Mükafatların təqdimatı olub
Fevralın 9-da -
Naxçıvan Muxtar Respublikasının yaranmasının
93-cü ildönümü günündə
mükafatların təqdim olunması münasibətilə tədbir
keçirilib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a
bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov Naxçıvan Muxtar
Respublikasının yaradılmasının 93-cü
ildönümü münasibətilə muxtar respublika əhalisini
və tədbir iştirakçılarını təbrik edərək
deyib: Ötən 93 il ərzində
Naxçıvanın muxtar respublika kimi yaşaması nəticəsində
onun ərazisi qorunmuş, muxtar respublika inkişafa
qovuşmuşdur. Bu inkişaf müstəqillik
dövründə daha da artmış, Naxçıvan Muxtar
Respublikasında bütün sahələrdə uğurlar
qazanılmışdır. Ümummilli
Liderimizin siyasi xəttinə sədaqətin bəhrələri
şəhər və rayon mərkəzlərinin, qəsəbə
və kəndlərimizin dəyişən simasında, tikilən
infrastruktur obyektlərində, insanların həyat şəraitinin
yaxşılaşmasında, ordu quruculuğunda
özünü göstərir. Artan
iqtisadi imkanlar muxtar respublikada elmin, təhsilin və mədəniyyətin
inkişafına da öz təsirini göstərmiş, Azərbaycan
Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi
və Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzi
yaradılmışdır. Naxçıvan
tarixi sistemli şəkildə tədqiq olunmuş, abidələrimiz
bərpa edilmiş, tariximizə və mədəniyyətimizə
aydınlıq gətirən elmi əsərlər, kitablar və
ensiklopediyalar, o cümlədən “Naxçıvan tarixi”
çoxcildliyi nəşr olunmuşdur.
Ali Məclisin Sədri deyib: Bu gün
Naxçıvan Muxtar Respublikası özünün tarixinə
və milli dəyərlərinə sahib çıxır. Gənc nəsil milli dəyərlər əsasında
tərbiyə olunur, sağlam gələcək
formalaşdırılır. İstedadlı
gənclər də üzə çıxarılaraq təqaüdlərə
layiq görülürlər. Bir sözlə,
insan amilinə böyük diqqət göstərilir. Aparılan quruculuq işlərinə, elmin və mədəniyyətin
inkişafına öz töhfəsini verənlərin əməyi
yüksək qiymətləndirilir, onlar dövlət
mükafatları ilə təltif olunurlar.
Ali Məclisin Sədri mükafatlara
layiq görülənlərin hamısını təbrik
edib, elmimizin və mədəniyyətimizin inkişafı
yolunda uğurlar arzulayıb, çıxışını
hörmətli Prezidentimiz İlham Əliyevin muxtar respublikaya səfəri
zamanı qeyd etdiyi fikirlərlə tamamlayıb: “Son illər ərzində
Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin
abadlaşdırılması, gözəlləşdirilməsi,
infrastruktur layihələrinin icrası, bütün şəhər
və kəndlərin abadlaşması prosesi onu göstərir
ki, respublika möhkəm ayaqda dayanır. Bu
gün Naxçıvan Muxtar Respublikasının
çiçəklənmə dövrüdür. Çünki bütün istiqamətlər üzrə
işlər uğurla gedir və gözəl nəticələr
var”.
Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Qadir Qədirzadə
çıxış edərək deyib ki, müstəqillik
illərində Naxçıvan Muxtar Respublikasında
sosial-iqtisadi inkişafla yanaşı, elm, təhsil və mədəniyyətin
inkişafına da böyük önəm verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
“Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və
mədəniyyət abidələrinin qorunması və
pasportlaşdırılması işinin təşkili
haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamına
əsasən muxtar respublika ərazisində 1200-dən
artıq abidə qeydə alınıb. Aparılan
araşdırmaların nəticəsi olaraq Azərbaycan və
ingilis dillərində “Naxçıvan Abidələri
Ensiklopediyası”, 2 cildlik “Naxçıvan Ensiklopediyası”,
“Naxçıvan Tarixi Atlası” kimi fundamental əsərlər
nəşr edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin
hazırlanması və nəşr olunması barədə”
2012-ci il 6 avqust tarixli Sərəncamından sonra isə
Naxçıvanın ən qədim dövründən
günümüzədək olan böyük bir tarixi
dövrü əhatə edən “Naxçıvan tarixi”
çoxcildliyi nəşr olundu. Naxçıvan
Muxtar Respublikasının tarixində elm və elm adamları
heç vaxt indiki qədər qayğı ilə əhatə
olunmayıb. Bu diyarda heç vaxt elm indiki
qədər inkişaf etməyib. Muxtar
respublikada təkcə elmi araşdırmalara deyil, müəlliflərə
də böyük diqqət və qayğı ilə
yanaşılır, onların əməyi yüksək qiymətləndirilir.
