48 gün əsirlikdə
çəkilən dəhşətli işgəncə
...1992-ci ilin fevral ayı. Çox sərt qış gəlmişdi. Mühasirənin ağırlığı həyatımızı daha da müşkülə salmışdı. Xocalıdakı 1 nömrəli təmir-tikinti idarəsində baş mühəndis işləyirdim. 5 uşağım var idi, 3 qız, 2 oğlan. O vaxt qızlarımın hamısı ailə qurmuşdu. Bir qızım Mingəçevirdə yaşayırdı. Digər qızımı körpə uşağıyla birgə hərbi vertalyotla yola salmışdıq. 19 yaşlı qızım Səadət isə cəmi 6 ay idi ailə qurmuşdu, Xocalıda yaşayırdı. Oğlanlarım isə balaca idilər. Onları vertolyotla Goranboya, qardaşımgilə göndərmişdim. Fevralın 25-dən 26-na keçən gecə isə ömrümüzə vurulan sağalmaz yaranın başlanğıc tarixi oldu. O gecə nələr yaşadıq, nələr...
Xocalı soyqırımı baş verən zaman ömrünün 50-ci qışını yaşayan Qədim dayının həmin gecə başına gələn müsibətlər və 48 gün əsirlikdə çəkdiyi əzab-əziyyət 25 ildir qəlbini göynədir. Həmin dəhşətli günləri yaşamış, qətliamı gözləri ilə görmüş beş uşaq atası, 75 yaşlı Qədim Abbasov ömründən keçən hər fevral ayında o dəhşətli anları ürək ağrısı ilə xatırlayır.
- Çoxdan idi ki, ermənilərin mühasirəsində yaşayırdıq. Elə gün olmurdu ki, ölüm-itim xəbəri eşitməyək. Fevralın 25-i axşamtərəfi evə gəldim. Televizora baxırdım, nədənsə, xəbərləri göstərmədilər. Hirslənib bayıra çıxdım. Gördüm bütün yüksəkliklərdə işıqlar yanır. Üz tutdum poçtun binası tərəfə. Camaat icra başçısı Elman Məmmədovun başına toplaşmışdı. Nə edəcəyimizi bilmirdik. Elman müəllim dedi ki, ermənilər bütün texnikalarla Xocalıya hücuma keçirlər. Evə gedib həyat yoldaşıma dedim ki, qızım Səadətə xəbər versin. Artıq şəhər güllə yağışına tutulmuşdu. Bayıra çıxanda gördük ki, qızım ailəsi ilə birlikdə gəlir. Onlar kəndin yuxarı hissəsində yaşadıqları üçün atılan mərmilər evlərini yandırmışdı. Birlikdə poçt tərəfə getdik. Elman müəllimin də ailəsi orada idi. Qızım həyat yoldaşı ilə birgə onlara qoşuldu. Biz isə ayrı dəstə ilə başqa istiqamətə getdik.
Qaçanların bir hissəsi Ağdamın Gülablı kəndinə tərəf, qalan hissə isə Əsgəran tərəfə üz tutdu. Biz Kətik kəndinin meşəsi ilə Gülablıya tərəf getdik. Pusquda duran ermənilər arxamızca atəş açmağa başladılar. Ölənlərimiz, yaralananlarımız oldu. Amma hərə öz hayında idi. Bir az getmişdik ki, ayağımdan yaralandım. Nə qədər israr etdim yoldaşım məni qoyub getmədi. Bir az sonra gördüm qardaşım Əlamdarla oğlu geri qayıdır. Məni qaldırıb götürdülər. Üz tutduq Dəhraz kəndi tərəfə. Bu kəndin dağlarını aşa bilsəydik Gülablıya çatacaqdıq. Qardaşım oğluna dedim ki, mən gedə bilmirəm, sən qadınları üzümlük tərəflə apar, bəlkə ordan Ağdama keçə bilərsiniz. Onlar getdilər. Biz isə qoz bağına tərəf irəlilədik. Amma qoz bağında ermənilərin tələsinə düşdük...
