Görkəmli mətnşünas-dilçi
alim
Cahangir Qəhərmanov - 90
Qədim tarixi olan mətnşünaslıq
elmi keçən yüzilliyin ikinci yarısında Azərbaycanda
daha da inkişaf
edib təkmilləşərək
geniş vüsət almış və bu sahədə bir çox görkəmli tədqiqatçılar
nəsli yetişmişdir. H.Araslı, Ə.Əlizadə,
Z.Bünyadov, Ə.Mirəhmədov,
T.Məhərrəmov, Ə.Məmmədov
və digər tanınmış ədəbiyyatşünas
və tarixçi alimlərin mətnşünaslıq
sahəsindəki səmərəli
və məhsuldar fəaliyyəti məhz bu dövrə təsadüf edir.
Azərbaycanda mətnşünaslığın inkişafında, xüsusilə
də xalqımızın
əvəzsiz mənəvi
sərvəti sayılan
əlyazma kitablarının
toplanıb qorunması,
araşdırılması və
nəşr edilməsi
sahəsində böyük
xidmətləri olan görkəmli filoloq alimlərimizdən biri filologiya elmləri doktoru, professor, əməkdar
elm xadimi mərhum Cahangir Qəhrəmanovdur. Tanınmış dilçi və ədəbiyyatşünas alim
mənalı həyatının
böyük bir hissəsini qədim yazılı abidələrin
tədqiqi və nəşri işinə həsr etmişdir. Məhz buna görə də artıq neçə illərdir ki, Cahangir Qəhrəmanovun adı Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd
Füzuli adına
Əlyazmalar İnstitutunun
adı ilə qoşa çəkilir və böyük ehtiramla yad edilir.
Görkəmli mətnşünas alimin, xeyirxah insanın şərəfli
və mənalı həyat yolunun böyük bir hissəsi məhz bu elm məbədinin divarları arasında keçmişdir. Onun neçə-neçə
qalın əlyazma kitabları əsasında
dəyərli araşdırmaları
məhz burada ərsəyə gəlmiş,
gələcək nəsillərə
ərməğan edilmişdir.
Cahangir Qəhrəmanov Əlyazmalar
İnstitutunda uzun illər bu elm ocağına rəhbərlik
etmiş, onun hərtərəfli inkişafı
və yüksəlişi
üçün çalışmışdır.
Cahangir Vahid oğlu Qəhrəmanov 10 fevral
1927-ci ildə Qəbələ
şəhərində ziyalı
ailəsində dünyaya
göz açmış,
orta təhsilini Bakıda almışdır. O, Bakı
Dövlət Universitetinin
şərqşünaslıq fakültəsinin fars dili və ədəbiyyatı
şöbəsini bitirdikdən
sonra Moskva Dövlət Universitetinin aspiranturasında oxumuş
və 1955-ci ildə “Azərbaycan ədəbi dilində fəlsəfə
terminləri” mövzusunda
namizədlik dissertasiyasını
müdafiə etmişdir.
Bir neçə il indiki
Bakı Slavyan Universitetində baş müəllim və dosent vəzifəsində
işləyən gənc
alimin qədim mənbələrə, xüsusilə
də əlyazmalara olan dərin marağı çox keçmir ki, onu 1960-cı ildə Əlyazmalar Fonduna gətirir və həmin ildən ömrünün sonunadək
taleyini bu müəssisə ilə bağlayır. C.Qəhrəmanov Əlyazmalar Fondunda
çalışdığı illərdə (1960-1995) anadilli
yazılı abidələrimizə
xüsusilə böyük
maraq göstərir.
Bilavasitə həmin maraq və vurğunluğun
nəticəsi olaraq
1964-cü ildə XV əsr
Azərbaycan tərcümə
abidəsi “Əsrarnamə”nin fotofaksimile çapını sanballı
linqvistik oçerklə
və sözlüklə
birgə nəşr etdirir. Qeyd edək
ki, “Əsrarnamə”nin sözügedən
nəşri Azərbaycanda
bu yöndə yerinə yetirilən ilkin elmi işlərdən
biri sayılır. Cahangir Qəhrəmanovun mətnşünaslıq
sahəsində səmərəli
elmi araşdırmalarının
ən böyük uğuru və nailiyyəti isə Azərbaycan şairi və mütəfəkkiri
Seyid İmadəddin Nəsiminin türkcə divanının elmi-tənqidi
mətninin tərtibi və nəşri ilə bağlıdır.
