“Bakı-2017”nin
könüllüləri üçün
turizmlə bağlı silsilə təlimlər təşkil olunur
“Bakı-2017” IV İslam
Həmrəyliyi Oyunları
Əməliyyat Komitəsinin
könüllülərlə iş üzrə heyəti onların peşəkar kimi formalaşması, eləcə
də şəxsi keyfiyyətlərinin inkişaf
etdirilməsi istiqamətində
tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, fevralın 1-dən “Gənclər Turizmi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkilati dəstəyi, “IB Club” Gənclərin İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə “Bakı-2017” könüllülərinə “Gənc turizm bələdçilərinin formalaşması” layihəsi çərçivəsində təlimlər keçirilir.
Məqsəd könüllülərin vaxtının səmərəli keçirilməsini təşkil etmək, onlara yeni bacarıqlar aşılamaq, turizm bələdçiliyi haqqında lazımi məlumatlar verməkdir.
Təlim Dünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçi-bələdçisi, bələdçilərin akkreditasiyası üzrə milli əlaqələndirici Səkinə Əsgərova tərəfindən aparılır.
“Fəal gəncliyin yetişməsində təhsillə yanaşı, IV İslam Həmrəyliyi Oyunlarının timsalında mötəbər tədbirlərin də böyük rolu var. Məhz belə tədbirlər zamanı könüllülük fəaliyyəti ilə məşğul olan gənclər həm peşəkar, həm də şəxsi müstəvidə yeni bilik, bacarıqlara yiyələnib, kommunikasiya qabiliyyətlərini inkişaf etdirirlər. Bununla da cəmiyyətimizdə daha ünsiyyətcil, yardımsevər, diqqətli, vətəninə sevgi duyan bu gənclik Azərbaycanı müxtəlif sahələrdə istər yerli, istərsə də beynəlxalq arenada yüksək səviyyədə təmsil edir. Bu baxımdan gənc turizm bələdçilərinin formalaşması kimi təlimlərin töhfəsi danılmazdır”, - deyə Səkinə Əsgərova təlim zamanı fikirlərini bölüşüb.
Gəncləri
bələdçiliyin texniki tərəfləri,
qrup menecmenti, müasir bələdçi standartları, müasir turistlərin tələblərinə
uyğun tematik
turların dizaynı mövzusunda biliklərlə
təmin edən təlimlər silsiləsi fevralın 10-dək
davam edəcək. Hər bir könüllü
yalnız bir təlimdə iştirak
edə bilər. Hər təlimdə 50-60 könüllünün
iştirakı nəzərdə tutulur. Təlimlərdə
iştirak ödənişsizdir. Sonda könüllülərə təlimdə
iştirak etdiklərinə görə sertifikatlar təqdim olunacaq.
Azərbaycan.- 2017.- 10 fevral.- S. 8.