Azərbaycanda infrastrukturun
inkişaf etdirilməsi dövlət siyasətimizin
mühüm hissəsidir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev fevralın 9-da Dünya
Bankının Avropa və Mərkəzi Asiya üzrə
vitse-prezidenti Siril Mülleri qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın yaxşı tarixi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə Dünya Bankının dəstəyi ilə çoxsaylı əhəmiyyətli layihələrin həyata keçirildiyini dedi və bu layihələrin infrastrukturun müasirləşdirilməsi baxımından önəmini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanda infrastrukturun inkişaf etdirilməsinin dövlət siyasətimizin mühüm hissəsi olduğunu bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Dünya Bankının uğurla icra olunan qlobal əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi maliyyə dəstəyini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev TANAP layihəsi ilə bağlı işlərin də qrafikə uyğun həyata keçirildiyini və vaxtında tamamlanacağını qeyd etdi.
Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirdi.
Söhbət zamanı
iqtisadiyyatın şaxələndirilməsi, aqrar
sektorda ixrac
potensialının artırılması, təhsil sistemində
islahatlar və digər məsələlər
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.-
2017.- 10 fevral.- S.2.