İstedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın Belçikada
“İşığı tutmaq olmur” adlı sərgisi açılıb
Fevralın 5-də Belçikanın Otegem şəhərində “Deweer” qalereyasında istedadlı Azərbaycan rəssamı Aida Mahmudova ilk böyük miqyaslı fərdi sərgisini təqdim edib.
AZƏRTAC xəbər verir ki, nümayiş olunmuş yeni rəsmlər toplusu sərgini ziyarət edən həvəskar və peşəkar seyrçilər tərəfindən böyük maraqla qarşılanıb. Ekspozisiyaya daxil olan və əsasən abstraktlaşdırılmış mənzərələrdən ibarət iyirmidən çox əsər rəssam Aida Mahmudovanın təcrübəsində yeni olan aydınlıq, konsentrasiya və dolğunluğu ifadə edir. Əsərlər əsas fikri - rəssam, kətan və çəkmək üçün istifadə olunan material arasındakı əlaqəyə yönəldir.
2015-ci ildə Bakı Müasir İncəsənət Muzeyində keçirilmiş “Elysium” adlı sərgidəki rəsmlərdən fərqli olaraq bu əsərlərdə materiala yanaşma artıq qarşılıqlı müqavimət şəklində deyil, maraq və kəşfetmə hissi ilə ifadə olunur. Rəssam rənglərin kətan üzərində azad hərəkət etməsinə imkan verir və nəticədə yaranan kompozisiyalar orqanik və sərbəst olur. Hər bir əsərdə xəyallarda canlandırılan mənzərələrin və kətan üzərində istifadə olunan materialların arasında sanki bir zərif oyun aşkara çıxarılır. Bütün tablolarda akril, yapışqan, gümüşü folqa, yağlı boya, kömür, sement və gips kimi çoxlu sayda müxtəlif materiallardan bacarıqla istifadə olunub. Nəticədə, ərsəyə gələn əsərlər xüsusi zaman təəssüratı yaradır və özəl rəngkarlıq texnikası sayəsində yaradılır. Bundan başqa, bu heç də intellektual fəaliyyətin nəticəsi kimi baş vermir, bu doğru zamanında və lazımi miqdarda yeni, gözlənilməz “inqrediyentlər” əlavə edilmiş düşüncə forması kimi ortaya çıxır.
Bu üsul müəllifin həmin rəsm əsərində əks etdirdiyi özəl və emosional hissləri vurğulayaraq, işığın, rənglərin və materialın bir oyununu yaradır. Bütün bunlar kətanın emosionallıqla yüklənməsinə, intuitiv və orijinal olmasına səbəb olur.
Sərgi martın 12-dək davam edəcək.
Qeyd edək
ki, Aida Mahmudova 1982-ci ildə Bakıda dünyaya
gəlib. Hazırda Bakıda yaşayıb-yaradır. O,
2006-cı ildə Londonda Sent-Martin
İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün
onun əsərləri beynəlxalq səviyyədə
sərgilənir. Rəssamın fərdi sərgiləri: “Umwelt” (YAY Qalereyası, Bakı, 2016), “Elysium” (MİM, Bakı, 2015) “Ötüb
keçərkən...” (Leila Heller Gallery, Nyu-York,
ABŞ, 2015), “Daxili sakitlik”
(Barbarian Art Gallery, Sürix, İsveçrə, 2013). Aida Mahmudova
həmçinin bir sıra qrup sərgilərinin də iştirakçısıdır, o cümlədən: “Vita Vitale”, 56-cı Venesiya Biennalesi, Azərbaycan pavilyonu (2015),
“Konfet dağlar, neft sahillər”, PERMM Muzeyi, Perm, Rusiya (2015), “Burada... Bugün”, London
(2014), “Love Me, Love Me Not”, 55-ci Venesiya Biennalesi (2013),“Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti”
(Vyana, Roma, Moskva,
Berlin, Paris, London (2012-2013).
Aida Mahmudova
2011-ci ildə əsası
qoyulan “YARAT” Müasir
İncəsənət Məkanının
təsisçisi və
bədii rəhbəridir. “YARAT” Azərbaycanda müasir incəsənətin ictimaiyyət
tərəfindən dərk
olunması, milli incəsənətimizin ölkə
daxilində və beynəlxalq səviyyədə
təbliği ilə məşğuldur.
1979-cu ildə əsası
qoyulmuş “Deweer”
qalereyası son dövrlərdə tarixinin ikinci böyük səhifəsinə
başlayıb. Bənzərsiz fərdi sərgilərdən əlavə,
qalereya zəngin tarixinin
vacib mərhələlərini göz önünə gətirən tematik qrup sərgiləri
də nümayiş etdirir.
Hazırda “Deweer” qalereyası tarixi motivasiyasına davam
edərək durmadan yenilik
və innovasiyaya can
atır.
Azərbaycan.- 2017.- 10 fevral.- S. 8.