Azərbaycan Milli Elmlər Akademiyasına
keçirilən seçkilərdə Naxçıvandan olan
elm adamlarından 3-ü akademik, 11-i isə müxbir üzv
seçilib. Müxtəlif ixtisaslar üzrə
elmlər doktoru, fəlsəfə doktorları
hazırlanıb, elm sahəsində fərqlənmiş bir
sıra alimlər fəxri adlar, orden və medallar, diplom və
müxtəlif mükafatlarla təltif olunublar. Qadir Qədirzadə Naxçıvan Muxtar
Respublikasında elmin inkişafına göstərdiyi diqqət
və qayğıya görə elmi ictimaiyyət adından Ali
Məclisin Sədrinə minnətdarlıq edib.
Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə
müdiri Zeynəb Quliyeva deyib ki, Naxçıvanın zəngin
tarixinin hərtərəfli, sistemli şəkildə
araşdırılması təkcə bu qədim diyarın
keçdiyi şərəfli yolun öyrənilməsi
baxımından deyil, bütövlükdə Azərbaycanımızın
tarixinin kompleks tədqiqi üçün də böyük əhəmiyyətə
malikdir. Son illər muxtar respublika tarixinin tədqiqi
istiqamətində mühüm işlər görülüb.
“Nuh peyğəmbər: Dünya tufanı və
Naxçıvan”, “Naxçıvan: ilk yaşayış və
şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər
və Duzdağ” və başqa mövzulardakı beynəlxalq
simpoziumlar elmi təfəkkürün Naxçıvan tarixinin
qaranlıqda qalmış sahələrinə nüfuz etməsində
stimul yaratmış, çoxlu sayda əsərlər
yaranmışdır. “Naxçıvan
tarixi” çoxcildliyi isə Naxçıvanda bu vaxtadək
aparılmış elmi tədqiqatların ümumiləşdirilmiş
nəticəsidir. Alim və tədqiqatçılar
elmi fəaliyyət üçün yaradılan şəraitdən
bundan sonra da səmərəli istifadə edərək
Naxçıvanşünaslığı zənginləşdirəcəklər.
Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli
çıxış edərək deyib ki, Naxçıvan
Muxtar Respublikasının yaranması Azərbaycan tarixində
mühüm hadisədir. Ötən 93 ildə muxtar respublika
böyük inkişaf yolu keçib. Bu
gün Naxçıvan müasir inkişafın göstərici
kimi qəbul olunur. Muxtar respublikanın
kompleks inkişafında elmin və təhsilin xüsusi yeri
vardır. Son illər Naxçıvan Dövlət
Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan
Müəllimlər İnstitutunun, o cümlədən
bütün təhsil müəssisələrinin müasir tədris
bazası ilə təmin olunması, Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsində alim və
tədqiqatçılar üçün hərtərəfli
şəraitin yaradılması, təşkil olunan
ekspedisiyalar, aparılan arxeoloji qazıntılar
Naxçıvanda elmin və təhsilin inkişafını
yeni mərhələyə yüksəldib. “Naxçıvan
tarixi” çoxcildliyinin nəşri də muxtar respublikada elmə
və təhsilə qayğının nəticəsi kimi
ortaya çıxıb. “Naxçıvan
tarixi” çoxcildliyi Azərbaycan tarixşünaslıq elminə
mühüm töhfədir. İsa Həbibbəyli
Naxçıvan Muxtar Respublikasının yaranmasının
93-cü ildönümü münasibətilə Azərbaycan
elmi ictimaiyyət adından təbriklərini
çatdırıb.
Naxçıvan Musiqi
Kollecinin tələbəsi, gənc istedad Sərxan Əliyev
qeyd edib ki, gənclər Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin Sədrinin onlara göstərilən
qayğısını daim hiss edirlər. Bunun bariz nümunəsi
muxtar respublikamızda yeni istifadəyə verilən təhsil
müəssisələrində, gənclik mərkəzlərində,
elektron kitabxanalarda, mədəniyyət müəssisələrində,
musiqi məktəblərində, ali təhsil müəssisələrində,
Olimpiya İdman kompleksləri və idman mərkəzlərində
gənclərin hərtərəfli inkişafı, eləcə
də asudə vaxtlarının səmərəli təşkili
üçün yaradılan zəruri şəraitdir. Bununla yanaşı, muxtar respublikamızın
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında da
biz gənclərin yaxından iştirakı üçün
hər cür şərait vardır. Sevindirici
haldır ki, gənclərimiz yaradıcılıq
potensiallarını daim artırır, təhsildə və
idmanda uğurlar qazanır, müxtəlif dövlət
orqanlarında, icra strukturlarında, özəl bölmədə
geniş təmsil olunurlar. Bu isə
bugünkü gəncliyin sabaha inamını daha da
artırır, onların fəallığına müsbət
təsir göstərir. Sərxan Əliyev
gəncliyə göstərilən diqqət və
qayğıya görə muxtar respublika gəncləri, o
cümlədən gənc istedadlar adından minnətdarlıq
edib.
