hər qarışına sahib
çıxmağı bacarmasıdır...
Məcburi
köçkünlərimizin sosial durumunun
yaxşılaşdırılması üçün indiyə
qədər çox addımlar atılıb. Onlar
üçün on minlərlə yeni evlər tikilib, yüzə
yaxın qəsəbə salınıb. Amma
indi Cocuq Mərcanlıda tikiləcək evlər bunların
heç birinə bənzəməz.
İlk dəfədir ki, məcburi
köçkünlər üçün evlər Vətənin
başqa səmtlərində yox, onların öz
yurdlarında tikilir!
Birinci dəfədir ki, bu evlərin
bünövrəsi torpaq itkisinin acı təəssüfü
ilə yox, sevgi ilə qoyulacaq, bu evlər insanların müvəqqəti
məskunlaşmasından ötrü deyil, nəsilbənəsil
yaşaması üçün inşa ediləcək!..
Və ilk dəfədir ki,
Cocuq Mərcanlıda tikiləcək evlərin cərgəsi
daha məcburi köçkün qəsəbəsi adlanmayacaq. Bu, elə o kəndin
özü olacaq, binayi-dövrün Cocuq Mərcanlısı
olacaq!..
Bu kənddə məskunlaşanlar
da daha məcburi köçkün sayılmayacaqlar. Çünki
bu kəndin sakinləri o evlərə illərdən bəri qəlblərində
qövr edən yurd nisgili kimi taleyin ağır yükü tək
daşıdıqları məcburi köçkün adı
ilə də vidalaşaraq köçəcəklər.
Cocuq Mərcanlıda dünyaya gələn
körpələr daha bu yüklə doğulmayacaq...
Ona görə də
“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndinin bərpası ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı,
hər gün hansısa bir kəndə yol çəkilişini,
məktəb, xəstəxana binasının
inşasını, ayrı-ayrı rayonlara abadlıq-quruculuq
üçün maddi dəstək verilməsini ehtiva edən
qərarlardan tam fərqlidir.
Bu sərəncamın tarixi mahiyyəti
bir başqadır...
***
Oqtay Həziyev və onun 7 nəfərlik
ailəsi...
Bu qəhrəman ailə
işğaldan azad olunmuş yurdlarımıza
qayıdışın simvollarından biri kimi, yəqin hər
zaman xatırlanacaq.
Ordumuzun aprel zəfəri zamanı Azərbaycan
Prezidentinin Lələtəpə ərazisinə səfərindən
dərhal sonra dövlət rəhbərimizin
tapşırığı ilə Yeni Azərbaycan
Partiyasının sədr müavini, Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov Cocuq Mərcanlı kəndinə gedərək
vəziyyətlə yerində tanış olmuş, bu ailəni
də ölkə ictimaiyyəti elə həmin səfər
zamanı tanımışdı.
Cocuq Mərcanlıda
işığı yanan, ocağı tüstüləyən
yeganə ev bu ailənin evi olub. Əslində,
işğaldan sonra o kənddə salamat bir ev
də qalmamışdı heç. Ermənilər
bütün tikililəri tar-mar edib, ələ gələni
aparmışdılar. İndi Oqtay Həziyev və onun
ailə üzvlərinin əzmkarlığına baxın ki,
düşmən mövqelərinin doğurduğu ağır
təhlükələrə baxmayaraq, düşmənin bir
güllə mənzilliyində, ağır şəraitdə
düz 23 il kəndi tərk etməyiblər.
Üstəlik, burada böyük təsərrüfat
qurublar, mal-qara, toyuq-cücə saxlayıb, torpağın bərəkətini
qoruyublar.
Bu 23 ildə bu ailənin ən
böyük güvənci Azərbaycan Ordusu olub, Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandanı olub! “İndi burada yaşayış üçün
heç bir təhlükə yoxdur, tam sərbəst və
arxayın yaşayırıq. Çünki
bizim İlham Əliyev kimi Ali Baş Komandanımız var,
güclü, qüdrətli Azərbaycan Ordusu var. Lələtəpə
yüksəkliyi işğaldan azad olunandan sonra bizim təhlükəsizliyimiz
daha da gücləndi. Prezidentimizin Lələtəpə
yüksəkliyinə gəlməsi, ərazilərimizin
müdafiəsində duran əsgərlərimizlə
görüşməsi bizi qürurlandırdı və
böyük ruh yüksəkliyi yaratdı” - Oqtay Həziyev belə
deyir.
