“Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Daşınmaz əmlakın dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanunu
qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak
obyektləri üzərində hüquqların əldə
edilməsini təsdiq
edən sənədlərin Siyahısı”nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 1, maddə 15, ¹ 10, maddə 1136; 2016, ¹ 7, maddə 1255) ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na aşağıdakı məzmunda 2.6-cı bənd əlavə edilsin:
“2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral
2017-ci il
Azərbaycan.- 2017.- 11 fevral.-
S.4.