Mətnşünas alim Nəsimi
divanının Bakı,
Sankt-Peterburq, Daşkənd
və İrəvan şəhərlərində saxlanılan
əlyazmaları, eləcə
də əski çap kitabları və başqa qaynaqlar əsasında dünya mətnşünaslıq
elmində ilk dəfə
bu böyük sənətkarın əsərlərinin
elmi-tənqidi mətnini
yüksək peşəkarlıqla
tərtib edərək
onları kitab şəklində üç
cilddə nəşr etdirmişdir. Cahangir Qəhrəmanovun
bu dəyərli və sanballı araşdırması nəticəsində
İmadəddin Nəsiminin
indiyədək elm aləminə
bəlli olmayan bir sıra əsərləri
ilk dəfə üzə
çıxarılmış və nəşr olunmuşdur. Gərgin elmi
axtarışların layiqli
bəhrəsi olan bu tədqiqatına görə C.Qəhrəmanov
1969-cu ildə filologiya
elmləri doktoru alimlik dərəcəsi adını almışdır.
Mətnşünas alimin yüksək
elmi səviyyəsi ilə seçilən və böyük nəzəri-praktik əhəmiyyət
daşıyan bu araşdırması dünya
şərqşünasları, türkoloqları tərəfindən
yüksək dəyərləndirilmiş
və müəllifinə
böyük şöhrət
qazandırmışdır. Yeri gəlmişkən qeyd edək ki, 1978-ci ildə Moskvaya elmi ezamiyyətə
gedərkən məşhur
türkoloq alim
professor Əmir Nəcibin
evində olarkən alimin masaüstü kitabları sırasında
Cahangir müəllimin
“Nəsimi “Divan”ının
leksikası” kitabını
da gördüm.
2005-ci ildə isə Təbrizdə İran İslam Respublikasının
məşhur ədəbiyyatşünas
alimi “Süxənvərani-Azərbaycan”
(Azərbaycan söz ustaları) kitabının
müəllifi Əziz
Dövlətabadi ilə
görüş zamanı
o, professor Cahangir Qəhrəmanovun adını
böyük ehtiramla çəkdi. Bütün
bunlar sübut edir ki, professor
Cahangir Qəhrəmanov
Azərbaycanın hüdudlarından
kənarda da dəyərli alim kimi tanınır.
C.Qəhrəmanov Nəsimi divanının elmi-tənqidi mətni üzərində işləyərkən
tədqiqata cəlb etdiyi əlyazmaların dilçilik baxımından
araşdırılmasına daha geniş yer vermiş və bununla da əslində, Azərbaycan mətnşünaslığında
yeni bir sahənin - linqvistik mətnşünaslığın əsasını qoymuşdur. Sonralar görkəmli
alimin bilavasitə rəhbərliyi ilə yerinə yetirilən bir sıra mətnşünaslıq
yönlü araşdırmalarda
bu məsələyə
geniş yer ayrılmışdır. Bu
yöndə aparılan
mətnşünaslıq işləri
ədəbiyyat tarixi ilə yanaşı, ədəbi dil tarixinin araşdırılması
baxımından da böyük əhəmiyyət
daşıyır.
C.Qəhrəmanovun özünün
hazırladığı və
onun iştirakı ilə tərtib edilib nəşr olunan çoxsaylı kitabları sırasında
İmadəddin Nəsimi,
Nemətullah Kişvəri
(XV əsr), Suli Fəqih (XIV əsr),
Mustafa Zərir (XIV əsr),
Füzuli kimi söz ustalarının, eləcə də dövrünün görkəmli
ədəbiyyatşünası kimi tanınan Hüseyn Əfəndi Qayıbov kimi sənətkarların əsərləri
xüsusilə əhəmiyyətlidir.
Adı çəkilən müəlliflərdən
bəzilərinin əsərləri
məhz professor C.Qəhrəmanovun
təşəbbüsü və səmərəli elmi fəaliyyəti nəticəsində üzə
çıxarılmış, araşdırılmış və
ilk dəfə nəşr
edilmişdir.
Görkəmli mətnşünas alim Cahangir Qəhrəmanov həm də bacarıqlı və işgüzar elm təşkilatçısı,
təşəbbüskar, yenilikçi
idi. 1972-ci ildən başçılıq etdiyi
Əlyazmalar Fondunun əsl elmi müəssisə
statusu qazanmasında, elmi kadr potensialının
güclənməsində, nəhayət, elmi-tədqiqat
institutuna çevrilməsində
onun xidmətləri danılmazdır. C.Qəhrəmanovun elmi-təşkilatçılıq fəaliyyəti sayəsində
qısa müddət ərzində həm Əlyazmalar İnstitutunun
fondu daha da zənginləşərək
dünya miqyasında tanınmağa başlayır,
həm də bu elmi müəssisəyə
yeni cəlb olunan gənc və yüksək ixtisaslı mütəxəssislərin
apardıqları elmi-tədqiqat
işlərinin səviyyəsi
artır, onların səsi-sorağı ölkənin
hüdudlarını aşır.
