Regionların inkişafının aparıcı qüvvəsi
- sahibkar
Prezidentin təşəbbüsü ilə həyata keçirilən
tədbirlər nəticəsində özəl sektor qeyri-neft məhsullarının
əsas istehsalçısıdır
Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bazar iqtisadiyyatı yönündə inkişaf etməyi qarşıya məqsəd qoymuşdur. Amma bunun üçün ilk növbədə sovet inzibati amirlik idarəetmə üsulundan imtina etmək lazım idi. Yaranan boşluğu isə sahibkarlar sinfi doldura bilərdi. Düzdür, müstəqilliyimizin ilk illərində bu proses çox çətin gedirdi. Ona görə ki, sahibkarlara biznesini genişləndirmək üçün ilkin kapital lazım idi. Bu isə yox idi. Odur ki, sahibkarların qarşılaşdığı bu problemi həll etməyi dövlət öz üzərinə götürdü. Bir sözlə, dövlət milli sahibkarlığın inkişafında əsas sponsor oldu. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda mükəmməl sahibkarlıq sinfi formalaşıb. İndi ölkədə istehsal olunan məhsulların, göstərilən xidmətlərin çox hissəsi özəl sektora məxsusdur. Xüsusilə qeyri-neft sektorunda iş adamlarının fəaliyyəti daha genişdir.
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda ölkədə sahibkarlığın inkişafına dövlət tərəfindən böyük dəstək verildiyini vurğulayaraq demişdir: “Son illər ərzində - 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kredit verilmişdir. Bu kreditlər ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olmuşdur. Onu da deməliyəm ki, bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə veriləcək güzəştli kreditlərin hamısı əvvəlki illərdə verilmiş və qaytarılmış kreditlər hesabına veriləcək. Yəni artıq dövlət bu yükü, necə deyərlər, öz üzərindən kənara qoyub. Bax, məqsəd də ondan ibarət idi. Hər il biz böyük məbləğdə - 200 milyon, bəzi hallarda 250 milyon manat ayırırdıq və bu vəsait hesabına işlər görülürdü, iş yerləri açılırdı, böyük biznes imkanları yaradılırdı. Eyni zamanda, vaxt gəldi ki, artıq dövlət bu pulu büdcədən ayırmır, biz bunu qaytarılmış kreditlər hesabına edirik”.
Dövlət başçısının sözlərindən də görünür ki, ötən illər ölkədə milli sahibkarlıq xeyli inkişaf etmişdir. İş adamlarımız əldə etdikləri vəsaitdən öz bizneslərini genişləndirib gəlir götürərək dövlət tərəfindən verilən güzəştli kreditləri qaytarmaq imkanındadırlar. Dövlətin ayırdığı kreditlərdən fəaliyyətlərini genişləndirən bir çox şirkətlər hətta ölkə xaricində də sərmayəçi kimi biznes fəaliyyəti ilə məşğuldurlar. Bu da az vaxtda ölkə biznesi üçün böyük nailiyyətdir.
Dövlət tərəfindən sahibkarlara dəstək yenə davam edir. Konfransda qeyd edildi ki, ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların iqtisadiyyata daha çox yatırılmasına töhfə verir. Keçən il 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşması nəticəsində müxtəlif sahələrə 1 milyard manatdan çox investisiya yatırılacaq, 6700-ə yaxın yeni iş yeri açılacaq. Layihələrin 38 faizi kənd təsərrüfatına, 62 faizi sənaye sahələrinə yönəldiləcək. Onların 40 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 60 faizi digər şəhər və rayonların payına düşür.
Hesabat ilində Azərbaycan İnvestisiya Şirkəti tərəfindən Neftçala Sənaye Zonasında infrastrukturun yaradılması başa çatdırılıb və artıq 7 iştirakçı qeydiyyatdan keçib. Bu il zonada avtomobil, kənd təsərrüfatı qurğuları, polietilen boru, modul tipli məktəb binaları, balıq yemi və digər istehsal müəssisələri fəaliyyətə başlayacaq.
Keçən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2500 sahibkara 190 milyon manatadək güzəştli kredit verilib və nəticədə 8100-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Kreditlərin 74 faizi regionların payına düşür. Bu il isə sahibkarlıq subyektlərinə qaytarılan vəsaitlər hesabına 150 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulub.
Aqrar sektora da sahibkarlar tərəfindən sərmayə qoyuluşu artıb. Bu hesaba son illər 20 rayonda 44 min hektaradək ərazidə müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb.
Sahibkarlığın inkişafı istər qeyri-neft sənayesində, istərsə də aqrar sektorda məhsul istehsalının artımı ilə müşahidə edilir. Belə ki, ötən il sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5 faiz artıb. Aqrar sektorda isə məhsulların faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə 2015-ci illə müqayisədə 2,6 faiz çoxalıb. Bunun da nəticəsində ümumilikdə ötən il tərəvəz ixracında 41, meyvə ixracında 11, pambıq-iplik ixracında 25 faiz artım olub.
İxracdan söz düşmüşkən onu da qeyd edək ki, əvvəllər aqrar sektorda istehsal olunan məhsul əsasən daxili bazarın tələbatının ödənilməsinə yönəldilirdisə, indi ixrac imkanları da yaranıb. Təkcə keçən il ixracın həcmi 2015-ci illə müqayisədə 20,7 faiz artaraq 406 milyon dollar təşkil edib. Kartof və soğan istisna olmaqla bütün məhsulların ixracı üzrə artım baş verib. İxracdan əldə edilən 226 milyon dollar vəsaitdən 180 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün payına düşür. Keçən il hətta ilk dəfə olaraq 2,6 milyon dollar dəyərində arpa ixrac edilib.
Bu rəqəmlərdən də aydın görünür ki, dövlət tərəfindən sahibkarlıq subyektlərinə göstərilən qayğı nəticəsində qeyri-neft sənayesində və aqrar sektorda məhsul istehsalı əhəmiyyətli dərəcədə artıb. Özü də təkcə bu sahələr deyil, turizm və digər xidmət sektorlarında da nəzərəçarpan artım var. Dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin davam etdirilməsi isə qarşıdakı illərdə də qazanılan uğurların artacağına əminlik yaradır.
Rüstəm
KAMAL,
Azərbaycan.-
2017.- 12 fevral.- S.1.