Azərbaycan və Latviya hökumətləri
arasında xidməti pasportlara malik şəxslərin vizadan
azad edilməsi haqqında Saziş
imzalanıb
“Azərbaycan
Respublikası Hökuməti
ilə Latviya Respublikası Hökuməti
arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi”
haqqında Saziş imzalanıb.
AZƏRTAC xəbər verir ki, Sazişi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Latviyanın xarici işlər naziri Edqar Rinkeviçs imzalayıblar.
Nazirlər sənədin imzalanmasından əvvəl Azərbaycan-Latviya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı səviyyəsi və inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Elmar Məmmədyarov səfərin Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin hərtərəfli inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə toxunan nazir Prezident İlham Əliyevin Brüsselə səfəri və keçirdiyi görüşlərin əhəmiyyətini diqqətə çatdırıb.
Tərəflər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ekologiya, mədəniyyət, təhsil və turizm kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanların olduğunu qeyd ediblər. Bu məqsədlə mütəmadi əsasda biznes forumların və işgüzar görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Nazir Edqar Rinkeviçs ölkəsinin ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan ilə hərtərəfli əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu diqqətə çatdırıb. O, Latviyanın Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrini dəstəklədiyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin son vəziyyəti barədə həmkarına məlumat verən nazir Elmar Məmmədyarov Latviyanın münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirib.
Görüş zamanı, həmçinin elmi-texniki və mədəni-təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi, parlamentlərarası əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq və qarşılıqlı dəstəyin davam etdirilməsi, hüquq-mühafizə orqanları arasında əlaqələr və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı
keçiriblər.
Azərbaycan.- 2017.- 14 fevral.- S.2.