Sonra mükafatlar təqdim
olunub. Qeyd
olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
2017-ci il 9 fevral tarixli Sərəncamına əsasən
“Naxçıvan tarixi” çoxcildliyi elm sahəsində
Naxçıvan Muxtar Respublika Mükafatına layiq
görülüb.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
“Naxçıvan tarixi” çoxcildliyinə görə
Naxçıvan Muxtar Respublika mükafatını Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri
akademik İsmayıl Hacıyevə təqdim edib.
İsmayıl Hacıyev minnətdarlıq
edərək deyib ki, Naxçıvanın tarixinin öyrənilməsi
üçün yaradılan şərait alim və tədqiqatçıların
qarşısında mühüm vəzifələr qoyur. Azərbaycan
Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin
kollektivi bundan sonra da yaradılan şəraitdən istifadə
edərək səylə çalışacaqdır.
Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
əməkdaşlarının təltif edilməsi
haqqında” 2017-ci il 27 yanvar tarixli Sərəncamı ilə
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük
Komitəsinin bir qrup əməkdaşı “Dövlət
qulluğunda fərqlənməyə görə” medalı ilə
təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü Qadir Qədirzadənin “Dünya və
insan: başlanğıcın sonu, sonun
başlanğıcı” kitabı isə Ali Məclis Sədrinin
mükafatına layiq görülüb. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin “Gənc istedadların
xüsusi təqaüdə layiq görülməsi
haqqında” 2017-ci il 14 yanvar tarixli Sərəncamına əsasən
xüsusi istedadı olan Naxçıvan Musiqi Kollecinin tələbəsi
Sərxan Əliyevin və Naxçıvan şəhər 8
nömrəli tam orta məktəbin şagirdi Pərviz
Qasımovun adları Naxçıvan Muxtar Respublikası gənc
istedadlarının “Qızıl kitabı”na yazılaraq, Ali Məclis
Sədrinin xüsusi aylıq təqaüdünə layiq
görülüblər.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Dövlət
qulluğunda fərqlənməyə görə”
medalının döş nişanını və vəsiqəsini,
Ali Məclis Sədrinin mükafatını, gənc istedadlara
isə təqaüd kartlarını təqdim edib.
Tədbirdə
Naxçıvan Dövlət Filarmoniyasının
İnstrumental Ansamblının konserti olub.
Sonda tədbir
iştirakçıları və ziyalılarla söhbət
edən Ali Məclisin Sədri deyib ki, Naxçıvan tarixi
uzun illər ətraflı tədqiq olunmamışdır. Sanballı mənbələrdən
istifadə edilərək yazılan “Naxçıvan tarixi”
çoxcildliyinin nəşri Naxçıvanın əsl
tarixini ortaya qoymaqla yanaşı, həm də Azərbaycan
tarixşünaslığına sanballı töhfədir.
Son illər Naxçıvanda elmin və təhsilin
inkişafı sahəsində görülən işlər,
akademiyanın Naxçıvan Bölməsinin
yaradılması Naxçıvanın tarixi ilə
bağlı elmi əsaslara söykənən əsərlərin
yazılmasına imkan verib. İqtisadiyyatı
inkişaf etdirmək, yol çəkmək, bina tikmək
bütün dövrlərdə mümkündür. Lakin elmi, təhsili və mədəniyyəti
inkişaf etdirmək çətin və məsuliyyətli məsələdir.
Naxçıvanda digər sahələrlə
yanaşı, elm, təhsil və mədəniyyətin də
inkişafına nail olunub. Bu gün
Naxçıvan Muxtar Respublikasının inkişafı,
bütün sahələrdə qazanılan uğurlar
ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sədaqətin
bəhrələridir. Naxçıvan Muxtar
Respublikasının yaranmasının 93-cü
ildönümü günündə “Naxçıvan tarixi”
çoxcildliyinin muxtar respublika mükafatına layiq
görülməsi, “Gülüstan türbəsi”,
“Naxçıvan dünya mətbuatında” kitablarının
və “Məmməd Araz qrafik albomu”nun “Şərq
qapısı” qəzetində geniş ictimaiyyətə təqdim
olunması mühüm əhəmiyyətə malikdir. Alim və tədqiqatçılar bundan sonra da
Naxçıvanın tarixi, mədəniyyəti, elmi və təhsilinin
inkişafı sahəsində səylərini artırmalı,
yeni əsərlər yazılmalıdır.
Azərbaycan.-
2017.- 10 fevral.- S.5.