Azərbaycan insanının qəhrəmanlığı,
iradəsi, mərdanəliyi, yurda-torpağa
bağlılığı, bax budur...
***
Azərbaycan Prezidentinin Cocuq
Mərcanlı kəndi ilə bağlı sərəncamının
icrası prosesində diqqəti çəkən ən
mühüm məqamlardan biri də görülən tədbirlərin
təkcə torpaqların minalardan təmizlənməsi,
tikinti-quruculuq proseslərini əhatə etməsi deyil. Dövlət, cəmiyyət
bu məsələ ətrafında bütün işləri
paralel aparır, xarici jurnalistlərin, qeyri-hökumət təşkilatları
təmsilçilərinin, diplomatik korpus nümayəndələrinin
Cocuq Mərcanlıya səfərləri təşkil olunur, Azərbaycanın
Ermənistan üzərindəki psixoloji
üstünlüyü, düşmənin təcavüzkar
mahiyyətindən fərqimiz, ölkəmizin sülh məramı,
qurub-yaratmaq niyyəti bütün dünyaya aydın şəkildə
nümayiş etdirilir.
Artıq hamı görür
ki, Azərbaycan illər əvvəlin kövrək,
saysız-hesabsız problemlər əlində naçar
qalmış, təsadüfi insanların başına min bir fəlakət
gətirdikləri laübalı ölkə deyil. Elə bu sətirləri
qələmə alanda uzun müddətdən bəri
işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər
gerçəkləşdirən, bu ərazidəki
separatçı rejimin təbliğatı ilə məşğul
olan bloqqer Aleksandr Lapşinin gecə saatlarında Belarusdan Azərbaycana
qolu qandallı gətirilməsi xəbərini aldım.
Onun nər sinəli Azərbaycan
xüsusi təyinatlılarının əhatəsindəki
miskin fotolarını görəndə ürəyim dağa
döndü!
Bəli, biz indi Azərbaycanın ərazi bütövlüyünə həqarət edən bu cür yaramazları dünyanın harasında olur-olsun qolubağlı ölkəmizə gətirib burada sorğulayacaq qədər güclüyük!
Bizə bu gücü qazandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətidir, mətinliyidir, illərdən bəri apardığı inkişaf siyasətinin nəticələridir.
İllərin yaratdığı fərqə diqqət yetirək: Cocuq Mərcanlı kəndinin yüzlərlə sakini tezliklə doğma kəndinə köçür, Lələtəpə əməliyyatından sonra 360 erməni ailəsi ətraf kəndlərdən baş götürüb qaçıb. Ermənistandakı sosial-iqtisadi böhranın ağırlığından, aclıqdan, səfalətdən, ağır güzərandan son illər bir tikə çörək dalınca başqa ölkələrə köç edən erməni ailələrinin sayı isə on minlərlədir. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə yeni bir həyat qurur. Ermənistanın isə hətta mərkəzi şəhərlərində sovet dövründə yaradılmış infrastruktur, sosial həyat şərtləri dağılıb gedir.
Erməni ictimaiyyəti Cocuq Mərcanlı hadisəsindən sonra sosial şəbəkələrdə işğalçı rejimin rəhbərliyindən bu vəziyyətin hesabını sorur, Ermənistanın başladığı münaqişənin artıq Azərbaycanın xeyrinə tamamlanmaqda olduğunu etiraf edir.
Hələ düşmənin çox etiraflarına, tövbələrinə şahid olacağıq.
Cocuq Mərcanlı hələ bir başlanğıcdır...
Hələ işğaldan azad ediləcək nə qədər yeni ərazilərimizə doğru köç karvanlarının qatarına sevinmək var, o rayonları, o kəndləri qəlbimizin sevgisi, nəfəsimizin istisi ilə yenidən tikib-qurmaq var...
Hələ ac-yalavac ermənilərin əsrlər boyu həyət-bacalarımızda, tarlalarımızda-zəmilərimizdə bir qarın çörəyə işlədikləri kimi yenə də o tikinti-abadlıq işlərində palçıq qatmaq, daş daşımaq üçün boyun büküb bizə yalvaracaqları günlər var!..
Ən böyük qalibiyyət də elə bu deyilmi?!
Bu, Prezidentin qələbəsidir!
Bu, Ali Baş Komandan İlham Əliyevin gücü, Azərbaycanın təntənəsidir!
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
yazıçı-publisist
Azərbaycan.
- 2017.- 10 fevral.- S.1, 3.