Mühasirə yaradıb bizi əsir götürdülər. Əvvəlcə Dəhraz kəndinə gətirdilər. Fevralın 28-də mən də içində olmaqla 18 nəfəri seçib dəyişmək adı ilə Xocalıya apardılar. Xocalıya girəndə körpünün yanında yanacaqdoldurma məntəqəsi var idi. Gördük əlləri bağlı insanları üst-üstə yığıblar. Uşaq, böyük, yaralı, salamat insanların ah-naləsi yerə-göyə sığmırdı. Belə mənzərəni yalnız filmlərdə görmüşdüm. Ermənilər yanacaqdoldurma məntəqəsindən benzini çəkib insanlara od vurdular. Qadınların, körpələrin haray dolu qışqırığı bu gün də qulağımdadır. İlahi, heç kimə yaşatma bu dərdi...
Bir neçə gün bizi Xocalıda saxladıqdan sonra apardılar Xankəndiyə. Şəhər avtovağzalının yanında ermənilər guya zavod tikmişdilər. Sən demə bu, zavod deyilmiş, təcridxana imiş. Hər şeyi əvvəlcədən planlaşdırıblarmış. 150-yə yaxın insanı yığdılar kameralara. 3 nəfərlik kameraya 10 nəfər yerləşdirdilər. 10 gün bizə nə çörək, nə də bir qurtum su verdilər. Deyirdik ki, heç olmasa icazə verin yağan qardan yeyək, susuzluğumuz keçsin. Deyirdilər olmaz, elə bizim istədiyimiz odu ki, hamınız öləsiniz. 10 gündən sonra ölçüb alüminium stəkanlarda 100 qram su verdilər.
Düz 48 gün bizə dəhşətli işgəncələr verdilər. Hər gün gəlib hamını saatlarla döyürdülər. Dünyada belə işgəncə görülməmişdi. İstəmirəm o haqda danışmaq, çox ağır idi. Ağacla, dubinka ilə dayanmadan döyürdülər. Nə qədər adam orda işgəncələrə dözə bilməyib öldü. Kimin qızıl, metal dişləri var idisə mismarla əyib çıxarırdılar ağzından. Üzümüzdə insan sifəti qalmamışdı. Ağzımdan 16 dənə qızıl dişi işgəncə ilə çıxardılar. Damağımı elə vəziyyətə salmışdılar ki, həkimlər indi də müalicə edib düzəldə, diş qoya bilmirlər.
Qardaşım Əlamdarı 20 gün sonra apardılar ki, öldürsünlər. Amma öldürməmişdilər, yolda elə biliblər ölüb, atmışdılar Əsgəranla Ağdamın arasında bir yerə. Sonra bir qohumumuz onu həmin yerdə tapmışdı. Vəziyyəti çox ağır idi, ona məndən də çox işgəncə vermişdilər, bədənində sağ yer qalmamışdı.
48 gündən sonra Qızıl Aypara Cəmiyyətindən gəlib bizi yoxladılar. Sonra dedilər ki, kimin yaxını varsa xəbər göndərsin. Bizi Azərbaycan tərəfdə olan erməni əsirləri ilə dəyişmək istəyirdilər. Qardaşım həmin vaxt Xocalının prokuroru işləyən Atakişi Atakişiyevin köməyi ilə bizdəki həbsxanalardan birində olan erməni ilə məni dəyişə bildi. Elə gündə idim ki, bircə quru nəfəsim qalmışdı.
Məni Mingəçevir şəhərinin Mərkəzi Xəstəxanasına gətirdilər. Bir müddət müalicə olundum. Yaxşılaşmışdım, amma bir qohumum xəstəxanaya gəlib mənə başsağlığı verəndə dünyam bir daha qaraldı. Sən demə qızım Səadət elə həmin gecə düşmən gülləsinə tuş gəlibmiş...
Həmin gecə təkcə bizim nəsildən 13 nəfər adam şəhid oldu, neçə nəfər ağır yaralandı. Mən isə çəkdiyim işgəncələrin ağrısını hələ də yaşayıram. 75 yaşım var, ömrümdən keçən hər fevral ayı mənə o günləri ürək sızıltısı ilə xatırladır. Bəxtimə-taleyimə yazılan yazı beləymiş...
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.- 14 fevral.- S.7.