Professor C.Qəhrəmanov
Əlyazmalar Fonduna rəhbərlik etdiyi ilk illərdən peşəkar
kadr hazırlığına
xüsusi diqqət yetirir, gənc mütəxəssislərə qayğı
və həssaslıqla
yanaşırdı. Onun rəhbərliyi
ilə 19 namizədlik
dissertasiyası müdafiə
edilmişdir. C.Qəhrəmanov həm də 2 doktorluq işinin elmi məsləhətçisi
olmuşdur. Bir sıra
görkəmli mütəxəssislərin
etiraf etdikləri kimi, Cahangir müəllimin rəhbərliyi
altında yerinə yetirilən elmi-tədqiqat
işləri həmişə
yüksək peşəkarlığı,
elmi yeniliyi, ilkin və mötəbər
qaynaqlar - əlyazmalar
əsasında hazırlanması
ilə seçilmiş,
elmi ictimaiyyət tərəfindən yüksək
dəyərləndirilmişdir.
Azərbaycanda əlyazmaşünaslıq, poleoqrafiya kimi yeni elm sahələrinin inkişafında professor C.Qəhrəmanovun böyük xidmətləri var. Keçən əsrin 70-80-ci illərində məhz onun təşəbbüsü, iştirakı və rəhbərliyi ilə indiyədək diqqətdən kənarda qalmış, qatı açılmamış bir sıra dəyərli əlyazmalar haqqında, adları yalnız ayrı-ayrı dar sahə mütəxəssislərinə bəlli olan Azərbaycan müəllifləri barədə yüzlərlə məqalə, onlarca kitab yazılmış, çoxlu elmi-tədqiqat işləri yerinə yetirilmişdir. Orta yüzilliklərdə yaşayıb yaratmış Əbdülhadi Bəvazici, Xətai Təbrizi, Həzini, Şərəfəddin Rami Təbrizi, Möhsün Nəsiri kimi Azərbaycan alimlərinin, tərcüməçilərinin və şairlərinin əsərləri, əlyazmaları haqqında araşdırmalar buna misal ola bilər. Məhz bu qəbildən olan yeni və səmərəli elmi axtarışlar, yüksək peşəkarlıqla yazılan tədqiqat əsərləri tez bir zamanda Əlyazmalar Fondunun şöhrətini artırdı və 1986-cı ildə onun bazası əsasında Əlyazmalar İnstitutunun yaradılması üçün zəmin yaratdı. Əlyazmalar İnstitutunun yaradılmasında Cahangir müəllimin özünün böyük qürur və iftixar hissi ilə dediyi kimi, o vaxtlar Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışan ümummilli lider Heydər Əliyevin böyük köməyi və dəstəyi olmuşdur.
Azərbaycan XX yüzillikdə yenidən müstəqilliyinə qovuşduqdan sonra C.Qəhrəmanov daha böyük coşqu ilə çalışır, rəhbərlik etdiyi Əlyazmalar İnstitutunun bir sıra xarici ölkələrdə fəaliyyət göstərən əlyazma mərkəzləri ilə əlaqələrinin daha sıx qurulması, onun beynəlxalq aləmdə daha geniş tanıtdırılması, Azərbaycan maddi-mədəniyyət abidələrinin xaricdə təbliği, elmi kadrların təcrübə mübadiləsi, müştərək nəşrlər və s. kimi məsələlərlə bağlı səmərəli fəaliyyət göstərirdi.
Cahangir müəllim böyük vətənpərvər, xalqını, onun maddi-mədəniyyət abidələrini, əlyazmaları sonsuz məhəbbətlə sevən bir ziyalı idi. Cahangir müəllim olduqca qayğıkeş bir insan idi. Başçılıq etdiyi kollektivin hər bir üzvünün şəxsi həyatı, gündəlik qayğıları ilə maraqlanır, lazımi köməyi əsirgəmirdi. Məhz buna görə də kollektivin üzvləri onu ürəkdən sevir, xətrini əziz tuturdular.
Professor Cahangir Qəhrəmanov 69 illik həyatının 45 ilini Azərbaycan filologiya elminin inkişafına həsr etmiş, bu yolda bütün güc və bacarığını əsirgəməmişdir. O, özündən sonra xalqına tükənməz və zəngin bir xəzinə qoyaraq əbədiyyətə qovuşdu.
Möhsün NAĞISOYLU,
AMEA-nın müxbir üzvi,
professor,
filologiya elmləri doktoru
Azərbaycan.- 2017.- 10 fevral.- S. 7.